Məhkəmə qərarları › İş №2(010)-3222/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3222/2020

16.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3222/2020 16.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı “istifadə hüququnun olmamasının müəyyən olunması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, H.Aslanov küçəsi, 6 saylı fərdi yaşayış evindən cavabdeh X3 istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək cavabdeh X3 onun (iddiaçının) mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, H.Aslanov küçəsi, 6 saylı fərdi yaşayış evindənistifadə hüququ olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, H.Aslanov küçəsi, 6 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə ona (iddiaçıya) məxsusdur. Ona məxsus olan evə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Qeyd edir ki, cavabdeh onun qardaşı oğludur və heç vaxt ona məxsus olan evdə yaşamamışdır. Cavabdeh X5 artıq 8 ilə yaxındır ki, Azərbaycanda yaşamır və Belçikaya köçmüşdür. Onunla heç bir əlaqəsi də yoxdur. Bununla yanaşı cavabdehin mənzildə qeydiyyatının olması formal xarakter daşıyır. Cavabdehin onun xüsusi mülkiyyətində olan mənzilə qeydiyyatda olması formal xarakter daşımaqla bərabər onun mülkiyyətçi kimi hüquqlarını da pozur, onun əvəzinə kommunal xərclərdə əlavə ödənişlər etməli olur. Cavabdehin mənzildə qeydiyyatda qalması həmin mənzillə bağlı sərəncam vermək və sair hərəkətlər etmək hüquqlarını məhdudlaşdırır. Qeyd edir ki, şəxsin pasport qeydiyyatı onların yaşayış yeri üzrə olmalıdır. Çünki, şəxsin öz yaşayış yeri üzrə qeydiyyatda olması şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi məsələsini asanlaşdırır. Cavabdehin isə faktiki olaraq, başqa yerdə yaşaması amma onun mənzilində qeydiyyatda olması onların dövlət və cəmiyyət qarşısında da vəzifələrinin icrasına ciddi maneələr yaradır. Ona görə də cavabdehin ona məxsus evə istifadə hüququnun olmaması barədə qətnamə qəbul edilməsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Buna görə də iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyərək, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən X7 öz ifadəsində bildirmişdir ki, İddiaçı onun qonşusudur. X5 iddiaçının qardaşı oğludur. O heç vaxt həmin ünvanda yaşamamış, nənəsi gildə Bülbülədə yaşamışdır. X5 10 ilə yaxındır ki, xarici ölkəyə getmiş və Azərbaycana qayıtmamışdır. İş materiallarına əlavə edilmiş Suraxanı PRİ tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, H.Aslanov küçəsi, 6 saylı fərdi yaşayış evində pasport qeydiyyatındadır. İş materiallarına əlavə edilmiş Suraxanı PRİ tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 ünvan 1 ünvanında pasport qeydiyyatındadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışın təsdiq olunmuş surətindən müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, H.Aslanov küçəsi, 6 saylı fərdi yaşayış evinin xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan müəyyən olunur ki, İddiaçı və X5 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, H.Aslanov küçəsi, 6 saylı fərdi yaşayış evində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin Suraxanı Rayon Məhkəməsinin sorğusuna olan 33/3471 saylı, xx.xx.2020-ci il tarixli cavabından görünür ki, xx.xx.1995-ci il təvəllüdlü X5 Azərbaycan Respublikasının Dövlət Sərhəddini tez-tez keçmiş və sonuncu dəfə xx.xx.2012-ci il tarixdə Respublikadan çıxış etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin maddənin 4-cü hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. X9 Azadlıqların müdafiəsi haqqında X2 1 saylı Protokolun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla Beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvesiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx xxxx 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa Məhkəməsinin “Skollo İtaliyaya qarşı” işində şərh verilərək göstərilmişdir ki, mülkiyyət hüququna istənilən müdaxilə zamanı ədalətli tarazlıq və ağlabatan mütənasiblik təmin edilməli, bu zaman istifadə edilən vasitələr mülkiyyətdən məhrum etmə tədbirinin məqsədinə mütənasib olmalıdır. «Mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edilir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir.» Mülkiyyət hüququna Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa «İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında» 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun (bu Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Konvensiyasına dair (xx xxxx 1952-ci il tarixli) 1 saylı Protokolun 1-ci maddəsində hər bir fiziki və hüquqi şəxsin mülkiyyət hüququna təminat verilir. Avropa Məhkəməsinin «Marks Belçikaya qarşı» işində şərh verilərək göstərilmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir». Göründüyü kimi, istər Azərbaycan Respublikası Konstitusiyası, istərsə də Konvensiyaya aid 1 saylı Protokolun 1-ci maddəsi hər kəsin mülkiyyət hüququna təminat verməklə, hər kəsin qanunla nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilməsini qadağan etmişdir. Azərbaycan Respublikası MM-nin 6.1.4-cü maddəsinə əsasən mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsipləridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qanunun mənasına görə mülkiyyətçi mülkiyyətində olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir və bu hüququn dövlət tərəfindən tanınmaqla yanaşı qorunmasına da təminat verilir. Mülki Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Resbulikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2008-ci il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Resbulikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Ülkər Rəhimovanın şikayəti üzrə Azərbaycan Respublikası Konistitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2009-cu il tarixli Qərarında qeyd edilmişdir ki, MMnin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası bu Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Hazırkı mübahisə ilə bağlı mülkiyyətçi ilə iddiaçı arasında mənzildən istifadəyə dair notarial qaydada təsdiqlənmiş razılaşma təqdim olunmamışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkəti edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Beləliklə, məhkəmə iclasında iddiaçının izahatları, toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən olundu ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, H.Aslanov küçəsi, 6 saylı fərdi yaşayış evində İddiaçı xüsusi mülkiyyətindədir. X5 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, H.Aslanov küçəsi, 6 saylı fərdi yaşayış evində qeydiyyatda olsa da, həmin ünvanda yaşamamışdır. Məhkəmə hesab edir ki, X3 İddiaçı məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, H.Aslanov küçəsi, 6 saylı fərdi yaşayış evində qeydiyyatda olması həmin evdən istifadə hüquqlarının yaranması üçün əsas deyildir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, H.Aslanov küçəsi, 6 saylı fərdi yaşayış evinin mülkiyyətçisi olduğundan, cavabdehin mübahisəli evlə heç bir əlaqələri olmadığından və həmin evə istifadə hüquqları yaranmadığından iddia təmin olunmalı, cavabdeh X1 Ağarza Musarza oğluna məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, H.Aslanov küçəsi, 6 saylı fərdi yaşayış evindən istifadə hüququ olmayan hesab olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh X5 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, H.Aslanov küçəsi, 6 saylı fərdi yaşayış evindən istifadə hüququ olmayan hesab olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar