Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3095/2020 19.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququ olmayan hesab etmə” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququ olmayan hesab etmə” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilin yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 2 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Adıçəkilən mənzili xx.xx.1990-cı il tarixdə 015796 saylı order ilə əldə etmişdir. Cavabdeh 2010-cu il tarixdə oğlu ilə ailə həyatı qurararaq həmin mənzilə qeydiyyata düşmüşdür. Hazırda aralarında nikah pozulduğundan cavabdeh həmin evdə yaşamır. Cavabdehin onun evində qeydiyyatı formal xarakter daşıyır. Eyni zamanda, bu onun mülkiyyət hüququnu pozur. Əvvəla, onun əvəzinə əlavə kommunal xərc ödəyir. İkincisi isə cavabdehin onun evində qeydiyyatda qalması onun həmin mənzillə bağlı sərəncam vermək və sair hərəkətlər etmək hüquqlarını məhdudlaşdırır. Məsələn, həmin mənzili özgəninkiləşdirmək istədikdə ondan razılığın alınması onun üçün əlavə problemlər yarada bilər. Həmçinin, şəxsin pasport qeydiyyatı onun yaşayış yeri üzrə olmalıdır. Çünki, şəxsin yaşayış yeri üzrə qeydiyyatda olması şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi məsələsini asanlaşdırır. Cavabdehin isə faktiki olaraq başqa yerdə yaşaması, amma onun mənzilində qeydiyyatda olması onun dövlət və cəmiyyət qarşısında da vəzifələrinin icrasına ciddi maneələr yaradır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək məhkəmədən Cavabdeh ünvan 1 ünvanında yerləşən 2 saylı mənzildən istifadə hüququ olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış sənədləri tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2020-ci il tarixində verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh ünvan 2 mənzil 2 ünvanında qeydiyyatdadır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, ünvan 3 mənzil 2 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. xx.xx.1990-cı il tarixdə verilmiş, 015796 nömrəli orderin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, ünvan 3 mənzil 2 ünvanında yerləşən (köhnə ünvan göstərilmişdir) İddiaçı xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. Məhkəmə tərəfindən yuxarıda qeyd edilən iş materialları əsasında, məhkəmə araşdırması aparılması nəticəsində müəyyən edilmişdir ki, ünvan 4 mənzil 2 ünvanında yerləşən mənzil xx.xx.1990-cı il tarixdən İddiaçı müllkiyyətindədir. Cavabdeh iddiaçının oğlu ilə nikahda olmuş, evə 2010-cu ildə qeydiyyata alınmışdır. Hazırda iddiaçının oğlu və cavabdeh arasında olan nikah pozulduğundan cavabdeh bu mənzildə faktiki olaraq yaşamır, lakin formal olaraq qeydiyyatda qalmışdır. İddiaçı isə cavabdehin mənzildə olan formal qeydiyyatına son vermək üçün məhkəmədən cavabdehin bu mənzildən istifadə hüququ olmayan hesab edilməsini xahiş edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında qeyd edilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. İşdən görünür ki, cavabdeh iddiaçıya məxsus mənzildə 2010-cu ildən qeydiyyata alınmışdır. Belə olan halda qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsi hazırkı mübahisəyə tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. İşdən görünür ki, cavabdehin 2010-cu ildən etibarən qeydiyyatda olduğu mənzil 1990-cı ildən iddiaçının mülkiyyətindədir. Göründüyü kimi Cavabdeh bu mənzildən ümumiyyətlə istifadə hüququ olmamışdır. O, sadəcə forma olaraq bu mənzilə qeydiyyata alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin mənzildə qeydiyyatda qalmaqda davam etməsi iddiaçının mənzil üzərində mülkiyyət hüququnu həyata keçirməsinə mane olur. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının (bundan sonra Konstitusiya) 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, müvafiq mənzilin tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olduğu, cavabdehin həmin mənzildə formal olaraq qeydiyyatda olduğu tam sübut olduğundan cavabdehin həmin mənzildə qeydiyyatda qalmaqda davam etməsi iddiaçının həmin mənzilə münasibətdə mülkiyyət hüququnun həyata keçirməsini pozduğundan iddia təmin edilməlidir. Son olaraq, məhkəmə qeyd edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsaslarından biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 214, 216-220, 233, 357 və 360-cı mаddələrini maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiа təmin edilsin. Cavabdeh İddiaçı məxsus ünvan 5 mənzil 2 ünvanında yerləşən mənzildən istifadə hüququ olmayan hesab edilsin. Qətnamə Cavabdeh ünvan 5 mənzil 2 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-3095/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3095/2020
19.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver