Məhkəmə qərarları › İş №2(010)-2829/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2829/2023

15.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2829/2023 15.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X10 qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:

1. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh X6 ilə podrat müqaviləsi bağlayaraq Məmmədov Firutanın evi tikib təhvil verməsi şərti ilə razılaşmışlar və bu müqaviləyə əsasən o, cavabdehə ilkin ödəniş olaraq 15340 manat olmaqla ödəniş etmişdir. Lakin sonradan artıq evin tikilmədiyini görmüş və aldanıldığını başa düşmüşdür. Bu səbəbdən də pulunu geri istəmiş, lakin cavabdeh pulu verməmişdir. Bundan sonra o, şikayət ərizəsi ilə polisə müraciət etsə də, xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlamasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Cavabdeh həmin pulun 4700 manatı hissəsini qaytarsa da, qalan hissəni qaytarmır, o məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

İddiaçının tələbi.

2. Cavabdeh X2 10640 manat məbləğində pul vəsaitinin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, müqaviləyə əsasən cavavbdehə 15000 manat pulu sayıb ilkin ödəniş kimi vermiş, sonradan ona zəng vuraraq, əlavə 340 manat pul istəmiş, o da 340 manat məbləğində pulu cavabdehin kartına göndərmişdir. Lakin cavabdeh tərəfindən heç bir iş görülməmişdir. O, şikayət ərizəsi ilə polisə müraciət edəndən sonra cavabdeh tərəfindən 4700 manat pul ona qaytarılmışdır. Lakin yerdə qalan məbləğ 10640 manat ona qaytarılmamışdır. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını xahiş etdi.

4. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdeh X4 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

6. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir.

İş materialları.

7. İddiaçı ilə X6 arasında bağlanmış xx.xx.2023-cü il tarixdə bağlanmış podrat müqaviləsindən müəyyən olunur ki, “Sifarişçi” Əliyeva X7 rayonu, Abşeron Quşçuluq sovxozu ərazisində ümumi sahəsi 80 kv olan müqaviləyə əlavə olunan layihəyə əsasən fərdi yaşayış evinin tikintisini sifariş etmişdir.

8. Həmin müqavilənin 2.2.4-cü bəndinə əsasən, tikinti müqavilə bağlandıqdan 2-4 ay sonra başlanır (ödənişdən aslı olaraq dəyişə bilər). Müqavilənin 7.1-ci maddəsinə əsasən, hazırki müqavilə təsdiq edildiyi tarixdən qüvvəyə minir. Müqavilənin 7.2-ci maddəsinə əsasən, müqavilədə ödəniş cədvəlində göstərilən məbləğ yekunlaşana qədər qüvvədədir.

9. xx.xx.2023-cü il tarixdə bağlanmış podrat müqaviləsi üzrə görülən işlər siyahısından müəyyən olunur ki, evin özülünün dəmir betonla inşası, evin kürsüsünün mişar daşı ilə 5 daş hündürlüyündə inşası, kürsünün üstünün ruberoudlə izoliyasiyası, evin mişar daşı ilə tikilməsi h=3 metr (xarici), evin dam örtüyünün inşası (taxta materiallar:5xl0; 3x10), dam örtüyünün istilik qatı ilə (şüşə pambıq) izolə edilməsi, dam örtüyünün profnastil ilə örtülməsi, evin pəncərələrinin ağ plastik materialla montajı (cift, nəfəslik, setka, dəmir barmaqlıqlar daxil deyil), evin döşəməsinin inşası (şlifovkası və dolğu, lak işləri), evin tavanının inşası (alçipanan, sadə formada), hamam tualetin kafellə inşası, hamam tualetin döşəməsinin metlaxla inşası, giriş pilləkənin tikilməsi, evin seyf qapısının montajı, elektrik xətlərinin çəkilməsi hər otaqda 2 rozetka yeri (karobka) 1 vkluçatel yeri (karobka) (kondisioner daxil deyil), kombi sisteminin çəkilməsi (kombi aparatı və radiator daxil deyil), su xəttlərinin çəkilməsi (mətbəxə və sanitar qovşağa çəkilişi), kanalizasiya xəttinin çəkilməsi həyətdə şambonun inşası, evin rəngsaz işlərinin yerinə yetirilməsi, evin otaq qapılarının montajı nəzərdə tutulmuşdur.

10. xx.xx.2023-cü il tarixli ödəniş cədvəlindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli podrat müqaviləsi üzrə X3 hesabına ümumi sahəsi 2 sot olan torpaq sahəsində ümumi sahəsi 80 kv.m olan ümumi qiyməti 48000 manat olan ev üçün 40 ay müddətinə 400 manatdan aşağı olmamaq şərti ilə aylıq ödəniş etməyi öhdəsinə götürmüş və xx.xx.2022ci il tarixdə 15000 manat ilkin ödəniş etmişdir.

11. X6 tərəfindən verilən xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən layihə işləri üçün 15000 manat məbləğində pul vəsaiti ödəniş edilmişdir.

12. İşdən görünür ki, X1 hesabına 340 manat ödəniş edilmişdir.

13. xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən olunur ki, Vətəndaş İddiaçı DİN-nin 102 «Xidməti-Zəng» mərkəzi sisteminə etdiyi müraciəti əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, vətəndaş İddiaçı mübahisənin mülki mühakimə icraatı qaydasında həlli məqsədi ilə müvafiq məhkəmə orqanına müraciət etməsi tövsiyə edilmişdir.

14. Həmin qərardan həmçinin görünür ki, təhqiqiat araşdırması müddətəndə İddiaçı izahat verərək bildirmişdir ki, təxminən 5-6 ay olar ki, Xaqlar dostluğu ərazisində olan Tarkaman çay evində qab yuyan kimi işləyir. Cari ilin yanvar ayında Tik-Tok sosial şəbəkəsində Hövsan qəsəbəsi, Quşçuluq massivində torpaq satışı ilə bağlı Günəşli inşaatın elanını görmüşdür. Həmin ərəfədə atasından miras qalan evi satdığı üçün əlində bir miqdar pul olduğundan qeyd olunan nömrə ilə əlaqə saxlamışdır. Sonradan Quşçuluq massivində olan Günəşli inşaata məxsus ofisə getmiş və Firutan Məmmədov onu qarşılayaraq öz gördükləri işlər barəsində danışmışdır. Qiymətlərin və şərtlərin münasib olması səbəbindən xx.xx.2023-cü il tarixdə Günəşli inşaatın ofisində əlbəəl Firutan Məmmədova 15000 manat pul sayıb verib onunla podrat müqaviləsi bağlamışdır. Lakin bir müddət sonra onun satdığı torpaq sahəsinin başqa şəxsə məxsus olması iddiaları yarandığından və həmin qonşunun evin tikintisinə maneə olması səbəbindən Firutan Məmmədova verdiyi pulları geri istəmişdir. Lakin o bir çox bəhanələr gətirərək pulları qaytarmaqdan yayınmışdır. Bu səbəbdəndə polisə məlumat vermişdir.

Tətbiq edilən hüquq.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi.

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 390.1. Fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

17. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir.

18. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ilə X6 arasında xx.xx.2023-cü il tarixdə podrat müqaviləsi bağlanmışdır. Qeyd edilən müqaviləyə əsasən Firutan Məmmədov müqavilədə ödəniş cədvəlində göstərilən məbləğ yekunlaşana qədər Abşeron rayonu, Abşeron Quşçuluq sovxozu ərazisində yerləşən 2 sot torpaq sahəsində ümumi sahəsi 80 kvadrat metr olan evin tikintisini başa çatdıraraq təhvil verməyi, İddiaçı isə Məmmədov Firutana 15000 manat ilkin ödəniş etməklə, qalan pulu 40 ay müddətinə hər ay 400 manatdan az olmamaq şərti ilə hissə-hissə ödəməyi öhdələrinə götürmüşlər.

19. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuş hallar ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə bağlanmış podrat müqaviləsinə əsasən sifarişçi İddiaçı 15000 manat ilkin ödəniş və 340 manat pul ödəməsinə baxmayaraq podratçı X6 tərəfindən heç bir iş görülməmişdir. X3 müqavilə çərçivəsində əldə etdiyi və qaytarılmamış qalan 10640 manat hazırkı vaxta kimi iddiaçıya qaytarılmamışdır.

20. Cavabdeh tərəfindən iddiaçının dəlillərini təkzib edən hallar və ya sübutlar məhkəməyə təqdim olunmamışdır.

21. Belə olan halda məhkəmə 10640 manat məbləğində pulun qaytarılması tələbi ilə bağlı iddianı əsaslı hesab edir.

22. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır.

Məhkəmə xərcləri.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

24. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin gəldiyi nəticə.

25. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, xx.xx.2023-cü il tarixli podrat müqaviləsi üzrə cavabdehdən 10640 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir.

26. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q ə t e t d i:

İddia tələbi təmin edilsin. X2 xx.xx.2023-cü il tarixli podrat müqaviləsi üzrə 10640 (on min altı yüz qırx) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar