Məhkəmə qərarları › İş №2(010)-304/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-304/2024

14.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-304/2024 14.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Ərizəçi Leonidovnanın, maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X6 iştirakı ilə, Ərizəçi Leonidovnanın (maraqlı şəxs Dövlət Miqrasiya Xidməti) “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Leonidovna (maraqlı şəxs Dövlət Miqrasiya Xidməti) “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, özünün 1982-ci il tarixdən Azərbaycan Respublikası ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Ərizəçi Leonidovna ərizəsini müdafiə edərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Belə ki, o, 06 avqust 1981-ci ildə Estoniya Respublikasının Xaryus rayonunun Vazalemma kəndində doğulmuşdur. Doğumu Xaryus rayonu Vazalemma kənd soveti İcraiyyə komitəsi tərəfindən xx.xx.1981-ci il tarixdə 59 nömrəli aktla qeydə alınaraq, Doğum haqqında şəhadətnamə verilmişdir. 8 aylığından anası tərəfindən Estoniyada uşaq evinə yerləşdirilib, 2 yaşına kimi orda qalıb. Daha sonra Ata nənəsi X7 tərəfindən Bakıya gətirilib. 1982-ci ildən Azərbaycanda Bakı şəhəridə yaşamışdır. Həmin vaxtdan etibarən Azarbaycanda yaşayır və Azərbaycan Respublikasının sərhədlərini tərk etməmişdir. Lakin doğum haqqında şəhadətnaməsi daxil olmaqla heç bir sənədi olmamışdır. 1994-cü ildə atası X5 avtoqəzada ölmüşdür. 1987- 1998-ci illərdə Bakı şəhəri 253 nömrəli orta məktəbdə təhsil almışdır. 1 doğma bacısı olmuşdur, hazırda həmin bacı vasitəsilə doğum haqqında şəhadətnaməsini əldə etmişdir və Azərbaycan Respublikası vətəndaşlığı əldə etmək niyyətindədir. O, Estoniya Respublikası vətəndaşı olmadığına dair arayış almaq məqsədilə Estoniya Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfirinə müraciət etmişdir. Lakin şəxsiyyətini müəyyən edən sənəd olmadığına görə müraciətinə cavab verilməmişdir. O, Azərbaycan Respublikasında yaşadığı müddət ərzində heç bir qanun pozuntusuna yol verməmiş, barəsində heç bir inzibati tədbir görülməmiş və Dövlət Miqrasiya Xidməti onun barəsində heç bir sanksiya tətbiq etməmişdir. Hazırda heç bir dövlətin vətəndaşı deyil. O, Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi barədə Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. DMX-nin təqdim etdiyi xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur ki, Azərbaycan Respublikası vətəndaşlığı haqqında ARQ-na əsasən ərizəçinin Azərbaycan Respublikası vətəndaşı olmadığı müəyyən edilmişdir. Ona Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət etməsi təklif edilmişdir. Nəticədə o, Azərbaycan Respublikası vətəndaşlığı əldə edə bilmir. Ona görə də o, Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. 1982-ci ildən Azərbaycan Respublikasının ərazisində daimi yaşamağına baxmayaraq, Azərbaycan Respublikasının vətəndaşlığını əldə edə bilmədiyi üçün hazırda onun şəxsiyyətini təsdiq edən etibarlı sənədi yoxdur. Hazırda, vətəndaşlığı olmayan şəxsdir, lakin bu statusunu da təsdiq edən heç bir sənədi yoxdur. Onun şəxsiyyət vəsiqəsi olmadığına görə rəsmi nikaha daxil ola bilmir və faktiki nikah münasibətlərində olmuşdur. xx.xx.2013-cü il tarixdə Amadeya adlı övladı doğulmuşdur. Lakin, özünün heç bir sənədi olmadığına görə uşağına da doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi ala bilmir. 10 yaşlı uşaq da sənədsiz qalmış və hazırda məktəbə belə gedə bilmir. Azərbaycan Respublikası vətandaşlığına qəbulla bağlı vəsatətinin həmin şəxslərin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsinin surəti əsasında qəbul edilməsini nəzərdə tutur. Buna müvafiq olaraq, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti onun vəziyyətində olan şəxslərin Azərbaycan Respublikası vatandaşlığına qəbulla bağlı vəsatətini həmin şəxslərin Azərbaycan Respublikasında daimi yaşaması laktı və həmin şəxslərin heç bir ölkənin vətəndaşı olmaması faktının məhkəmə qaydasında müəyyən olunduğu məhkəmə qətnaməsi əsasında qəbul edir. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək üçün vəsatət qaldıra bilməməyi onun sənədsiz vətəndaşlığı olmayan şəxs vəziyyətində qeyri-müəyyən statusda yaşamağına səbəb olur ki, bu da, onun “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyasının 8-ci maddəsi ilə nəzərdə tutulan şəxsi və ailə həyatına hörmət hüququnu pozur və bu məsələdə o, ayrı-seçkiliyin qurbanı olur. Belə ki, o, vətəndaşlığı olmayan sənədsiz şəxs kimi işləmək, əmlaka sahib olmaq, nikaha daxil olmaq, başqa yerə getmək imkanından və hər hansı bir dövlətin himayəsindən məhrum olmuşdur. Vətəndaşlığının olmaması Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin olunmağını qeyrimümkün edir və bu da onun (xüsusən “fin kod” tələb edilən) bir çox dövlət və qeyri-dövlət xidmətlərinə çıxışının məhdudlaşdırılmasına səbəb olur, nəticədə o hüquqlara çatımlılığı itirir - hüquq subyekti kimi qəbul edilmir. Ona görə də, Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək məqsədilə vəsatət qaldıra bilməyi üçün onun 1982-ci ildə Azərbaycan Respublikasına gəlməyi və hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamağı və heç bir dövlətin vətəndaşlığına mənsub olmamağı faktının məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında dindirilmiş maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X8 izahatında göstərdi ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli 527-İQ nömrəli Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə baxır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 310.2-ci maddəsinə əsasən Bu Məcəllənin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı məcburidir. Eyni zamanda, bildirmək lazımdır ki, (“Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumataxtarış sistemi (İAMAS) vasitəsilə yoxlanış zamanı şəxsin ölkə ərazisindən kənara çıxışı qeydə alınmamışdır. Lakin, bununla belə AR DSX-yə sorğunun göndərilməsi məqsədəuyğun olardı. Qeyd olunanları nəzərə alaraq, XAHİŞ EDİRƏM: 1. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 310.2-ci maddəsinə uyğun olaraq doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd (faktiki hala görə Estoniya Respublikası) təqdim edilməsini; 2. Sözügedən sənədin əldə edilməsi mümkün olmadığı halda məhkəmə tərəfindən müvafiq sorğunun göndərilməsini; 3. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə şəxsin ölkə ərazisindən giriş-çıxışının qeydə alınıb- alınmaması barədə sorğunun göndərilməsini; 4. 1ci və 3-ci bənd üzrə müvafiq sənədlərin elektron məhkəmə sisteminə əlavə edilməsini; 5. 1-ci bənddə göstərilən sənəddə vətəndaşlığının olmaması və 3-ci bənddən giriş- çıxışının olmaması təsdiqlənəcəyi halda şəxs ərizəsinin təmin olunmasına tərəfindən etiraz olunmadığı nəzərə almaqla müvafiq qətnamənin çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, ərizəçinin izahatını dinləyib, hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Xuryus rayonu Vazalemma kənd soveti İcraiyyə Komitəsinin xx.xx.1984-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi Leonidovna xx.xx.1981-ci ildə doğulmuş, valideynləri X3 və X1. Nikah haqqında şəhadətnamədən görünür ki, X3 ilə X4 arasında nikah xx.xx.1980cı il tarixdə bağlanmışdır. Ərizəçi Leonidovnanın Estoniya Respublikasının Azərbaycan Respublikasında Fövqaladə və səlahiyyətli nümayəndəliyinə ünvanladığı ərizəsindən görünür ki, Ərizəçi Leonidovna 06 avqust 1981-ci ildə Estoniya Respublikasının Xaryus rayonunun Vazalemma kəndində doğulmuşdur. 8 aylığından anası tərəfindən Estoniyada uşaq evinə yerləşdirilib, 2 yaşına kimi orda qalıb. Ata nənəsi X7 tərəfindən Bakıya gətirilib. Həmin tarixdən Azərbaycanda Bakı şəhəridə yaşamışdır. Lakin doğum haqqında şəhadətnaməsi daxil olmaqla heç bir sənədi olmamışdır. 1994-cü ildə atası avtoqəzada ölmüşdür. 1987- 1998-ci illərdə Bakı şəhəri 253 nömrəli orta məktəbdə təhsil almışdır. 1 doğma bacısı olmuşdur, hazırda həmin bacı vasitəsilə doğum haqqında şəhadətnaməsini əldə etmişdir və Azərbaycan Respublikası vətəndaşlığı əldə etmək niyyətindədir. Lakin, Azərbaycan qanunvericiliyə görə Estoniya Respublikasında doğulduğuna görə Estoniya Respublikası vətəndaşı olmadığını təsdiq edən sənəd tələb edilir. Göstərilənləri nəzərə alaraq, Ərizəçi Leonidovnanın Estoniya Respublikasının vətəndaşı olmadığına dair arayış təqdim edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il taixli ******* saylı arayışından görünür ki, 06 avqust 1981-ci il təvəllüdlü Ərizəçi Leonidovna 17604/m nömrəli, xx.xx.2023-cü il tarixli müraciətinə baxılaraq, onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin xx.xx.2023cü il tarixli arayışından görünür ki, «Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində (İAMAS) şəxslərin dövlət sərhədindən hərəkətləri barədə məlumatlar 2001-ci il tarixdən etibarən yerləşdirilməsini nəzərə alaraq, Ərizəçi Leonidovnanın 1982-2001-cü il tarixlərdə dövlət sərhədindən hərəkətləri barədə məlumatın təqdim edilməsi texniki cəhətdən imkanımız xaricindədir. xx.xx.1981-ci il təvəllüdlü Ərizəçi Leonidovnanın 2002-2023-cü illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Estoniya Polisi və X2 xx.xx.2024-cü il tarixli arayışından görünür ki, xx.xx.1981-ci il təvəllüdlü Ərizəçi Leonidovna Estoniya Respublikasının vətəndaşlığına aid deyil. Məhkəmə iş üzrə toplanmış yuxarıda göstərilən sübutlara müqayisəli şəkildə qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Həmin Məcəllənin 307.2.10-1-ci maddəsinə əsasən Məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” qanunun 14-cü maddəsinə görə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Ərizəçi Leonidovna xx.xx.1981-ci il tarixdə Estoniya Respublikası Xaryus rayonunun Vazalemma şəhərində anadan olmuşdur. Ərizəçi Leonidovna 1982-ci ildə Azərbaycan Respublikasına gəlmişdir. Ərizəçi Leonidovna Azərbaycan Respublikasının vətəndaşlığını almaq üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, lakin ərizəçiyə məsələnin həlli ilə bağlı rayon məhkəməsinə müraciət etməsi tövsiyyə olunmuşdur. Hazırda məhkəmə müəyyən edir ki, ərizəçi nə Azərbaycan Respublikasının, nə də Estoniya Respublikasının vətəndaşı deyil. Hazırda ərizəçinin vətəndaşlıqla bağlı müraciət etməsi üçün onun Azərbaycan Respublikası ərazisində 1982-ci ildən bu günədək daimi yaşama faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Ərizəçi Leonidovna milliyyətcə rusdur və azərbaycan dilində səlis danışır. Beləliklə də, məhkəmədə müəyyən edilmişdir ki, ərizəçi faktiki olaraq 1982-ci ildən hazırki vaxta kimi fasiləsiz olaraq Azərbaycan Respublikasının Bakı şəhərində yaşayır. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmadığına görə göstərilən hal hüquqi əhəmiyyətli olduğundan, məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxdığından, məhkəmə hesab edir ki, xx.xx.1981-ci il təvəllüdlü Ərizəçi Leonidovnanın 1982-ci il tarixdən bugünədək Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşı olmaması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 217, 307-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1981-ci il təvəllüdlü Ərizəçi Leonidovnanın 1982-ci il tarixdən hal-hazıra kimi Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar