Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-297/2022 15.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1964-cü il təvəllüdlü Ərizəçi 1987-ci il tarixdən hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 16.12.2021-ci il tarixdə məhkəməyə poçt vasitəsi ilə ərizə göndərərək, məhkəmədən xx.xx.1964-cü il təvəllüdlü Ərizəçi 1987-ci il tarixdən hazırki dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşı olmaması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1964-cü ildə Ermənistan SSR Qafan rayonu Pürülü kəndində doğulmuşdur. 1987-ci ildə Azərbaycan SSR-də əmək fəaliyyətinə başlayaraq 1 nömrəli Zeytun Sovxozunda işləmişdir. Qeyd edilən vaxtdan da Azərbaycan Respublikasında yaşayır, lakin uzun müddət vətəni Azərbaycanda yaşamasına baxmayaraq vaxtında şəxsiyyət vəsiqəsi almamışdır. Onun şəxsiyyət vəsiqəsi olmadığından və şəxsiyyət vəsiqəsini əldə etmək məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, lakin müraciəti müsbət cavablandırlmamış və 17.05.2018-ci il tarixli ******* saylı cavabla imtina verilmişdir. 17.05.2018-ci il tarixli ******* saylı arayışda bildirilmişdir: «xx xxxxxxx 1964-cü il təvəllüdlü Ərizəçi 8242/m nömrəli, 10.05.2021-ci il tarixli müraciətinə baxılaraq, onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 30.09.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. Hesab edir ki, qeyd edilənlər nəzərə alınaraq, Azərbaycan Respublikası ərazisində 1987-ci ildən indiyədək yaşamaq faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Qeyd edilən hüquqi fakt ona Azərbaycan Respublikası vətəndaşlığını almaq üçün lazımdır. Məhkəmə iclasında dindirilən Ərizəçi ərizəsinin məzmununa uyğun çıxış edərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə tərəfindən maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə həmin maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən X13 ifadəsində göstərdi ki, o, Ərizəçi ilə qonşudur. Həm özü, həm də ərizəçi Ermənistandan məcburi köçkündür. Ermənistandan ərizəçi 1987-ci ildə, özü isə 1988-cü ildən gəlmişdir. Ərizəçinin Vüsalə, Aysel, Vüsal adlı üç uşağı var. Məhkəmə iclasında şahid qismində dindirilən X14 ifadəsində göstərdi ki, Ərizəçi onların gəlinidir. 1987-ci ildə hamılıqla Ermənistandan gəlmişlər. Həmin vaxtdan Zeytun sovxozunda işləyirlər. Ərizəçinin iki qızı, bir oğlu vardır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 17.05.2018-ci il tarixli ******* saylı arayışından görünür ki, xx xxxxxxx 1964-cü il təvəllüdlü Ərizəçi 8242/m nömrəli, 10 may 2018-ci il tarixli müraciətinə baxılaraq, onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 30.09.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. Qafan rayon VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1964-cü ildə Ermənistan SSR Qafan rayonu Pürülü kəndində anadan olmuşdur. İT-İ seriyalı ******* saylı əmək kitabçasından müəyyən olunur ki, 1964 il təvəllüdlü Ərizəçi 02.04.1987-ci ildə 1 №-li Zeytun Sovxozunun 4№-li briqadasına fəhlə qəbul edilmiş, 30.12.1998-ci ildə Azərbaycan Respublikası ƏM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə azad edilmişdir. Dövlət Miqrasiya Xidmətinin 21.12.2021-ci il tarixdə ərizəsi məhkəməyə daxil olmuş və ərizədə göstərilmişdir ki, Ərizəçi Məhəmmədəlı qızı 10.05.2018-ci il tarixdə Azərbaycan Respublikası vətəndaşı sayılıb-sayılmaması ilə bağlı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş və həmin müraciət əsasında araşdırılma aparılaraq onun 30 sentyabr 1998-ci il tarixli “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası vətəndaşı olmadığı barədə inzibati akt qəbul edilmişdir. Ərizəçi hüquqi faktın müəyyən edilməsinə dair məhkəməyə təqdim etdiyi ərizəsinin (onun 1987-ci ildən hal-hazırki dövrədək ölkə ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması barədə ərizənin) təmin edilməsinə DMX tərəfindən etiraz edilmir. Qafan rayon VVAQ şöbəsi tərəfindən 15.01.1988-ci il tarixdə verilmiş nikahın bağlanma haqqında şəhadətnamədən müəyyən olunur ki, X1 ilə Ərizəçi arasında nikah 15.01.1988-ci il tarixdə bağlanmşıdır. Qafan rayon VVAQ şöbəsi tərəfindən 12.06.1988-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X2 10.08.1985-ci ildə doğulmuş, valideynləri X1 və Ərizəçidır. Qafan rayon VVAQ şöbəsi tərəfindən 23.Xİİ.1987-ci ildə verilmiş doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X4 12.02.1987-ci ildə doğulmuş, valideynləri X1 və Ərizəçidır. Orcanikidze rayon İK XDS-nin 16.05.1989-cu ildə verilmiş doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X5 16.02.1989-cu ildə doğulmuş, valideynləri X1 və Ərizəçidır. Məhkəmə iş üzrə toplanmış yuxarıda göstərilən sübutlara müqayisəli şəkildə qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Ərizəçi xx.xx.1964-cü ildə Ermənistan SSR Qafan rayonunun Pürülü kəndində anadan olmuşdur. O, 1987-ci ildən Azərbaycan Respublikasına köçmüş və həmin vaxtdan daimi olaraq ölkə ərazisində yaşamışdır və hazırda qeyd edilən ünvanda yaşayır. Ərizəçi 02.04.1987-ci il tarixdən 1 №li Zeytun sovxozunda fəhlə işləməyə başlamış və 30.12.1998-ci ildə öz xahişi ilə işdən azad edilmişidir. O, heç bir dövlətin vətəndaşlığına mənsub deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Həmin Məcəllənin 307.2.10-1-ci maddəsinə əsasən Məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” qanunun 14-cü maddəsinə görə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.1964-cü il tarixdə Ermənistan SSR Qafan rayonunun Pürülü kəndində anadan olmuş Ərizəçi 15.01.1988-ci ildə X1 ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Onların birgə yaşayış dövründə -10.08.1985-ci ildə X2; 12.02.1987-ci ildə X3 və 16.02.1989-cu ildə X5 adlı uşaqları anadan olmuşdur. Ərizəçi ailə üzvləri ilə birlikdə 1987-ci ildə Bakı şəhərinə köçmüşdür. Ərizəçi 1987-ci ildən ailəsi ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1№-li Zeytun sovxozunda faktiki olaraq yaşamağa və fəhlə kimi işləməyə başlamışdır. Ərizəçi Azərbaycan Respublikasının vətəndaşlığını almaq üçün 2018-ci ildə Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir, lakin ərizəçiyə məsələnin həlli ilə bağlı rayon məhkəməsinə müraciət etməsi tövsiyyə olunmuşdur. Hazırda Ərizəçi nə Azərbaycan Respublikasının, nə də Ermənistan Respublikası vətəndaşı deyil. Ərizəçi yalnız Qafan rayon VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnaməsi var və o, həmin sənədlə Azərbaycana gəlmişdir. Ərizəçi Azərbaycan Respublikası vətəndaşı olmadığı üçün ümumvətəndaş pasportu da yoxdur. Hazırda ərizəçinin vətəndaşlıqla bağlı müraciət etməsi üçün onun Azərbaycan Respublikası ərazisində 1987-ci ildən bu günədək daimi yaşama faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Hal-hazırda ərizəçinin yeganə məqsədi Azərbaycan Respublikası vətəndaşlığını əldə etməkdir. Ərizəçi milliyyətcə azərbaycanlıdır və azərbaycan dilində səlis danışır. Ərizəçinin valideynləri X6 və X15 da milliyyətcə azərbaycanlıdır. Ərizəçinin ümumvətəndaş pasportu olmadığına görə ölkə ərazisini 1987ci ildən bəri tərk etməmişdir. Beləliklə də məhkəmədə müəyyən edilmişdir ki, ərizəçi faktiki olaraq 1987-ci ildən hazırki vaxta kimi fasiləsiz olaraq 35 ildir ki, ailəsi ilə birgə Azərbaycan Respublikasının Bakı şəhərində yaşayır. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmadığına görə göstərilən hal hüquqi əhəmiyyətli olduğundan, məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxdığından, məhkəmə hesab edir ki, Ərizəçi 1987-ci il tarixdən bu günədək Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşı olmaması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 217, 307-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 1987-ci il tarixdən hal-hazıra kimi Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-297/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-297/2022
15.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver