Məhkəmə qərarları › İş №2(010)-2788/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-2788/2021

18.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-2788/2021 18.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ”istifadə hüququnun itirilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ”istifadə hüququnun itirilməsi" tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ üzrə ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, V yaşayış sahəsi, ev 14 A, 35 saylı mənzildən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, V Y/S sahəsi ,ev 14A,35 saylı mənzil 08.06.2020-cü ildən alqı-satqı müqaviləsinə əsasən onun xüsusi mülkiyyətindədir. Lakin buna baxmayaraq mənzilinə dair sərəncam vermək hüququ məhdudlaşdırılmışdır. Mənzilin onun xüsusi mülkiyyətində olması barədə verilmiş AR Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətindən Çıxarış vardır. Evində qeydiyyatda olan, lakin həmin mənzildə yaşamayan keçmiş sakinlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 onun evində pasport qeydiyyatında qalmaları ona bir çox hallarda müəyyən maneələr yaradır. Onun cavabdehlərlə heç bir qohumluq əlaqəsi yoxdur və onların hal-hazırda harada yaşamaları barədə heç bir məlumatı yoxdur. Cavabdehlərin onun mənzilində pasport qeydiyyatında qalmaları iddiaçının artıq kommunal xərclər ödəməsinə səbəb olur. Məhz buna görə də hesab edir ki, mülkiyyətində olan evində cavabdehlərin pasport qeydiyyatında qalmalarına heç bir hüquqi əsas yoxdur. Bu səbəbdən də mülkiyyətində olan evinin yaşayış sahəsindən cavabdehlərin istifadə hüququnun itirilməsi barədə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Hesab edir ki, cavabdehlərə qarşı irəli sürdüyüm iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında iddiasının təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə mülki prosessual qanunvericiliyin müvafiq normasını rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: Asan 4 xidməti tərəfindən 26.04.2021-ci il tarixli "yaşayış yeri üzrə qeydiyyat haqqında" arayışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, V y/sahəsi, ev 14A mənzil 35 Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və İddiaçı pasport qeydiyyatındadır. AN-İ № ******* saylı 08.06.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 Bakı şəhəri, Suraxanı rayonu, V y/sahəsi, ev 14A mənzil 35 İddiaçı satmışdır. Həmin müqavilənin 13-cü bəndinə əsasən Cavabdeh2 08.08.2020-ci il tarixədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. 17.06.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, V y/sahəsi, ev 14a mənzil 35 İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyatdan keçirilmişdir. Məhkəmənin mövqeyi İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, hazırki iş məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 46-cı maddəsinə əsasən qeydiyyatdan keçməli olan əmlakın özgəninkiləşdirilməsi və girov qoyulması haqqında əqdlər özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, avtonəqliyyat vasitələri üzrə həmçinin onların Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müayinədən keçməsi barədə arayış təqdim olunduqdan sonra təsdiq edilir. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 49-cu maddəsinə əsasən yaşayış sahəsinə (ev, mənzil, otaq) sərəncam verilməsi (özgəninkiləşdirmə, ipoteka və sonrakı ipoteka qoyma haqqında müqavilə və həmin müqavilədə dəyişiklik və onun ləğv edilməsi haqqında müqavilələr, kirayə və sair müqavilələr) haqqında müqavilələr təsdiq edilərkən, notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olması barədə məlumatı müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən hesab edirəm ki, daşınmaz əmlakın özgəninkiləşdirilməsi barədə əqd notarial qaydada təsdiq edilərkən cavabdeh tərəfindən verilmiş razılıq mənzilin dövlət reyestrində qeydiyyata alındığı andan onun üçün hüquqi nəticələr yaratmışdır. Başqa sözlə, Cavabdeh2 daşınmaz əmlakın dövlət reyestrində mənzilə dair öz adına olan qeydiyyat yazısını ləğv edib, əşyanın mülkiyyətini iddiaçıya keçirməklə, həmin mənzil üzərindəki mülkiyyət hüququnu (habelə onun tərkib hissəsi olan evdən istifadə hüququnu) itirmiş, İddiaçı isə mənzilin mülkiyyətini qeyri şərtsiz (yüklülükdən azad) əldə etməklə cavabdehin həmin mənzilə dair istifadə hüquqlarını (bu hüquq mövcüd olsa belə) aradan qaldırmışdır. Daha aydın ifadə etsək, yüklülükdən azad şəkildə mənzili əldə etmiş mülkiyyətçi yenidən məhkəmə qaydasında əldə etdiyi əşyanın yüklülükdən azad olunmasını (üçüncü şəxslərin istifadə hüququnun itirilməsi) təsbit etməli deyildir. Eyni zamanda qeyd etməyi zəruri hesab edirəm ki, yaşayış sahəsinə (ev, mənzil, otaq) sərəncam verilməsi haqqında müqavilə notariat kontorunda bağlanarkən həmin ünvanda qeydiyyatda olan bütün ailə üzvlərinin razılığının alınması müqavilə tərəflərinin deyil, əqdi təsdiq edən notariausun vəzifəsidir. Mübahisə olduğu halda iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxıla bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında göstəlirir ki, “Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, hazırki iddia ərizəsinə məhkəmədə baxılmalı deyil və ona görə də iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinin tələbinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İddiaçıya izah edilsin ki, mülkiyyətində olan mənzildən cavabdehin qeydiyyatdan çıxarılması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, inzibati orqan tərəfindən imtina edildikdə, onların həmin mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin həmin orqanın üzərinə qoyulması barədə Bakı İnzibati Məhkəməsinə iddia tələbi ilə müraciət etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ”istifadə hüququnun itirilməsi" tələbinə dair müki iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Suraxanı rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar