Məhkəmə qərarları › İş №2(010)-3050/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3050/2024

30.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3050/2024 30.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X5 qızının katibliyi, Ərizəçi Siraç oğlunun iştirakı ilə, Ərizəçi Siraç oğlunun (Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti maraqlı şəxs qismində cəlb edilməklə) “şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi”nə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları

1. XİV-ТИ seriyalı 510548 №-li vətəndaşlıq haqqında pasportdan görünür ki, Ərizəçi Siraç oğlu xx.xx.1966-cı ildə Ermənistan SSR-də doğulmuşdur.

2. DYİ seriyalı ******* №-li daimi yaşamaq üçün icazə vəsiqəsindən görünür ki, Ərizəçi Siraç oğlu xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ünvan 1 ünvanında müvəqqəti qeydiyyata alınmışdır.

3. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Qaçqın Statusunun Müəyyənləşdirilməsi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin himayəsində olan, vətəndaşlığı olmayan şəxs, 1 fevral 1966-cı il təvəllüdlü Ərizəçi (himayə sənədi № ***-*******52) Dövlət Miqrasiya Xidməti tərəfindən 23 aprel 2024-cü il tarixindən 30 aprel 2025-ci il tarixinədək ünvan 2 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır.

4. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” ******* №-li Qərardan görünür ki, xx xxxxxx 1966-cı il təvəllüdlü Ərizəçi Siraç oğlunun 63395/m nömrəli, 15 mart 2022-ci il tarixli müraciətinə baxılaraq, onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir.

5. Gürcüstanın Ədliyyə Nazirliyi Dövlət Xidmətlərinin İnkişaf Agentliyi tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş 01/218679 №-li arayışdan görünür ki, Vəliyev X2 vətəndaşı deyildir.

6. Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyi Konsulluq Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş arayışdan görünür ki, Vəliyev X3 Federasiyasının vətəndaşı deyildir.

7. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsi tərəfindən Ərizəçi Siraç oğluya ünvanlanmış məktubdan görünür ki, Ərizəçi Siraç oğluya 1994-cü il tarixdən hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamağı və heç bir dövlətin vətəndaşlığına mənsub olmamağı faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilməsi izah olunmuşdur.

8. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məkubdan görünür ki, «Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində (İAMAS) şəxslərin dövlət sərhədindən hərəkətləri barədə məlumatlar 2001-ci il tarixdən etibarən yerləşdirilməsini nəzərə alaraq, xx.xx.1966-cı il təvəllüdlü Ərizəçi Siraç oğlunun 2002-ci il tarixədək dövlət sərhədindən hərəkəti barədə məlumatların təqdim edilməsi texniki cəhətdən imkan xaricindədir. xx.xx.1966-cı il təvəllüdlü Ərizəçi Siraç oğlunun xx.xx.2024-cü il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır.

İşin faktiki halları

9. Ərizəçi Siraç oğlunun Azərbaycan Respublikasının, Gürcüstanın və Rusiya Federasiyasının vətəndaşı olmadığı işin mübahisəsiz halıdır.

Ərizəçinin tələbi

10. Ərizəçi Siraç oğlu “şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən olunmasına dair” ərizə ilə məhkəməyə müraciət edərək, onun 1994-cü ildən hazırkı dövrədək Azərbaycan Respublikasında daimi yaşamağı və heç bir dövlətin vətəndaşlığına mənsub olmamağı faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tərəflərin izahatları

11. Məhkəmə iclasında Ərizəçi Siraç oğlu ərizəsini müdafiə edərək və ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, heç bir ölkənin vətəndaşı deyil və vətəndaşlıq almaq üçün məhkəməyə müraciət etmişdir. O, Qərbi Azərbaycanda doğulmuşdur, ancaq qeydiyyatı Gürcüstanda olub. Buna görə də qeyd olunanların nəzərə alınaraq, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi.

12. Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə ərizə təqdim edərək, Ərizəçi faktiki hala görə Gürcüstan və Rusiya Federasiyası vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə şəxsin ölkə ərazisindən giriş-çıxışının qeydə alınıb-alınmaması barədə sorğunun nəticəsinə dair sənəd məhkəməyə təqdim edildiyindən ərizənin təmin olunmasına tərəflərindən etiraz olunmadığını nəzərə almaqla müvafiq qətnamənin çıxarılmasını və işə iştirakları olmadan baxılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.10-1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 309. Ərizənin verilməsi 309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Maddə 311. Məhkəmənin ərizə üzrə qətnaməsi Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

14. “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” Qanunu

Maddə 14. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir.

Məhkəmənin mövqeyi

15. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır.

16. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Ərizəçi Siraç oğlu xx.xx.1966-cı ildə Ermənistan SSR-də anadan olmuşdur. 1994-cü ildə daimi yaşamaq üçün Azərbaycan Respublikasına gəlmiş və qeyd edilən vaxtdan indiyədək Azərbaycan Respublikasında yaşayır. xx.xx.1995-ci ildə X1 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş və birgə nikahdan övladları doğulmuşdur.

17. Mülki iş materialları ilə sübut olunur ki, Ərizəçi Siraç oğlu heç bir dövlətin vətəndaşı deyil və 1994-cü ildən daimi olaraq Azərbaycan Respublikasında yaşayır.

18. Beləliklə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmadığına görə göstərilən hal hüquqi əhəmiyyətli olduğundan, məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxdığından, məhkəmə hesab edir ki, Ərizəçi Siraç oğlunun 1994cü il tarixdən bugünədək Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilməlidir.

Məhkəmə xərcləri

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

20. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

21. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir.

22. Məhkəmə hesab edir ki, ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə

23. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi Siraç oğlunun 1994-cü il tarixdən bugünədək Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilməlidir.

24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307-ci maddələrini rəhbər tutub məhkəmə

qət etdi:

Ərizə təmin edilsin. Ərizəçi Siraç oğlunun 1994-cü il tarixdən bugünədək Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi Siraç oğlunun özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar