Məhkəmə qərarları › İş №2(010)-3040/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3040/2024

26.08.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3040/2024 26.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X4 Xidməti) “əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiаçı İddiaçı cаvаbdeh Cavabdehnə (bundan sonra – Cavabdeh MMC) qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X4 Xidməti) “əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh MMC ilə aralarında xxxxxxx000100 nömrəli bildiriş əsasında 17 aprel 2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinin məhkəmə tərəfindən xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin X1 sisteminə daxil edilməsi hüququnun X4 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 2001-ci il təvəllüdlü olmaqla, Hacıqabul şəhəri, İ.Qayıbov küçəsi, dalan 1, ev 9-da qeydiyyatdadır və orada yaşayır. İş axtararkən ona məlum olmuşdur ki, onunla ********** nömrəli VÖEN şəhadətnaməsi əsasında fəaliyyət göstərən Cavabdeh MMC arasında 17 aprel 2023-cü il tarixli əmək müqaviləsi vardır. Həmin müqavilə xxxxxxx000100 nömrəli əmək bildirişi ilə təsdiq edilmişdir. Həmin müqavilə və bildirişdən onun heç bir xəbəri olmamışdır. Bütün bunlardan sonra o, iş üzrə Cavabdeh MMC-nin yerləşdiyi Bakı şəhəri, Suraxanı rayonu, “AB” yaşayış sahəsi (Yeni Günəşli qəsəbəsi), ev 149, mənzil 10-a gedərək həmin hüquqi şəxsin ofisini axtarsa da, tapa bilməmişdir. Hal-hazırda adına əmək müqaviləsi olsa da, əmək haqqı almır və digər əmək müqaviləsi bağlaya bilmir. Bundan sonra aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhəri üzrə idarəsinə müraciət etmiş və ona 18 yanvar 2024-cü il tarixli, 3- 17-5/2-A-2569/2024 nömrəli məktubla bildirilmişdir ki, onun Cavabdeh MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətinə Nazirlik yanında X4 Xidmətinin Bakı şəhər İdarəsində baxılmış və aidiyyəti üzrə Şirvan-Salyan regional şöbəsinə yönəldilmişdir. Həmin şöbədən ona bildirişlər verilsə də, əmək müqaviləsinə xitam verilməmişdir. Cavabdeh MMC-ni ümumiyyətlə tanımır və ora işə qəbul edilməklə bağlı heç bir ərizə verməmişdir. Hal-hazırda adına qüvvədə olan əmək müqaviləsi olduğu üçün hər hansı bir işə qəbul edilə və əmək müqaviləsi bağlaya bilmir. Odur ki, aidiyyəti üzrə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Buna qədər aidiyyəti üzrə iş üzrə cavabdehə təklif göndərsə də, heç bir nəticəsi olmamışdır və nəticədə ona imtina məktubu verilmişdir.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh MMC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər idarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-17-5/2- A-2569/2024 nömrəli cavab məktubundan görünür ki, İddiaçı tərəfindən verilmiş ərizədə qeyd edilən pozuntuların dəqiqləşdirilməsi məqsədilə izahat alınması, müraciətdə qeyd edilənlərlə bağlı ətraflı məlumat verilməsi və əmək haqqı barədə bank çıxarışının təqdim edilməsi üçün 7 iş günü ərzində X4 Xidmətinin Şirvan-Salyan regional şöbəsinə və ya hər hansı DOST Mərkəzinə gəlməsi xahiş edilmişdir.

6. Mediasiya Şurası Bakı 9 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş, MŞB/9/2024-00440 nömrəli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, qarşı tərəfə (Cavabdeh MMC) ilkin mediasiya sessiyasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq (xx.xx.2024-cü il tarixdə bildiriş göndərilmişdir), onun mediasiya prosesində iştirakını təmin etmək mümkün olmamışdır.

7. xx.xx.2023-cü il tarixli, xxxxxxx000100 nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2001-ci il təvəllüdlü, ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı ilə işəgötürən Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış və İddiaçı xx.xx.2023-cü il tarixdə 350 manat məbləğində əmək haqqı müqabilində fəhlə peşəsində işə başlamışdır.

İşin faktiki halları.

8. İddiaçı (İşçi) və Cavabdeh MMC (İşəgötürən) arasında xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bağlanmış, bu müqavilənin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi müvafiq icra hakimiyyəti orqanının X1 sistemində elektron qaydada qeydiyyata alınmışdır.

Tətbiq edilən hüquq.

9. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə 35. Əmək hüququ. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

10. Azərbaycan Respublikasının Əmək Məcəlləsi. Maddə 2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələri və prinsipləri.

1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Maddə 3. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar.

5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. 5-1. Əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının X1 sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd... Maddə 7. Əmək münasibətlərinin qanunvericiliklə və müqavilə bağlamaqla tənzimlənməsi. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Maddə 9. Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları. Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: o) elektron informasiya sistemindən onunla bağlı qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını, habelə iş yerindən elektron qaydada arayışı real vaxt rejimində əldə etmək. Maddə 12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti.

1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: h) əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla). Maddə 42. Əmək müqaviləsinin tərəfləri.

1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Maddə 44. Əmək müqaviləsinin forması.

1. Əmək müqaviləsi yazılı formada bağlanır.

3. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Maddə 49. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi və qüvvədən düşməsi. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.

11. “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 iyun 2014-cü il tarixli 183 nömrəli Qərarı. 3.4. Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

13. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.1. əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar; 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

Məhkəmənin mövqeyi.

14. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh MMC-də 350 manat əmək haqqı ilə fəhlə kimi işə qəbul olunmuşdur. Lakin iddiaçının tərəf olduğu əmək müqaviləsi barədə məlumatı olmamışdır. Məhkəmə qeyd edir ki, əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan, əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir (mübahisəli əmək müqaviləsinin bağlandığı vaxt qüvvədə olan qanuna görə). Bu baxımdan cavabdeh tərəfindən qanunvericiliyin tələbinə riayət edilməməklə, müqavilə tərəfi hesab edilən iddiaçının iradə ifadəsi olmadan birtərəfli qaydada bağlanan müqaviləyə xitam verilməlidir.

15. “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 27 dekabr 2013-cü il tarixli 875-İVQD nömrəli Qanunu əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin yaradılmasının hüquqi əsasını müəyyən etmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinə edilən dəyişikliyə əsasən əmək müqaviləsi bildirişini müvafiq elektron informasiya sisteminə daxil etmək işəgötürənin vəzifələrinə aid edilmişdir.

16. Məhkəmə qeyd edir ki, cavabdehlə bağlanmış əmək müqaviləsinə xitam verilməməsi və əmək müqaviləsinin bağlanmasına dair bildirişin X1 sistemində aktiv olaraq qalması nəticəsində iddiaçının real olaraq başqa işəgötürənlə əmək müqaviləsi bağlamaq və əmək fəaliyyəti ilə məşğul olmaq hüququ məhdudlaşdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

Məhkəmə xərcləri.

17. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən dövlət rüsumu ödəməkdən azad olmuşdur. Belə olan halda həmin qanunun 9.4-cü maddəsinə əsasən, ödənilməmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

18. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməli, İddiaçı xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin “X1” sisteminə daxil edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə həvalə edilməli və ödənilməmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

19. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilsin. İddiaçı xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin X1 sisteminə daxil edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə həvalə edilsin. Ödənilməmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar