Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2905/2022 22.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X9 qızının katibliyi, ərizəçi Ağayeva (Güləliyeva) Elmira İmran qızının, maraqlı şəxsin nümayəndəsi X2 iştirakları ilə, ərizəçi Ağayeva (Güləliyeva) Elmira İmran qızının “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddia tələbi: Ərizəçi Ağayeva (Güləliyeva) Elmira İmran qızı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1968-ci il tarixdən hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamağı və heç bir dövlətin vətəndaşlığına mənsub olmamağı faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında ərizəçi Ağayeva (Güləliyeva) Elmira İmran qızı ərizəsini müdafiə edərək və ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, xx.xx.1967-ci ildə Qazaxstan Respublikasının Cambul vilayətinin Çuskiy rayonunda anadan olmuşdur. O, Qazaxstan Respublikasında anadan olsa da, həmin dövlətlə hər hansı bağlılığı yoxdur. Belə ki, 1968ci ildən etibarən Azərbaycanın Saatlı rayonunda yaşamış, sonra isə Bakı şəhərinə köçüb şəhərdə yaşamağa davam etmişdir. xx.xx.1986-cı il tarixdə ona Saatlı rayon İcraiyyə Komitəsinin daxili işlər orqanı tərəfindən SSRİ pasportu verilmişdir. Həmin pasport əsasında xx.xx.1987-ci ildə X6 ilə ailə həyatı qurmuş və həmin nikahdan xx.xx.1988-ci il təvəllüdlü Tünzalə, xx.xx.1989-cu il təvəllüdlü Xatayı və xx.xx.1991-ci il təvəllüdlü Asif adlı uşaqları anadan olmuşdur. Həyat yoldaşı Cəbrayıl Ağayev və uşaqlarının hamısı Azərbaycan Respublikasının vətəndaşlarıdır və şəxsiyyət vəsiqələri var. 1968-ci ildən Azərbaycan Respublikasının ərazisində yaşayır və Qazaxstan Respublikası ilə hər hansı əlaqəsi yoxdur. Buna görə də qeyd olunanların nəzərə alınaraq ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X5 yazılı ərizə təqdim edərək, ərizənin təmin edilməsinə Dövlət Miqrasiya Xidməti tərəfindən etiraz edilmədiyini bildirdi. İş materiallarına əlavə edilmiş: X11 rayonu Çuy kənd soveti tərəfindən xx.xx.1967-ci il tarixdə verilmiş Ş-KA seriyalı 143059 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 xx.xx.1967-ci ildə X11 rayonu “Yeni Yol” kolxozunda anadan olmuşdur. xx.xx.1986-cı il tarixdə verilmiş XX-JQ seriyalı Sovet Sosialist Respublikaları İttifaqı vətəndaşının pasportundan görünür ki, Güləliyeva) Elmira İmran qızı xx xxx 1967-ci il tarixdə doğulmuşdur. Saatlı rayon Xanlarkənd kənd soveti tərəfindən xx.xx.1987-ci ildə verilmiş İV-JQ seriyalı 303934 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X4 arasında xx.xx.1987-ci ildə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1987-ci ildə 23 nömrəli qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Ağayev, arvada Ağayeva soyadı verilmişdir. Bakı şəhəri Suraxanı RİHB-nın Yeni Suraxanı qəsəbə inzibati ərazi dairə üzrə nümayəndəliyi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 1285 №-li arayışdan görünür ki, Ağayeva (Güləliyeva) Elmira İmran qızı ünvan 1 ünvanında qeydiyyatsız yaşayır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş “şəxsin Azərbaycan Respublikasına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın nəticəsinə dair” ******* №-li arayışdan görünür ki, onun xx xxx 1967-ci il təvəllüdlü X1 474520/m nömrəli, 15 avqust 2019-cu il tarixli müraciətinə baxılaraq, onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 30-1-1/14 №-li arayışdan görünür ki, Jambıl vilayəti Polis Departamentinin məlumatlarına görə xx.xx.1967-ci il təvəllüdlü Ağayeva (Güləliyeva) X3 Respublikasının ərazisində qeydiyyatda deyil, o cümlədən Qazaxıstan Respublikasının vətəndaşı kimi şəxsiyyət vəsiqəsi və ya pasport sənədləşməsini keçməyib. Beləliklə, “Qazaxıstan Respublikasının vətəndaşlığı haqqında” Qanuna əsasən Ağayeva (Güləliyeva) X3 Respublikasının vətəndaşı deyil. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Həmin Məcəllənin 307.2.10-1-ci maddəsinə əsasən Məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” Qanunun 14-cü maddəsinə görə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə iş üzrə toplanmış yuxarıda göstərilən sübutlara müqayisəli şəkildə qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Ağayeva (Güləliyeva) Elmira İmran qızı xx.xx.1967-ci ildə X11 rayonu “Yeni Yol” kolxozunda anadan olmuşdur. 1968-ci ildə ailəsi ilə birlikdə daimi yaşamaq üçün Azərbaycan Respublikasına gəlmiş və qeyd edilən vaxtdan indiyədək Azərbaycan Respublikasında yaşayır. xx.xx.1987-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş və birgə nikahdan övladları doğulmuşdur. Övladları şəxsiyyət vəsiqəsini almasına baxmayaraq, o, vaxtında şəxsiyyət vəsiqəsi ala bilməmişdir. Mülki iş materialları ilə sübut olunur ki, ərizəçi Ağayeva (Güləliyeva) Elmira İmran qızı heç bir dövlətin vətəndaşı deyil və 1968-ci ildən daimi olaraq Azərbaycan Respublikasında yaşayır. Beləliklə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmadığına görə göstərilən hal hüquqi əhəmiyyətli olduğundan, məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxdığından, məhkəmə hesab edir ki, Ağayeva (Güləliyeva) Elmira İmran qızının 1968-ci il tarixdən bugünədək Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, ərizəçi tərəfindən məhkəməyə ərizə verilərkən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307-ci maddələrini rəhbər tutub məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ağayeva (Güləliyeva) Elmira İmran qızının 1968-ci il tarixdən bugünədək Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçi Ağayeva (Güləliyeva) Elmira İmran qızının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(010)-2905/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2905/2022
22.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver