Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3127/2024 09.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı Cavabdehnə (bundan sonra – Cavabdeh MMC) qarşı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdehlə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli, xxxxxxx000100 nömrəli əmək müqaviləsinə məhkəmə qaydasında xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək onunla cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin X1 sisteminə daxil edilməsi hüququnun X4 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli, xxxxxxx000100 nömrəli əmək müqaviləsinə əsasən həmin şirkətdə ofisiant vəzifəsində işə düzəlmişdir. Sonradan şirkətin təsisçiləri xarici fiziki şəxslər olduğundan öz ölkələrinə getmiş və pandemiya ilə əlaqədar geri qayıda bilmədiklərindən hazırda şirkət faktiki olaraq fəaliyyət göstərmir. Hazırda aralarında bağlanmış həmin əmək müqaviləsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq portalında qüvvədə olan müqavilə kimi yerləşdiyinə görə digər yerlərdə işə düzəlməkdə çətinlik çəkir. Əmək müqaviləsinin ləğvi ilə bağlı işəgötürənə yazılı formada müraciət etsə də, müraciətinə cavab ala bilməmişdir. Bu səbəbdən də, əmək müqaviləsinin məhkəmə qaydasında ləğv edilməsi zərurəti ortaya çıxmışdır. Tərəflərin izahatları Məhkəmə iclasında İddiaçı iddianı ərizəsinin məzmununa uyğun izahat verərək və izahatına əlavə olaraq bildirdi ki, heç vaxt həmin iş yerində işləməmişdir. İşə düzəlmək istəyəndə portalda onun ofisiant kimi adının həmin iş yerində yazıldığı müəyyən olunmuşdur. Hazırda yaranmış mübahisə ilə əlaqədar olaraq başqa iş yerində işə düzələ bilmir. Məhz bu səbəbdən də cavabdehlə olan əmək müqaviləsinə xitam verilməli və müvafiq bildiriş qüvvədən düşmüş hesab edilməlidir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh MMC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, **********365600 nömrəli məktubdan müəyyən olunur ki, İddiaçı xx.xx.2023-cü il tarixə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi bildirişi əsasında Cavabdeh MMCdə (VÖEN: **********) muzdlu işçi kimi qeydiyyatda olması barədə məlumat müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********4 nömrəli cavab məktubundan müəyyən olunur ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin X1 sisteminə daxil edilməsinin X4 Xidmətinin səlahiyyətləri xaricində olduğu bildirilmiş və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin X1 sisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməli olması, əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməsi və X4 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilərək əmək müqaviləsinin məhkəmə tərəfindən xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin X1 sisteminə daxil edilməsi hüququnun X4 Xidmətinə verilməsi barədə tələb irəli sürülməsi tövsiyə olunmuşdur. Mediasiya Şurasının Bakı 13 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş MŞB/13-00200 saylı arayışdan müəyyən olunur ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin qarşı tərəfə (“Haseena Resataurant and Hotel MMC”) ilkin mediasiya sessiyasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq (xx.xx.2022-ci il tarixdə bildiriş göndərilmişdir) onun mediasiya prosesində iştirakını təmin etmək mümkün olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 35. Əmək hüququ. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 2.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Maddə 3. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar.
5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. 5-1. Əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının X1 sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. Maddə 7. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Maddə 9. Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları. o) elektron informasiya sistemindən onunla bağlı qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını, habelə iş yerindən elektron qaydada arayışı real vaxt rejimində əldə etmək. Maddə 12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti.
1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: h) əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla); Maddə 42.1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Maddə 44.1. Əmək müqaviləsi yazılı formada bağlanır. Maddə 44.3. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Maddə 49.1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.
“Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 iyun 2014-cü il tarixli 183 nömrəli Qərarı. 3.4. Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.1. əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar; 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.
Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının izahatını dinləyib iddia ərizəsini və işə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh MMC-yə ofisiant vəzifəsinə təyin olunmuşdur. Lakin iddiaçının tərəf olduğu əmək müqaviləsi barədə məlumatı olmamışdır. Məhkəmə qeyd edir ki, əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Cavabdeh tərəfindən qanunvericilin tələbinə riayət etməməklə müqavilə tərəfi hesab edilən iddiaçının iradə ifadəsi olmadan birtərəfli qaydada bağlanan müqaviləyə xitam verilməlidir. “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 27 dekabr 2013-cü il tarixli 875-İVQD nömrəli Qanunu əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin yaradılmasının hüquqi əsasını müəyyən etmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinə edilən dəyişikliyə əsasən əmək müqaviləsi bildirişini müvafiq elektron informasiya sisteminə daxil etmək işəgötürənin vəzifələrinə aid edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdehlə bağlanmış əmək müqaviləsinə xitam verilməməsi və əmək müqaviləsinin bağlanmasına dair bildirişin X1 aktiv olaraq qalması nəticəsində iddiaçının real olaraq başqa işəgötürənlə əmək müqaviləsi bağlamaq və əmək fəaliyyəti ilə məşğul olmaq hüququnu məhdudlaşdırır.
Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, İddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən dövlət rüsumu ödəməkdən azad olmuşdur. Belə olan halda həmin qanunun 9.4-cü maddəsinə əsasən ödənilməmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı ilə Haseena Resataurant and X3 Cəmiyyəti arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməli, qüvvədə olan əmək müqaviləsi bildirişi qüvvədən düşmüş hesab edilməli, İddiaçı “X1” sistemində qüvvədə olan əmək müqaviləsi bildirişinin qüvvədən düşmüş hesab edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə həvalə edilməli və ödənilməmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilsin və qüvvədə olan əmək müqaviləsi bildirişi qüvvədən düşmüş hesab edilsin. İddiaçı xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin “X1” sisteminə daxil edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə həvalə edilsin. Ödənilməmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Fəridə Rzayeva