Məhkəmə qərarları › İş №2(010)-3104/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3104/2021

27.09.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3104/2021 27.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılma, həyətyanı torpaq sahəsinə qanunsuz çəkilmiş hasarın cavabdehin hesabına sökülməsi, həyətyanı torpaq sahəsinə, tikililərə qanunsuz müdaxiləsinin qarşısının alınması və ona qanunsuz müdaxilənin qadağan edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılma, həyətyanı torpaq sahəsinə qanunsuz çəkilmiş hasarın cavabdehin hesabına sökülməsi, həyətyanı torpaq sahəsinə, tikililərə qanunsuz müdaxiləsinin qarşısının alınması və ona qanunsuz müdaxilənin qadağan edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ailə üzvləri ilə birgə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mərkəzi küçə, keçid-4 (ev 4) ünvanında inşa etdirdiyi fərdi yaşayış evinin yerləşdiyi səkkiz sot həyətyanı torpaq sahəsinin 4 sot torpaq sahəsini qonşuluqda yaşayan Cavabdeh1 ilə Cavabdeh2 qanunsuz olaraq zəbt etmələrinə görə onların həmin ərazidən-torpaq sahəsindən çıxarılmaları, həyətində qanunsuz inşa etdikləri şifer materialından olan hasarın onların öz hesabına sökülərək torpaq sahəsinin boşaldılması, gələcəkdə onun torpaq sahəsinə, tikililərinə qanunsuz müdaxilələrinin qarşısının alınması və belə müdaxilənin onlara qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Y/Suraxanı qəsəbəsi, Mərkəzi küçə, küçid-4, (ev 4) ünvanmdakı 08 (səkkiz) sot torpaq sahəsini 2009-cu ildə Bakı şəhəri Suraxanı RİH Başçısının müavini Pənah adlı şəxsə onun köməkçisi Emin adlı şəxsin vasitəsi ilə 10 min manat və sonra da üç min ABŞ dolları məbləğində pul verməklə almışdır. Həmin vaxt onlar ona söz vermişdir ki, bir neçə gün ərzində həmin torpaq sahəsinin çıxarışını ona verəcəklər. Lakin bunun üstündən bir müddət ötdükdən sonra onları işdən kənarlaşdırdılar və Pənah adlı şəxs vəfat etdi. Lakin buna baxmayaraq onu əmin etdiklərinə görə o, həmin 08 sot torpaq sahəsini daş hasara almış və əraziyə mişar daşı, digər tikinti materialları tökdürərək həyətdə iki mərtəbəli, 5 otaqlı və hər cür sanitar qovşağı-şəraiti olan fərdi yaşayış evi tikdirmişdir. Elə həmin 2009-cu ildən başlayaraq bu evə anası X2, oğulları Həsənov Faiq və X3rı ilə birgə yığışaraq yaşamaya baslamışdır. Həmin evə dair Azərsu, Azərisıq və Azəriqazla müvafiq müqavilələr bağlanmışdır. O, müvafiq ödənişləri edir və torpağın vergisini də yerli bələdiyəyə ödəyir. Həmin illərdə onun bədənində ciddi xəstəlik olduğuna görə müalicə olunması ilə əlaqədar 2011-ci il ərzində həm Naxçıvan MR-da və xəstəxanada müalicədə olduğu vaxtlarda sözügedən evində və həyətdə heç kəsin olmamasından istifadə edərək arxa küçədən, yəni Suraxanı qəsəbəsi, Aeroport yolu, sol tərəf, 4-cü keçid ünvanında məskunlaşaraq yaşayan Cavabdeh1 ilə onun arvadı Cavabdeh2 qanunsuz olaraq onun torpaq sahəsinə zəbt edərək, onun həyətindən özünə yol açmış və oradan özünə qanunsuz keçid yaratmaqla özbaşınalıq etmişdir. Cavabdehlər onun həmin həyətini iki yerə bölməklə damlarını və müxtəlif meyvə ağacları əkdiyi torpaq sahəsini qanunsuz və əsassız olaraq zəbt etməklə "məcburi köçkün olmaları" adlarından məsuliyyətsizcəsinə istifadə edərək özbaşmalığa yol vermişlər. Zəbt etdiyi ərazini də onun evindən iki metr məsafədə olmaqla şifer materialı ilə çəpərləmiş və beləliklə ona satılmış, ona aid olan torpaq sahəsinin yarısı qanunsuz tutaraq onun və övladlarının həmin əraziyə daxil olmasına imkan vermir və indinin özündə də bu hərəkətlərini davam etdirirlər. Halbu ki, onlann evi və həyəti ilə onun evinin arxa-yan tərəfi arasında daş hasarı da vardır. Onların yol verdiyi qanunsuzluğun aradan qaldırılmasından ötrü onlara bu illər ərzində dəfələrlə insan kimi, qonşuluq münasibətləri çərçivəsində həll olmasını təklif etsə və onların ərazini boşaltmalarını, qanunsuz tikdiyi hasarını sökməsinin düzgün olmasını onlara bildirsə də, onlar bundan israrla imtina edirlər və həmişə də bunun üstündə dəfələrlə mübahisəsi baş vermiş, nəticədə polisə müraciət etməli olmuşdur. Onlar hansısa oğlunun polisdə işləməsindən istifadə edərək daim onları hədələyir və onun oğlanlarını nəiləsə tutduracağını bildirirlər. Onların həmin ərazidəki işi-gücü yalnız müxtəlif yollarla torpaq sahələrini zəbt etmək və ya almaqla orada ev tikdirib-satmaqdan ibarətdir. Onların həmin ərazidəki evlərinin yolu arxadakı küçədəndir və onlar həmişə həmin yoldan istifadə etmişlər. Onların evdə olmadığı vaxtlardan istifadə edərək onların həyətyanı torpaq sahəsinin demək olar ki, yarısını, təxminən 4 sot sahəsini - təxminən 24 metr uzunluq və 20 metr eninə olan hissəsini qanunsuz olaraq zəbt etmişlər. Hesab edir ki, cavabdehlərin həmin ərazidəki nə torpaq sahəsinə, nə zəbt etdikləri onun torpaq sahəsinə, eləcə də özlərinin fərdi yaşayış evlərinin yerləşdiyi torpaq sahəsi ilə oradakı evlərinə mülkiyyət hüquqlarını təsdiq edən hər hansı bir sənəd yoxdur. Qeyd olunan məsələ cavabdehlər tərəfindən könüllü olaraq, həllini tapmadığı üçün, hesab edir ki, bu məsələ məhkəmə qaydasında həll olunmalıdır, onlar qanunsuz zəbt etdikləri torpaq sahəsindən çıxarılmalı, həyətində çəkdikləri hasar sökülməli və torpağına qanunsuz müdaxilələrinə son qoyulmalıdır. Tərəflərin izahatları İddiaçı iddia tələbini müdafiə edərək, izahatında iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı izahatında bildirdi ki, onunla cavabdehlər arasında olan mübahisə ilə bağlı məhkəmənin qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra mübahisəli torpaq sahəsinə dair qanuni əsaslarla hüququ yaranmış, həmin torpaq sahəsi ilə bağlı onunla müvafiq bələdiyyə idarəsi arasında tələb olunan sənədləşmə işləri aparılmışdır. Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, torpaq sahəsinə onlar tərəfindən heç bir müdaxilə olunmamışdır. İddiaçı ilə aralarında mübahisə uzun müddətdir davam edir. O, hətta 2018-ci ildə Suraxanı rayon məhkəməsində cavabdeh İddiaçı qarşı "qanunsuz tikilinin sökülməsi və qanunsuz müdaxilənin qadağan edilməsi" tələbi barədə iddia ilə müraciət etmiş, İddiaçı da onlara qarşı "qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılma, həyətyanı torpaq sahəsinə qanunsuz çəkilmiş hasarın cavabdehin hesabına sökülməsi, həyətyanı torpaq sahəsinə, tikililərə qonşunun qanunsuz müdaxiləsinin qarşısının alınması və ona qanunsuz müdaxilənin qadağan edilməsi" tələbinə dair iddia irəli sürmüşdür. Hər iki iddia 11.06.2018-ci il tarixli qətnamə ilə təmin edilməmişdir. Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, torpaq sahəsinə onlar tərəfindən heç bir müdaxilə olunmamışdır. İddiaçı ilə aralarında mübahisə uzun müddətdir davam edir. Hətta 2018-ci ildə özü həyat yoldaşı ilə birlikdə Suraxanı rayon məhkəməsində bu barədə iddia qaldırmışdır və hər ikisinin iddia tələbi məhkəmənin 11.06.2018-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş: Suraxanı rayon məhkəməsinin 2(010)-2848/2018 saylı 11.06.2018-ci il tarixli qətnaməsindən görünür ki, ilk iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı "qanunsuz tikilinin sökülməsi və qanunsuz müdaxilənin qadağan edilməsi" tələbi barədə iddiası təmin edilməmişdir. Qarşılıqlı iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılma, həyətyanı torpaq sahəsinə qanunsuz çəkilmiş hasarın cavabdehin hesabına sökülməsi, həyətyanı torpaq sahəsinə, tikililərə qonşunun qanunsuz müdaxiləsinin qarşısının alınması və ona qanunsuz müdaxilənin qadağan edilməsi" tələbinə dair iddiası təmin edilməmişdir. "xxxx" MMC-nin Qiymətləndirmə Rəyinə əsasən , Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mərkəzi küçəsi, keçid 4, 4 saylı fərdi yaşayış evinin dəyəri 87750 manatdır. X1 “Yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması barədə” 17.12.2019-cu il tarixli şəhadətnamə ilə müəyyən olunmuşdur ki, İddiaçı ünvan 5 ünvanında yerləşən 768,67 kv.m. 2 mərtəbəli fərdi tikinti evi üzrə verdi ödəyicisi kimi uçota alınmışdır. X1 09.07.2021-ci il tarixli məktubundan görünür ki, X5 küçə keçid 4 ev 4 ərazisində yerləşən 768.67 kv.m. torpaq sahəsi X1 inzibati ərazisində yerləşir və 19051xxxxxxx nömrəli vergi koduna əsasən 17.12.2019-cu il tarixindən İddiaçı istifadəsindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 03.08.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mərkəzi küçəsi, keçid 4, 4 saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi haqqında məlumat idarənin arxivində aşkar edilməmişdir. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə Suraxanı rayon məhkəməsinin 11.06.2018-ci il tarixli 2(010)-2848/2018 saylı qətnaməsi ilə müəyyən edir ki, ilkin iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı "qanunsuz tikilinin sökülməsi və qanunsuz müdaxilənin qadağan edilməsi" tələbi barədə iddiası təmin edilməmişdir. Qarşılıqlı iddia üzrə İddiaçı qarşılıqlı iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərin ünvan 6 ünvanında yerləşən 8 sot torpaq sahəsinin 4 sot hissəsindən çıxarılmaları, həyətyanı torpaq sahəsinə qanunsuz çəkilmiş hasarın cavabdehin hesabına sökülməsi, həyətyanı torpaq sahəsinə, tikililərə qonşunun qanunsuz müdaxiləsinin qarşısının alınması və ona qanunsuz müdaxilənin qadağan edilməsi" tələbinə dair iddiası təmin edilməmişdir. Suraxanı rayon məhkəməsinin 2(010)-2848/2018 saylı 11.06.2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki: “Mübahisəli torpaq sahəsinə dair hər iki tərəfin qanuni əsaslarla yaranmış hər hansı hüququ mövcud olmadığı və bu mənada onlar müvafiq subyektiv hüquqa malik olmadıqları üçün başqa şəxslərdən, konkret halda isə bir-birlərindən həmin torpaq sahəsi üzərində mövcud olmayan hüquqlarına yaranmış maneələrə son qoyulmasını tələb edə bilməzlər. Hər iki tərəfin iddiası öz mahiyyətinə görə hüquq haqqında mübahisə kimi qiymətləndirilə bilinmədiyindən həm ilik iddia, həm də qarşılıqlı iddia əsassızdır.” Məhkəmə müəyyəm edir ki, hazırkı iddia tələbi və 11.06.2018-ci il tarixli 2(010)- 2848/2018 saylı qətnaməsi ilə bağlı iş üzrə mübahisə eyni tərəflərin arasındadır. Hazırkı mülki işdə irəli sürülmüş qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılma, həyətyanı torpaq sahəsinə qanunsuz çəkilmiş hasarın cavabdehin hesabına sökülməsi, həyətyanı torpaq sahəsinə, tikililərə qanunsuz müdaxiləsinin qarşısının alınması və ona qanunsuz müdaxilənin qadağan edilməsi tələbi ilə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə baxılmış iddia tələblərinin predmeti eynidir. Nəhayət, əvvəlki və hazırkı iddia tələbləri üzrə iddiaçı eyni əsaslardan çıxış etməklə cavabdehə qarşı eyni tələb yönəltmişdir. İddiaçı məhkəmə iclası zamanı verdiyi izahatında Suraxanı rayon məhkəməsinin 2(010)-2848/2018 saylı 11.06.2018-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra mübahisəli torpaq sahəsinə dair qanuni əsaslarla hüququnun yarandığını, həmin torpaq sahəsi ilə bağlı onunla müvafiq bələdiyyə idarəsi arasında tələb olunan sənədləşmə işlərinin aparıldığını bildirmişdir. Məhkəmə iş materiallarına məcmu halda qiymət verərək müəyyən edir ki, iddiaçının iddia tələbinin dəlili olaraq təqdim etdiyi sübutlar (Yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması barədə şəhadətnamə, X1 məktubu, qiymətləndirmə rəyi) onun mübahisəli torpaq sahəsinə dair subyektiv hüququnun olmaması əsasını aradan qaldırmır. Beləliklə məhkəmə müəyyən edir ki, yuxarıda sözügedən məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra mübahisə predmetinin hüquqi vəziyyətində hər hansı bir dəyişiklik baş verməmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan hazırki mülki işin icraatına Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə həmçinin vurğulayır ki, AR MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılma, həyətyanı torpaq sahəsinə qanunsuz çəkilmiş hasarın cavabdehin hesabına sökülməsi, həyətyanı torpaq sahəsinə, tikililərə qanunsuz müdaxiləsinin qarşısının alınması və ona qanunsuz müdaxilənin qadağan edilməsi" tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar