Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3220/2025 23.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi X2 iclas katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi (Bakı şəhəri 11 saylı Notariat Ofisi, X8, X6 və Maraqlı şəxs2 maraqlı şəxs qismində cəlb edilməklə) “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi.
1. Ərizəçi (Bakı şəhəri 11 saylı Notariat Ofisi, X8, X6 və Maraqlı şəxs2 maraqlı şəxs qismində cəlb edilməklə) “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Ərizəçi tərəfindən xx.xx.2012-ci il tarixdə vəfat etmiş X5 məxsus “Opel Vectra” minik markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Ərizənin əsaslandırıldığı hallar.
2. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, əri X9 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. AB seriyalı, 176906 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, mərhum X4 adına **-EF-*** dövlət qeydiyyat nişanlı, “Opel Vectra” minik markalı avtomobil vardır. Onun vəfatından sonra vərəsəlik şəhadətnaməsinin verilməsi ilə əlaqədar notariat ofisinə müraciət etmişdir. Bakı şəhəri 11 saylı Notariat Ofisinin məktubundan görünür ki, mirasın qəbulu üçün müəyyən edilmiş müddət ötürüldüyü üçün mərhumun qanun üzrə vərəsəsi kimi ona vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. X4 xx.xx.2012-ci il tarixdə vəfat etməsindən sonra **-EF-*** dövlət qeydiyyat nişanlı, “Opel Vectra” minik markalı avtomobilə o sahiblik etmiş, həmin əmlakı faktiki olaraq o qəbul etmişdir. Ona görə də, notariat ofisinin mirasın faktiki olaraq onun tərəfindən qəbul edilməsini nəzərə almadan müddətin ötürülməsi barədə gəldiyi nəticə düzgün olmamışdır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Nəzərə alınmalıdır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktın müəyyən olunmasına dairdir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımı sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxslər məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Belə olan halda, məhkəmə işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
İş materialları.
5. Bakı şəhəri 11 saylı Notariat Ofisi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli, XK-796 nömrəli cavab məktubunun surətindən görünür ki, mərhum X4 vəfat etdiyi xx.xx.2012-ci il tarixdə qüvvədə olan qanunvericiliyə əsasən mərhumun ölüm tarixindən 3 (üç) ay ərzində vərəsəlik işinin açılması üçün notariat ofisinə müraciət edilməsinin, 6 (altı) ay keçdikdən sonra isə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməli olmasının vacibliyi qeyd edilmiş, vərəsəlik işinin açılması üçün notariat ofisinə müraciət müddəti ötürüldüyü üçün müddətin bərpası ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.
6. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı, 274579 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 və Ərizəçi arasında xx.xx.2006-cı il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1397 nömrə ilə qeyd edilmişdir.
7. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 585627 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2012-ci il tarixdə Mingəçevir şəhərində “kəskin qaraciyər çatışmazlığı” səbəbindən ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 1207 nömrə ilə qeyd edilmişdir.
8. AR DİN BDYPİ QİŞ tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş AB seriyalı, 176906 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 1996-cı il olan, “Opel Vectra” minik markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X4 adına qeydə alınmışdır.
İşin faktiki halları.
9. Ərizəçi və X9 xx.xx.2006-cı ildə nikaha daxil olmuşdur. Bu nikahdan iki uşaq - X8, X6 anadan olmuşdur.
10. Buraxılış ili 1996-cı il olan, “Opel Vectra” minik markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X4 adına qeydə alınmışdır. X9 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir.
Tətbiq edilən hüquq.
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 1133. Vərəsəlik anlayışı. 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1134. Vərəsələr. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1145. Mirasın açılması. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1151. Miras əmlak. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1243. Mirasın qəbul edilməsi. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
12. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı Qərarı.
10. Məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. 10.2. Nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır.
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”.
99. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
Məhkəmənin mövqeyi.
15. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, buraxılış ili 1996-cı il olan, “Opel Vectra” minik markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Ərizəçi mərhum əri X5 məxsus olmuşdur. Ərizəçi əri Mehman Dadaşovun xx.xx.2012-ci il tarixdə ölümündən sonra da həmin nəqliyyat vasitəsindən istifadə etmiş, ərindən miras qalmış avtomobilə sahiblik etməyə və əmlakı idarə etməyə başlamaqla mirası qəbul etmişdir.
16. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçinin mərhum əri X3 miras qalmış əmlakı qəbul etməsi faktı müəyyən edilməlidir.
17. Nəzərə alınmalıdır ki, mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu.Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı).
18. Hazırkı iş üzrə məhkəməyə təqdim edilmiş sübutlar əsasında məhkəmə, müvafiq miras əmlakın ərizəçi tərəfindən faktiki qəbul edildiyi nəticəsinə gəlir.
19. Son olaraq, məhkəmə Ali Məhkəmə Plenumunun yuxarıda qeyd edilən qərarına istinadla onu da qeyd edir ki, nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Məhkəmənin gəldiyi nəticə.
20. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X1 miras qalmış buraxılış ili 1996-cı il olan, “Opel Vectra” minik markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir.
21. Şərh оlunаnlаrа əsаsən və MPM-in 216-220, 335-338, 227, 357 və 360-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. X1 miras qalmış buraxılış ili 1996-cı il olan, “Opel Vectra” minik markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva