Məhkəmə qərarları › İş №2(010)-3224/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3224/2025

16.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3224/2025 16.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən Suraxanı Rayon Məhkəməsinin hakimi Məmmədov Tural Nurulla oğlu, İddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı əmək kitabçasında yazılmış və təsdiq olunmuş iş stajının qəbul olunması barədə tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, Müəyyən etdim: İddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı əmək kitabçasında yazılmış və təsdiq olunmuş iş stajının qəbul olunması barədə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qəbul etdiyi əsassız qərarı ləğv edib, əmək kitabcasında yazılmış və təsdiq olunmuş iş stajının qəbul olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələbin mahiyyəti ondan ibarətdir ki, Əmək pensiyaları haqqında AR Qanununun 7 -ci maddəsinə əsasən 65 yaşı xx.xx.1959-cu ildə tamam olduğundan 3 saylı Bakı DOST Mərkəzinə müraciət edib bütün sənədlərini təqdim etmişdir. xx.xx.2024-cü il tarixində DOST Mərkəzindən 3- 17-1/2-N-297536/2024 nömrəli rəsmi məktubunda yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmaması barədə cavab almışdır. Bildirilirdi ki, işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarına əsasən əmək kitabçanızın surətində qeyd edilmiş xx.xx.1989-cu il tarixindən xx.xx.1993-cü il tarixinədək və xx.xx.1997-cu il tarixindən xx.xx.2001 tarixinədək işdən çıxma əmrləri bazar gününə təsadüf edir. Həmin dövrlərin doldurulma qaydası pozulduğu üçün həmin dövrlərin sığorta stajınıza daxil edilməsi mümkün hesab edilmir. Beləliklə, onun 6 il 10 ay 15 gün iş stajı sayılmadığından cəmi sığorta stajı 20 il 7 ay 18 gün təşkil etmişdir. İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları haqqında qanunları oxuyub nəzərdən keçirmiş, bazar günləri işləmək olmaz, bazar günlərində əmək kitabçasında qeydlər etmək qadağandır, kəlmələrinə rast gəlməmişdir. Bu barədə açıqlama verilməsi üçün DOST Mərkəzinə yazılı müraciət etmiş, bir aydan çox keçməsinə baxmayaraq cavab almamışdır. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin onun haqqında verdiyi qərarın qanunsuz olduğunu sayaraq Məhkəməyə müraciət etmişdir. İşçilərin əmək kitabçasının forması və onun tərtibi haqqında Qanunda deyilir: 1.1.Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Əmək kitabçasıda onda var, təqdim etmişdir, tərtibi bütün qanunların tələbinə uyğun yazılmış və təsdiq edilmişdir. İşdən çıxma əmrləri bazar gününə təsadüf edilir, fikrinə isə bildirmişdir: ona görə ki, işlədiyi təşkilat kiçik müəssisə idi, dövlət idarəsi deyildi. Onunla bağladıqları müqaviləyə əsasən bazar günləridə işləmişlər, bayram günləridə. Bazar etmək istədikdə isə istədikləri vaxta razılaşmışlar. AR Əmək Məcəlləsinin 172.6 bəndinə əsasən: İşdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir. Burda deyildiyi kimi, sonuncu iş günü bazar gününə düşdüyü üçün, işdən çıxma əmri də bazar günündə verilmişdir. Deməli, əmək kitabçasında yazılan əmrlərdə bu qanuna əsaslanmışdır. Ona verilən əmək kitabçsı N-0224616, xx.xx.1977-ci ildən xx.xx.2004-cü illərə kimi yazılmışdır və o, bu yazılara görə məsuliyyət daşımır. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizənin icraata qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, maddənin məzmunu özündə mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə icraat və ya icra icraatı) baxılmalı olmasını ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti” barədə 10 aprel 2015-ci il tarixli qərarında da ifadə olunmuşdur. Belə ki, həmin qərarın 15.4-cü bəndində göstərilmişdir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsinin tələblərinə görə - şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) (maddə 2.2.1), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) (maddə 2.2.2), inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) (maddə 2.2.3), inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) (maddə 2.2.4), inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) (maddə 2.2.5), Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia) (maddə 2.2.6), inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara (maddə 2.2.7) və bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına (maddə 2.2.8) - inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0 və 2.0.1-ci maddələrinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs hesab edilir. Hazırki işin mahiyyətindən və işin hallarından məlum olur ki, iddiaçı Ərizəçi cavabdeh qismində qeyd etdiyi inzibati orqanın üzərinə müvafiq tədbirlərin görülməsini ilə bağlı öhdəliyin həvalə edilməsini tələb edir. AR İPM-nin 2.2.2-ci maddəsindən göründüyü kimi, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Bu baxımdan məhkəmə qeyd edir ki, iddiaçı əvvəlcə mübahisə predmeti olan məsələ ilə bağlı müvafiq inzibati orqana müraciət etməli, müraciət təmin edilmədiyi və ya cavabsız qoyulduğu təqdirdə isə qeyd olunan mübahisə ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsini rəhbər tutaraq, Qərara aldım: İddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı əmək kitabçasında yazılmış və təsdiq olunmuş iş stajının qəbul olunması barədə tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah edilsin ki, mübahisə predmeti olan məsələ ilə bağlı müvafiq inzibati orqana müraciət etməli, müraciət təmin edilmədiyi və ya cavabsız qoyulduğu təqdirdə isə inzibati orqanın qərarı ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət edə bilər. Qərardaddan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar