Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3229/2025 01.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X4 iclas katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13 və Cavabdeh14 qarşı torpaq sahəsindən çıxarılma, özbaşına tikililərin sökülməsi və torpaq sahəsinin qaytarılması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi. İddia tələbi və tələbin əsaslandırıldığı hallar İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13 və Cavabdeh14 (bundan sonra – cavabdeh) qarşı torpaq sahəsindən çıxarılma, özbaşına tikililərin sökülməsi və torpaq sahəsinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən 2 ünvanında yerləşən iddiaçının istifadəsində olan torpaq sahəsindən cavabdehlərin çıxarılması və qanunsuz tikililərin sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilərək qaytarılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı şirkət Azərbaycan Dizaynerlər İttifaqının nəzdində fəaliyyət göstərən zonalar arası “Təmirtikintidizayn” 1 saylı Trestin rəhbərliyinə xx.xx.1993-cü il tarixdə müraciət edərək trestin 14 saylı zonalar arası təmirtikinti idarəsinin istifadəsində olan Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin cənubşərqində keçmiş neft buruqlarının ərazisində yerləşən 1.5 hektar yararsız vəziyyətdə olan mazutlu torpaq sahəsinin haqq-hesabını ödəyəndən sonra şirkətin balansına verilməsi xahiş edilmiş və trestin rəhbərliyi 14 may 1993-cü il tarixli məktubla həmin torpaq sahəsinin balans dəyərinin ödənildikdən sonra 01/51 saylı, xx.xx.1993-cü il tarixli əmri ilə torpaq sahəsi daimi olaraq şirkətin istifadəsinə verilmişdir. Şirkət öz vəsaiti hesabına torpaq sahəsini mazutdan və digər tullantılardan təmizləyərək yararlı hala gətirmiş orada anbar və ofis binası inşa edilmiş və bu günə kimi də həmin tikililər şirkətin istifadəsindədir. Mübahisəli torpaq sahəsi şirkətin adına rəsmiləşdirilmişdir. Sonra, cavabdehlər həmin torpaq sahəsinə icazəsiz daxil olaraq ofis və anbar binalarını zəbt edərək yaşamağa başlamışlar. Onların məcburi köçkün olmaları səbəbindən çıxarılma barədə müraciət olunmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2-813/2007-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər X11 və X1 ailə üzvləri ilə birlikdə İddiaçı Müstəqil Kommersiya Şirkətinin daimi istifadəsində olan Bakı şəhəri, Qaraçuxur qəsəbəsinin cənub-şərqində yerləşən 1.5 hektar torpaq sahəsindən, oradakı qeyri-yaşayış sahələrindən ofis və anbardan çıxarılmaları və cavabdehlər tərəfindən həmin sahədə aparılmış özbaşına tikintilərin sökülməsi qət edilmişdir. Cavabdehlər müxtəlif vaxtlarda iddiaçıya aid torpaq sahəsinə qanunsuz olaraq daxil olmuş, anbar və ofis binalarını zəbt edib bəziləri əlavə tikililər tikərək öz ailələri ilə yaşayırlar. Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Suraxanı şöbəsinin əməkdaşları və müvafiq polis şöbələrinin araşdırması zamanı cavabdehlər iddiaçıya aid sahədə müvəqqəti yaşadıqlarını və çıxmağa hazır olduqlarını bildirmişlər. Tərəflərin izahatları Məhkəmənin baxış iclasında iştirak etmiş iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddia tələbini müdafiə edərək bildirmişdir ki, iddia ərizəsində qeyd olunan birinci instansiya məhkəməsinin qətnamələrinin ləğv edildiyi müəyyən edilsə də, həmin işlər üzrə cavabdeh qismində iştirak edən şəxslər hazırkı iş üzrə cavabdeh qismində qoyulmamışdır. Ona görə də, həmin iş üzrə müəyyən edilən faktlar məhz həmin şəxslər üçün preyudisialdır. Digər tərəfdən, iddiaçı sözügedən mübahisəli torpaq sahəsini alğı-satqı əsasında trestdən almış və daha sonra həmin ərazidə təmizləmə işləri apararaq abadlaşdırmışdır. İddiaçının vəsaiti hesabına əldə edilən və yaxşılaşdırılan ərazinin cavabdehlər tərəfindən zəbt edilməsi tamamilə qanunsuzdur. İş üzrə qətnamə qəbul edilməsi zamanı iddiaçının mübahisəli torpaq sahəsinin balans dəyərini ödəməsi də nəzərə alınmalıdır. Balans dəyəri iddiaçı tərəfindən ödənilsə də, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə olunmamışdır. Belə ki, bu birbaşa olaraq iddiaçının hüququdur, vəzifəsi deyil. Hazırda mübahisəli torpaq sahəsi iddiaçının adına qeydə alınmasa da, iddiaçının həmin sahəyə dair gözlənilən mülkiyyət hüququ vardır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin baxış iclasında iştirak etmiş cavabdehlərin nümayəndəsi (vəkili) Vəkil2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, məhkəmə sorğusu əsasında əldə olunmuş qətnamələrlə tanış olmuşdur. İddiaçı tərəf iddialarının hüquqi əsası kimi birinci instansiyanın müvafiq qətnamələrini göstərir. Lakin, hər iki qətnamə ləğv olunmuşdur. Ona görə də, hesab edir ki, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Həmçinin qeyd edilməlidir ki, torpaq sahəsinin vətəndaşın istifadəsinə verilməsinə dair dövlət aktı, bu akt olmadıqda torpaq sahəsinin daimi istifadəyə verilməsinə dair dövlət aktı, bu akt olmadıqda torpaq sahəsinin müvəqqəti istifadəyə verilməsinə dair şəhadətnamə, bu şəhadətnamə də olmadıqda torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamə olmalıdır. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş cavab məktubundan müəyyən olunur ki, İddiaçı adına Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin cənub-şərq hissəsində yerləşən 1.5 ha torpaq sahəsinin qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Sözügedən torpaq sahəsi dövlət mülkiyyəti olmaqla ARDNŞ-nin ərazisidir və sahə ətrafında ləğv olunmuş neft quyularının baza məlumatı mövcuddur. Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi tərəfindən iddiaçının nümayəndəsi Nümayəndə ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubunun surətindən müəyyən olunur ki, hal-hazırda komitə tərəfindən işğaldan azad edilmiş ərazilərə köçürüləcək məcburi köçkün ailələrinin siyahıları üzrə müvafiq işlər aparılır, Azərbaycan Respublikasının işğaldan azad edilmiş bütün ərazilərində erməni təcavüzü və işğalı nəticəsində zərər dəymiş ərazilərin bərpası ilə bağlı işlər aparılır, bu istiqamətdə artıq bir çox işlər görülüb və görülməkdədir, Böyük Qayıdışla bağlı məcburi köçkün ailələri mərhələli şəkildə öz doğma yurduna köçürülən zaman sözügedən ünvanda (Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, Mədən – 2 ünvanında yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığı) məskunlaşan məcburi köçkün ailələrinin də köçürülməsi həyata keçiriləcək və ərazi boşaldılaraq geri təhvil veriləcək. xx.xx.2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən müəyyən olunur ki, Cavabdeh1 tərəfindən Əliyeva Sədaqət Həsən qızına məxsus torpaq sahəsinin zəbt edilməsi barədə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və ərizəçi vətəndaşa mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. xx.xx.2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən müəyyən olunur ki, Cavabdeh2 tərəfindən Nümayəndə məxsus torpaq sahəsinin alğı-satqısı barədə toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş və ərizəçiyə qeyd edilən məsələyə dair mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Kollegiyasının xx.xx.2008-ci il tarixli, 2(103)-2471/2008 nömrəli qətnaməsindən müəyyən olunur ki, iş üzrə maraqlı şəxs X6 apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdehlər X8 və X3 və qeyrilərinə qarşı Bakı şəhəri, Qaraçuxur qəsəbəsinin cənub-şərqində yerləşən 1.5 hektar torpaq sahəsindən, həmin torpaq sahəsindəki ofis və anbardan çıxarılmaları, eləcə də cavabdehlər tərəfindən həmin sahədə aparılmış özbaşına tikililərin sökülməsinə dair tələbin rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2008-ci il tarixli, 2(102)-2652/08 nömrəli qərarından müəyyən olunur ki, İddiaçı direktoru Əliyeva Sədaqət Həsən qızının kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(103)-2471/2008 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Kollegiyasının xx.xx.2008-ci il tarixli, 2(103)-4266/2008 nömrəli qətnaməsindən müəyyən olunur ki, maraqlı şəxs X6 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdehlər Azərbaycan “Dizayn” X2 və Bakı şəhəri İcra Hakimiyyətinə qarşı vəzifəli şəxsin qanunsuz qərarının ləğv edilməsi, torpaq sahəsinə və tikiliyə sahiblik, istifadə hüququnun tanınması tələbinin rədd edilməsi qət edilmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçının nümayəndəsi tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri.
1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.
2. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Maddə 56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları.
1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Maddə 66. Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər.
2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi.
1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.
4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə qeyd edir ki, mübahisənin düzgün həlli edilməsi baxımından hazırkı iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin (mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər) təşkil etməsi nəzərə alınmalı və iş üzrə araşdırma aparılması zamanı iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normasının dispozisiya şərtləri rəhbər tutulmalıdır. İlk növbədə məhkəmə qeyd edir ki, iddiaçının cavabdehlərə qarşı irəli sürdüyü iddia tələbi 3 hissədən – 1) cavabdehlərin torpaq sahəsindən çıxarılması, 2) həmin torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilən özbaşına tikililərin sökülməsi və 3) torpaq sahəsinin qaytarılmasından ibarətdir. Hər üç iddia tələbi ətrafında araşdırma aparılması, iş üzrə qanuni və əsaslı nəticəyə gəlinməsi üçün ilk növbədə iddiaçının müvafiq iddia tələbini irəli sürməklə bağlı subyektiv hüququnun olub-olmaması məsələsinə aydınlıq gətirilməlidir. İddiaçı iddia ərizəsində mübahisə predmeti olan torpaq sahəsinin 01/51 saylı, xx.xx.1993-cü il tarixli əmr ilə daimi olaraq şirkətin istifadəsinə verilməsini, həmçinin həmin torpaq sahəsinin şirkətin adına rəsmiləşdirilməsini, ona müvafiq hüquqla məxsus olan torpaq sahəsinin cavabdehlər tərəfindən qanunsuz şəkildə zəbt edildiyini, torpaq sahəsində özbaşına tikililər inşa edildiyini qeyd etmişdir. İddiaçı tərəf özünün mübahisəli torpaq sahəsinin daimi istifadə hüququ ilə ona məxsus olduğunu, həmin torpaq sahəsinə gözlənilən mülkiyyət hüququ əldə etdiyini, lakin bu hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmadığını iddia etsə də, buna dair mötəbər sübutlar məhkəməyə təqdim olunmamış, məhkəmə tərəfindən mübahisəli torpaq sahəsinin hüquqi statusunun öyrənilməsi məqsədi ilə sorğu ilə müvafiq dövlət orqanına müraciət olunmuşdur. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2025ci il tarixdə verilmiş cavab məktubu ilə müəyyən edilmişdir, İddiaçı adına Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin cənub-şərq hissəsində yerləşən 1.5 ha torpaq sahəsinin qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmiş, sözügedən torpaq sahəsi dövlət mülkiyyəti olmaqla ARDNŞ-nin ərazisidir və sahə ətrafında ləğv olunmuş neft quyularının baza məlumatı mövcuddur. Bundan əlavə, iddiaçı mübahisəli torpaq sahəsinə dair daimi istifadə hüququnun müvafiq məhkəmə qətnamələri ilə təsdiq olunduğunu vurğulamışdır. Həmin məhkəmə aktları hazırda baxılan iş üzrə preyudisial əhəmiyyətə malik olmasa da, məhkəmə aktlarının qanuni qüvvəsini alıb-almaması, hüquqi müstəvidə etibarlı akt kimi çıxış edibetməməsi məsələlərinə aydınlıq gətirilməsi üçün məhkəmə araşdırması davam etdirilmiş və sözügedən məhkəmə qətnamələrinin müvafiq olaraq apellyasiya və kassasiya qaydasında ləğv edildiyi öz təsdiqini tapmışdır. Mülki Məcəllənin 139-cu maddələrinə müvafiq olaraq torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı məcburidir. Torpaq üzərində hüquqlar (mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ), habelə alğı-satqı, ipoteka, bağışlama müqavilələri, torpaqla bağlı digər əqdlər və vərəsəlik hüququ haqqında şəhadətnamə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyata alınmalıdır. Torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə görə torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 4-cü bəndinə görə torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. İstinad olunan hüquq normalarının dispozisiyasından göründüyü kimi qanunverici torpaq sahəsi üzərində hüquqların yaranmasını onun müvafiq qaydada qeydiyyata alınması ilə şərtləndirir. Bu normaların mənasına görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqular, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Lakin, iddiaçı tərəfindən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş və həqiqətən də, mübahisəli torpaq sahəsinin iddiaçı hüquqi şəxsin adına dövlət qeydiyyatından keçməsi faktı öz təsdiqini tapmamışdır. Hər bir halda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, dövlət qeydiyyatından keçməsə belə, torpaq sahəsinin faktiki sahibinin də sahibliyin müdafiəsi – özbaşınalıqdan müdafiə qaydasında iddia etmək hüququ istisna edilmir (AR MM 166.3-cü maddəsinin ikinci cümləsi). Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən və formalaşdıran xx.xx.2025-ci il tarixli, 2(102)- 1870/2025 nömrəli qərarında qeyd olunur ki, əşyanın geri qaytarılması və ya pozuntuya son qoyulması barədə iddialar aşağıdakı növlərdə ola bilər: a) hüquq haqqında mübahisələr – vindikasiya iddiası (MM, m.157.2), neqator iddia (MM, m.157.4) və sair; b) sahibliyin özbaşınalıqdan müdafiəsinə dair iddialar – geriqaytarma tələbi (MM, m.164.2) və pozuntuya son qoyulması tələbi (MM, m. 165.1). Bu iddia növləri mahiyyəti və təyinatı etibarilə bir-birindən əhəmiyyətli dərəcədə fərqlənirlər. Hüquq haqqında mübahisələrdə iddiaçı mübahisənin obyektinə münasibətdə özünün mülki hüquqlarını - mülkiyyət haqqını, qanundan və ya müqavilədən irəli gələn əmlak hüquqlarını sübuta yetirməyə borcludur. Hüquq haqqında mübahisələrdə tələb edilən əşya üzərində tərəflərin hüquq sahibi olubolmaması önəm kəsb edir və iddianın həllinə təsir göstərir. Bununla belə, sahibliyin müdafiəsi məqsədilə qaldırılan iddialar mülki qanunvericiliyimizdə hüquq haqqında mübahisə kimi yox, özbaşınalığın qarşısının alınmasını təmin edən tələblər kimi nəzərdə tutulmuşdur. Hazırki işdən isə iddiaçının həmin torpaq sahəsi üzərində əvvəlki və ya mövcud sahibliyi müəyyən olunmur.
Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. İddia tələbi təmin edilmədiyindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə məhkəmə hesаb edir ki, iddiaçının cavabdehə qarşı torpaq sahəsindən çıxarılma, özbaşına tikililərin sökülməsi və torpaq sahəsinin qaytarılmasına dair iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13 və Cavabdeh14 qarşı torpaq sahəsindən çıxarılma, özbaşına tikililərin sökülməsi və torpaq sahəsinin qaytarılmasına dair iddia tələbi təmin edilməsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəridə Rzayeva