Məhkəmə qərarları › İş №2(010)-3176/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3176/2020

02.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3176/2020 02.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əsədzadə Aytəkin Aqil oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi Qasımov X7 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 və onların azyaşlı uşaqları Cavabdeh5 Rahid qızı və X1 ona məxsus ünvan 1 ünvanında yerləşən 23 saylı mənzilə istifadə hüquqularına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə məhkəmədə baxılarkən İddiaçı etibarnamə üzrə nümayəndəsi Qasımov X8 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 və onların azyaşlı uşaqları Cavabdeh5 Rahid qızı və X2 ona məxsus ünvan 1 ünvanında yerləşən 23 saylı mənzilə istifadə hüquqularının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yerləşən 23 saylı mənzili xx.xx.2012-ci il tarixdə Cavabdeh1 10 saylı Dövlət Notariat kontorunda təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən almışdır. O, həmin mənzili aldıqdan sonra onu xüsusi mülkiyyət kimi dövlət reyestrində öz adına qeydiyyata aldırmış və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər X4 almış və həmin Çıxarışa əsasən sözü gedən fərdi yaşayış evi üzərində onun reyestr kitabının 125979 nömrəli vərəqində qeydiyyata alınmışdır. O, həmin mənzili aldığı zaman satıcı Cavabdeh1 ilə bağladığı alqısatqı müqaviləsinin 13-cü bəndinə əsasən satıcı satdığı mənzildən 2 ay müddətində qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. O, mənzili aldıqdan sonra cavabdehlər ona məxsus mənzildən getmişlər, lakin buna baxmayaraq hələ də ona məxsus evdə qeydiyyatda qalmağa davam edirlər. Hazırda cavabdehlərin onun evində qeydiyyatda qalmaları onun mülkiyyət hüququnu pozur, bəzi məsələlərdə cavabdehlərin icazəsi olmadan mülkiyyəti üzərində istədiyi kimi sərəncam verə bilmir. Ona görə də, hesab edir ki, iddiası təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi Qasımov X8 iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verib, iddia tələbini müdafiə edib onun təmin edilməsini xahiş etdilər. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə məlumat verilmiş, lakin göndərilən məktublar geri qaytarılmışdır. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx xxxxxx 2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən məlum olur ki, ünvan 1 ünvanında yerləşən 23 saylı mənzili satıcı Cavabdeh1 tərəfindən alıcı İddiaçı satılmışdır. - Alqı-satqı müqaviləsinin aparılmasına dair notariat işinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 alqı-satqı müqaviləsi zamanı notariat kontoruna xx xxxxxx 2012-ci il tarixdə ərizə verərək, onlar, qeydiyyatda olduqları ünvan 1 ünvanında yerləşən 23 nömrəli mənzilin satılmasına etiraz etməmişlər. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın (qeydiyyat nömrəsi – **********, qeydiyyat tarixi – xx.xx.2013) təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Elxan Həsənov küçəsi ev 2, mənzil 23 İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 23 saylı mənzildə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X3 (xx.xx.2012), Cavabdeh4, Cavabdeh5, Cavabdeh5 Rahid qızı (xx.xx.2013) qeydiyyatdadırlar. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından məlum olur ki, ünvan 1 ünvanında yerləşən 23 saylı mənzili alqı-satqı müqaviləsi əsasında iddiaçının adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Qeyd edilən mənzil iddiaçıya satılarkən cavabdehlər mənzilin satılmasına etiraz etməməsi barədə notarial ərizə vermişlər. Mənzil hazırda mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur və işə əlavə edilən sənədlərdə cavabdehlərin həmin mənzilə istifadə hüquqlarının saxlanılmasını göstərən hal yoxdur. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası MM-nin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanunu”-nun 2-ci maddəsinin İİİ bəndinə görə on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan, eləcə də tərəflər arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin şərtlərinə əsasən iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 və onların yetkinlik yaşına çatmayan uşaqları Cavabdeh5 Rahid qızı və X2 ünvan 1 ünvanında yerləşən 23 saylı mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 azyaşlı uşaqları Cavabdeh5 Rahid qızı və X3 ilə birlikdə İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 23 saylı mənzilinə istifadə hüququları itirilmiş hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar