Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2784/2025 24.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 övladları Cavabdeh6 və Cavabdeh7 oğlu ilə birlikdə iddiaçının ünvan 1 ünvanında yerləşən mənzilindən əşyaları ilə birlikdə çıxarılması və mənzilin cavabdehlər tərəfindən tam boşaldılıb iddiaçıya təhvil verilməsi. İddia tələbinin dəlilləri xx.xx.1992-ci il tarixli orderə əsasən Bakı şəhəri, Suraxanı Rayonu,Məhəllə 4042- 60, ev 1, mənzil 110 iddiaçıya məxsusdur və xüsusi mülkiyyətindədir. Həmin mənzil 5 otaqdan ibarətdir və 76 kv metrdir. 1990-cı illərdə 1-ci Qarabağ müharibəsi gedən zaman Zəngilan rayonundan qaçqın düşən cavabdehlər iddiaçıya məxsus olan ünvan 1 nömrəli mənzilində yaşamağa başlamışlar. Mənzildə qanunsuz yaşasalar da iddiaçı ilk vaxtlar müharibə getdiyi üçün bu şəxsləri evindən çıxartmağa çalışmamışdır. Lakin sonradan cavabdehlər özlərinə Bakı şəhərində bir neçə yerdə ayrı-ayrı evlər almış və iddiaçının evindən köçmüşlər. Evindən köçmələrinə baxmayaraq həmin evi öz şəxsi mülkiyyətlərində görməyə davam etmişlər və sözügedən evi kirayəyə verərək ordan bəhər əldə etməyə çalışmışlar. Həmçinin cavabdehlər arada-bir mənzilə gedib gələrək həmin evə sahibliyə davam etmişlər. Dəfələrlə aralarında şifahi olaraq danışıqlar aparsalar da heç bir nəticəyə gəlməmişlər. Hətta cavabdehlərin iddiaçını həmin evə buraxmamaqları səbəbindən Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətindən yeni nəsil çıxarış almaq imkanı da məhdudlaşmışdır. Həmçinin hazırda Zəngilan rayonu işğaldan azad edilmişdir və qaçqın və məcburi köçkünlərin bu rayona geri qayıdışı başlamışdır. Buna görə də hesab edir ki, cavabdehlər artıq iddiaçıya məxsus olan evdə yaşamadığından onlar oradan tamamilə çıxmalı, həmin ev boşaldılıb təhvil verilməlidir. Cavabdehlər mənzili könüllü şəkildə tərk etmədiklərinə görə, iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Belə ki, cavabdehlər könüllü olaraq mənzildən çıxmaq niyyətində deyillər. Tərəflərin izahatları İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, xx.xx.1992-ci il tarixli orderə əsasən Bakı şəhəri, Suraxanı rayonu, məhəllə 4042-60, ev 1, mənzil 110 onun mülkiyyətindədir. 1-ci Qarabağ müharibəsi nəticəsində Zəngilan rayonu işğal edildiyinə görə o, həmin evi cavabdehlərə yaşamaqları üçün vermişdi. 2-ci Qarabağ müharibəsi nəticəsində Zəngilan rayonu işğaldan azad edildi və məcburi köçkünlərin ora qayıdışı başladı. Hazırda evini anbar kimi istifadə edirlər və eşitdiyinə görə bir hissəsini kirayə veriblər. Evində cavabdehlər artıq yaşamır. Onun mülkiyyyət hüququnu pozurlar. 15 il fəhlə yataqxanasında qalıb, o evi isə çətinliklə almışdır. 3 nəvəsi var və onlar kirayədə yaşayırlar. Cavabdehlər 32 il həmin evdə yaşayıblar. Əmlak Komitəsindən mütəxəssislər gəlmişdi, onlara da şərait yaradılmamışdı. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 izahatında göstərdi ki, evin açarı onda deyil, oğlundadi, ona görə də şərait yaradılmayıb. Dövlət var, onları heç kəs öhdəliyə götürə bilməz. Zəngilan rayonu işğaldan azad edildi. Ev verilən kimi doğma torpağına qayıdacaq. Həmin evi kirayə verməyib. O evdə gəlininin əşyaları var. Özü də o evdə yaşamır, arada bir həmin evə gedir. Mənzildə nə su, nə də qapı var idi, betondan idi. İddiaçının evində gözü yoxdur. Oğlu hərbi qulluqçudu, hazırda rayonda xidmət edir, qayındanda həmin evdən başqa yaşayış yeri yoxdur. Özü hazırda qardaşının evində qalır, qardaşı başqa ölkədə yaşayırdı, evini müvəqqəti vermişdi ona, o da bir neçə gün sonra Bakıya qayıdacaq. Evi qardaşına qaytarıb çıxmalıdı ordan. Cavabdeh2 izahatında göstərdi ki, onun 3 gəlni, 3 oğlu var, başqa yerdə də evi yoxdur. Oğlanlarının da evi yoxdur. Səyyar adlı oğlu Qubada yaşayır, lakin arvadının cehiz əşyaları həmin evdədir. Təyyar adlı oğlu əmisinin evində, Nazim adlı oğlu da əmisinin evində yaşayır, iki uşağı var. Öznur, Səyyar və Məhəmməd uşaqdırlar. Öznurun 5 yaşı var.Özü isə qaynının evində yaşayır. Ayın 23-cü gələcək və bilmir ki, bundan sonra harada qalacaqlar. İş üzrə digər cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları 02 yanvar 1992-ci il tarixli №003782 saylı orderin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil evi İddiaçı verilmişdir. Ailə tərkibi İddiaçı (özü), X5 (arvadı), X3 (oğlu), X2 (qızı), X4 (oğlu) və X6 (atası) İşin faktiki halları ünvan 1 ünvanında yerləşən mənzil 02 yanvar 1992-ci il tarixli №003782 saylı orderə əsasən İddiaçı ailə üzvləri olan X5, X3, X2, X4 və X6 ilə birlikdə istifadəsinə verilmişdir. Cavabdehlər sözügedən mənzildə məskunlaşmışlar. Hazırda iddiaçı cavabdehlərin övladları ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmalarını istəyir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan SSR Mənzil Məcəlləsi (Azərbaycan SSR-in xx.xx.1982-ci tarixli Qanunu ilə təsdiq edilmiş, xx.xx.2009-cu il tarixdə qüvvədə düşmüşdür). Azərbaycan vətəndaşları icarə müqaviləsinin şərtləri ilə dövlət və ya digər ictimai orqanların mülkiyyətində olan mənzillərdən istifadə hüququnu əldə etmək hüququna malikdirlər (10 və 28-ci maddələr). Mənzilin verilməsi haqqında qərar vətəndaşı yerli icra hakimiyyəti tərəfindən yaşayış sahəsi orderi ilə təmin etməklə həyata keçirilir (48-ci maddə). Order orada göstərilən mənzilə sahib olmaq (48-ci maddə) və kirayəçi ilə mənzil istismar təşkilatı arasında yaşayış sahəsinin icarəsinə dair müqavilə bağlamaq (51-ci maddə) üçün yeganə hüquqi əsasdır. Mənzildən istifadə etmək hüququ müddətsiz verilir (10-cu maddə). Kirayəçi ailə üzvlərinin razılığı ilə istənilən vaxt kirayə müqaviləsinə xitam verə bilər (87-ci maddə). Kirayəyə verən (mənzil istismar təşkilatı) müqaviləyə yalnız qanunla nəzərdə tutulmuş əsaslarla və məhkəmə qərarı əsasında xitam verə bilər (88-89-cu maddələr). Əgər müqaviləyə mənzilin daha yaşayış üçün yararlı olmaması səbəbindən xitam verilirsə, kirayəçi və ailəsi onun əvəzində tam şəraiti olan digər mənzillə təmin edilməlidirlər (90 və 96-cı maddələr). İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. (maddə 53) “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununu
21. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış şəxslərin yaşadıqları mənzilləri öz şəxsi mülkiyyətinə keçirmək hüququ vardır (1ci maddə). Belə özəlləşdirmə könüllü və pulsuzdur (2-ci maddə). Dövlət mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər (7-ci maddə).
“Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 5. Məcburi köçkünlərin yaşayış sahəsi ilə təminatı. Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 200 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi” Qaydası.
4. Müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüququnu pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı” işi üzrə xx.xx.2007-ci il tarixli, “Cəfərov Azərbaycana qarşı” işi üzrə xx.xx.2010-cu il tarixli Qərarı “Məhkəmə xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. Bu işdə Məhkəmə qeyd edir ki, 02 iyun 1993-cü il tarixdə ərizəçi sözügedən mənzilə yaşayış orderi almışdır. Sonradan daxili məhkəmələr ərizəçini mənzilə dair yaşayış orderinin qanuni sahibi olmasını təsdiq etdilər. Bu order əsasında səlahiyyətli orqanla ərizəçi arasında «sosial kirayə müqaviləsi» adlanan müqavilə bağlanılmalı idi. Həmin müqavilənin Mənzil Məcəlləsində və müvafiq hüquqi aktlarda əks olunmuş şərtlərinə görə ərizəçi mənzilə sahiblik etmək və ondan istifadə etmək hüququna malik olmalı və Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq müəyyən şərtlərlə mülkiyyət hüququ ona pulsuz keçməli idi. Belə olan halda, Məhkəmə razılaşır ki, ərizəzinin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşən «mülkiyyət»in təşkil olunması üçün kifayət qədər əsaslıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar. 82.2. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilən və işdə iştirak edən şəxslərə aid olan hallar başqa işə baxan məhkəmə üçün məcburidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat.
Məhkəmənin mövqeyi ünvan 1 ünvanında yerləşən mənzil 02 yanvar 1992-ci il tarixli №003782 saylı order əsasında iddiaçı İddiaçı ailə üzvləri olan X5, X3, X2, X4 və X6 ilə birlikdə istifadəsinə verilmişdir. Cavabdehlər sözügedən mənzildə məskunlaşmışlar. Hazırda iddiaçı cavabdehlərin övladları ilə birlikdə ona məxsus ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmalarını istəyir. Məhkəmə iclasında dindirilən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddianı qəbul etməmişlər. İş üzrə digər cavabdehlər məhkəmə iclasında iştirak etmədiyindən onların iddiaya münasibəti öyrənilməmişdir. Məhkəmə, ilk növbədə qeyd edir ki, məcburi köçkünlər və mənzil mülkiyyətçiləri arasında olan bu tipli mübahisələr üzrə Avropa Məhkəməsinin konkret məhkəmə təcrübəsi və həmin təcrübə əsasında formalaşmış hüquqi mövqe mövcuddur. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı” işi üzrə xx.xx.2007-ci il tarixli, “Cəfərov Azərbaycana qarşı” işi üzrə xx.xx.2010-cu il tarixli, “Gülməmmədova Azərbaycana qarşı” işi üzrə xx.xx.2010-cu il tarixli və digər buna bənzər işlər üzrə qərarlarında formalaşdırılmış hüquqi mövqe ondan ibarətdir ki, mənzil mülkiyyətçisinin razılığı olmadan məcburi köçkünlərin ona məxsus mənzildə yaşamağa davam etməsi, mənzil mülkiyyətçisinin “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi ilə tanınan və qorunan mülkiyyət hüququnun pozulması deməkdir. Yuxarıda da qeyd edildiyi kimi, həmin maddəyə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Həmin qərarlarda məcburi köçkünlük amili ilə bağlı Azərbaycan Respublikasının daxili qanunvericiliyinə istinad edilərək (hansı ki, hazırkı qətnamənin də tətbiq edilən hüquq hissəsində istinad olunmuşdur) qeyd edilir ki, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu, digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Ən əsası nəzərə alınmalıdır ki, xüsusi mülkiyyət hüququ və onun toxunulmazlığı Azərbaycan Respublikasının Konstitusiyası ilə tanınır və qorunur. Mülkiyyətçinin razılığı olmadan başqalarının ona məxsus mənzildən istifadə etməsi mülkiyyət hüququnun pozulması deməkdir. O da qeyd edilməlidir ki, mülkiyyət hüququnu pozmuş şəxslərin məcburi köçkün statusu daşıması mülkiyyət hüququ pozuntusunu qanuniləşdirmir və ona haqq qazandırmır. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin vurğulayır ki, Cavabdeh6 (2014-cü il təvəllüdlü) və Cavabdeh7 (2018-ci il təvəllüdlü) yetkinlik yaşına çatmayandırlar və onlar iş üzrə Cavabdeh3 övladlarıdır. X8 iddiaçının evindən çıxarılması onların yetikinlik yaşına çatmayan övladlarının da iddiaçıya məxsus olan mənzildən çıxarılmasına əsas verən amil olacaqdır.
Məhkəmə xərcləri İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 övladları Cavabdeh6, Cavabdeh7 oğlu ilə birlikdə İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzildən əşyaları ilə birlikdə çıxarılmalı, mənzil iddiaçıya təhvil verilməli və ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 övladları Cavabdeh6, Cavabdeh7 oğlu ilə birlikdə İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzildən əşyaları ilə birlikdə çıxarılsın və mənzil iddiaçıya təhvil verilsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu müştərək qaydada cavabdehlərdən tutularaq İddiaçı qızına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Rübabə Qafarova