Məhkəmə qərarları › İş №2(010)-322/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-322/2021

28.07.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-322/2021 28.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas kаtibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, ödənilməmiş əmək haqqı məbləğinin tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında bаxаrаq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, ödənilməmiş əmək haqqı məbləğinin tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehin 3180 manat ödənilməmiş əmək haqqının, 1000 manat faizin tutularaq ona ödənilməsi, son haqq-hesabın hesablanaraq ödənilməsi, cavabdehin 257 №-li, 02.09.2020- ci il tarixli əmrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək cavabdeh tərəfindən ona 2300 manat məbləğində pulun könüllü ödənildiyini, hazırda heç bir tələbi olmadığını, bu səbəbdən iddiadan imtina etdiyini bildirib məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Eyni zamanda, Cavabdeh nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının iddiadan imtina etməsini nəzərə alaraq iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəməyə gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, təqdim edilmiş iddiadan imtina barədə ərizəni, eyni zamanda, cavabdehin buna etiraz etməməsi barədə ərizəsini iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, tələb edilən pulun bir hissəsi cavabdeh tərəfindən ödənilmiş və iddiaçı həmin məbləğlə razılaşaraq iddiadan imtina etmişdir. Eyni zamanda, cavabdeh də buna etiraz etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiadan imtina qəbul edilərək iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Eyni zamanda, məhkəmə qeyd edir ki, iş üzrə məhkəmə xərcləri ilə bağlı məsələ də həll edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddia tələbi ödənilməmiş əmək haqqının ödənilməsi ilə bağlı olduğundan iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən dövlət rüsumu ödəməmişdir. Belə ki, "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar övlət rüsumu ödəməkdən azaddır. Eyni zamanda, həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Hazırkı iş üzrə iddia hansısa hissədə təmin edilməsə belə nəzərə alınmalıdır ki, iddiaçının iddiadan imtina etməsinə səbəb cavabdeh tərəfindən tələb etdiyi pulun bir hissəsinin ona ödənilməsi olmuşdur. Yəni, cavabdeh iddianın əsaslılığını qismən qəbul edərək könüllü şəkildə tələb edilən pulun bir hissəsini iddiaçıya ödəmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının ödəməkdən azad olduğu 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəzərə alınmalıdır ki, iddiaçının ərizəsinə əsasən cavabdeh tərəfindən iddiaçıya ödənilmiş pul 500 manatdan çoxdur. Belə ki, "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Bundan başqa, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, müvafiq ekspert rəyi verilmiş və rəylə birlikdə ekspertiza xərclərinə dair bildiriş məhkəməyə təqdim edilmişdir. Həmin bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat məbləğində müəyyən edilmişdir. Odur ki, artıq yuxarıda qeyd edilmiş əsasla müvafiq ekspertiza xərci də cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261-262-ci və 263-269-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, ödənilməmiş əmək haqqı məbləğinin tutulması” tələbinə dair mülki iş üzrə İddiaçı iddiadan imtina qəbul edilsin. İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, ödənilməmiş əmək haqqı məbləğinin tutulması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçının ödəməkdən azad olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə ekspertiza xərci olan 100 (yüz) manat məbləğində pul Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar