Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3243/2020 30.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Aytəkin Aqil qızının katibliyi ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkilil Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E TD İ: İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qara-çuxur qəsəbəsi, Y.Əliyev küçəsi, 7 saylı ev, 3 otağlı 3 saylı mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Mövsum oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı oğludur. Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnvertalaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 150244 seriya nömrəli xx.xx.2003-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qara-çuxur qəsəbəsi, Y. Əliyev küçəsində yerləşən 7 saylı ev, 3 otağlı 3 saylı mənzil İddiaçı mülkiyyətindədir. Cavabdeh həmin evdə yaşamır və formal olaraq orada pasport qeydiyyatındadır. Belə ki, 2015-ci ildə iddiaçı tərəfindən dəyəri 150.000 ABŞ dolları pul vəsaiti ödənilməklə Cavabdeh çoxmənzilli yaşayış binasından müqavilə əsasında mənzil alınmış və sonuncu həmin vaxtdan etibarən öz ailəsi ilə birlikdə qeyd olunan mənzilə köçərək orada yaşamağa başlamışdır. Dəfələrlə cavabdehdən öz yaşadığı mənzilə pasport qeydiyyatına düşməsi tələb olunsa da, o müxtəlif bəhanələrlə bundan imtina edir. Cavabdehin iddiaçıya məxsus olan mənzildə pasport qeydiyyatında qalması iddiaçının mülkiyyət hüququnu pozur. Eyni zamanla əlavə etmişdir ki, qeydiyyatı formal xarakter daşıyır və məhkəmə iclasında göstərdiyi etirazlar yalnız qeydiyyatda qalması ilə əlaqədardır. Bununla əlaqədar İddiaçı Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qara-çuxur qəsəbəsi, Y.Əliyev küçəsi, 7 saylı ev, 3 otağlı 3 saylı mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh verdiyi izahatnda iddiaya etiraz edərək, etirazını onunla əsaslandrmışdır ki, ünvan 1 A ünvanındakı çoxmərətəbəli binanın 58 saylı mənzilində ailəsi, o cümlədən yoldaşı və azyaşlı uşağı ilə birlikdə 2017-ci ildən yaşayır, həmin mənzili özü öz puluna almış, həmin mənzilə görə mənzil-tikinti kooperativinə vaxtı ilə 43 000 manat ödəmiş, bu barədə kassa mədaxilə orderini da təqdim etmişdir. Həmin evdə yaşasa da, hələ də qeydiyyata düşə bilmiyib, həmin evə dair daşınmaz əmlakın dövlət reyestri xidmətinin rəsmiləşdirilmiş çıxarışını ala bilməmişdir. Bununla əlaqədar qeyd edir ki, ona və onun uşağına heç bir yerdə qeydiyyatsız olmaq - iş yerinin axtarışında və yaxud da azyaşlı uşağın hazırlıq kurslarına və ya məktəbə daxil olması kimi müəyyən çətinliklər yaradacaq. Həmçinin hipofiz vəzində şiş əmələ gəlməsi ilə güclü dərmanların qəbul edilməsinə görə dözülməz ağrıların keçirtdiyi ilə əlaqədar valideynlərinin evində qalmaq istəyirmiş, lakin onlar cavabdehə icazə vermədilər, bundan sonra da məhkəməyə müraciət etdilər. Bu səbəbdən iddianın təmin edilməsinə etiraz edərək, rədd edilməsini xahiş etmişdir. Mülki işin materiallarına əlavə edilmiş: Bakı şəhəri İcra Hakimiyyətini Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı idarəsi tərəfindən ÖM seriyalı 150244 saylı, xx xxx 2003-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri Suraxanı rayonu, Qara-Çuxur qəsəbəs, Y.Əliyev küçəsi, 7 saylı evin, 41,0 kv m yaşayış sahəsindən ibarət 3 otaqlı 3 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Bu barədə 1270 reyestr kitabında 190759 səhifə 30/190759 saylı qeydə alma xx.xx.2003-cü il tarixdə qeydiyyat aparılmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışa əsasən ünvan 2 mənzil 3 ünvan üzrə İddiaçı, X1, Cavabdeh, X3 qeydiyyatındadır. “xxxxxxxxxxxx” MMC tərəfindən verilmiş kassa mədaxil orderinə əsasən xx xxxxx 2016cı il tarixdə Cavabdeh tərəfindən xx xxxxx 2016-cı il tarixdə 1371 saylı müqavilə üzrə 48360 (qırx səkkiz min üç yüz altmış) manat pul vəsaiti mədaxil edilmişdir. Məhkəmə iclasında təqdim edilmiş və iş materiallarına əlavə edilmiş yaşayış binasının istismara verilməsinə maneə olan çatışmamazlıqların aradan qaldırılması üçün görüləcək tədbirdər haqqında 058/SV17A-Ç xx xxxxxxxx 2020-ci il tarixli müqaviləyə əsasən “X6 LTD” MTK, direktor X2 - icraçı, S.Vəzirov ünvanında inşa edilən yüksəkmərtəbəli 13 bloklu binalar kompleksinin sakinlərindən biri (kollektivin üzvü) Cavabdeh - sifarişçi (giriş S.Vəzirov küçəsi, 17A/İ, mənzil 58) müqavilə bağlanmış, həmin müqaviləyə əsasən “X6 LTD” MTK-nın xüsusi ərazisi Bakı şəhəri Xətai rayonu, S.Vəzirov küçəsi, 17 A ünvanında “Sifarişçi”si olduğu və inşa etdiyi yüksəkmərtəbəli binaların mənzillərində, bloklarda minimum yanğın təhlükəsizlik tələblərinə cavab verməsi üçün tədbirlərin görülməsindən, çatışmayan yük liftlərin qoyulmasında, nəticədə binanın sənədlərini istismara hazırlayıb, dövlət reyestrinə salınmasına hazırlanmasından ibarətdir. İcraçı və Sifarişçi tərəflər arasında bağlanan bu müqaviləni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 235.1.1-ci maddəsini (torpaq sahəsinin və yaşayış binasının birgə hissələrinin, habelə birgə konstruksiyaların və yeniləşdirilməsinə çəkilən xərclər) rəhbər tutaraq, sakin 500 manat məbləğində ödəniş etməyi öz öhdəsinə götürür. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnvertalaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 150244 seriya nömrəli xx.xx.2003-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qara-çuxur qəsəbəsi, Y. Əliyev küçəsində yerləşən 7 saylı ev, 3 otağlı 3 saylı mənzil İddiaçı mülkiyyətçisidir. Oğlu Cavabdeh ünvanda 1982-ci ildən 2017-ci ilə qədər yaşamış, 2015-ci ildə ailə qurmuş, arvadı ilə birlikdə 2017-ci ilə qədər həmin ünvanda yaşamış, 2017-ci ildən artıq aldığı Bakı şəhəri, Xətai rayonu S.Vəzirov küçəsi, 17A, 58 saylı mənzilinə daimi yaşamaq əsaslarla köçüb, həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Həmin hallar hər iki tərəfin izahatalarına əsasən müəyyən edilmiş və artıq işin mübahisləndirilməyən hallara aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdəəmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Qeyd edilən Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrli qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun (qeyri-rəsmi 1 saylı Protokol) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Prosessual qanunvericiliyin yuxarıda qeyd edilən tələbinə əsaslanaraq məhkəmə hesab edir ki, hazırkı mübahisəyə 2009-cu ilədək qüvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin müvafiq maddələri tətbiq edilməlidir. Belə ki, mübahisəli mənzillə bağlı hüquq münasibətləri 1982-ci ildən yaranmışdır. Başqa sözlə, mübahisəli mənzillə bağlı, həmçinin tərəflər arasında yaranan münasibətlər 2009-cu ilədək baş vermişdir. Qüvvədən düşmüş Azərbaycan SSR Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 60-cı maddəsinə görə icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi aşağıdakı hallarda daha uzun müddət saxlanır: 1) müddətli həqiqi hərbi xidmətə çağırıldıqda—müddətli hərbi xidmət qurtarana qədər; habelə ehtiyatda olan zabitlər üç ilədək müddətə həqiqi hərbi xidmətə çağırıldıqda—həqiqi hərbi xidmət müddətində; praporşik, miçman və müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçular kimi həqiqi hərbi xidmətdə olduqda—hərbi xidmətin birinci beş ili ərzində; 2) işin şəraitinə və xarakterinə görə (gəmi heyətləri, geoloji dəstələrin, axtarış dəstələrinin, ekspedisiyaların işçiləri və i. a.) xaricə ezamiyyətə göndərilməklə, yaxud təhsillə əlaqədar (tələbələr, aspirantlar və i. a.) daimi yaşayış yerindən müvəqqəti başqa yerə getdikdə—həmin işin görülməsinin və ya təhsilin bütün müddətində; 3) uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisəsinə, qohumlarına və ya qəyyumlarına (himayəçilərinə) verildikdə—onların çıxdıqları yaşayış sahəsində ailənin digər üzvləri yaşamağa qalmışlarsa, uşaqların bu müəssisədə, qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanında qaldıqları bütün müddətdə. Uşaqların çıxdıqları yaşayış sahəsində onların ailə üzvləri yaşamağa qalmamışlarsa və həmin sahə başqa vətəndaşlara verilmişsə və ya başqa səbəblərə görə bu sahəyə köçürmə mümkün deyilsə, dövlət uşaq müəssisəsində olma müddəti qurtardıqdan sonra, habelə yetkinlik yaşına çatıb qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanından qayıtmış uşaqlar yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən mənzil sahəsi ilə təmin edilir (bu Məcəllənin 39-cu maddəsi); 4) qəyyum (himayəçi) vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq getdikdə—bu vəzifəni yerinə yetirdiyi bütün müddətdə; 5) müalicə üçün müalicə-profilaktika müəssisəsinə getdikdə— bu müəssisədə qaldığı bütün müddətdə; 6) müalicə-əmək profilaktoriyasına yerləşdirildikdə—orada olduğu bütün müddətdə; 7) həbs olunduqda—istintaqda və ya məhkəmədə olduğu bütün müddətdə; 8) - 9) - 10) cinayət üzrə dövlət tərəfindən müdafiə olunan şəxslərin təhlükəsizliyini təmin edən dövlət orqanlarının qərarına əsasən başqa yaşayış yerinə müvəqqəti köçürüldükdə – təhlükəsizlik tədbirlərinin qüvvədə olduğu müddətdə. Bu maddənin 1—7-ci və 10-cu bəndlərində göstərilən hallarda müvəqqəti başqa yerə getmiş şəxslərin yaşayış sahəsi müvafiq bənddə göstərilən müddətin qurtardığı gündən altı ay ərzində saxlanır.[42] İcarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. (maddə 60) Həmin Məcəllənin 61-ci maddəsinə əsasən icarədarı müvəqqəti başqa yerə getmiş yaşayış sahəsində yaşayan ailə üzvləri qaldıqları bütün sahədən əvvəlki şərtlərlə istifadə etmək ixtiyarına malikdirlər; həm də onlar bu sahənin icarə müqaviləsinə əsasən bütün hüquqları həyata keçirir və bütün vəzifələri daşıyırlar. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. [72] Hazırkı işdə cavabdeh 1982-ci ildən yaşasa da, artıq 2017-ci ildə iddiaçıya məxsus mənzilini daimi əsaslarla tərk etməklə, digər ünvanda ailə ilə birlikdə yaşamasına başlamışdır. Bu hal hər iki tərəfin izahatı ilə təsdiq edilir və işin mübahisələndirilməyən halıdır. Belə olan halda, işə tətbiq edilən maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə cavabdehin mübahisəli ünvanda 3 ildən artıq müddətdə yaşamadığını, aldığı Bakı şəhəri, Xətai rayonu S.Vəzirov küçəsi, 17A, 58 saylı mənzilinə daimi əsaslarla köçdüyünü və ailəsi ilə birlikdə yaşadığını nəzərə alaraq, hesab edir ki, mübahisəli Bakı şəhəri, Suraxanı rayonu, Qara-çuxur qəsəbəsi, Y. Əliyev küçəsində yerləşən 7 saylı ev, 3 otağlı 3 saylı mənzilə dair istifadə hüququnun hazırkı dövrə qədər saxlanılması üçün əsaslar yoxdur və həmin hüquq itirilmişdir. Məhkəmə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı istifadə hüququnun xitam verilməsi barədə iddia tələbi təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, mülki iş üzrə ödənilmiş dövlət rüsumu ilkin iddiaçıya aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 217-220, 227, 233, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qara-çuxur qəsəbəsi, Y. Əliyev küçəsində yerləşən 7 saylı ev, 3 otağlı 3 saylı mənzilə istifadə hüququna xitam verilsin. İddiaya görə ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-3243/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3243/2020
30.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver