Məhkəmə qərarları › İş №2(010)-2928/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2928/2020

06.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2928/2020 06.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3 və Cavabdeh4 qarşı “istifadə hüququ olmayan hesab edilmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı “istifadə hüququ olmayan hesab edilmə” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən cavabdehlər Cəmilə, Türkay, Çilanay və Aysu Seyidilərin ünvan 1 ünvanlı evdən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən ev ona məxsusdur və şəxsi mülküdür. Həmin evin ilkin icarəçisi kimi cavabdehlər istisna olmaqla, onunla birlikdə yaşayan ailə üzvlərinin birgə razılığı əsasında müvafiq qanuna əsasən öz adına özəlləşdirmişdir. Mülkiyyət Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi: FM 009439 saylı Qeydiyyat vəsiqəsi xx.xx.2002-ci il tarixdə onun adına rəsmi hüquqi qeydiyyatdan keçmişdir. Ona işi ilə əlaqədar “xxxxx”QSC-nin Beynəlxalq radiosunda fars dilini mükəmməl bilən mütəxəssis lazım olmuşdur. Bakı Dövlət Universitetinin məzunu, əslən İrandan olan Səid Səidini işə dəvət etmişdir. O, Azərbaycan vətəndaşı olsa da Bakı şəhərində qeydiyyatda olmamışdır. Ona görə də özü və ailəsi ilə birlikdə onların evinə qeydiyyata alınmış, fars dili tərcüməçisi kimi fəaliyyətə başlamışdır. X5 vəfat etmiş, qeydiyyatı silinmişdir. Lakin o vaxtdan onun ailəsi, arvadı Cəmilə Seyidi, qızları Türkay Seyidi, Çilanay Seyidi onun evində qeydiyyatda qalmışdır. O, ailə üzvləri ilə birlikdə öz evində yaşayır, cavabdehlər isə Zığ qəsəbəsində onlara məxsus sənədsiz evdə yaşayırlar. Cavabdehlər Cəmilə Seidi, Seidi Türkay, Cavabdeh3, Cavabdeh4 xüsusi mülkiyyətində olan evində yaşamırlar və onların bu mənzillə heç bir bağlılığı yoxdur. Cavabdehlərə dəfələrlə qeydiyyatda olduqları evdən istifadə hüquqlarınınn olmamasını irad tutub qeydiyyatdan çıxmalarını tələb etsə də ona deyiblər ki, öz yaşadıqları evi yaxın vaxtlarda sənədləşdirəcəklər və ondan sonra qeydiyyatdan çıxacaqlar. Lakin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, vədlərinə əməl etməmişlər. Məhkəmə iclasında İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək məhkəmədən cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3 və Cavabdeh4 onun mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzildən istifadə hüququ olmayan hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlı olduğundan ərizə məhkəmə tərəfindən qəbul edildi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul edərək bildirdi ki, o, iddiaçıya məxsus evdə ümumiyyətlə yaşamamışdır. Digər cavabdehlər olan qızları da bu evfdə heç vaxt yaşamamışlar. Hazırda isə ailə qurub ölkə xaricinə köçmüşlər. Onlar iddiaçıdan qeydiyyata alınmaları üçün icazə istəmiş, iddiaçı da icazə vermişdir. Bu evdə heç vaxt yaşamamışlar. Odur ki, iddianın təmin edilməsinə heç bir etiraz etmədiyini bildirdi. Digər cаvаbdehlərin fаktiki оlduğu yer məlum оlmаdığındаn məhkəmə cаvаbdehlərin məlum оlаn аxırıncı yаşаyış yeri üzrə müvаfiq icrа hаkimiyyəti оrqаnını məlumаtlаndırаrаq MPM-in 147-ci mаddəsinə əsаsən cаvаbdehlərin iştirаkı оlmаdаn işə bаxılmаsını mümkün hesab etdi. Belə ki, MPM-in 147-ci maddəsinə əsasən, cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə iddiaçının və cavabdehin izahatlarınıdinləyib, toplanmış sənədləri tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2020-ci il tarixində verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh1, X3, Cavabdeh3 və Cavabdeh4n ünvan 4 ünvanında qeydiyyatdadır. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş FM seriyalı, 009439 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən ev İddiaçı Şəmistan oğlunun mülkiyyətindədir. Məhkəmə araşdırması nəticəsində yuxarıda qeyd edilən iş materialları və tərəflərin izahatları əsasında müəyyən edilmişdir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3 və Cavabdeh4 isə bu evdə qeydiyyatdadır. Lakin cavabdehlər heç vaxt bu evdə yaşamamışdır. Onlar formal olaraq iddiaçının razılığı ilə bu evdə qeydiyyata alınmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 da bu halı qəbul etmiş, nə özünün, nə də hazırda xaricdə yaşayan qızlarının bu evdə heç vaxt yaşamadığını bildirmişdir. Göründüyü kimi cavabdehlərin iddiaçıya məxsus evin ünvanında qeydiyyatda qalmaları tamamilə formal xarakter daşıyır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlərin heç vaxt yaşamadıqları, sadəcə formal olaraq qeydiyyatda olduqları İddiaçına məxsus həmin evdə heç bir istifadə hüquqları yoxdur və onların bu evdə qeydiyyatda qalmaqda davam etmələri iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarını pozur. Belə ki, Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının (bundan sonra Konstitusiya) 13cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, müvafiq fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olduğu, cavabdehlərin həmin evdə heç vaxt yaşamadıqları və evdə formal olaraq qeydiyyatda olduqları tam sübut olduğundan cavabdehlərin həmin evdə qeydiyyatda qalmaqda davam etmələri iddiaçının həmin evə münasibətdə mülkiyyət hüququnun həyata keçirməsini pozduğundan iddia təmin edilməlidir. Son olaraq, məhkəmə qeyd edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsaslarından biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 214, 216-220, 233, 357 və 360-cı mаddələrini maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3 və Cavabdeh4 İddiaçı Şəmistan oğlunun mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzildən istifadə hüququ olmayan hesab edilsin. Qətnamə cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3 və Cavabdeh4 ünvan 3 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsiniin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar