Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3123/2021 28.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hаkim Miriyeva Səlimə Miri qızının sədrliyi, X3 iclas kаtibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 yetkinlik yaşına çatmayan uşaqları X6 və İddiaçı Qabil qızı ilə birlikdə onun mülkiyyətində olan ünvan 2-dən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, istifadə hüquqlarının itirilmiş hesab edilməsinin Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 yetkinlik yaşına çatmayan uşaqları X6 və İddiaçı Qabil qızı ilə birlikdə ünvan 2-dən qeydiyyatdan çıxarılmaları üçün əsas olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 onun xüsusi mülkiyyətindədir və ona bu barədə Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin 24.01.2002-ci il tarixli, 161812 saylı qeydiyyat vəsiqəsi verilmişdir. Cavabdehlər artıq on altı ildir ki, ünvan 1 ünvanında yaşamırlar. Cavabdehlər onun evində iki il yaşayıblar. Sonra onlar onun mülkiyyətində olan evdən köçüb başqa ünvanda yaşamağa başlamışlar. Ona görə də hesab edir ki, onların evdən istifadə hüquqları itirilməlidir. Onunla cavabdehlər arasında mənzildən istifadə hüququna dair heç bir razılaşma yoxdur. Lakin cavabdehlərin onun mənzilindən pasport qeydiyyatından çıxarılması üçün cavabdehlərin ona məxsus ünvan 1 ünvanından istifadə hüquqları itirilmiş hesab edilməli, yaxud da istifadə hüquqlarının olmaması məhkəmə qaydasında müəyyən edilməlidir. Yalnız bundan sonra o, cavabdehləri pasport qeydiyyatından çıxara bilər. Cavabdehlərin və yetkinlik yaşına çatmayan uşaqların uzun müddət bu evdə yaşamamalarına baxmayaraq, həmin evdə pasport qeydiyyatında qalmaları onun mülkiyyətçi kimi bir sıra hüquqlarını məhdudlaşdırır. Onlara görə mənzil-kommunal xərclərini ödəməkdə çətinlik çəkir. Müəyyən sənədləşmə işlərini apara bilmir. Bu da hüquqlarının əsassız və qanunsuz olaraq məhdudlaşdırılmasına səbəb olur. Daha sonra, X2 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o, ünvan 2 ünvanında yerləşən evin paylı mülkiyyətçisidir. Cavabdehlərlə heç bir bir qohumluq əlaqəsi yoxdur. Onlar iddiaçının qohumlarıdır. Onunla heç bir əlaqəsi olmayan bu cavabdehlərin paylı mülkiyyətçisi olduğu evdən istifadə hüquqlarının saxlanılmasına razı deyil. O da evin digər paylı mülkiyyətçisi olan iddiaçı kimi cavabdehlərin həmin evdən istifadə hüququna xitam verilməsini xahiş edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 55.1-ci maddəsinə əsasən, X2 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs kimi işə cəlb edilmişdir. Belə ki, həmin maddəyə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər məhkəmə qətnamə çıxarana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa bilərlər. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə etdi ki, ev 2002-ci ildən mülkiyyətindədir. Cavabdeh1 oğlu evə köçdükləri 2002-ci ildən onunla birlikdə evdə yaşamağa başlamış, digər Cavabdeh3 ilə ailə qurduqdan sonra da bir neçə il həmin evdə yaşamağa davam etmiş, onların qızı Aysu bu evdə doğulmuş, uşağın üç yaşı olmamış evdən çıxıb başqa ünvanda yaşamağa başlamışlar. Onlar bir müddət kirayədə yaşamış, sonra onun da maddi dəstəyi ilə özlərinə ev tikib oraya köçmüşlər. Yəni, onların daimi yaşadığı başqa evi var, buna baxmayaraq, onun evində yaşayış yeri üzrə qeydiyyatda qalmaqda davam edirlər. O isə bununla razı deyil. Çünki onunla digər oğlu qalır, ona həmin oğlu və gəlini baxır. Gələcəkdə onların evlə bağlı problem yaşamasını istəmir. Cavabdehlərin başqa evi olduğu halda onun evindən istifadə hüquqlarının saxlanılması düzgün deyil. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs kimi işə cəlb edilmiş X2 məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək bildirdi ki, o, 2002-ci ildən anası ilə birlikdə həmin evdə yaşamışdır. Bundan sonra, 2002-ci ildə iş üzrə digər Cavabdeh3 ilə ailə qurmuş, bu evdə birlikdə yaşamağa başlamışlar. Qızı Aysu da həmin evdə doğulmuşdur. Təxminən 2005-ci ildə ayrı evdə yaşamaq istədikləri üçün kirayəyə çıxmış, 14 il kirayədə yaşamışlar. Özü ustadır və bu müddət ərzində xırda-xırda özlərinə üç otaqlı ev tikmişdir. Hazırda evin tikintisi tam başa çatmadığından evin bir otağında yaşayırlar. Evin tikintisi üçün anası (iddiaçı) İddiaçı 800 manat, sonra 1000 manat, dayısı olan qayınatası 1000 manat maddi yardım etmişdir. Beləlikə, 15 ildən çoxdur ki, onlar bu evdə yaşamır. Həmin evdə hazırda anası və qardaşı qalır. Evdən könüllü çıxmasına və 15 ildir həmin evdə yaşamamasına baxmayaraq, iddianın təmin edilməsini istəmir. Belə ki, əgər iddia təmir edilərsə, onlar evdən qeydiyyatdan çıxarılacaqlar. Bu isə həm onun və arvadının, həm də uşaqlarının qeydiyyatsız qalmalarına səbəb olacaq. O, bununla razı deyi. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında digər Cavabdeh3 iddianı qəbul etməyərək bildirdi ki, o, iddiaçı Cavabdeh1 ilə 2002-ci ildə ailə qurduqdan sonra təxminən dörd il bu evdə yaşamış, qızı Aysu bu evdə dünyaya gəlmişdir. Sonradan ayrı yaşamaq istədikləri üçün evdən könüllü çıxıb başqa ünvanda yaşamağa başlamışlar. Bununla belə o, iddianın təmin edilməsinə razı deyil. Belə ki, əgər iddia təmin edilərsə, onlar qeydiyyatsız qalacaqlar. O isə ən çox uşaqların qeydiyyatsız qalmasından narahatdır. Bu, onlar üçün problem yarada bilər. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 03.05.2021-ci il tarixdə verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, X4, İddiaçı, Cavabdeh1, Cavabdeh2, İddiaçı Qabil qızı, X6 ünvan 2 ünvanında qeydiyyatdadır. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən ev İddiaçı və X1 paylı mülkiyyətindədir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı 2002-ci ildə ailəsi ilə birlikdə ünvan 4 ünvanında yerləşən evə köçmüş, Cavabdeh1 2002-ci ildə Cavabdeh3 ilə ailə quraraq bu evdə yaşamağa başlamışdır. Onların qızı Aysu 2003-cü ildə bu evdə doğulmuşdur. Onlar bir neçə il sonra, təxminən 2005-2006-cı illərdə ayrı evdə yaşamaq istədikləri üçün könüllü şəkildə evdən çıxıb getmiş, başqa ünvanda yaşamağa başlamış, həmin vaxtdan bir daha həmin evə qayıtmamışlar. Buna baxmayaraq, cavabdehlər yeni yaşayış yerləri üzrə qeydiyyata alınmamış, əvvəlki yaşayış yerində qeydiyyatda qalmağa davam etmişlər. Həmin ev isə İddiaçı və üçüncü şəxs X1 paylı mükiyyətindədir. Evin paylı mülkiyyətçilərindən biri olan iş üzrə İddiaçı cavabdehlərin artıq on beş ildir ki, könüllü olaraq evdən çıxıb getdiklərini, bu evdə yaşamadıqlarını, başqa evləri olduğunu bildirmiş, bu əsasla onların evdən istifadə hüquqlarına xitam verilməsini xahiş etmişdir. Evin digər paylı mülkiyyətçisi X2 isə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərlə heç bir qohumluq, yaxud digər əlaqəsinin olmadığını bildirmiş, onların evdən istifadə hüquqlarına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat verən cavabdehlər evdən könüllü çıxmaları, on beş ildir başqa ünvanda yaşamaları və öz evləri olmaları ilə bağlı qeyd edilənləri mübahisələndirmədən qəbul etmişdir. Lakin onlar evdən istifadə hüquqlarına xitam verilməsinə ona görə razı olmamışdır ki, həmin evdən istifadə hüquqlarına xitam verilməsi evdən qeydiyyatdan çıxmaqları ilə nəticələnəcək ki, onlar da bununla razı deyil. Göründüyü kimi, evin paylı mülkiyyətçilərinin hər ikisi cavabdehlərin mülkiyyətlərində olan evdən istifadə hüququna xitam verilməsini xahiş edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 mübahisəli evdə 2002-ci ildən, digər Cavabdeh2 isə doğulduğu 2003-cü ildən etibarən yaşamağa başlamışdır. Göründüyü kimi, tərəflər arasında mübahisəli hüquq münasibətləri – evdən istifadə hüququ – 2002-2003-cü illərdən yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı) Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında ortaya qoyduğu hüquqi mövqe baxımından məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 mübahisəli evdən istifadə hüquqları olmuşdur. Belə ki, onlar 2002-ci ildən təxminən 2005-2006-cı illərə qədər evin paylı mülkiyyətçisi olan iddiaçı ilə birlikdə yaşamış və onunla etibarlı ailə əlaqələri mövcud olmuşdur. Lakin onlar evdən öz istəkləri ilə könüllü çıxmış, həmin vaxtdan etibarən on beş ildir ki, ayrı yaşamışdır. Belə olan halda məhkəmə bu cavabdehlərin mübahisəli evə yaşayış sahəsi kimi ehtiyacları olduğu nəticəsinə gələ bilmir. Məhkəmə bu zaman nəzərə alır ki, cavabdehlər məhkəmə iclasında izahat verərkən həm evdən könüllü çıxdıqlarını, həm də başqa evləri olduğunu, orada daimi olaraq yaşadıqlarını bildirmişlər. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehlərin həmin evdən istifadə hüququnu əmələ gətirən əsas aradan qalxdığından bu hüquqa xitam verilməlidir. Bu hüquqa kompensasiya verilmədən xitam verilməsinin mümkünlüyü ilə bağlı məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilmiş qərarında qeyd edilənləri vurğulamağı zəruri hesab edir: Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarında ortaya qoyduğu hüquqi mövqe ondan ibarətdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin həm 228.5-ci maddəsinin, həm servituta xitam verilməsini tənzimləyən 262-ci maddəsinin tələbləri baxımından yaşayış sahəsinə olan ehtiyacın aradan qalxması yaşayış sahəsindən istifadə hüququna kompensasiyasız xitam verilməsi üçün əsasdır. Hazırkı işdə isə yaşayış sahəsinə olan ehtiyacın aradan qalxması halı dəqiqliklə müəyyən edilmişdir. Belə ki, cavabdehlər təxminən 3-4 il ərzində yaşadıqları evi könüllü olaraq, ayrıca mənzildə yaşamaq istədikləri üçün tərk etmiş, aradan keçən on beş il müddətində evə geri qayıtmamış, buna ehtiyacları olmamış, bir müddət kirayədə qalmış, daha sonra iddiaçının da maddi dəstəyi ilə ev tikmiş və öz evlərində yaşamağa başlamışlar. Belə bir vəziyyətdə cavabdehlərin tərk etdikləri evdən istifadə etməsini mümkünsüz edən qanuna zidd hallar (məsələn, evin digər sakinlərinin evdən çıxmaqları üçün onlara təsir göstərməsi) olmamışdır. Cavabdehlər könüllü şəkildə, öz istəkləri ilə evi tərk etmişlər və aradan keçən uzun müddət ərzində həmin evə yaşayış sahəsi kimi heç bir ehtiyacları olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 bu evdən istifadə hüquqlarına xitam verilməlidir. Lakin məhkəmə Cavabdeh2 evdən istifadə hüququna xitam verilməsi məsələsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə təmin edilə bilməz. Belə ki, Cavabdeh2 ümumiyyətlə, bu evdən istifadə hüququ heç vaxt yaranmamış, o sadəcə olaraq evdən istifadə hüququ olan valideynlərin yetkinlik yaşına çatmayan uşağı kimi evdə onlarla birlikdə bir müddət yaşamışdır. Onun bu evdən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə arasında (qanuni nümayəndəsi arasında) müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşma olmalı idi. Hazırkı işdə isə belə bir hal müəyyən edilməmişdir. Odur ki, Cavabdeh2 bu evdən heç bir istifadə hüququ yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, onun bu mənzildə qeydiyyatda olması tamamilə formal xarakter daşıyır və mənzildən istifadə hüququ ilə əlaqəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24.09.2020-ci il tarixli Qərarına əsasən, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Bundan başqa, həmin Qərarda qeyd edilmişdir ki, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Odur ki, işə baxılması bu hissədə məhkəmənin səlahiyyətində olmadığından bu hissədə iş üzrə icraata Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28.07.2021-ci il tarixli, 2(010)-3123/2021 saylı qərardadı ilə xitam verilmiş, iddiaçıya evdən istifadə hüququ olmayan şəxsin evin qeydiyyatından çıxarılması üçün əvvəlcə müvafiq inzibati orqana (Bakı şəhəri Suraxanı rayon X5) müraciəti etməli olduğu, bu müraciətdən inzibati orqan tərəfindən imtina edildikdə, inzibati məhkəmələrin bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilməsi izah edilmişdir. Bundan başqa, məhkəmə iddia tələbində qeyd edilmiş yetkinlik yaşına çatmayan uşaqların evdən istifadə hüququnun itirilməsi ilə bağlı qeyd edir ki, iddia bu hissədə də təmin edilə bilməz. Belə ki, evdən istifadə hüquqlarına xitam verilməsi tələb edilən İddiaçı Qabil qızı 03.02.2015, X6 10.07.2004-cü il təvəllüdlü yetkinlik yaşına çatmayan uşaqlardır. Yetkinlik yaşına çatmayan uşaqların tam mülki hüquq fəaliyyət qabiliyyəti və prosessual fəaliyyət qabiliyyəti olmadığından və yaşayış yeri onların valideynlərinin yaşayış yeri olduğundan, yaxud valideynlərin razılığı ilə müəyyən olunduğundan onların məhkəmə qətnaməsi əsasında mənzildən istifadə hüququnun itirilməsi qət edilə bilməz. Belə ki, valideynin mənzildən istifadə hüququnun itirilməsi uşaqların da həmin mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Bu səbəbdən iddia bu hissədə təmin edilməməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Son olaraq, məhkəmə evdən könüllü çıxdıqlarını, həmin evdə yaşamağa heç bir ehtiyacları olmadığını və başqa evləri olduğunu qəbul etmələrinə baxmayaraq, iddianı qəbul etməyib bu mövqelərini “uşaqlarının qeydiyyatsız qalması” ilə izah edən cavabdehlərin diqqətinə çatdırır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi, hər bir vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması qanunvericiliyin birbaşa tələbidir. Yəni qanun faktiki yaşayış ünvanına uyğun olmayan formal qeydiyyatı qadağan edir və hər bir şəxsin məhz yaşadığı yer üzrə qeydiyyata alınmasını tələb edir. Bu baxımdan cavabdehlərin özlərinin də qeyd etdiyi kimi on beş ildir başqa ünvanda yaşadıqları halda mübahisəli evdən qeydiyyatdan çıxmamaları, əksinə, həmin evdə ümumiyyətlə heç vaxt yaşamamış uşaqlarını belə bu evə qeydiyyata aldırmaları tam qanunsuzdur və onlar bu qanunsuz əməllərinə istinad edərək evdə qeydiyyatda qalmaqlarını tələb edib, sırf bu əsasla iddianın rədd edilməsini tələb edə bilməzlər. Nəzərə alınmalıdır ki, şəxsin yaşayış sahəsində qeydiyyatda olması, onun yaşayış sahəsinə istifadə hüququnun yaranması məqsədini daşımır. Əksinə, cavabdehlər artıq uzun illərdir yaşadıqları yeni ünvanlar üzrə qeydiyyata alınmalı idilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür, Qanunun 5-ci maddəsinə görə isə, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən evdən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Həmçinin, nəzərə alınmalıdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında çıxarılır. Odur ki, bu qətnamə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 və onların yetkinlik yaşına çatmayan uşaqlarının ünvan 1 ünvanında yerləşən evdən qeydiyyatdan çıxarılması üçün əsasdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 214, 216- 220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT E T D İ: İddiа qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən evdən istifadə hüquqları itirilmiş hesab edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 və onların yetkinlik yaşına çatmayan uşaqlarının ünvan 1 ünvanında yerləşən evdən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-3123/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3123/2021
28.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver