Məhkəmə qərarları › İş №2(010)-2992/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2992/2022

27.09.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2992/2022 27.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2, Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26 Bakı Komissarı adına rayon X3 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli 10/820 saylı qərarının əsasında təqdim olunmuş 267780 nömrəli xx.xx.1987-ci il tarixli order üzrə İddiaçı, həmçinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Y\Günəşli qəsəbəsi, “AB” Y\S, 151 nömrəli evin 62 nömrəli mənzilindən (əvvəlki Bakı şəhəri, Günəşli qəsəbəsində yerləşən 151 nömrəli evin 4-cü blokunun 4-cü mərtəbəsində 3 otaqlı 62 nömrəli mənzilindən) iddiaçının istifadəsində olan 1/4 hissə payıın naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı X1 iddiaçı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Y\Günəşli qəsəbəsi, “AB” Y\S, 151 nömrəli evin 62 nömrəli mənzilinə (əvvəlki Bakı şəhəri, Günəşli qəsəbəsində yerləşən 151 nömrəli evin 4-cü blokunun 4-cü mərtəbəsində 3 otaqlı 62 nömrəli mənzilinə) köçürülməsi və həmin mənzildən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri İddiaçı 08 mart 1980-ci il tarixdən etibarən Cavabdeh1 ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. 26 Bakı Komissarı adına rayon X3 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli 10/820 saylı qərarının əsasında təqdim olunmuş 267780 nömrəli xx.xx.1987-ci il tarixli order üzrə əri, o, və 2 nəfər uşaq olmaqla 4 nəfərdən ibarət onların ailəsinə Bakı şəhəri, Günəşli qəsəbəsində yerləşən 151 nömrəli evin 4-cü blokunun 4-cü mərtəbəsində 3 otaqlı 62 nömrəli mənzili (indiki Bakı şəhəri, Suraxanı rayonu, Y\Günəşli qəsəbəsi, “AB” Y\S, ev 151, mənzil 62) verilmişdir. Həmin vaxtdan etibarən ailəsi ilə birlikdə həmin mənzildə yaşayırlar. Son illərdə əri Cavabdeh1 ona ağlasığmaz şər və böhtanlar ataraq onunla münaqişə yaradırdı. Bir neçə ay bundan əvvəl Cavabdeh1 heç bir səbəb olmadan növbəti dəfə onunla münaqişə yaradaraq onu qeyd olunan mənzildən qovdu və ona qarşı Suraxanı rayon Məhkəməsində nikahin pozulması barədə iddia qaldırdı. Suraxanı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(010)- 5055/2021 saylı qətnaməsinə əsasən Cavabdeh1la iddiaçı arasında olan nikah pozuldu. Bundan sonra Cavabdeh1 daha sonra ailəsi ilə birlikdə həmin mənzildə yaşayan oğlu Cavabdeh2 və ailəsini qeyd olunan mənzildən qovdu. Lakin 267780 nömrəli xx.xx.1987-ci il tarixli orderə əsasən onun da sözügedən mənzildən istifadə hüququ var. İddiaçı X2 cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “mənzilinin 1 otağından istifadə etmək məqsədilə iddiaçı X2 ilə cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti arasında sosial kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” iddia ərizəsi ilə Baki İnzibati Məhkəməsinə müraciət etmiş, Baki İnzibati Məhkəməsinin 2-1(112)-7000/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadına əsasən iddia mümkün sayılmamış və Baki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən qeyd olunan qərardad xx.xx.2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Həmin qərardadda göstərilmişdir ki, iddiaçının məqsədi mənzilin bölünməsi və ondan payın ayrılması olduğundan bu məqsədə digər paylı mülkiyyətçilərə qarşı aidiyyəti ümumi məhkəmədə iddia qaldırmaqla çata bilər. Tərəflərin izahatları İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı izahatında göstərdi ki, mübahisəli evdə ona qarşı olan münasibətə dözməyib, 2014-cü ildə evdən çıxıb, gah qızıgildə, gah da oğlunun evində yaşamalı olmuşdur. Əri onu öldürəcəyini demişdi deyə oğlu da onu evə qoymurdu. Lakin o, həmin evdən daimi olaraq çıxmamış, mütəmadi olaraq ora gedib-gəlmiş, hətta əşyaları da həmin evdə olmuşdur. Çünki, övladlarının evi onun öz evi ola bilməz, o, orada məcburiyyətdən sığınacaq kimi istifadə etməli olub. 2018-ci ildə noyabrında yenidən həmin evdə daimi yaşamağa başlamış, lakin gəlini onunla münaqişəyə girməklə iddiaçının da yaşamaq hüququ olan evdən istifadə etməsinə süni maneçilik yaratmaq istəmişdir. Bu hadisədə oğlu onu müdafiə etməmiş, əksinə arvadının tərəfini saxlamışdır. Həmin münaqişədə o, hətta başından zədə də almışdır. O da məcburiyyətdən digər övladlarınn evində məskunlaşmalı olmuşdur. Onun həmin evdəki əşyaları ilə cavabdehlər kobud davranır, bir hissəsini qonşunun qarajına atıblar. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, izahatında iddia tələbinin təmin edilməsini xahiş etmişdir. O, izahatında bildirmişdir ki, iddiaçı 2014-cü ildən dəfələrlə mübahisəli evdə yaşamağa cəhd etsə də, evdən qovulub. 2018-ci ildə də həmin evdə yaşamağa cəhd göstərmiş, lakin gəlini tərəfindən fiziki təzyiqə məruz qalmış, başından xəsarət almışdır. Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında iddianın rədd olunmasını xahiş etmişdir. O, izahatında bildirdi ki, anasının dözülməz xarakteri ucbatından onunla eyni evdə yaşamaq mümkün deyil. 2018-ci ildə evin mətbəxində onun həyat yoldaşının saçından sürüyəndə o da, məcburən əlinin altında olan qabla başından vurmalı olmuşdur. O, bildirdi ki, anasının bəzi əşyaları həmin evdədir. Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı 1987- 1988-ci illərdən başlayaraq mütəmadi şəkildə, özbaşına olaraq bacısı Pəri Quluyevanın yaşadığı evə getməyə başlamışdır. Bu cür gedişlər Brilliantın bacısının işdə olduğu vaxtlara təsadüf edirdi. Belə ki, həmin vaxtlarda bacısı Pərinin evində ancaq Pərinin yoldaşı Ənvər Nağıyev olurdu. Özü evdə olan zaman Brilyant evə adətən gecə saatlarında 22:00-23:00 radələrində qayıdırdı. Özü işi ilə bağlı ezamiyyətdə olduğu vaxtda isə onlarla gecələyirmiş. Məhz buna görə dəfələrlə aralarında ailə mübahisələri yaranmışdır. Lakin İddiaçı bu münaqişələrə son qoymaq əvəzinə bu cür gedişlərin sayını artırmağa başlamışdır. Özü işə gedərkən iddiaçı arxasınca özbaşına bacısı Pərigilə gedir və yenə də sutkanın gec saatlarında evə qayıdırdı. Hətta evə gec gəldiyinə görə bir neçə dəfə qonşuda gecələmişdir. Bir müddət sonra bacısının əri Ənvər Nağıyev iş yerini dəyişərək Xalqlar Dostluğu metro stansiyasının yanındakı texniki peşə məktəbinə gəlmişdir. Həmin vaxtdan o, nahar vaxtı tez-tez onun evinə gəlir, yeyib, içir, nahar edib istirahət edirdi. Bir dəfə ezamiyyətdən tez gəlmiş və onları bir yerdə, evdə tək nahar edəndə bir yerdə tutmuşdur. İş o yerə gəlib çatmışdır ki, Brilyant artıq onu ər gözündə görmürdü. Ənvərin dedikləri ilə oturub dururdu. Özbaşına Masallıya, Mingəçevirə toya gedirdi. 1997-ci ildən 2014-cü ilədək cibindən 30975 manat pulu çıxarmış, evdən 2000 ABŞ dolları oğurlamış, 16 ədəd köynəyini, 16 ədəd hədiyyə qalstukunu, 12 ədəd bahalı hamam dəsmalını, ona məxsus olan nişan üzüyünü və 2 kq qara kürünü evdən aparmış, tanımadığı şəxslərə vermişdir. 2004-cü ildən 2014-cü ilin iyun ayına kimi hər həftənin cümə günü işə getmək adı ilə evdən çıxır, növbəti həftənin bazar ertəsi və ya çərşənbə axşamı səhər radələrində evə gəlirdi. Bayram və istirahət günləri, tətil günləri və yayın üç ayı Ənvər Nağıyevlə birgə keçirirdi. Yay fəslinin 3 ayında Quba rayonunda Ənvər Nağıyevə məxsus yardımçı təsərrüfatda onun pulları ilə inşa edilmiş 1 otaqlı evdə istirahət edirdilər. 2014-cü ilin iyun ayında təqaüdə çıxdığı üçün evdə oturmuşdur. Həmin gün iddiaçı öz çemodanını götürərək evdən çıxıb getmişdir. Kimdən soruşdusa onun harada olduğu bəlli olmadı. Qonşuda yaşayan rəfiqəsi nəvəsinə bildirdi ki, nənən Nabrana gedib. Axırıncı dəfə sentyabr ayının 11-12-də kiçik oğlunun evinə gəlmişdir. Bütün bu pozğunluqlara baxmayaraq dost-tanış məsələsini nəzərə alaraq uşaqlarının, qohum əqrəbasının xatirinə bütün bunların gizli qalmasının tərəfdarı olmuşdur. İddiaçı 2021-ci ilin may-iyun ayında mülkiyyət hüququnun 1/2 hissədə tanınması ilə bağlı Suraxanı rayon məhkəməsinə müraciət etdi, lakin iddia tələbi təmin olunmadı. Həmin qətnamədən sonra o, nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmiş və məhkəmənin qətnaməsi ilə nikahı pozulmuşdur. İddiaçının daimi yaşaması üçün başqa yer var və iddiaçı həmin yerdə yaşamaq üçün özünə məxsus olan əşyaları aparmışdır. Ona bunu etməyə heç kim mane olmamışdır. Yəni iddiaçı özünə məxsus olan əşyaları və s. aparmaqla artıq mübahisəli mənzildə yaşamaq niyyətinin olmadığını nümayiş etdirmişdir ki, bu hal da məhkəmə tərəfindən xüsusilə nəzərə alınmaldır. Odur ki, iddianın rədd olunmasını xahiş etmişdir İddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında iddianın rədd olunmasını xahiş etmişdir. Digər Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: 26 Bakı Komissarı adına rayon X3 İcraiyyə Komitəsinin xx.xx.1997-ci il tarixli 10/820 saylı qərarının əsasında təqdim olunmuş 267780 nömrəli, xx.xx.1987-ci il tarixli orderdən görünür ki, Cavabdeh1 (özü), İddiaçıA (arvadı), Cavabdeh2B (oğlu) və Cavabdeh3B (oğlu) olmaqla Bakı şəhəri, Günəşli qəsəbəsində yerləşən 151 nömrəli evin 4-cü blokunun 4-cü mərtəbəsində 3 otaqlı 62 nömrəli mənzil verilmişdir. Tətbiq edilən hüquq 1982-ci ildə qəbul edilmiş Mənzil Məcəlləsi Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə 54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını, uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərarı ...Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Mübahisəli mənzillə bağlı tətbiq edilən 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsinə əsasən, Qanunda nəzərdə tutulmuş əsaslarla və qaydada müəyyən edilən hallardan başqa, heç kim yaşadığı sahədən çıxarıla bilməz və heç kimin yaşadığı sahədən istifadə hüququ məhdudlaşdırıla bilməz. Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, iddiaçı Cavabdeh1 ilə 1980-ci ildə ailə qurmuş və onlar 1987-ci ildə digər cavabdehlər, övladları Cavabdeh2 və Cavabdeh3 ilə birlikdə dövlət mənzil fonduna aid olan mənzilə köçüb ümumi təsərrüfatı birgə idarə etmişlər. Odur ki, məhkəmə hesab edir ki, tərəflər arasındakı mübahisənin həllində 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Məhkəmədə iddiaçı mübahisəli evdə yaşamaq imkanından məhrum olduğundan həm qızı, həm də digər oğlu Ramilin evində yaşamalı olduğunu bildirmişdir. Cavabdehlər iddiaçının başqa yaşayış yerindən istifadə hüququnun yaranması barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. İddiaçı bildirir ki, 2018-ci ildə mübahisəli evdə yaşadığı vaxt gəlini ona başından xəsarət yetirmişdir. O da məcburən yenidən gah qızı, gah da oğlunun evində yaşamalı olmuşdur. Məhkəmə hesab edir ki, tərəflər arasında münaqişəli vəziyyətin olması işin mübahisəsiz halıdır. Cavabdeh2 2018-ci ildə mübahisəli mənzildə onun həyat yoldaşı ilə anası İddiaçı arasında düşən mübahisə zəminində həyat yoldaşının qabla anasının başına xəsarət yetirməsini, anasının xarakterinə görə onların eyni evdə yaşamasının mümkün hesab etmədiyini etiraf edir. O, həmçinin etiraf edir ki, anasına məxsus əşyalar mübahisəli evdə qalmışdır. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçının mənzili tərk etməsi daimi xarakterli və könüllülük əsasında olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Y\Günəşli qəsəbəsi, “AB” Y\S, 151 nömrəli evin 62 nömrəli mənzilə köçürülməlidir. İddia tələbinin “mübahisəli mənzildən istifadə qaydalarının müəyyən edilməsi” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, mübahisəli mənzil üzərində hüquqlar dövlət qeydiyyatına alınmadığından sözügedən mənzildən istifadə qaydalarının müəyyən edilməsi mümkün deyil. Ona görə də iddia bu hissədə əsassızdır və təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Y\Günəşli qəsəbəsi, “AB” Y\S, 151 nömrəli evin 62 nömrəli mənzilə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar