Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3152/2024 31.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Mahmudova Təranə Nəriman qızı İddiaçı Cavabdeh qarşı “mənzilə pay hüququnun və pasport qeydiyyatının ləğv edilməsi” tələbinə dair məhkəməyə daxil olmuş iddia ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı Cavabdeh qarşı “mənzilə pay hüququnun və pasport qeydiyyatının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” Y/S, 28 saylı evin, 49 saylı mənzilinə 1/4 hissədə müəyyən edilmiş pay hüququnun ləğv edilməsi, həmçinin həmin mənzilə pasport qeydiyyatının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
2. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli 04 №-li Qərarı
15.4. İnzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPMnin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.
3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi
Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir.
4. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi Maddə 153. İddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. 153.3. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Maddə 114. Dövlət rüsumunun qaytarılması 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə. 114.2. Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir.
Məhkəmənin mövqeyi
5. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizənin icraata qəbul edilməsindən imtina olunmalıdır.
6. Belə ki, iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Suraxanı Rayon Məhkəməsinin (sədrlik edən hakim E.Ağayev) 2(010)-4844/2017 saylı, 06 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə Bakı səhəri. Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "D" y/s., 28 savlı evin 49 saylı mənzili Bakı şəhəri, Suraxanı rayonu, Y\Günəşli qəsəbəsi, "D" y/s, 28 saylı evin 6 saylı mənzili və Masallı rayonu İsi kəndində 0.03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 82.99 kv.m., yaşayış, 45.68 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evi iddiaçı Cavabdeh olğlu ilə cavabdeh X1 birgə mülkiyyəti hesab edilməsi və onlar arasında bərabər bölünməklə həmin daşınmaz əmlakların ½ hissəsinə Cavabdeh, ½ hissəsinə X1 mülkiyyət hüququnun tanınması və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsini qət etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası (sədrlik edən hakim X.Cəmilova) 2(103)-475/2018 saylı, 11 yanvar 2018ci il tarixli qətnaməsi ilə, cavabdehin apellyasiya şikayəyini qismən təmin edərək, birinci instansiya məhkəməsinin 06 sentyabr 2017-ci il tarixli qətnaməsini qismən, Bakı şəhəri. Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, "D" y/s, 28 saylı evin 49 saylı mənzilin ¼ hissəsinə iddiaçı Cavabdeh, ¾ hissəsinə cavabdeh X1 mülkiyyət hüququnun tanınması hissəsində ləğv edilməsi, iddianın həmin hissədə qismən təmin edilməsi, Bakı səhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, "D" y/s, 28 saylı evin 49 savlı mənzilin ¼ hissəsinə iddiaçı Cavabdeh. ¾ hissəsinə isə cavabdeh X2 mülkiyyət hüququnun tanınması qərara alınmış, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (sədrlik edən hakim Mehparə Əhmədova) 2-(102)-3492/2018 saylı, 21 may 2018-ci il tarixli Qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsi Müılki Kollegiyasının 2(103)-475/2018 saylı, 11 yanvar 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə iddiaçı ilə cavabdeh arasinda üç instansiya məhkəməsində əmlak mübahisəsi gedərkən nə iddiaçı, nə də cavabdeh bu barədə məhkəmə aktı maraqlarına toxunan yetkinlik yaşına çatan ailə üzvü olaraq ona məlumat yerməmişlər. Evə icra məmuru gələrkən tərəflər arasında məhkəmə çəkişmələrinin olmasını bilmişdir. Ən önəmlisi budur ki, işə baxan məhkəmə instansiyaları sözügedən əmlak tələbi ilə bağlı məhkəmə çəkişmələrində mübahisə edilən əmlaklar üzrə maraqlarına toxunan ailə üzvlərinin olmasını faktiki müəyyən etsələr də üçüncü şəxs qismində nə onu, nə bacı və qardaşını işə cəlb etməmişlər.
7. Məhkəmə hesab edir ki, hazırda iddiaçı tərəfindən irəli sürülmüş tələb iki hissədən ibarətdir: 1) mənzilə pay hüququnun və 2) pasport qeydiyyatının ləğv edilməsi. Məhkəmə birinci tələbə münasibətdə qeyd edir ki, birinci tələbə ümumiyyətlə məhkəmə qaydasında baxıla bilməz.
8. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı məhkəmə aktları barədə məlumatlı olmadığı və həmin aktların onun hüquq və maraqlarına toxunduğu üçün hazırki iddia tələbi ilə məhkəməyə müraciət edib. Məhkəmə qeyd edir ki, cavabdehin sözügedən mənzilə pay hüququ məhkəmə aktları ilə müəyyənləşmiş və qeydiyyata alınmışdır və həmin hüquqların məhkəmə qaydasında ləğv edilməsi qeyrimümkündür. İddiaçı həmin məhkəmə aktlarının öz hüquq və maraqlarına toxunduğunu iddia edirsə, bununla bağlı qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət etmək, yəni qeyd olunan məhkəmə aktlarını mübahisələndirmək hüququna malikdir.
9. İddia tələbinin digər hissəsi isə təbiətinə görə inzibati xarakterli münasibətlərdən irəli gəldiyindən, həmin tələbə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
10. Belə ki, iddiaçı cavabdehin pasport qeydiyyatından çıxarılması üçün ilkin olaraq aidiyyəti üzrə müvafiq polis idarəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinə müraciət etməli, həmin orqanının hərəkətindən narazı qaldığı halda isə inzibati məhkəməyə müraciət edilə bilər.
Məhkəmənin gəldiyi nəticə
11. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mənzilə pay hüququnun və pasport qeydiyyatının ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və İddiaçı həmin ərizəyə görə ödədiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumu tam olaraq qaytarılmalıdır.
12. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə,
qərara aldı :
İddiaçı Cavabdeh qarşı “mənzilə pay hüququnun və pasport qeydiyyatının ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah olunsun ki, o, cavabdehin pasport qeydiyyatından çıxarılması üçün ilkin olaraq aidiyyəti üzrə müvafiq polis idarəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinə müraciət etməli, həmin orqanının hərəkətindən narazı qaldığı halda isə inzibati məhkəməyə etmək hüququ vardır. İddiaçı iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edilməsi üçün ödədiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı tam qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.