Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2893/2022 14.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X3 qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, iddiaçı “X2 Kompani S.A” Şirkətinin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi̇ : İddia tələbi: İddiaçı “X2 Kompani S.A.” Şirkəti Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mədən küçəsi, 39 T 417693.95 m B 4475713.72 m C koordinatlar üzrə yerləşən tikilinin özbaşına tikili sayılaraq sökülməsi, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq nümayəndəliyin AZ02AİİB******************** №-li hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatlari: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Yeni Suraxanı qəsəbəsi, Mədən küçəsində cavabdeh tərəfindən aparılmış tikinti işləri aşkar edilmiş və həmin tikinti işlərinə dair cavabdeh tərəfindən heç bir sənəd təqdim edilməmişdir. Cavabdeh dam örtüyünü bərpa etdiyini bildirsə də, şirkət tərəfindən mütəmadi olaraq ərazidə mühafizə xidməti aparıldığından sonradan aşkar edildi ki, cavabdeh əlavə tikinti işləri aparıb. Onlar bu barədə İcra Hakimiyyətinin Suraxanı qəsəbəsi üzrə İnzibati Ərazi Nümayəndəliyinə müraciət etmiş və dam örtüyünün ölçülərdən kənara çıxmamaq şərti ilə bərpa edilməsinə cavabdehin icazə aldığı məlum olmuşdur. Ancaq burada dam örtüyü bərpa edilməyib, əlavə tikinti işləri aparılaraq ev böyüdülüb. Vətəndaşın özünə də qanunsuz tikinti apardığına dair xəbərdarlıqlar edilib, lakin tərəf buna baxmayaraq tikinti işlərinə davam edib. Halbuki, həmin torpaq sahələri sərəncam əsasında 2005-ci ildən Şirkətin istifadəsinə verilib. Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş sərəncamın yeni tikili ilə aidiyyəti yoxdur, o köhnə tikiliyə aiddir. İcra hakimiyyətindən verilən məktub ilə dam örtüyünün ölçülərindən kənara çıxılmasına icazə verilməmək şərti ilə təmirinə icazə verilib. Orada nəinki ölçülərdən kənara çıxılıb, hətta ayrı tikili də inşa edilib. Bu məsələ ilə bağlı Əmlak Komitəsinə, İcra Hakimiyyətinə sorğular vermiş və həmin sorğulara verilmiş cavablar əsasında məhkəməyə müraciət etmişlər. Buna görə də qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbi qəbul etməyərək bildirdi ki, dam örtüyünü dəyişdiriblər, ancaq dəyişdirməklərinə əsas səbəb dam örtüyündən qarın evə dolması, küləyin çəkməsi olmuşdur, hətta buna görə şiddətli xəstə də olmuşdur. Həyat yolaşı dənizdə gəmidə mexanik işləsə də imkanları yaxşı deyil. Dam örtüyünə sərf edilən vəsait ilə başqa problemlərini həll edərdilər. Dam örtüyünün dəyişdirilməsi üçün istifadə olunan pulu da bankdan kreditə götürmüşdülər. Bundan əlavə, sərəncamları və icazələri də var. Sözügedən mənzil 1 otaqdan ibarətdir, orada heç bir artırma işləri aparmamışlar və ümumiyyətlə əlavə tikinti işlərinin aparılması üçün 1 sm belə yer yoxdur. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2022 və xx.xx.2022-ci il tarixli məhkəmə iclaslarında Cavabdeh iddia tələbi qəbul etməyərək bildirmişdir ki, bu torpaq sahəsini 1991-ci ildən almışdır. Sərəncam 2002-ci ildə verilmiş, tikinti isə 2004-2005-ci illərdə yekunlaşmışdır. Sözü gedən tikili 2019-cu ilin tikilisi deyil və hətta 10 ildən artıq olar ki, tikililər mövcuddur. Dam örtüyündə problem olduğu və evə su axdığı üçün müvafiq orqanlara müraciət etmiş və buna dair icazəsini almışdır. Onun evi 1 otaqdan ibarətdir, həmin bir otaqda heç bir artırma işləri aparılmayıb və otağın yuxarı hissəsi mətbəx və sanuzel qovşağıdır. İş materiallarina əlavə edilmiş: “X2 Kompani S.A” Şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında 16 avqust 2005-ci il tarixində imzalanmış sazişdən görünür ki, Suraxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işləməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanmışdır. Saziş üzrə əməliyyat şirkəti qismində “X2 Kompani S.A” şirkəti fəaliyyət göstərir. “X2 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ilə “Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Dövlət Neft Şirkəti arasında bağlanmış 16 avqust 2005-ci il tarixli Sazişə 2 nömrəli əlavədən görünür ki, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mədən küçəsi, 39 T 417693.95 m B 4475713.72 m C koordinatlar üzrə yerləşən torpaq sahəsi dövlət mülkiyyətinə aiddir. “X2 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyin əməkdaşları V.Dariyev, H.Hacıyev və H.Həmidov tərəfindən tərtib edilmiş 17 oktyabr 2019-ci il tarixli aktdan görünür ki, həmin tarixdə Nümayəndəliyin nəzarətçiləri tərəfındən X2 Kompani S.A.” şirkətinin qanuni istifadəsində olan Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mədən küçəsi, 39 T 417693.95 m B 4475713.72 m C koordinatlar üzrə yerləşən torpaq sahəsinə baxış keçirilərkən Cavabdeh tərəfindən 20 m2 sahədə qanunsuz olaraq bərpa işlərinin aparılması aşkarlanmışdır. Bu barədə akt tərtib olunmuş, tikilinin fotoşəkli çəkilmişdir. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi tərəfindən “X2 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd olunmuşdur ki, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mədən küçəsi, 39 T 417693.95 m B 4475713.72 m C koordinatlar üzrə yerləşən torpaq sahəsinin Cavabdeh tərəfindən özbaşına zəbt olunmaqla qanunsuz tikinti işləri aparılması ilə bağlı müraciət əsasında toplanmış HK/1-339 saylı material Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsində Azərbaycan Respublikası CM-nin 188.2 və 178.3.2-ci maddələri ilə istintaq olunan ********* saylı cinayət işinə birləşdirilməsi üçün göndərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Agentliyi tərəfindən “X2 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd olunmuşdur ki, vətəndaş Cavabdeh tərəfindən zəbt edilərək özbaşına tikinti işinin aparılmasının qarşısının alınması ilə bağlı qanunvericilikdə nəzərdə tutulan qaydada tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə məktub göndərilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2002-ci il tarixli 20 №-li Sərəncamdan görünür ki, 1992-ci il tarixli, 1766 saylı sərəncama əlavə olaraq Suraxanı Maşınqayırma zavodunun 25 nəfər işçisinə (işçilərdən biri Cavabdeh) ayrılmış ərazi, fərdi ev tikintisi üçün torpaq sahəsi kimi ayrılmış hesab edilmiş və vətəndaşlara ayrılmış sahədə İH-ti Təsərrüfat şöbəsi ilə razışlaşdırımış layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətinin Cavabdeh ünvanladığı xx.xx.2016cı il tarixli məktubdan görünür ki, mövcud ölçülərdən kənara çıxmamaq şərti ilə dam örtüyünün metal keramit və ya ondulin örtük olmaqla vurulmasına etiraz olunmamışdır. Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Cavabdeh ünvanladığı xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, fərdi yaşayış evinin dam örtüyünün (ölçülərdən kənara çıxmamaq şərti ilə) dəyişdirilməsi məqsədə müvafiq hesab olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarının 39-cu bəndinə əsasən 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Həmin Qərarın 44-cü bəndində isə göstərilir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilibedilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı tərəf cavabdehin dövlət tərəfindən onlara ayrılan torpaq sahəsində qanunsuz tikili inşa etməsi barədə tələbini onunla əsaslandırır ki, yuxarıda qeyd edilmiş koordinatlar onlara ayrılan ərazinin hüdudları daxilində yerləşir və cavabdeh tərəfindən həmin ərazidə qanunsuz tikintinin aparıldığını qeyd edir. Cavabdeh tərəfindən təqdim edilmiş sərəncamdan görünür ki, qeyd olunan ərazidə ona fərdi yaşayış evinin tikintisinin aparılması üçün qanuni şəkildə icazə verilmişdir. Həmçinin, cavabdehin izahatına görə onun tərəfindən torpaq sahəsində əlavə tikinti işləri aparılmamış və sadəcə dam örtüyü bərpa olunmuşdur ki, həmin dam örtüyünün bərpasına Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyəti və Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən də rəsmi şəkildə icazə verilmişdir. Sadalanan normaların tələblərindən göründüyü kimi, daşınmaz əmlaka məhdud əşya hüququ əldə etməyin üsullarından biri qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquqdur. Hazırkı işdə cavabdeh istifadəsindəki torpaq sahəsini və həmin sahədə tikinti aparmaq hüququnu icra hakimiyyətinin sərəncamı ilə əldə etmişdir. Deməli, cavabdehin sahibliyi qanuni hesab edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbinin dəlilləri işin halları ilə öz təsdiqini tapmır və iddia təmin edilə bilməz. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildiyi üçün ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi̇ : İddia rədd edilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçı “X2 Kompani S.A” Şirkətinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradilan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(010)-2893/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2893/2022
14.09.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver