Məhkəmə qərarları › İş №2(010)-3312/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3312/2023

11.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3312/2023 11.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən mebellərə görə ödədiyi 300 manat pulun, habelə iddia qaldırmaqla əlaqədar ödədiyi 30 manat məbləğində dövlət rüsumunun alınaraq ona (iddiaçıya) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, o, 21 aprel 2023-cü il tarixdə cavabdehdən 180sm X 200sm ölçüdə, 850 (səkkiz yüz əlli) manat dəyərində 1 (bir) ədəd çarpayının və 50sm X 50sm ölçüdə, hərəsinin dəyəri 75 (yetmiş beş) manat olmaqla, iki ədədin toplam qiyməti 150 (yüz əlli) manat olmaqla 2 (iki) ədəd tumbanın alınması barədə, cəmi 1000 (min) manat dəyərində mebelin alınması barədə Cavabdeh MMC ilə “xidmət işlərinin görülməsi və avadanlığın satışına dair” Müqavilə bağlamışdır. Həmin müqavilənin şərtlərinə əsasən o, həmin mebelin müqavilə ilə nəzərdə tutulmuş cəmi 1000 (min) manat dəyərinin yarısını, yəni 500 (beş yüz) manat məbləği 21 aprel 2023-cü il tarixdə Cavabdeh MMC-yə ödəmişdir. Müqavilənin şərtlərinə əsasən Cavabdeh MMC həmin mebelləri 08 May 2023-cü il tarixədək ona təhvil verməli, o da öz növbəsində mebelə görə borclu qaldığı 500 (beş yüz) manatı 08 May 2023-cü il tarixdə Cavabdeh MMC-yə ödəməli idi. Lakin Cavabdeh MMC müqavilənin şərtlərinə əməl etməmiş və müqavilə ilə nəzərdə tutulmuş 08 May 2023-cü il tarixədək mebelləri ona təhvil verməmişdir. Qeyd olunan tarixdən sonra Cavabdeh MMC-nin direktoru X1 mebellərin hazır olmadığına dair fərqli bəhanələr gətirirdi və ya telefon zənglərinə cavab vermirdir. O, də Cavabdeh MMC-yə müraciət edərək müqavilədən imtina etdiyini bildirərək mebellərə görə ilkin ödədiyi 500 (beş yüz) manatı geri tələb etmişdir. Cavabdeh MMC-nin direktoru X1 mebellərə görə ilkin ödədiyi 500 (beş yüz) manatdan 200 (iki yüz) manatı 24 May 2023-cü il tarixdə qaytarmış, lakin qalan 300 (üç yüz) manatı ona qaytarmamışdır. Cavabdeh könüllü olaraq həmin pulu ona qaytarmamış və telefon zənglərinə cavab verməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli “xidmət işlərinin görülməsi və avadanlığın satışına dair” Müqaviləyə əsasən Cavabdeh MMC iddiaçıya müqaviləyə və ona əlavəyə əsasən qiyməti 850 manat dəyərində olan 1 ədəd çarpayı və 150 manat dəyərində iki ədəd tumba satmış, İddiaçı isə onu qəbul edib, avadanlığın qiymətini Cavabdeh MMC-nə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Cavabdeh MMC-nin məlumat haqqında arayışından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli “xidmət işlərinin görülməsi və avadanlığın satışına dair” müqaviləsi üzrə ümumilikdə olan 1000 manat dəyərində olan borcdan 500 manat ödəniş etmişdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1.-ci maddəsinin tələbinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh MMC ilə bağladığı xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 1000 manat dəyərində məişət avadanlığı almış, həmin məişət avadanlığının alınması ilə bağlı 500 manat məbləğində ödəniş etmişdir. Daha sonra Cavabdeh MMC tərəfindən həmin avadanlıq təhvil verilməmiş və iddiaçı avadanlıqdan imtina etmişdir. Cavabdeh MMC İddiaçı aldığı 500 manat məbləğində puldan 200 manatı geri ödəmiş və 300 manat məbləğində olan pulu ödəməkdən imtina etmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli müqavilə üzrə yaranmış 300 manat borc İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilədə nəzərdə tutulan öhdəlik cavabdeh tərəfindən lazımınca yerinə yetirilmədiyindən iddia təmin edilməli, Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli müqavilə üzrə yaranmış 300 manat məbləğində olan borc və 30 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tuturaq, məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli müqavilə üzrə 300 (üç yüz) manat pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar