Məhkəmə qərarları › İş №2(010)-3135/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3135/2022

07.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3135/2022 07.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh əsas borca görə 12 000 manat, ödənilmiş dövlət rüsumuna görə 120 manat olmaqla, ümumilikdə 12120 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində dəniz kənarına gedən yola asfaltın döşənməsi üçün ilkin işlərin görülməsinə görə “Günəş İnşaat” şirkətinin müdiri Cavabdeh ilə razılığa gəlmişdir. Qarşılıqlı razılaşmaya görə həmin işlərin görülməsi üçün cavabdeh iddiaçıya 36000 manat məbləğində pul ödəməli idi. Lakin iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirib qurtardıqdan sonra cavabdeh bu pulun 24000 manatını verərək, qalan 12000 manatı müxtəlif bəhanələr gətirərək ödəməkdən yayınmışdır. İddiaçı məcbur olub bununla əlaqədar Bakı şəhər Baş Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Ərizəsi araşdırılması üçün Xətai RPİ-nin 30-cu polis şöbəsinə göndərilmişdir. Bu şöbədə aparılan araşdırma zamanı cavabdeh iddiaçıya olan borcunu etiraf etmiş, lakin iddiaçı tərəfindən görülmüş işin keyfiyyətsiz olduğunu bəhanə gətirərək iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bununla əlaqədar Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərar qəbul edilmişdir. Həmin vaxtdan cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o üzərinə düşən vəzifələri yerinə yetirməkdən yayınır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, o, üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Lakin cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən elektron məhkəmə sistemi vasitəsi ilə göndərilmiş etiraz ərizəsinin məzmununda qeyd edilir ki, cavabdeh İddiaçı iddiasını qəbul etmir və həmin iddiaya etiraz edir. Belə ki, cavabdeh xeyriyyəçilik məqsədilə Suraxanı rayonu, Hövsan qədəbəsində dənizkənarına gedən yola asfalt örtüyünün döşənməsi üçün İddiaçı ilə razılığa gəlmiş, cavabdeh aralarında olan razılığa əsasən 360 metr məsafədə asfalt örtüyü çəkməyi öz öhdəsinə götürmüşdür. Bununla əlaqədar cavabdeh iddiaçıya 24 000 manat məbləğində pul vəsaiti vermiş və iddiaçı asfalt çəkməyə başlamışdır. İddiaçı işlərinin qurtarmasını deyərək cavabdehdən 12 000 manat məbləğində əlavə pul tələb etdikdə cavabdeh iddiaçının asfalt örtüyünə baxmaq üçün əraziyə gəlmiş, lakin ərazidə yerə çınqıl daşlarının tökülməsini və üzərinə mazut çəkilməsini görüb bunun nə olmasını soruşduqda iddiaçı cavabdehə çəkdiyi asfaltın olmasını demişdir. Halbuki iddiaçı həmin yerə asfalt çəkməmiş, sadəcə tökdüyü çınqılın üzərinə mazut tökərək yolun asfaltla döşənmiş kimi görünməsinə çalışmışdır. Cavabdeh iddiaçıdan yolun asfalt örtüyünün çəkilməsini tələb etdikdə isə iddiaçı artıq işinin qurtarmasını bildirib, cavabdehdən qalan 12 000 manat məbləğində pul vəsaiti tələb etmişdir. Halbuki iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, cavabdehdən əsasız olaraq 24 000 manat məbləğində pul vəsaiti alaraq, nəticədə cavabdehə keyfiyyətsiz bir iş vermiş, yəni yararsız, istifadəyə yararlı olmayan bir yol çəkmişlər. İddiaçı öz iddiasında yola asfaltın döşənməsi üçün ilkin işlərin görülməsinə görə cavabdehlə 36 000 manata razılaşmasını bildirsə də, əslində bu belə olmamış, tərəflər asfalt döşənməsi üçün ilkin işlərin deyil, ümumilikdə yola asfalt döşənməsi barədə razılığa gəlmiş, hətta iddiaçı polisə etdiyi şikayətində də cavabdehlə asfalt çəkməsi üçün razılığa gəlməsini göstərmişdir. Həmin razılığa əsasən iddiaçı yola asfalt çəkməli, cavabdeh isə iddiaçıya 36 000 manat məbləğində pul vəsaiti ödəməli idi. İndi isə iddiaçı öz işlərinin keyfiyyətsiz, istifadə üçün yararsız olmasını bildiyinə görə, çəkdiyi asfaltın ilkin işlərin görülməsi üçün çəkildiyini bildirməklə, üzərinə götürdüyü öhdəlikdən yayınır. İddiaçının çəkdiyi asfalt örtüyü tam yararsız olmaqla, yolda hərəkət etməyi daha da çətinləşdirmiş, isti günlərdə demək olar ki, həmin yolu keçilməz etmişdir. Göründüyü kimi iddiaçı özü qeyd edilən sahəyə asfalt deyil, asfalt çəkilməsi üçün ilkin işlərin görülməsini qeyd edir. Cavabdeh isə bu halı etiraf etmir. Yəni artıq iddiaçı cavabdehlə asfalt çəkmək üçün deyil, ilkin işlərin görülməsi üçün razılaşmaqlarını sübut etməlidir. Cavabdeh iddiaçıya 36 000 manat asfalt çəkmək üçün verməli idi, ilkin işlərin görülməsi üçün deyil. Beləliklə də belə hesab edir ki, cavabdehlə asfalt çəkilməsinə görə ilkin işlərin görülməsi üçün 36 000 manata razılaşdıqları sübuta yetirə bilmədiyinə görə iddiaçının tələbi rədd edilməlidir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı, polis kapitanı X1 07 fevral 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə araşdırma zamanı cinayət hadisəsi olmadığından cinayət işi başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Şəhər Baş Polis İdarəsində xx.xx.2021-ci ildə Cavabdeh tərəfindən verilmiş izahatın surətindən görünür ki, ona verilən suallara cavab olaraq bildirmişdir ki, vətəndaş İddiaçı ərizəsi ilə tanış olmuş, belə ki, özü xeyriyyəçilik ilə məşğuldur, Türkan üzümçüluk sovxozunda 600 m uzunluqda, 6 m enində yola asfaltın çəkilməsinə Taqdıq ilə razılaşmış (özünü ona asfalt zavodunun işçisi kimi təqdim etmişdir.). Razılaşmaya əsasən Tapdıq həmin yerə asfalt çəksə də, çəkilmiş asfalt çox keyfiyyətsiz olmuş, hal-hazırda da həmin asfalt dağılır, çox yarasız hala düşmüş və ovulur. Bu səbəblə də Tapdığa 26 000 azn ödəmiş, qalan məbləği 12 000 azn ödəmir. Tapdığın ona çəkdiyi asfaltı yenidən çəkdirmək məcburiyyətindədir, ona 26 000 azn maddi zərər vermişdir, bu məsələ ilə əlaqədar məhkəməyə müraciət edəcək və dəymiş ziyanın ödənilməsi ilə iddia ərizəsi verəcəkdir. İzahatı özü yazmış və imzası ilə təsdiq etmişdir. Göründüyü kimi, tərəflər arasında podrat müqaviləsi bağlanılmış və müqavilə üzrə öhdəlik münasibətləri yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.4-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. 762.1-ci maddəsinə əsasən, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2-ci maddəsinə əsasən, podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 762.3-cü maddəsinə əsasən, podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Mülki Məcəllənin 759.1-ci maddəsinə əsasən, sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin 759.2-ci maddəsinə əsasən, əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, tərəflər arasında podrat müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən podratçı İddiaçı Türkan üzümçüluk sovxozunda 600 m uzunluqda, 6 m enində yola asfaltın çəkilməsinə öhdəsinə götürmüş, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilə üzrə sifarişçi icraçıya 26000 manat məbləğində ilkin ödəniş etmiş, qalan məbləğ 12000 manatı isə ödəməyi öhdəsinə götürmüş, lakin görülən işin keyfiyyətsiz olduğunu və bəyənmədiyini qeyd edərək bununla bağlı polis idarəsində xx.xx.2021-ci il tarixdə izahat verərək qalan pulu ödəməyəcəyini və bununla bağlı məhkəmədə iddia qaldıracağını qeyd etmişdir. Lakin bir ilə yaxın müddət keçməsinə baxmayaraq iddiaçı tərəfindən görülən işin keyfiyyətsiz olması ilə bağlı cavabdeh tərəfindən məhkəməyə sübut təqdim olunmamışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanılmış podrat müqaviləsinin şərtləri cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulmuş və pul öhdəliyi yerinə yetirilməmişdir. Bu səbəbdən müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozan cavabdeh olduğundan iddiaçı bu müqaviləyə əsasən ödənilməli olan bütün pulu cavabdehdən tələb etməyə haqlı olmuşdur. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyindən tərəflər arasında bağlanmış podrat müqaviləsi üzrə ödənilməmiş cəmi 12000 manat məbləğində pul vəsaiti və 120 manat dövlət rüsumu cavabdehdən alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 12000 (on iki min) manat məbləğində pul vəsaiti və 120 (bir yüz iyirmi) manat dövlət rüsumu alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar