Məhkəmə qərarları › İş №2(010)-315/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-315/2022

26.01.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-315/2022 26.01.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, X17 qızının katibliyi, İddiaçı nümayəndəsi X5 Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı X12 cavabdeh X11 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi Quşçuluq savxozu “Yeni Qəsəbə” şəhərciyi 9-cu sırada 0.04 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 116 kv.metr olan 2 saylı fərdi yaşayış evindən əşyaları ilə birlikdə Cavabdeh və onun ailəsinin çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə “AENT E” (əvvəlki “Ələsgəroğlu-K) MMC arasında bağlanmış 103 saylı 08.09.2011-ci il tarixli Fərdi yaşayış (həyət) evinin kredit yolu ilə alqı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu, “Yeni qəsəbə” şəhərciyi, 9-cu sırada 4 sot torpaq sahəsində yerləşən ümumi sahəsi 74 m olan 2 saylı fərdi yaşayış (həyət) evi onun sahibliyində və istifadəsindədir. Məlum faktlar “AENT E” (əvvəlki “Ələsgəroğlu-K) MMC-nin təqdim etdiyi 036 saylı 16.07.2012-ci il tarixli Çıxarışla və həmin cəmiyyətin təqdim etdiyi 29.11.2012- ci il tarixli Arayışla təsdiqlənir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)- 6261/2017 saylı 17.08.2017-ci il tarixli Qiyabi qətnaməsinə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu, “Yeni qəsəbə” şəhərciyi, 9-cu sırada 4 sot torpaq sahəsində yerləşən ümumi sahəsi 74 m olan 2 saylı fərdi yaşayış (həyət) evinə İddiaçı sahiblik və istifadə hüququ tanınmışdır. Təxminən bu ilin yanvar ayında patron-X1 Lyudmila Viktorovnanın tapşırığına əsasən, sözügedən fərdi yaşayış (həyət) evinə getmiş, giriş qapısının açarının dəyişdirildiyini müəyyən etmişdir. Giriş qapısı döyüldükdən sonra, həmin evdə hazırki mülki mübahisə üzrə cavabdeh-Cavabdeh yaşadığı məlum olmuşdur. Cavabdeh deməsinə görə, o həmin evi “Adıgözəl” adlı maklerdən pul müqabilində almışdır. X8 məlum evlə bağlı müvaiq sənədləri təqdim etsə də, Cavabdeh könüllü həmin evdən çıxmamışdır. O bu səbəbdən müvafiq ərizə ilə aidiyyəti üzrə Suraxanı RPİ-nin 30 saylı PB-ə müraciət etmişdir. Cavabdehlə polis əməkdaşları tərəfindən aparılmış proflaktik tədbirlər heç bir müsbət nəticə verməmiş və o qanunsuz əməlindən əl çəkməyərək, sahibliyində və istifadəsində olan yaşayış sahəsindən könüllü köçmək niyyətində olmadığını bildirmişdir. Odur ki, Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi Quşçuluq savxozu “Yeni Qəsəbə” şəhərciyi 9 -cu sırada 0.04 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 116 kv.metr olan 2 saylı fərdi yaşayış evindən əşyaları ilə birlikdə Cavabdeh və onun ailəsinin çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X8 iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, o (Cavabdeh) sözügedən 4 sot həyəti və 116 kv metr sahəsi olan yarımtikilini 18 sentyabr 2020-ci il tarixdə X6 alqı-satqı yolu ilə satın almışdır. İddiaçı ərizəsində sözügedən torpaq sahəsi və orada yerləşən fərdi yaşayış sahəsinin iddiaçının istifadəsi və sərəncamında olması qeyd edilsə də, o torpaq sahəsini alan zaman orada yerləşən 116 kv metr sahəsi olan bina yarımtikilidən ibarət olmuşdur. O, alqı-satqıdan sonra həmin əraziyə daş hasar çəkdirmiş, girişə hissədə dəmir darvaza yerləşdirmiş və dam (çatısı) örtüyü olmayan, yalnız mişar daşı ilə tikilmiş və əlavə hər hansı tamamlama işləri aparılmayan adı ev olan yarımtikilini tamamlamış, lakin yenədə tam təmiri başa çatdırmamışdır. Lakin evin abonent xəttlərini su və işıq çəkdirmişdir. Hövsan Bələdiyyəsinə torpağa görə dövlət rüsumu ödəmişdir. Bütün bunlardan başqa iddiaçı öz iddia ərizəsində mübahisəli evin 74 kv metr olduğunu qeyd edir, amma onun istifadəsində olan evin ərazisi 116 kv metrdən ibarətdir, o həmin evi bu ölçüdə satın almış və yalnız evə qapı-pəncərə qoymaqla evin dam örtüyünü başa çatdırmışdır. Bütün bunları onun qonşuları təsdiq edər. O, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu, “Yeni qəsəbə” şəhərciyi, 9-cu srada yerləşən 2 a, saylı fərdi yaşayış (həyət) evini alan zaman həmin həyətin hasarı olmadığına görə qonşular mübahisə predmeti olan həyəti sahibsiz zənn edərək zibil atırmışlar və həmin yarımtikilini 4 sot torpaqla birlikdə satın aldıqdan sonra həyəti təmizləmiş, hasar çəkdirmiş və yarımtikilini tamamlamış və həyətdə təmir-tikinti işləri aparan zaman qarşı tərəfdən ona hər hansı bir irad bildirilməmiş və həyətə gələn olmamışdır. İddiaçının köməkçisi olan X8 X2 şəriki olmuş və ya onların arasında pul mübahisəsi olmuşdur. Bu səbəbdən Elçin Məhərrəmov ona bildirmişdir ki, “bəs Adgözəl Ağayev evi ona satıb, amma Elçin Məhərrəmova pul verməyib, Adgözələ zəng edir telefonu açmır, ona bildir ki, heç olmasa ona hər ay 100 (yüz) manat pul ödəsin. Bu danışıqdan sonra o Adgözəl Ağayevə zəng vrub Elçin Məhərrəmovun iradını bildirdikdə sonuncu ona “o, Elçinə 7 min manat pul ödəmişdir”. Bu hadisədən bir qədər sonra isə X7 həbs olunduğunu görən Elçin Məhərrəmov ondan pul ala bilməyəcəyini yəqin edərək ona qarşı belə bir iddia qaldırmışdır. Məhkəmə iclasında Cavabdeh iddia tələblərini qəbul etməyərək iddia ərizəsinə etirazında qeyd olunan xüsusatları təsdiq edərək İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu, “Yeni qəsəbə” şəhərciyi, 9-cu sırada yerləşən 2 saylı fərdi yaşayış (həyət) evindən köçürülməsinə dair iddiasının rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını, şahid ifadələrini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, tərəflərin izahatları ilə işin mübahisəsiz halı ondan ibarətdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi Quşçuluq sovxozu “Yeni Qəsəbə” şəhərciyi 9 -cu sırada 0.04 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 116 kv.metr olan 2 saylı fərdi yaşayış evi hazırda Cavabdeh sahibliyindədir. Bu baxımdan qeyd edilməlidir ki, iddiaçı tərəfindən mübahisəli ərazinin ona məxsusluğu ilə bağlı Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)- 6261/2017 saylı 17.08.2017-ci il tarixli qiyabi qətnaməsi təqdim edilmişdir. Qeyd edilən qətnamə ilə X4 cavabdehlər "xxxx" MMC və "xxxx" MMC-yə qarşı iddia tələbi təmin edilərək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu 9-cu sırada 4 sot torpaq sahəsində yerləşən ümumi sahəsi 74 m olan 2 saylı fərdi yaşayış evinə istifadə və sahiblik hüququ tanınmış və İddiaçı həmin evə köçürülməsi edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 bildirdi ki, Cavabdeh torpaq sahəsi almaq istədiyini bilib bu işlə məşğul olan X13 ilə tanış etmişdir. Cavabdeh ödənişi X9 etdikdən sonra mübahisəli torpaq sahəsində təmizlik işləri aparmış və evi təmir etməyə başlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 və Eldəniz Hümbətov Cavabdeh sifarişi əsasında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu, “Yeni qəsəbə” şəhərciyi, 9-cu sırada yerləşən 2 a, saylı fərdi yaşayış (həyət) evində təmir işləri apardığını bildirmişlər. Beləliklə də, məhkəmə iclasında toplanmış sübutlarla müəyyən edildi ki, Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi Quşçuluq savxozu 9 -cu sırada, 4 sotda yerləşən ümumi sahəsi 116 kv.metr olan 3 otaqlı 2 saylı fərdi yaşayış evi İddiaçı qanuni sahibliyində və istifadəsindədir. Cavabdeh tərəfindən mübahisəli mənzilə hüquqları ilə bağlı məhkəməyə 12 fevral 2013-cü il tarixli, 075 №-li Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi Quşçuluq sovxozu 9 -cu sırada, 4 sotda yerləşən ümumi sahəsi 116 kv.metr olan 3 otaqlı 2a saylı fərdi yaşayış evinə dair çıxarış və "xxxx" MMC tərəfindən həmin evin ödənilməsinə dair maliyyə arayışının kserosurətləri təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.3-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-in 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunauyğunluğunun yoxlanılmasına dair» 15 yanvar 2010-cu il tarixli qərarında göstərmişdir ki, tərəflərin istifadəsinə verilmiş torpaq sahəsinin dövlət qeydiyyatına alınmaması həmin torpaq sahəsini əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Qeyd olunan qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi , Quşçuluq sovxozu 9-cu sırada 4 sot torpaq sahəsində yaşayış evinə Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)- 6261/2017 saylı 17.08.2017-ci il tarixli qiyabi qətnaməsi ilə istifadə və sahiblik hüquqları yarandığına görə iddia tələbi Cavabdeh münasibətdə qanuni və əsaslı olduğu üçün təmin olunmalı və cavabdeh iddiaçının tələbinə əsasən onun qanuni sahibliyində və istifadəsində olan olan mənzildən çıxarılmalıdır. Bu baxımdan məhkəmə cavabdehin təqdim etdiyi çıxarışla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Bir halda ki, cavabdeh mübahisəli əmlakın ona notariat qaydasında təsdiq edilmiş əqd əsasında keçməsi ilə bağlı hər hansı sübut təqdim etməmişdir məhkəmə onun gətirdiyi dəlilləri əsassız hesab edir. Eyni ilə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisəli torpaq sahəsində cavabdeh tərəfindən müəyyən təmir işlərinin aparılması özü-özlüyündə həmin torpaq sahəsi üzərində onun hüquqlarının tanınması üçün əsas deyildir. Bununla belə cavabdehin ailə üzvlərinin sözügedən mübahisəli yaşayış evındən çıxarılması hissəsində iddia tələbini əsassız hesab edərək məhkəmə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia tələbində həmin şəxslərin konktret kimlərdən ibarət olduğunu göstərməmişdir. Bu isə ona dəlalət edir ki, bu tələb, iş üzrə tərəf olmayan qeyri-müəyyən şəxslərə yönəlmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Bu baxımdan qeyd olunmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Deməli, işə baxan məhkəmə qəbul etdiyi məhkəmə aktı ilə iş üzrə tərəf olmayan şəxslərin üzərinə hər hansı vəzifə qoya, iddiaçı tərəfindən cavabdeh qismində cəlb edilməmiş və dairəsi qeyrimüəyyən olan şəxslərə yönəlmiş iddia tələbini təmin edə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi Quşçuluq sovxozu “Yeni Qəsəbə” şəhərciyi 9-cu sırada 0.04 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 116 kv.metr olan 2 saylı fərdi yaşayış evindən çıxarılsın. İddia qalan hissədə rədd edilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar