Məhkəmə qərarları › İş №2(010)-328/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-328/2022

07.01.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-328/2022 07.01.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddiaları üzrə mülki işə Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı oğlu Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yuxarı Mədən küçəsi, ev 20 C saylı evə köçürülməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh Daşdəmirova (Əşrəfova) Amirə Suliddin qızı ilə 19.09.2011-ci il tarixdə rəsmi nikah qeydiyyatına girərək ailə qurmuşdur. Onların birgə nikahlarından iki övladları- 07.11.2012-ci il təvəllüdlü X3, 29.07.2016-cı il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. O, cavabdehlə bir müddət mehriban yaşasa da, sonradan ailədə baş vermiş narazılıqlar üzündən ailə dağılmış, Suraxanı Rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuşdur. O, cavabdehlə Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi,Yuxarı Mədən küçəsi ev 20 C saylı evdə yaşamışdır. Evin 1/2 hissəsi onun, 1/2 hissəsi isə cavabdehin mülkiyyətindədir. Lakin hal hazıda cavabdeh onu evdə yaşamağa qoymur. Qeyd edir ki, ev onun tərəfindən tikilmişdir. Yəni evin inşa edilməsi üçün pul vəsaiti onun tərəfindən ödənilmişdir. Belə ki, o və övladları cavabdehlə birgə eyni ünvanda yaşamış, onunla həmin ünvanda birgə təsərrüfat aparmışlar. Hansı ki, qeyd edilən yaşayış evi onun daimi yaşayış yeri olmuş, mənim də həmin evdən istifadə hüququ olmuşdur. Lakin cavabdeh onu artıq bir necə vaxtdir ki, evdən qovmuş, mənzilə daxil olmağa icazə verməmişdir. Maddi və mənəvi əziyyət çəkir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı tələbini müdafiə edərək tələblə eyni məzmunda çıxış edib iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah 14.11.2018-ci il tarixdə pozulmuşdur. İş materiallarında olan 06.09.2021-ci il tarixli ******* №-li arayışdan görünür ki, Əşrəfov X1 rayonu, Yeni Suraxanı qəsəbəsi, Yuxarı Mədən küçəsində yerləşən 20 C saylı ev üzrə qeydiyyatdadır. İş materiallarında olan 28.11.2020-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yuxarı Mədən küçəsində yerləşən 20 C saylı evə ½ hissədə mülkiyyət hüququ vardır. Digər ½ hissə Cavabdeh məxsusdur. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, tərəflər rəsmi nikahda olmuşlar, onların nikahları məhkəmə qaydasında pozulmuşdur. Mübahisəli mənzil bərabər paylarda tərəflərə məxsusdur. İddiaçı tərəf iddia edir ki, cavabeh onu mübahisəli mənzilə buraxmır. Cavabdeh məhkəməyə yazılı etiraz göndərərək iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsindən görünür ki, fiziki şəxsin adətən yaşadığı yer - onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 27.3-cü maddəsinə əsasən, əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli, «V.Q.Teryoxinin şikayəti ilə əlaqədar qərarı»na istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşayaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur. Avropa İnsan Hüquqları Məhkəməsi «Gillounun işi»nə dair qərarında göstərmişdir ki, həmin işdə ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə «mənzil» qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardır. (Bax: Valentina Akimova Azərbaycana qarşı 1985/03 saylı ərizənin qəbul edilənliyinə dair Avropa İnsan Hüquqları Məhkəməsinin 12.01.2006-cı il tarixli qərarı, 3-cü bənd, 3 və 4-cü abzaslar). Yuxarıda qeyd edilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, İddiaçı oğlunun mübahisəli mənzilə köçmək və orada yaşamaq hüququ vardır. Çünki, həmin mənzilə ½ hissədə xüsusi mülkiyyət hüququ rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməldir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı Əşrəfov X2 rayon, Yeni Suraxanı qəsəbəsi, Yuxarı Mədən küçəsi 20 C saylı evə köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar