Məhkəmə qərarları › İş №2(010)-2909/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2909/2022

09.08.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2909/2022 09.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmək müqaviləsinə xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı əmək müqaviləsinə xitam verilməsi və bunula bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 03 yanvar 2016-cı il tarixdə müddətsiz əmək müqaviləsi üzrə cavabdeh tərəfindən əmək müqaviləsi üzrə məşğulluq təsnifatı üzrə “Xadimə” vəzifəsinə işə qəbul olunmuş və əmək müqaviləsi müvafiq qaydada elektron qaydada rəsmləşdirilmişdir. Bir müddət sonra cavabdeh pandemiya ilə əlaqədar sahibkarlıq iş fəaliyyətini dayandırmışdır. O isə özünə yeni iş yeri tapsa da, yeni iş yeri üzrə onun işə qəbul edilməsndə problemlər yaranmışdır. Belə ki, cavabdeh onun işdən azad olunmasını rəsmləşdirməmişdir. O, dəfələrlə bununla bağlı cavabdehə müraciət etsə də, müsbət nəticə əldə edə bilməmişdir. Cavabdeh növbəti məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqavilsə Bildirişindən müəyyən olunur ki, İddiaçı “Orion” şadlıq evində (işə götürən X2) xx.xx.2016-cı il tarixdən xadimə vəzifəsinə işə qəbul olunmuşdur. İşin materiallarında olan iddiaçının Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə ünvanlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müraciətinə 23 fevral 2022-ci il tarixli cavab məktubu ilə işə götürən tərəfindən işçinin işdən azad olunması barədə müraciəti icra edilmidiyi tədqirdə müvafiq rayon məhkəməsinə müraciət hüququ izah edilmişdir. Beləliklə də, məhkəmə tərəfindən müəyyən olunmuş hallar ondan ibarətdir ki, İddiaçı “Orion” şadlıq evində (işə götürən X2) xx.xx.2016-cı il tarixdən xadimə vəzifəsinə işə qəbul olunmuş, lakin hazırda həmin yerdə işləmir və işdən rəsmi azad olunması ilə bağlı müraciətlərinə baxmayaraq buna nail ola bilmir. Azərbaycan Respublikası Konstitusiyasının İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsiplərindən biri kimi 35-ci maddədə əmək hüququ təsbit edilmişdir. Həmin norma ilə əmək fərdi və ictimai rifahın əsas olmaqla yanaşı hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ olduğu və heç kəsin zorla işlədilə bilməməsi vurğulanmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 06 iyun tarixli, 183 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 3.4-cü bəndinə əsasən, Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Sadalanan xüsusatlara, eləcə də ölkənin Konstitusiyasında təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının əsas prinsiplərinə əsaslanaraq məhkəmə bu nəticəyə gəlir ki, iddiaçının işəgötürəni olmuş cavabdeh X2 onun işə götürəni kimi iddiaçı ilə bağlanmış xx.xx.2016-cı il tarixli əmək müqaviləsinə xitam verilməsi və bununla bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sistəminə daxil edilməsi vəzifəsini icra etməməsi məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığına görə iddia əsaslı hesab edilərək təmin olunmalı və müvafiq əmək müqaviləsi xitam verilmiş hesab edilməlidir. Məhkəmə qeyd etməzi zəruri hesab edir ki, qəbul olunmuş qətnamə buna dair əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı ilə işəgötürən Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli (bildiriş nömrəsi xxxxxxx000100) əmək müqaviləsi xitam verilmiş hesab edilsin. Qəbul olunmuş qətnamənin Cavabdeh əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bidirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün əsasdır. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar