Məhkəmə qərarları › İş №2(010)-2917/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2917/2021

05.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2917/2021 05.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, İddiaçı, Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 25.000 (iyirmi beş min) manat əsas borc, 33.500 (otuz üç min beş yüz) manat məbləğində əldən çıxmış faydanın, ümumilikdə cəmi 58.500 (əlli səkkiz min beş yüz) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh vaxtı ilə Gəncə şəhəri İcra Hakimiyyətinin Şəhərsalma və Arxitektura şöbəsinin müdiri vəzifəsində işləmiş, o özü isə Gəncə şəhərində tikinti materialları ticarəti ilə məşğul olmuşdur. 2015-ci ilin mart ayında cavabdeh fəaliyyət göstərdiyi tikinti materialları satışı obyektinə gələrək Gəncə şəhəri İcra Hakimiyyəti başçısı X2 rayonu Mixaylovka kəndində tikilməkdə olan villasına tikinti materialları lazım olduğunu bildirmiş, söhbət əsnasında başa düşmüşdür ki, həmin tikinti materialları əvəzi ödənilmədən aparılmalıdır. O, cavabdehə onları pulsuz vermək imkanının olmadığını, mağazada mövcud olan tikinti materiallarının müxtəlif şirkətlərə məxsus olduğunu izah etmişdir. Cavabdeh isə cavabında tikinti materiallarını verməyəcəyi təqdirdə obyekti bağlatdıracağı ilə onu hədələmişdir. Həqiqətən də qısa müddət keçdikdən sonra Gəncə şəhər X1 Qarayev soyadlı əməkdaşı iki polis nəfəri ilə birlikdə obyektə gələrək İcra Hakimiyyətinin tapşırığı ilə mağazanı bağlayıb qapısına möhür vuracağını bildirmiş, səbəbini soruşduqda ona heç bir şeyin məlum olmadığını, yalnız tapşırıq əsasında gəldiyini izah etmişdir. Həmin gün Qarayev heç bir səbəb göstərmədən qanunsuz olaraq mağazanın qapısını bağlayaraq möhür vurmuş, faktiki olaraq bir ay müddətində mağaza bağlı qalmış, sonra yenidən ona qarşı təzyiqlər başlamış və məcburiyyət qarşısında qalaraq tikinti materiallarını əvəzi ödənilmək şərti ilə verəcəyini bildirmiş, cavabdeh isə razılaşmışdır. 2015-ci ilin aprel ayından başlayaraq həmin ilin iyul ayına qədər olan müddət ərzində 25.000 (iyirmi beş min) manatlıqdan artıq müxtəlif çeşidli tikinti materialları Cavabdeh tapşırığı ilə Göygöl rayonunun Mixaylovka kəndində aparılmışdır. Müəyyən müddətdən sonra pulunu tələb etmək üçün cavabdehi axtardıqda məlum olmuşdur ki, o, tutuduğu vəzifədən azad edilmişdir. Beləliklə cavabdehin təqsiri ucbatından işgüzar nüfuzuna xələl gəlmişdir. Şirkətlərə məxsus olan tikinti materiallarının pulunu ödəyə bilmədiyinə görə onlar ona tikinti materialları verməkdən imtina etmişlər. Həmin məbləğə görə mülki dövriyyə şəraitində xeyli miqdarda əldə edə biləcəyi gəlirdən də məhrum olmuş və məcburiyyət qarşısında sahibkarlıq fəaliyyətini dayandırmışdır. Cavabdehin öz vəzifə səlahiyyətlərindən istifadə edərək qeyri-qanuni hərəkətlərindən müxtəlif instansiyalara şikayət etmiş, məsələyə hüquqi qiymət verilməsini xahiş etmişdir. Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin təhqiqatçısı Eldəniz Məmmədovun 11 dekabr 2018-ci il tarixli, Gəncə şəhər prokurorunun köməkçisi Allahverdi Abuzərovun 31 may 2019-cu il tarixli, Gəncə şəhər prokurorunun köməkçisi Rüstəm Hüseynovun 26 iyun 2020-ci il tarixli Qərarları ilə iş üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərarlardan verdiyi şikayət əsasında məhkəmə qaydasında qərar qanunsuz və əsassız olduğundan ləğv edilmiş, cavabdehə qarşı olan tələbi ilə əlaqadar mülki qaydada müvafiq məhkəməyə müraicət etmək hüququ izah edilmişdir. Ona görə də fəaliyyət göstərdiyi mağazadan cavabdehin tapşırığı əsasında aparılmış tikinti materiallarının ödənilməsi və 2015-ci ilin iyul ayından müraciət etdiyi müddətə qədər mülki dövriyyə şəraitində əldən çıxmış faydanın əvəzinin ödənilməsini cavabdehdən tələb etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qanunvericiliyin normalarından görünür ki, cavabdeh həm əsas borcu olan 25.000 (iyirmi beş min) manat, eyni zamanda mülki dövriyyə şəraitində hər ay əsas borc məbləğinin 2% miqdarında əldə edəcəyi gəlir məbləğini ona qaytarmalıdır. 2015-ci ilin iyul ayından 2021-ci ilin fevral ayı da daxil olmaqla 67 ay ərzində əsas borcun 2%-nin məbləği 33.500 (otuz üç min beş yüz) manat təşkil edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Vəkil iddia tələbini qəbul etməyərək göstərdi ki, Cavabdeh hazırkı iş üzrə cavabdeh olmalı deyil. Belə ki, Cavabdeh iddiaçını tanımır və sonuncuya məxsus dükanı o bağlatmamışdır. Məhkəmə iddiaçı və cavabdeh tərəfin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarına əlavə edilmiş: - 11.12.2018-ci il tarixli, 31.05.2019-cu il tarixli, 26.06.2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarının surətlərindən görünür ki, iddiaçının oxşar məzmunlu müraciətlərinə Gəncə Şəhər Prokurorluğunda və Gəncə şəhər Nizami Rayon Polis İdarəsində baxılmış, cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, iddiaçıya məsələni mülki qaydada mübahisələndirmək hüququ izah edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (1097.1). Qeyd edilən maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Hazırkı iş üzrə isə iddiaçı cavabdehin qanunsuz hərəkəti nəticəsində ona tələb etdiyi məbləğdə maddi zərərin vurulduğu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar