Məhkəmə qərarları › İş №2(010)-3186/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3186/2020

10.11.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3186/2020 10.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi, İddiaçı Səfalı qızının etibarnamə üzrə nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Səfalı qızının Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə və mənzilə yaşayış hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə müraciə etmişdir. İddiaçı Cavabdeh ilə xx.xx.2006-cı ildə ailə həyatı qurmuşdur. Həmin tarixdə nikahları Bakı şəhəri Nizami rayonu VVADQ şöbəsində (indiki Nizami rayon Qeydiyyat şöbəsi) 714 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X9 anadan olmuşdur. Sonradan münasibətləri pisləşmiş və nəticə etibarı ilə iddiaçı məhkəməyə müraciət etmişdir. Belə ki, cavabdeh tərəfindən ailədə əsassız yerə mübahisələr yaradıldı və nəticədə aralarında olan ailə bağlılıqları qopmağa başladı. Sonunda xx.xx.2020-ci il tarixdə yaşadığı və qeydiyyatda olduğu və bütün cehiz əşyaları olduğu mənzildən qızı Mədinə ilə birlikdə çıxarılmışdır. (Həmin vaxt oğlu qohumunun yanında idi) Hal-hazırda cavabdeh iddiaçını yaşadıqları evə buraxmır. Halbuki, tərəflər həmin evdə birgə təsərrüfat aparmaqla etibarlı qohumluq və ailə münasibətində olmuşlar. İndi isə, getməyə başqa yer yoxdur. İddiaçıya məxsus olan bütün əşyalar da hal-hazırda həmin evdədir. Buna görə də, iddiaçı müvəqqəti olaraq qohumunun evində məskunlaşmağa məcbur olmuşdur. Bu səbəbdən də cavabdehin bu cür qanunsuz hərəkətlərinə son qoymalı və iddiaçı yetkinlik yaşına çatmamış övladları - xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X9 ilə birlikdə xx.xx.2020-ci il tarixində çıxarıldığı Suraxanı Rayonu, Yeni günəşli qəsəbəsi, “V” Y/S, ev 16, mənzil 88 ünvanında yerləşən mənzilə köçürülməsinə dair qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı Səfalı qızının etibarnamə üzrə nümayəndəsi və vəkili X5 iddianı müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir. Həmçinin əlavə etmişdir ki, iddiaçı cavabdehlə uzun müddətdir ki, birgə təsərrüfat aparmış, uşaqları orada anadan olmuş, yaşamağa başqa yeri olmadığına görə nikah dövrundə yaşadığı mənzilə köçürülməsinə dair qətnamənin qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə məhkəmə iclasına gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və çıxışını dinləyərək, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Mülki işin materillarında olan: Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatlar Birliyinin 62 saylı Mənzil-Kommunal sahəsinin 551 saylı xx xxxx 2020-ci il tarixli arayışa əsasən İddiaçı ünvan 1 mənzil 88 ünvanında yaşayır. Həyat yoldaşı Cavabdehdur. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatlar Birliyinin 62 saylı Mənzil-Kommunal sahəsinin 710 saylı xx.xx.2020-ci il tarixli arayışa əsasən şəxsi maliyyə haqq-hesabı xx.xx.1988-ci il tarixdə açılmışdır. Arayış Cavabdeh Üzer oğluna ondan ötür veriliri ki, həqiqətən Bakı şəhəri, Suraxanı Rayonu, Yeni günəşli qəsəbəsi, “V” Y/S, ev 16 9 mərətəbli evin 4-cü mərtəbəsində 42,62 kv m sahəsi olan 3 otaqlı 88 nömrəli mənzildə yaşayır. Mənzilin qısa təsviri tam kommunal şəraitlidir. Bina 62 İMKİS-ə məxsusdur. Sahibi (kirayəşin) mərhum X6r. X1 ilə birlikdə həmin ünvanda daimi qeydiyyatda olanlar: Cavabdeh (qeydiyyatda xx.xx.1989-cu ildən), İddiaçı (qeydiyyatda xx.xx.2015-ci il tarixdən), X3, X4 (2007) X7 (2011), X14 (qeydiyyatda xx.xx.1989-cu ildən), X10 (qeydiyyatda xx.xx.1989-cu ildən), X18 (qeydiyyatda xx.xx.2012-ci ildən), X15 və X8r.(qeydiyyatda 2014-cü ildən) Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə xx.xx.2006-cı ildə ailə həyatı qurmuşdur. Həmin tarixdə nikahları Bakı şəhəri Nizami rayonu VVADQ şöbəsində (indiki Nizami rayon Qeydiyyat şöbəsi) 714 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X9 anadan olmuşdur. Müəyyən edilmişdir ki, cavabdeh tərəfindən ailədə yarandığı mübahisələrə görə xx.xx.2020-ci il tarixdə yaşadığı və qeydiyyatda olduğu və bütün cehiz əşyaları olduğu mənzildən qızı Mədinə ilə birlikdə çıxarılmışdır. Cehiz əşyalarının hal-hazırda da mübahisəli olan evdə olduğu kimi hallar müəyyən edilmişdir. İddiaçı Səfalı qızı Cavabdeh müddət həmin evdə yaşamaqla orda ümumi təsərrüfatı idarə etmişdir. Birgə nikahdanı doğulmuş uşaqlar -xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X9 anadan olduğunudan mübahisəli ünvanda yaşamışdır. Məhkəmə hesab edir ki, mübahisəli evə dair yaşamaqla əlaqədar tərəflər arasında münasibətlərin 2006-ci il tarixdə yaranmasını əsas götürərək, hazırkı mübahisə xx xxxxxxx 2009-cu il tarixə kimi qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından qiymət verilməklə həll edilməlidir. Belə ki, xx xxxxxxx 2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən, kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqları malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən, kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. Adı çəkilən Məcəllənin 123-cü maddəsinə görə isə, “yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol 5 verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxx 1992-ci il tarixli “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” 2 saylı Qərarının 7-ci bəndinə əsasən ərin (arvadın) yaşayış sahəsinə hüququ haqqında mübahisəni həll edərkən məhkəmə işin konkret hallarını nəzərə almaqla icarədarın və onun yetkinlik yaşına çatmış ailə üzvlərinin ər (arvad) mənzilə köçürülərkən etiraz etmədiklərini faktiki razılıq kimi qəbul edib, onların mənzilə pasport qeydiyyatı olmadığı hallarda belə yaşayış sahəsinə hüquqlarını tanıya bilər. Bundan başqa, məhkəmə araşdırılması nəticəsində tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı həmin dövrdə mübahisəli evin icarədarı olmuş şəxsin öz razılığı ilə onun evinə gəlin köçmüş, bu zaman onun evə köçməsi, orada yaşaması ilə bağlı onun qarşısında hər hansı bir şərt qoyulmamış, onun bütün cehiz əşyaları da həmin evə yerləşdirilmiş və hazırda da oradadır. İddiaçının gəlin köçən zaman bütün cehiz əşyalarını gəlin köçdüyü evə gətirməsi onun həmin evə müvəqqəti deyil, daimi yaşamaq üçün gəlməsini təsdiq edən dəlillərdir. O, həmin yaşayış sahəsindən burada yaşayan cavabdehlə bərabər surətdə yaşamaq hüququ əldə etmişdir. Göstərilənlərlə əlaqədar olaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Qeyd olunan konstusion normanın tələbinə əsasən yaşayış sahəsinə köçürülmə ilə bağlı iddialara mahiyyəti üzrə baxılarkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: - şəxs köçürülmək istədiyi yerdə yaşamışdırmı? - şəxs yaşadığı yerdən məhrum edilmişdirmi? - şəxsin yaşadığı yerdən məhrum edilməsi qanuni olmuşdurmu? İlk 2 xüsusat, yəni, iddiaçının mübahisə predmeti olan özbaşına tikilidə yaşaması və yaşadığı yerdən məhrum edilməsi, yuxarıda qeyd olunduğu kimi işin mübahisələndirilməyən hallarıdır. Sonuncu hal, yəni şəxsin yaşadığı yerdən məhrum edilməsinin qanuni olub-olmaması ilə bağlı məhkəmə aşağıdakılar qeyd etməyi zəruri hesab edir. Cavabdehin ev üzərində hüquqları olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (güc tətbiq etməklə evdən çıxarma) qanunsuzdur. Beləliklə, iddia üzrə cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuş, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı uşaqları ilə birlikdə məhrum edildiyi evə köçürülməlidir. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da cavabdehlə eyni şərtlər daxilində mübahisəli tikilidən yararlanmaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının tikiliyə köçürülməsindən onun özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Qeyd etmək lazımdır ki, mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin mənzil faktiki olaraq mövcuddur və iddia üzrə cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Digər tərəfdən cavabdeh iddiaçını yaşayış sahəsindən məhrumetmə ilə bağlı müvafiq hüquqa malik olmalıdır, lakin cavabdehin belə bir hüququ da yoxdur. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, iddiaçı həmin yaşayış sahəsindən çıxarıldıqdan sonra cavabdeh orada normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da azyaşlı uşaqları ilə birlikdə həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bunun əksi yanaşma, yəni İddiaçı evə köçürülməsindən evin dövlət reyestrində rəsmiləşdirilməmiş əmlak olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Bununla bağlı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur (180.2) İddiaçının yaşayış sahəsindən öz iradəsindən asılı olmayan səbəblərə görə çıxması onun həmin sahədə yaşamaq hüququnun itirilməsinə səbəb ola bilməz. X24 Məhkəməsi “O.X11rşı” iş üzrə ərizənin qəbul edilənliyi barədə və “Gillounun Birləşmiş krallığa qarşı” iş üzrə xx xxxxxx 1986-cı il tarixli qərarlarında qeyd etmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada “mənzil” sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. X24 Məhkəməsi “Gillounun işi”nə dair qərarında göstərmişdir ki, həmin işdə ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə “mənzil” qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardı. (Bax: Valentina Akimova Azərbaycana qarşı 1985/03 saylı ərizənin qəbul edilənliyinə dair X24 Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı, 3-cü bənd, 3 və 4-cü abzaslar)”. Bu baxımdan məhkəmə İddiaçı 2006-cı ildə özünə məxsus olan cehiz əmlaklarını mübahisəli mənzilə yerləşdirərək orada məskunlaşmasını, həmin mənzildə ümumi təsərrüfat aparıb uşaqların dünyaya gətirməsini, mənzil hüquqlarına müdaxilə baş verənə qədər orada yaşamasını və başqa yerdə yaşayış yerinin olmamasını nəzərə alaraq “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsinin tələbləri baxımından iddiaçının mənzil hüququna müdaxilə kimi qiymətləndirir və pozulmuş hüquqlarının bərpa edilməli olması barədə nəticəyə gəlir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququ tanınmaqla köçürülməsi barədə iddiası təmin edilməklə, İddiaçı, yetkinlik yaşın çatmamış uşaqları xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X9 ilə birlikdə ünvan 1 mənzil 88 ünvanında olan mənzilə istifadə hüququ müəyyən edilməklə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin mənasına görə tələblərinin əsası kimi istinad etdiyi halları tərəf özü sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququ tanınmaqla köçürülməsi barədə iddiası təmin edilsin. İddiaçı, yetkinlik yaşın çatmamış uşaqları xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X9 ilə birlikdə ünvan 1 mənzil 88 ünvanında olan mənzilə istifadə hüququ müəyyən edilməklə köçürülsün. İddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 10 (on) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar