Məhkəmə qərarları › İş №2(010)-2909/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2909/2020

01.12.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2909/2020 01.12.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Anar Adil oğlunun sədrliyi, X11 oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 qarşı mənzildən çıxarılma və mənzildən istifadə hüquqlarının itirilməsi tələbinə və Cavabdeh2, Cavabdeh2 və Cavabdeh1 İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2 oğlu, Cavabdeh1, Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Əzizbəyov küçəsindəki 0,0243 ha torpaq sahəsi üzərindəki 10 saylı evin 14/42 hissəsinə istifadə hüquqlarının itirilməsi və onların həmin evdən çıxarılmaları, eləcə də cavabdehlərdən 330 manat məhkəmə xərclərinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 cavabdeh İddiaçı və üçüncü şəxs X6 qarşı alqı-satqı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılqlı iddia ilə məraciət edərək Cavabdeh2 ilə İddiaçı arasında xx xxxxxx 2019-cu il tarixli AN-1№ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı nümayəndəsi qismində izahat verən Vəkil iddianı ilkin iddianı müdafiə edərək gəstərdi ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Əzizbəyov küçəsində istifadədə olan 0,0243 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 167,2 kv. metr, yaşayış sahəsi 49,2 kv.metr olan 8 otaqlı, 10 saylı fərdi yaşayış evində paylı mülkiyyət hüququ ilə 14/42 hissəsini cavabdeh Cavabdeh2 nümayəndəsi kimi iştirak etmiş digər Cavabdeh3 xx xxxxxx 2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əldə etmiş, xx.xx.2019-cu il tarixdə isə həmin daşınmaz əmlakla bağlı adına Çıxarış əldə etmişdir. Cavabdehlər həmin evin keçmiş sakinləridilər və alqısatqıdan xeyli müddət keçməsinə baxmayaraq evi tərk etmirlər, halbuki alqı-satqı müqaviləsinin müddəalarına görə cavabvdehlər xx.xx.2019-cu il tarixinə kimi qeydiyyatdan çıxmalarını və evin boşaldılaraq alıcıya təhvil verilməsini öhdələrinə götürmüşlər. Belə olan halda iddiaçı məcbur olub məhkəməyə müraciət etmiş və bu zaman hüquqi yardım üçün 300 manat, dövlət rüsumuna isə 30 manat ödədiyindən cavabdehlər həmin məbləğdə məhkəmə xərclərini də iddiaçıya ödəməlidilər. Bunlara əsasən iddiaçının nümayəndəsi iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddiaya münasibət bildirən iddiaçının nümayəndəsi Vəkil bildirdi ki, mübahisəli evin əvvəlki mülkiyyətçisi ilə İddiaçı arasında qanunvericiliklə müəyyən edilmiş bütün qaydalara əməl edilməklə notariat kontorunda fərdi yaşayış evinin alqı-satqısı həyata keçrilmiş, alıcı tərəfindən satıcıya müqavilə ilə müəyyən olunmuş evin dəyəri tam ödənilmişdir. Qarşılıqlı iddiada gətirilən dəlillər tam əsassızdır və heç bir sübuta əsaslanmamışlar. Belə olan halda isə əqdin etibarsız hesab olunması ilə bağlı iddia əsassız olduğuna görə rədd edilməlidir. İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı qismində xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında izahat vermiş Cavabdeh2 ilkin iddia tələbi ilə razılaşmayaraq izahatında göstərdi ki, ilkin iddia əsassız və qanunsuzdur. Belə ki, 2019-cu ilin avqust ayında Ukraynada yaşayan ailə üzvlərinin maddi şətinlikləri ilə əlaəqdar sonuncuya köməklik göstərmək məqsədilə tanıçları Rasim Məmmədovun vasitəsilə İddiaçı ilə tanış olmuşlar və sonuncu bu şərtlə faizə pul verməyə razı olmuşdur ki, ona girov verilsin. İddiaçı başqa qaydada borc müqaviləsinin rəsmləşdirilməsinə razılıq vermədiyindən mübahisəli evin alqı-satqısı rəsmləşdirilmiş və ondan (İddiaçı) 1800 manat borc alınmışdır. Bundan sonra əldə olunmuş şifahi razılaşmanın şərtlətinə uyğun olaraq 7 ay ərzində hər ay 630 manat tanışları 2 dəfə Səfər Səfərzadə, 3 dəfə İsmayılov Samir, 2 dəfə Əliyev Cavid vasitəsilə İddiaçı ödənilmişdir. Lakin 2020-ci ilin aprel ayında aylıq faizlərini ödəyə bilmədiklərinə görə İddiaçı zəng vuraraq 18000 manatın hamısını birdən ödəməyi tələb etmiş, onlar isə bu pulu yalnız hissə-hisə ödəyə biləcəklərini bildirərək məhz bu qaydada öhdəliyin icrasını xahiş etmişlər. Lakin İddiaçı buna razı olmayaraq evdən çıxarılmaları ilə onları hədələmiş, sonra isə hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Belə olan İddiaçı həmin evə qanunsuz olaraq mülkiyyət hüququnu əldə etdiyindən onun tələbi rədd olunmalı, qarşılıqlı iddia isə əsaslı olduğuna görə təmin edilməlidir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 xx xxxxxx 2020-ci il tarixdə eyni məzmunlu izahat verərək ilkin iddianın əsassız olduğuna görə rədd edilməsini, qarşılıqlı iddianı isə təmin edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi X9 xx xxxxxx 2020-ci il tarixdə eyni məzmunlu izahat verərək əlavə olaraq qeyd etdi ki, yaranmış vəziyyətdə bağlanmış alqı-satqı müqaviləsi heş bir hüquqi nəticə yaratmayan əqd olduğuna görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337 və 347-ci maddələrinə əsasən ilkin iddia rədd olunmalı, qarşılıqlı iddia isə təmin olunmalıdır. İlkin iddia üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 xx xxxxxx 2020-ci il tarixə təyin olunmuş məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq ilkin iddia üzrə cavabdehlər və qarşılıqlı iddia üzrə iddiaçılar heç bir üzürlü səbəb bildirmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən ilkin iddia üzrə cavabdehlər və qarşılıqlı iddia üzrə iddiaçıların iştirakı olmadan baxılması mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları araşdırıb hesab edir ki, ilkin iddia tələbi əsaslı olduğundan təmin edilməli, qarşılıqlı iddia isə rədd olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş xx xxxxxx 2019-cu il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh2 (nümayəndəsi kimi Cavabdeh3 çıxış etməklə) Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Əzizbəyov küçəsində istifadədə olan 0,0243 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 167,2 kv. metr, yaşayış sahəsi 49,2 kv.metr olan 8 otaqlı, 10 saylı fərdi yaşayış evində paylı mülkiyyət hüququ ilə 14/42 payını İddiaçı 25000 manata satmışdır. Həmin notariat işinin materiallarından görünür ki, yuxarıda qeyd olunan daşınmaz əmlakda payı almaqda üstünlük hüquqları olan digər payçılar – X3, X10, X7, X1 payı almaq istəmədiklərinə, payın satılmasına etirazlarının olmadıqlarına dair ərizə ilə müraciət etmişlər. Həmin notariat işinin materiallarında olan Cavabdeh1 ərizəsindən görünür ki, o, qeydiyyatda olduğu Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Əzizbəyov küçəsində istifadədə olan 0,0243 ha torpaq sahəsində yerləşən 10 saylı fərdi yaşayış evinin satılmasına etirazı yoxdur. “Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan” görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Əzizbəyov küçəsində istifadədə olan 0,0243 ha torpaq sahəsində yerləşən 10 saylı fərdi yaşayış evi 14/42 hissədə İddiaçı mülkiyyətindədir. xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində ifadə vermiş X5 göstərdi ki, 2019-cu ilin avqust ayında tanışı Cavabdeh2 maddi çətinlikləriyaranmış və o, İddiaçı adlı şəxsdən 18000 manat pul almışdır. Bildiyinə görə, Cavabdeh2 pulu götürməkdən ötrü özünə məxsus olan və Bülbülə qəsəbəsində yerləşən evini notariat qaydada həyata keçirilmiş alqı-satqı vasitəsi ilə girov kimi İddiaçı adına rəsmləşdirilmişdir. O, hər bundan sonra Cavabdeh2 ona verdiyi 630 manat məbləğində puly İddiaçı ödəmişdir. Beləliklə də, məhkəmə iclasında müəyyən edildi ki, xx xxxxxx 2019-cu il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” ilə Cavabdeh2 (nümayəndəsi kimi Cavabdeh3 çıxış etməklə) Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Əzizbəyov küçəsində istifadədə olan 0,0243 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 167,2 kv. metr, yaşayış sahəsi 49,2 kv.metr olan 8 otaqlı, 10 saylı fərdi yaşayış evində paylı mülkiyyət hüququ ilə özünə məxsus olan 14/42 payını İddiaçı 25000 manata satdıqdan sonra həmin pay xüsusi mülkiyyət hüququ əsasında sonuncunun adına xx xxxxxx 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 138 nömrəli reyestr kitabının 12610 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunan sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, cavabdehlərin mübahisəli mənzildə yaşamaları mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan əmlakdan istifadə etmək, sahiblik etmək və ona dair sərəncam vermək hüquqlarını pozduğundan cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarının xitam verilməsi və onların çıxarılmalarına dair iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə xərclərin tutulması hissədə iddia tələbləri əsaslıdılar. Belə ki, iş materiallarına əlavə olunmuş qəbzlərdən görünür ki, İddiaçı tərəfindən xx xxxx 2020-ci il tarixdə 4 saylı vəkil bürosuna 300 (üç yüz) manat məbləğində, xx.xx.2020ci il tarixdə Suraxanı Rayon Məhkəməsinə müraciət olunması üçün 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 121.1-ci maddələrinə əsasən iddia tələbləri təmin edildiyinə görə vəkilin göstərdiyi yardıma görə ödənilmiş 300 (üç yüz) manat və 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Mübahisəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia tələbini və bununla bağlı qarşılıqlı iddia üzrə iddiaçıların məhkəmə iclasında gətirdikləri dəlillərini əsassız hesab edərək məhkəmə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, məhkəmə müdafiəsi hüququna malik olan şəxslərin dairəsi qanunvericilikdə ümumi formada müəyyən edilmişdir. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxx 2007-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, «Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. S Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə oz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ, müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Sadalanan xüsusatlara əsaslanaraq məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh3 və Cavabdeh1 mübahisəli fərdi evin paylı mülkiyyətçilərdən biri və ya mübahisələndirilən alqı-satqı müqaviləsinin tərəfləri olmadıqlarına görə həmin daşınmaz əmlakın alqı-satqı satqısına dair müqavilənin etibarsız olması ilə bağlı iddia qaldırmaq subyektiv hüquqlara malik deyillər. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 dəlillərini isə məhkəmə sasssız hesab dir və qeyd edir ki, alqı-satqı müqaviləsinin bağlanmasına qədər rəsmiləşdirilən sənədlərə, eləcə də alqı-satqı müqaviləsinə bilavasitə tərəflər imza etmiş, müqaviləyə dair hüquqi proseslər barəsində onların hər ikisinin müqavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində onlar, tam sərbəst iradələri ilə hərəkət edərək müqavilə şərtləri qarşılıqlı razılıqları ilə müəyyənləşdirilmiş, hər iki tərəf öz öhdəliklərini lazımınca icra etmiş, digər payçı və evdə yaşayanlar notariat qaydasında ərizə verməklə mübahisəli əmlakın satılmasına etiraz etmədiyini bildirmiş, əmlakın tərəflərin iradəsi ilə razılaşdırılmış dəyəri iddiaçıya ödənilmiş, notarial qaydada müqavilə bağlandıqdan sonra cavabdehin bu əmlaka sahiblik, istifadə, dövlət reyestrində qeydiyyata alındığı vaxtdan isə sərəncam vermək hüququ yaranmışdır. Bu baxımdan qarşılıqlı iddia üzrə iddiaçıların vəsatəti üzrə dindirilmiş şahid X2 ifadəsinə tənqidi yanaşaraq məhkəmə qeyd edir ki, əgər tərəflərin həqiqi niyyəti borcun təminatı müqaviləsini bağlamaq olsaydı, onlar notariusda iradələrini sərbəst şəkildə ifadə edib əmlakı ipoteka ilə yüklü edə bilərdilər. İşin faktiki hallarından aydın olur ki, belə bir müqavilə bağlamaq üçün tərəflərə maneə törədə biləcək heç bir səbəb olmamış, alıcı X8 qarşılıqlı iddia üzrə iddiaçıları məhz alqı-satqı müqaviləsi bağlamağa vadar edəcək hər hansı təsirə və ya təzyiqə məruz qoymamışdır. Beləliklə də, qarşılıqlı iddia üzrə iddiaçının hazırkı mübahisəni həll edərkən maddi hüquq norması kimi Mülki Məcəllənin 347-ci maddəsinə istinad etməsi və həmin əqdi vacib əhəmiyyətli yanılma nəticəsində bağlanmış əqd olmasına dair qənaətini əsassız hesab edir. Odur ki, məhkəmə şesab edir ki, qarşılıqlı iddia üzrə alqı-satqı müqaviləsinin qeyd olunan qaydaların pozulması ilə həyata keçirildiyini təsdiq edən sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf üz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini 216-220-ci maddələrinə əsasən məhkəmə, QƏT E T D İ: İlkin iddia təmin edilsin. Cavabdeh2 oğlu, Cavabdeh1 qızı, Cavabdeh3 Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Əzizbəyov küçəsindəki 0,0243 ha torpaq sahəsi üzərindəki 10 saylı evin 14/42 hissəsinə istifadə hüquqları itirilsin və onların həmin evdən çıxarılsınlar. Məhkəmə xərclərinə görə cavbdehlər Cavabdeh2, Cavabdeh1 qızı, Cavabdeh3 müştərək qaydada 330 manat alınaraq İddiaçı ödənilsin. Cavabdeh2, Cavabdeh1 qızı, Cavabdeh3 alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar