Məhkəmə qərarları › İş №2(010)-2953/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2953/2020

07.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2953/2020 07.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi Əliyev Yaqub Vəkil oğlu və Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “xidmət haqqının və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı “xidmət haqqının və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh MMC-dən xx.xx.2019-cu il tarixli “Xidmət göstərilməsinə dair” müqaviləyə əsasən ona ödənilməli olan xidmət haqqı üzrə qalıq borc 1000 (min) manat; cavabdehin hüquqazidd hərəkətləri nəticəsində ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 3000 (üç min) manat; məhkəməyə müraciəti ilə əlaqədar çəkilmiş xərclərə görə 50 (əlli) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ali təhsilli ingilis dili müəlliməsidir. Artıq 18 ildir ixtisası üzrə pedaqoji fəaliyyətlə məşğul olur. 2019-2020-ci tədris ilinin başlanğıcında “Kainat” hazırlıq kurslarında magistr proqramı üzrə ingilis dili müəllimi axtarılması barədə məlumat əldə edərək Cavabdeh MMC-nin Baş ofis filialına müraciət etmişdir. Bu zaman ona həmin MMC-nin təsisçisi və direktoru kimi təqdim edilən X5 ilə görüşüb məsələyə dair söhbət etməli olduğu bildirilmişdir. Həyat yoldaşı Əliyev Yaqub Vəkil oğlunun iştirakı ilə birlikdə sözügedən şəxslə görüşüb məsələyə dair söhbət etmişlər. Bu zaman İ.Ağakişiyev bildirmişdir ki, onların müvafiq əməkdaşları onun ixtisas üzrə bilik və bacarıqlarını yoxlayıb məqsədəmüvafiq hesab edərlərsə onu beş ay müddətinə magistr hazırlığı kursuna ingilis dili müəlliməsi götürərək bu xidmətinin müqabilində hər ay beş yüz manat olmaqla on ay ona haqq ödəniləcək. Xidmət haqqının hansı meyarlar əsasında hesablanmasını və nəyə görə 5 ay işləyi həmin müddətə dair xidmət haqqını 10 ay ərzində ödənilməsinin səbəbini, o cümlədən əldə edəcəkləri razılaşmanın nəticəsində hansı rəsmi sənədləşmənin olacağını maraqlandıqda İ.Ağakişyev məsələyə dairhüquqi-məntiqi açıqlama gətirə bilməyərək bildirdi ki, onlarda olan bütün müəllimlərin əmək haqqı bu qaydada hesablanır. Əlavə olaraq sənədləşmə ilə əlaqədar bildirdi ki, qətiyyən narahat olmayın heç bir xoşagəlməz hal olmayacaqdır. Lakin hüquqi-məntiqi əsaslar gətirməklə təkid etmişdir ki, gələcəkdə arzuolunmaz hallardan və onların zərərlərindən sığortalanmaq üçün hərbir halda müqavilə bağlamaq, o cümlədən xidmət haqqını xidmət müddəti ərzində aylara bölməklə hər ayın sonu ödəmək hər iki tərəfə də faydalıdır. Beləliklə, xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC «Xidmət göstərilməsinə dair» müqavilə bağlamışdır. Həmin müqaviləyə və öz aralarında əldə etdikləri qarşılıqlı razılığa əsasən o xx.xx.2019-cu il tarixdən, nəzərdə tutulmuş magistr imtahanlarının keçirilməsinin planlaşdırıldığı 2020-ci ilin fevral ayınadək yəni beş ay müddətində Cavabdeh MMC-nin Nərimanov metro stansiyası yaxınlığında yerləşən baş ofisinin inzibatı binasında ali təhsil müəssisələrinin magistr pilləsi üzrə qəbul imtahanlarına hazırlaşan abuturiyentlərə ingilis dilini tədris etməyi, qarşı tərəf isə bu xidmətin müqabilində ona hər ayın sonu on gündən gec olmayaraq 1000 (bir min) manat olmaqla, ümumilikdə 5000 (beş min) manat məbləğində xidmət haqqını ödəməyi öz üzərinə götürmüşdür. Lakin onun həmin şifahi və yazılı razılaşma üzrə öz üzərinə düşən öhdəliyə ciddi əməl etməklə nəzərdə tutulmuş tədris planını vicdanla və yüksək səviyyədə icra etməsinə baxmayaraq qarşı tərəfin öz öhdəliyinin tam icrasından müxtəlif əsassız bəhanələr gətirməklə boyun qaçırmaşı nəticəsində ona 1000 (bir min) manat məbləğində pul borcu qalmışdır. Məsələnin məhkəməyə qədər nizamlama (pretenziya) qaydasında həll edilməsi məqsədi ilə cavabdehə etdiyi şifahi və yazılı müraciətlər heç bir nəticə verməmişdir. Həmin şifahi müraciət zamanı cavavbdeh X5 borcun ödənilməməsinin səbəbini gah onun guya peşə hazırlığının aşağı səviyyədə olması nəticəsində dərsləri keyfiyyətsiz tədris etməsi və buna görə də abituriyentlərin narazı qalması, gah da guya qəsdən proqramda nəzərdə tutulmuş sonuncu dərsləri tədris etməməyi ilə (Halbuki ona məlum olmayan səbəbə görə icraçı direktor Afaq Məmmədovanın birbaşa və dolayısı ilə verdiyi göstərişlə sonuncu bir neçə dərsə girməsinə icazə verilməmişdir) əlaqələndirməyə çalışmışdır. Lakin onun bu əsassız iddialarına qarşı bildirir ki, birincisi o, ixtisası üzrə ali təhsilini yüksək göstəricilərlə bitirmiş, ikincisi “X9”-nun keçirdiyi İELTS imtahanından uğurla keçib müvafiq sertifikat almış, üçüncüsü hazırda Avropanın nüfuzlu ali təhsil ocaqlarından biri olan Tartu universitetinin Avropa İttifaqı və Rusiyaşünaslıq ixtisası üzrə magistratura pilləsinə qəbul olmuşdur. Dördüncüsü o eyni zamanda artıq 18 ildir ki, ixtisası üzrə pedaqoji fəaliyyət ilə məşğul olur və hazırladığı abituryentərin səsi-sorağı nəinki ölkənin, hətta dünyanın nüfuzlu ali təhsil müəssisələrindən eşidilir. Beşincisi, onu həmin kursun Baş ofis filialında ixtisas və peşə hazırlığı üzrə müvafiq yoxlamadan keçirdikdən sonra onunla müqavilə bağlanılıb. Altıncısı həmin kursda dərs dediyi abituriyentlərə gəldikdə isə onların əksəriyyəti keçirilmiş magistr imtahanlarında 80 baldan yuxarı göstərici əldə etmiş, hətta həmin abituryentlərdən bir nəfəri Respublika üzrə İİİ yer tutmuşdur. Əlavə olaraq, 2020-ci ilin aprel ayının əvvələri Əmək və X4 Nazirliyinin elektron portalında işsiz kimi qeydiyyatdan keçən zaman ona məlum olmuşdur ki, guya o, X3 (Cavabdeh MMC-nin icraçı direktoru) ilə repetitor müəllim vəzifəsi üzrə 100 (bir yüz) manat əmək haqqı müəyyən edilən 14JLN9000200 nömrəli əmək müqaviləsi bağlamışdır. Həmin müqaviləsi xx.xx.2019-cu il tarixdən, xx.xx.2020-ci il tarixinədək qüvvədə olub. Halbuki onun bu müqavilədən qətiyyən heçbir xəbəri olmamışdır. Burada digər tərəfdən də yenə bir neçə sual ortaya çıxır ki, bu saxtakarlıq hansı məqsədlə törədilib? İkincisi əmək müqaviləsi bildirişi sistemə yüklənən zaman orada qeyd edilmiş simvolik məbləğ-100 manat göstərilərkən hansı qanuna istinad edilib? Axı sözügedən zaman ölkəmizdə minumum əmək haqqı artıq çoxdan 250 manat olmuşdu. Üçüncüsü bu hərəkətin özü ən azı inzibati hüquq pozuntusu sayılmırmı? Dördüncüsü bu əməldə inzibati və cinayət hüquq pozuntusu tərkibi ortaya çıxmırmı? Beşincisi çəkinmədən bu cür aşkar surətdə kobud hüquq pozuntusu törədən şəxsin digər maliyyə fırıldaqlarına dair işlərlə məşğul olmasına şübhə yaranmırmı? Beləliklə, məlum ağır pandemiya şəraitinin səbəb olduğu sosial-iqtisadi fəsadlardan biri olan işsizlik nəticəsində yaranmış maddi sıxıntı şəraitində digər tərəfdən də qarşılaşdığı bu hüquqa zidd əməllərə görə üç aydan artıqdır ki, keçirdiyi mənəvi sarsıntı və pisixi iztirab istər-istəməz ailəsində azyaşlı övladlarına və həyat yoldaşına da pis təsir edir. Keçirdiyi əsəb gərginliyini onlardan nə qədər gizlətməyə çalışsa da onun bu vəziyyətini duyaraq çox narahat olurlar. Beləliklə, cavabdeh ona qarşı törətdiyi hüquqa zidd əməlləri nəticəsində ona maddi ziyanla yanaşı həm də mənəvi zərər vurmuşdur. Əgər bütün bu göstərdiyi faktlar diqqətlə hüquqi-məntiq təfəkkürünün süzgəcindən keçirilsə tam əmindir ki, böyük bir məntiqi sual yaranacaq ki bütün bu faktların qarşılığında daim öz üzərində işləyən və hər zaman öz işinə məsuliyyətlə, vicdanla yanaşan bir qadın müəlliməyə qarşı özlərini ölkənin aparıcı tədris kurslarından biri kimi reklam edən özəl müəsisənin qanuni təmsilçisi tərəfindən “Sizin təhsiliniz və peşə hazırlığınız aşağı səviyyədə olduğundan, keyfiyyətsiz dərs keçdiyinizə və qəsdən dərslərdən yayındığınıza, bütün bunların nəticəsində isə abituriyentlərin narazı qalmasına görə 1000 (bir min) manat xidmət haqqınızı ödəməyəcəyik” deyərək zəhmətkeşin xidmət haqqını mənimsəməsini saxtakarlıqdan, istismarçılıqdan, vicdansızlıqdan, dələduzluqdan və böhtankarlıqdan, başqa nə adlandırmaq olar? Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Əliyev Yaqub Vəkil oğlu məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə verərək bildirdi ki, cavabdeh xidmət haqqı üzrə qalıq borc kimi 1000 manat, mənəvi borcun əvəzi kimi 500 manat məbləğində pul ödəmişdir. Odur ki, iddia tələbini ödənilmiş 1500 manatla bağlı hissədə azaldaraq məhkəmədən qalan məbləğ üzrə iddianın təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlı olduğundan ərizə məhkəmə tərəfindən qəbul edildi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddianı qəbul etmədiklərini bildirərək qeyd etdi ki, iddiaçıya cəmi 1500 manat məbləğində pul ödənilmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Cavabdeh MMC və İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli “xidmət göstərilməsinə dair” müqavilədən görünür ki, bu müqaviləyə əsasən İddiaçı Cavabdeh MMC-nin yeni inzibati binasında sifarişçinin sifarişi üzrə tələb olunan sahələr üzrə kursların tədrisinin həyata keçirilməsi ilə bağlı tədris xidmətlərini keçirməyi, Cavabdeh MMC tədris edilən kursun hər ayının sonunda (10 gündən gec olmayaraq) 1000 AZN ödəməyi öhdəsinə götürür. İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış pretenziyadan görünür ki, sonuncudan göstərilən ximət müqabilində ödənilməmiş 1000 manat məbləğində pul tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi Məşğulluq Alt Sistemindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixində işsiz statusu verilmişdir. Məhkəmə tərəfindən mübahisə tərəflərinin izahatları dinlənilərək və yuxarıda qeyd edilən iş materialları əsasında müəyyən edildi ki, İddiaçı və Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixli “xidmət göstərilməsinə dair” müqavilə bağlanmış, bu müqaviləyə əsasən İddiaçı Cavabdeh MMC-də ingilis dili üzrə tədris xidmətlərini keçirməyi, Cavabdeh MMC tədris edilən kursun hər ayının sonunda 1000 AZN ödəməyi öhdəsinə götürmüşdür. Lakin sonradan Cavabdeh MMC-nin müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməyərək ödənilməli olan 1000 manat xidmət haqqını ödəmədiyini bildirən İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehdən həmin pulun və əlavə olaraq 3000 manat mənəvi ziyanın əvəzini, həmçinin məhkəmə xərcləri kimi 50 manat məbləğində pul tələb etmişdir. Məhkəmə iclasında iddia tələbinin həcmini azaldan iddiaçının nümayəndəsi cavabdeh tərəfindən 1000 manat xidmət haqqı və 500 manat mənəvi ziyanın ödənildiyini bildirərək iddianın qalan hissədə təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi isə iddiaçıya ümumilikdə 1500 manat ödədiklərini bildirərək iddianın təmin edilməməsini xahiş etmişdir. Göründüyü kimi tərəflər arasında olan mübahisə 1000 manat xidmət haqqının ödənilməsi ilə bağlı hissədə artıq öz həllini tapmış, cavabdeh həmin pulu iddiaçıya ödəmiş, iddiaçı həmin hissədə iddiasından imtina etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddianın yalnız ikinci, yəni mənəvi ziyanla bağlı hissəsinə münasibət bildirilməlidir. İşgən görünür ki, cavabdeh iddiaçıya dəymiş mənəvi ziyanın əvəzi kimi 500 manat məbləğində pul ödəmişdir. Yəni cavabdehin hərəkətləri nəticəsində iddiaçıya mənəvi ziyanın vurulub-vurulmaması tərəflər arasında mübahisə mövzusu deyil. Belə ki, cavabdeh tərəfindən mənəvi ziyan hesabına 500 manat ödənilməsi artıq mənəvi ziyan vurulmasının cavabdeh tərəfindən etiraf edilməsi kimi qiymətləndirilir. Bu mənada tərəflər arasında olan mübahisə mənəvi ziyanın məbləği ilə bağlıdır ki, iddiaçı ödənilmiş məbləğdən əlavə 2500 manat mənəvi ziyana görə pul tələb edir, cavabdeh isə mənəvi ziyana görə ödənilmiş 500 manatın kifayət olduğunu bildirərərək iddianı qəbul etmir. Deməli, məhkəmə tərəfindən vurulmuş mənəvi ziyanın məbləği ilə bağlı məsələ həll edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, Ramazanov və digərlərinin işi üzrə xx xxxxxxx 2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Ali Məhkəməsi milli məhkəmələrə bu problemi tənzimləyən milli hüquq müddəalarının olmadığı üçün mənəvi zərərə görə kompensasiya məsələlərinin həllində Avropa Məhkəməsinin təcrübəsinə riayət etməyi tövsiyə etmişdir. Adı çəkilən qərarın mənası məhkəmələrin Konvensiyanın zərərçəkən tərəfə ədalətli təzminatın kəsilməsi haqqında 41-ci maddəsinə birbaşa müraciətidir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsində qeyd edilir ki, əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir” Göründüyü kimi, mənəvi zərərə görə kompensasiya məsələlərinin həllində Avropa Məhkəməsinin təcrübəsinə müraciət etmək məhkəmələrə tövsiyə edilmişdir. Bununla belə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İşdən görünür ki, cavabdeh tərəfindən iddiaçıya dəymiş mənəvi zərərin əvəzi kimi 500 manat məbləğində pul ödənilmişdir ki, işin bu halını tərəflərin heç biri mübahisələndirmir. Məhkəmə hesab edir ki, iş üzrə cavabdeh tərəfindən iddiaçıya dəymiş mənəvi zərərin əvəzi kimi ödənilmiş həmin məbləğ ağlabatandır və iddiaçının məruz qaldığı mənəvi zərərin ədalətli kompensasiyasını təmin edir. Məhkəmə əlavə 2500 manat məbləğində mənəvi zərərə görə cavabdehdən pul tələb edən iddiaçının nəzərinə çatdırır ki, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etmiş olduğu mənəvi ziyan məbləği ağlabatan deyildir. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarında da, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir. Məhkəmə, həmçinin oxşar işlər üzrə belə bir ümumi prinsipi nəzərə alır ki, tutulan mənəvi ziyanın məbləği bir tərəfi həddən artıq varlandırmamalı, digər tərəfi isə müflis etməməlidir. Son olaraq məhkəmə iddiaçının 50 manat məbləğində məhkəmə xərci tələbinə münasibət bildirərək qeyd edir ki, iddia həmin hissədə də təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən cavabdehdən iddiaçının xeyrinə məhkəmə xərci tutulmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya dəymiş mənəvi zərərin əvəzi kimi ödənilmiş 500 manat məbləğində pul kifayət qədər ağlabatan olmaqla iddiaçının məruz qaldığı mənəvi zərəri ədalətli kompensasiya etdiyindən iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdehnə qarşı “xidmət haqqının və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar