Məhkəmə qərarları › İş №2(010)-2950/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2950/2020

17.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2950/2020 17.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiа ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə mürаciət edərək məhkəmədən Cavabdeh ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Nurəli Abdullayev küçəsi, 14 saylı evdən kompensasiya ödənilmədən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını, qətnamənin Cavabdeh və onun azyaşlı oğlu xx.xx.2017-ci il təvəllüdlü X2 ona məxsus evdən çıxarılması üçün əsas hesab edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Nurəli Abdullayev küçəsi, 14 saylı ev xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin yaşayış evi ona atasından miras qalmış, ev dövlət reyestrində onun adına qeydiyyata alınaraq, bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən həmin yaşayış evinə dair Çıxarış verilmişdir. Həmin Çıxarışa əsasən sözügedən ev üzərində onun xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh onun qızıdır və qızı 2016-cı ildən ailə qurararaq evdən getmiş, iki il müddətinə öz ailəsi ilə başqa ünvanda yaşamışdır. Cavabdeh ailə qurduqdan sonra onun xx.xx.2017-ci il təvəllüdlü X6 adlı bir uşağı da olmuş, cavabdeh ona məxsus evdə qeydiyyatda olduğuna görə onun uşağı da onların evinə qeydiyyata alınmışdır. Hətta cavabdeh 2018-ci ildə ona məxsus yaşayış evindən qeydiyyatdan çıxması üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə müraciət etmiş, polis idarəsindən onun müraciətindən imtina edilmişdir. Cavabdeh öz ərindən ayrıldığına görə 2018-ci ildə müvəqqəti olaraq onların evində yaşasa da sonradan yaşamaq üçün başqa ünvana köçmüşdür. Hal-hazırda Cavabdeh öz azyaşlı uşağı ilə birlikdə başqa ünvanda yaşayır. Onun faktiki yaşadığı ünvanı dəqiq bilmir və onun harada yaşaması və harada olması barədə heç bir məlumatı yoxdur. Cavabdehin onun evində qeydiyyatda qalması onun mülkiyyət hüququnu pozur. Bəzi məsələlərdə o,cavabdehin icazəsi olmadan mülkiyyəti üzərində istədiyi kimi sərəncam verə bilmir. Bu baxımdan və eyni zamanda cavabdehin ümumiyyətlə onun mülkiyyətində olan evdən istifadə etməməsi baxımından belə hesab edir ki, cavabdehin onun mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Nurəli Abdullayev küçəsi, 14 saylı evdə qeydiyyatda qalması qanunsuzdur. Cavabdeh həmin evə istifadə hüququ olsa da o, daimi yaşamaq üçün başqa yerə köçüb getdiyinə və ona məxsus evdə yaşamaq istəməməsi heç kəsin mənafeyinə zidd olmadığına görə cavabdehin ona məxsus olan evə olan istifadə hüquqlarına xitam verilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, X7 və X6 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, X5 küçəsi, ev 14-də qeydiyyatdadır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2018ci il tarixli, 096-11322-1218 saylı məktubdan görünür ki, Cavabdeh yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaq üçün Polis İdarəsinə müraciət etmiş, onun yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Bakı şəhəri Suraxanı rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin səlahiyyətlərinə aid olmadığı üçün aidiyyəti üzrə rayon məhkəməsinə və ya 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Cavabdeh tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış və notariat qaydasında təsdiq edilmiş ərizədən görünür ki, Cavabdeh iddia tələbini tam qəbul etmiş, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, N.Abdullayev küçəsi, 14 saylı evdə yaşamadığını, həmin evdən istifadə hüququna xitam verilməsi üçün heç bir məbləğdə kompensasiya tələb etmədiyini, həmin evə dair kompensasiya ödənilmədən istifadə hüququna xitam verilməsinə və həmin evdən qeydiyyatdan çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı Məhəmmədəli oğlunun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatdadır. Lakin o, uzun müddətdir ki, həmin ünvanda yaşamır. Belə ki, Cavabdeh tərəfindən yazılmış notariat qaydasında təsdiq edilmiş ərizədən görünür ki, o bu ünvanda yaşamadığını bildirmişdir. Bundan başqa, evdən istifadə hüququna kompensasiya verilmədən xitam verilməsinə və evdən qeydiyyatdan çıxmasına heç bir etiraz etmədiyini bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya məxsus evdən istifadə hüququna xitam verilməsi və evdən qeydiyyatdan çıxarılmasını qəbul etməsi iddianın etirafı kimi qiymətləndirilməli və iddia etiraf olunan hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Bu Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də etiraf qəbul edilməli və iddia tələbi cavabdehlə bağlı hissədə təmin edilməlidir. Lakin məhkəmə, X4 münasibətdə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, işdən görünür ki, X6 xx.xx.2017-ci il təvəllüdlü uşaqdır. Belə olan halda məhkəmə hesab edir ki, bu yaşlı yetkinlik yaşına çatmayan uşağın mülki hüquq və prosessual fəaliyyət qabiliyyəti olmadığından və yaşayış yeri onun valideyninin yaşayış yeri olduğundan onun məhkəmə qətnaməsi əsasında evdən istifadə hüququna xitam verilməsi xüsusi qeyd edilməməlidir. Odur ki, iddia uşaqla bağlı hissədə təmin edilməməli, valideynin evdən istifadə hüququna xitam verilməsi uşağın da həmin mənzildən qeydiyyatdan çıxarılması üçün əsas olmalıdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Azərbaycan Respublikasının MPM-in: 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmçinin, bu Məcəllənin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən, mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsaslarından biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh ünvan 1 ünvanında yerləşən evdən istifadə hüququna kompensasiya verilmədən xitam verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna kompensasiya verilmədən xitam verilsin. Qətnamə qanuni qüvvəyə mindikdən sonra Cavabdeh və azyaşlı oğlunun ünvan 1 ünvanında yerləşən evdən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsiniin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar