Məhkəmə qərarları › İş №2(010)-3258/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3258/2020

06.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3258/2020 06.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Orxan Kazım oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı qızı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X4 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi ilə məhkəməyə müraciət edərək xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, məhəllə 4/5, ev 32, mənzil 38 ünvanında yerləşən mənzildən cavabdehlərin istifadə hüququnun itirilməsini xahiş etmişdir. İşə məhkəmə iclasında baxılarkən İddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, məhəllə 4/5, ev 32, mənzil 38 ünvanında yerləşən mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, məhəllə 4/5, ev 32, mənzil 38 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Adıçəkilən evi xx.xx.2016-cı il tarixində Cavabdeh1 alqı-satqı müqaviləsi əsasında almışdır. Alqı-satqı prosesi 4 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat kontorunda həyata keçirilmişdir. Hesab edir ki, cavabdehlər onun mülkiyyətində olan mənzilə istifadə hüquqlarını saxlamaqla onun mülkiyyət hüquqlarını məhdudlaşdırır. Ona görə də, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verib, iddia tələbini müdafiə edib onun təmin edilməsini xahiş etdi. İşə əlavə edilmiş AZ-İ № 777836 № li “Ölüm haqqında” şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2015-ci ildə vəfat etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AN-İ № ******* № li notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, məhəllə 4/5, ev 32, mənzil 38 ünvanında yerləşən mənzili alıcı İddiaçı satmışdır. - Cavabdeh2 notarial qaydada tərtib edilmiş ərizədən görünr ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 4/5 məhəllə, 32 saylı evin 38 nömrəli şəxsi mənzilin satılmasına etiraz etməmişdir. - Cavabdeh3 notarial qaydada tərtib edilmiş ərizədən görünr ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 4/5 məhəllə, 32 saylı evin 38 nömrəli şəxsi mənzilin satılmasına etiraz etməmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş Çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, məhəllə 4/5, ev 32, mənzil 38 İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından məlum olur ki, iddiaçı ilə Cavabdeh1 arasında sözügedən mənzillə bağlı alqı-satqı müqaviləsi bağlanmışdır. Satıcı qismində cavabdeh mübahisə predmeti olan mənzili alıcı olan iddiaçıya satmış, iddiaçı da öz növbəsində həmin mənzilin dəyərini ödəyib almışdır. Mənzil hazırda mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası MM-nin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan, eləcə də cavabdehlərin iddiaçıya aid yaşayış sahəsinə istifadə hüquqlarının qaldığını göstərən hallar olmadığına görə iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 İddiaçı mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, məhəllə 4/5 ünvanında yerləşən 32 nömrəli evin 38 nömrəli mənzilindən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar