Məhkəmə qərarları › İş №2(010)-3197/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3197/2020

22.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3197/2020 22.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Mizəyevnaya qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Mizəyevnaya qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən xüsusi paylı mülkiyyəti olan ünvan 1 mənzil 1 ünvanında yerləşən mənzilə Cavabdeh Mizəyevnanın istifadə hüququnun itirilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 mənzil 1 ünvanında yerləşən mənzil xüsusi paylı mülkiyyət hüququ üzrə onlara məxsusdur. Eyni zamanda, mənzilə dair ƏMDK yanında DƏDRX tərəfindən çıxarış verilmişdir. (seriya RX 0511792) Mənzili xx.xx.2014-cü il tarixində X2 bağışlanma müqaviləsi əsasında əldə etmişlər. X3 da mənzili cavabdehdən 2012-ci ildə alğı-satqı müqaviləsi əsasında almışdır və mənzil alınan zaman satıcı tərəfindən üçüncü şəxslərin hüquqlarından azad mənzili vermək öhdəliyini üzərinə götürmüşdür. Lakin indiyədək cavabdeh müqavilə üzrə bu öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh onlara məxsus olan mənzildə qeydiyyatda olmasına baxmayaraq, orada yaşamır və onun harada olması barədə onlarda heç bir məlumat yoxdur. Cavabdehin qeydiyyatının onlarının mənzilinə olması formal xarakter daşıyır. Eyni zamanda, cavabdehin onun xüsusi mülkiyyətində olan mənzilində qeydiyyatda olması formal xarakter daşımaqla bərabər onların mülkiyyətçi kimi hüquqlarını pozur. Əvvəla, onun əvəzinə kommunal xərclərdə əlavə ödənişlər etməli olurlar. İkincisi isə cavabdehin onların mənzilində qeydiyyatda qalması həmin mənzillə bağlı sərəncam vermək və sair hərəkətlər etmək hüquqlarını məhdudlaşdırır. Məsələn, həmin mənzili özgəninkiləşdirmək istədikdə ondan razılığın alınması əlavə problemlər yarada bilər. Həmçinin, şəxsin pasport qeydiyyatı onun yaşayış yeri üzrə olmalıdır. Çünki şəxsin öz yaşayış yeri üzrə qeydiyyatda olması şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi məsələsini asanlaşdırır. Cavabdehin isə faktiki olaraq, başqa yerdə yaşaması, amma mənzildə qeydiyyatda olması onun dövlət və cəmiyyət qarşısında da vəzifələrinin icrasına ciddi maneələr yaradır. Məhkəmə iclasında İddiaçı1 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək məhkəmədən Cavabdeh ünvan 2 mənzil 1 ünvanında yerləşən mənzildən istifadə hüququ olmayan hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlı olduğundan ərizə məhkəmə tərəfindən qəbul edildi. Digər İddiaçı2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə həmin iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cаvаbdehin fаktiki оlduğu yer məlum оlmаdığındаn məhkəmə cаvаbdehin məlum оlаn аxırıncı yаşаyış yeri üzrə müvаfiq icrа hаkimiyyəti оrqаnını məlumаtlаndırаrаq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 147-ci mаddəsinə əsаsən cаvаbdehlərin iştirаkı оlmаdаn işə bаxılmаsını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən, cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə iddiaçının izahatını dinləyib, toplanmış sənədləri tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 mənzil 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyətindədir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş ******* nömrəli arayışdan görünür ki, İddiaçı1 ünvan 2 mənzil 1-də qediyyatdadır. xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X4 ünvan 2 ünvanında yerləşən mənzili İddiaçı1 və İddiaçı2 bağışlamışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən mənzil xx.xx.2014-cü il tarixdə aralarında bağlanmış bağışlanma müqaviləsinə əsasən, X4 tərəfindən İddiaçı1 və İddiaçı2 bağışlanmışdır. Lakin Cavabdeh mənzildə formal olaraq qeydiyyata olmuş, həmin mənzildə yaşamamışdır. Hazırda isə iddiaçılar cavabdehin onun mülkiyyətində olan mənzildə qeydiyyatda qalmasının onun mülkiyyət hüquqlarını pozduğunu bildirərək məhkəmədən cavabdehin müvafiq evdən istifadə hüququ olmayan hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən «Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur». Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən «Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın». «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, mübahisəli mənzilin tam mülkiyyət hüququ üzrə iddiaçılara məxsus olduğu, bundan başqa cavabdehin həmin mənzildə yaşamadığı iş materiallarından məlum olduğundan cavabdehin mübahisəli mənzil üzrə qeydiyyatda qalmaqda davam etməsi iddiaçının həmin mənzilə münasibətdə mülkiyyət hüququnun həyata keçirməsini pozduğundan iddia təmin edilməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsaslarından biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Azərbaycan Respublikasının MPM-in: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiа təmin edilsin. Cavabdeh Mizəyevna iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus ünvan 2 mənzil 1 ünvanında yerləşən mənzildən istifadə hüququ olmayan hesab edilsin. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar