Məhkəmə qərarları › İş №2(010)-3096/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(010)-3096/2020

04.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3096/2020 04.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Orxan Kazım oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilməsi tələbi ilə məhkəməyə müraciət edərək xüsusi mülkiyyətində olan Suraxanı rayonu, Qaraçuxur qəsəsəbi, Rafiq Alıcanov küçəsi, ev 31 ünvanında yerləşən məzilə cavabdehin istfadə hüququnun itirilməsini xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsi, ev 31 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Hazırda mülkiyyətində olan mənzildə yaşayır. Lakin, cavabdeh artıq 2005-ci ildən indiyədək ona məxsus evdə yaşamır. Belə ki, cavabdeh qeyd edilən tarixdən Gürcüstana köçmüş və hal-hazırda da orada yaşayır. Onunla heç bir əlaqəsi yoxdur. Cavabdehin qeydiyyatının mənzilə olması formal xarakter daşıyır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək cavabdehin uzun müddətdir ki, onlara məxsus mənzildə yaşamadığını, bundan sonra da yaşamayacağını əsas gətirərək cavabdehin ona məxsus mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsini xahiş etdi və işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehin qeydiyyatda olduğu ünvan üzrə məhkəmə bildirişi göndərilmiş, lakin cavabdeh barədə məlumat əldə edilməmişdir. Məhkəmə, iddiaçının izahatını və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qiyabi şəkildə təmin edilməlidir. Belə ki, iş materiallarında olan notariat işindən görünür ki: - Seriya FM 019824 № li, xx.xx.2003-cü il tarixli Qeydiyyat vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi R.Alıcanov küçəsindəki 5 otaqlı, 103,6 kv.m lik yaşayış sahəsi, 255,2 kv.m ümumi sahəsi, 600,0 kv.m torpaq sahəsindən ibarət 31 saylı fərdi yaşayış evi yunusov Bayrampaşa Kamal oğluna məxsusdur. - Azərbaycan Respublikası Dövlət Sərhəd xidmətinin xx.xx.2020-ci il tarixli, 2(010)- 3096/2020 nömrəli sənəddən müəyyən edilir ki, Cavabdeh Azərbaycan Respublikası ərazisində daimi olaraq yaşamır. Beləliklə, hazırkı dönəmdə, hüquqmüəyyənedici sənədlə qeyd edilən mənzil iddiaçıya məxsusdur. Məhkəmə cavabdehin sözügedən mənzilə istifadə hüququnun itirilməsi hesab edilməsi məsələsini həll edərkən Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsaslanaraq bildirir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair xx xxxx 2016-cı il tarixli qərarında qeyd edilir ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələnin konstitusiya əhəmiyyətini nəzərə alaraq, qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Bu mənada xüsusilə qeyd olunmalıdır ki, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə etmək zərurətinin mövcudluğuna baxmayaraq, mülkiyyətçinin və digər mənzil sakinlərinin onun bu hüququndan istifadə etməsini mümkünsüz etdiyi qanuna zidd hallar müəyyən olunduqda, keçmiş ailə üzvünün istifadə hüququna kompensasiya ödənilmədən xitam verilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Hazırkı işdə məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən Plenum qərarına istinad edərək cavabdeh tərəfin iddiaçıya məxsus olan mənzili uzun müddət əvvəl tərk etməsi və həmin mənzillə bağlı hər hansı bir təşəbbüs göstərməməsini həmin mənzili yaşayış sahəsi kimi qəbul etməməsini mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi üçün əsas sayır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası MM-nin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qiyabi şəkildə təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Mülki-Prosessual Məcəllənin 241.1-ci maddəsinin tələbinə görə qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onlrarın dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 244-cü maddəsinin tələbinə əsasən cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsində yerləşən 31 saylı mənzilə Cavabdeh istifadə hüququ itirilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar