Məhkəmə qərarları › İş №2(010)-3314/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3314/2020

02.10.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3314/2020 02.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hаkim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas kаtibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi, Dənizkənarı küçəsi, nömrəsiz evə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 10 ilə yaxın müddətdir ki tanış olmuş, onun kirayələrdə yaşadığı evə gedib-gəlmişdir. O, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi, Dənizkənarı küçəsində yerləşən 1 sot torpaq sahəsi üzərində 1 mərtəbəli 2 otaqlı fərdə yaşayış evi inşa etmiş və həmin tikinti 2019-cu ilin təxminən iyun-iyul aylarında başa çatmışdır. Həmin müddətdə qeyri-rəsmi münasibətdə olduğu Cavabdeh kirayə haqqı verməyə imkanı çatmadığı üçün ondan inşa etdiyi Dənizkənarı küçəsində yerləşən evdə müvəqqəti qalmasına icazə verməsini xahiş etmiş, o da istədiyi vaxt evdən çıxacağı ilə bağlı razılaşaraq müvəqqəti yaşamaq üçün ona icazə vermişdir. Bundan sonra Cavabdeh qıza sözügedən evə yerləşərək yaşamağa başlamışdır. Bir müddət sonra o, evinə və həyətinə nəzarət etmək üçün gəldikdə qaz sayğacının qoruyucu qutusunun sınıq vəziyyətdə, elektrik sayğacından evə gedən 35 metr elektrik naqilinin və həyətdə olan 1.5 kub taxtanın yerində olmadığını aşkar etmişdir. Bundan sonra ona məlum olmuşdur ki, cavabdeh ondan icazəsiz elektrik naqillərini götürərək başqa bir yerdən evinə işıq çəkdirmiş, qaz sayğacının qoruyucu qutusunu sındırmış və taxtaları isə evdə qoyduğu odun sobasında yandırmışdır. Bu halları aşkar etdikdən sonra ondan evi tərk etməsini xahiş etmişdir. Lakin cavabdeh evi tərk etməkdən imtina edərək evin ona məxsus olduğunu iddia etməyə başlamışdır. O, məcbur olub cavabdeh barəsində Suraxanı rayon Polis İdarəsinin 30-cü Polis Bölməsinə şikayət vermişdir. Suraxanı rayon Polis İdarəsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh isə nə evi tərk etmiş, nə də tikdiyi evə onu buraxmışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, cavabdehin hazırda yaşadığı evi o tikib. Gülmirəyə isə orada müvəqqəti yaşamağa imkan verib. Lakin indi cavabdeh öz evində yaşamağa ona imkan vermir. O, evə köçdükdən sonra evi sənədləşdirib satmaq niyyətindədir. Cavabdehə isə başqa ev tikə bilər. Odur ki, məhkəmən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, həmin evi iddiaçı deyil, o özü tikib. Evi tikmək üçün bankdan iddiaçı adına kredit götürüb və hələ də kredit ödəyir. Ev üçün bütün tikinti materialını özü alıb, ustanın pulunu özü verib. Ev hələ də yarımçıqdır. Belə ki, evdə sanitar qovşaq, sanuzel yoxdur. Yalnız bir otağın döşəmə və tavanı vurulmuşdur. İddiaçı sonradan gələrək evdə yaşamaq istədiyini bildirmişdir. Onun bu ev üzərində heç bir hüququ yoxdur. O, evə köçüb sonra onu evdən çıxartmaq istəyir. Evi o tikməyib. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Hövsan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən “xxxxxxxx” ASC-yə təqdim etmək üçün verilmiş xx.xx.2019-cu il tarixli, 2656 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 1 nömrəsiz evdə yaşayır. Qeydiyyatsız ev hal-hazırda vətəndaşa məxsusdur. Bakı şəhəri Hövsan Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 251 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında istifadəsində olan 220 m2 torpaq və 72 m2 əmlak sahəsinin vergi ödəyicisi kimi qeydə alınmışdır. Hal-hazırda Hövsan Bələdiyyəsinə yerli vergilərdən borcu yoxdur. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin təhqiqatçısı, polis kapitanı X2 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. “xxxxxxxx” ASC tərəfindən verilmiş bildirişdən görünür ki, sifarişçi İddiaçı müraciəti əsasında Bakı şəhəri, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsindən yerləşən obyektin enerji təchizatı şəbəkəsinə 24 gün müddətində qoşulmasına görə 160 manat məbləğində qoşulma haqqı müəyyən edilmişdir. GPG12218532 smart sayğaclı abonentin saldosundan görünür ki, ünvan 2 mənzil 0790 ünvanında xx.xx.2012-ci il tarixdə quraşdırılmış sayğac üzrə abonent İddiaçı ödənişləri, sərfiyyatı və borca görə tutulma əks olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahat verərək bildirmişdir ki, İddiaçı 25 ildir ki tanıyır. Muradxan əvvəl polis işləmişdir və onu o vaxtdan tanıyır. Özü isə vasitəçidir və Gülmirəni evə müştəri aparan zaman tanımışdır. Muradxan onu qaynının yanına aparanda eyni həyətdə olan o biri ev hələ yarımtikili idi və cavabdeh Gülmirə o evdə yaşayırdı. Müştəri ilə oraya gedəndə Gülmirə ona demişdir ki, həyətin bir hissəsi və üzərindəki tikili onundur, digər hissəni kəsib sata bilərlər. O Gülmirəyə təklif etmişdir ki, 5000 manat və əlavə içində tikinti daşları ilə birlikdə 1 sot torpağı ona versin, Gülmirə isə razılaşmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahat verərək bildirmişdir ki, İddiaçı onun bacısının əridir. O, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, bina 13, mənzil 7-də yaşayır. Gülmirəni isə iki ildir ki, tanıyır. Həmin evin yerləşdiyi torpaq onundur (Zabilin). O torpaqların hamısını 6000 dollara almış, 1 sot da bacısına pay vermişdir ki, yoldaşı ilə yaşasın. Lakin torpağın sənədi yoxdur. Həmin torpaqda birinci evi özü tikmişdir. Sonradan görüb ki, evinin arxa tərəfində ayaqyolu tikilib. Daha sonra evə getmiş, görmüşdür ki, qapı bağlıdır, onun kənarda olan digər yarımçıq tikilisi sökülüb yerinə doqquz daş üstündə iki otaqlı yarımtikili tikilib. Həmin vaxt orada Gülmirə olmuş, ağlamışdır. Sökülən hissə isə boş qalmışdır. Onun evini söküb yerdə qalan daşlarla bir az irəlidə başqa ev tikiblər. Lakin evi kim və necə tikib bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahat verərək bildirmişdir ki, Cavabdeh dörd il onun briqadiri olub, bir yerdə işləyiblər. Eyni zamanda, iddiaçı Muradxanı da tanıyır. 2018-ci ildə Gülmirə onu evə tikintiyə çağırmış, o da bir neçə fəhlə ilə 18 paket sement alaraq oraya getmişdir. Evə gedəndə ev yarımtikili vəziyyətdə olmuşdur. Digər fəhlələrlə birlikdə o da evin tikintisində işləmişdir. Sonra Gülmirə evə iki dolu yük maşını daş gətirmişdir. Daşı gətirən adamın adı Bəhrəm idi. Gülmirə daşı Bəhrəmdan alıb, pulunu da ona vermişdir. Onların (fəhlələrin) pulunu da Gülmirə Muradxana vermiş, Muradxan da ona vermişdir. Həmin vaxt Muradxanla Gülmirənin dalaşdığına da şahid olmuşdur. Muradxan o vaxt müdirlərinə demişdir ki, Gülmirəni işdən çıxartsın. Sonradan isə Muradxanı ümumiyyətlə tikilidə görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahat verərək bildirmişdir ki, İddiaçı onun tanışıdır. Onu polis işləyən vaxtdan tanıyır. Gülmirə yaşadığı evin dam örtüyünü təxminən 2-3 il bundan qabaq Muradxanla birlikdə almışlar və damı elə özü vurmuşdur. Həmin vaxt ev boş olmuş, evdə heç kim olmamışdır. Məhkəmə tərəfindən iş materiallarının araşdırılması, tərəflərin izahatlarının dinlənilməsi və yerində məhkəmə baxışı nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu Hövsan qəsəbəsi, Bağlar massivi, Dənizkənarı küçəsində yerləşən 1 sot torpaq sahəsində bir mərtəbəli tikili inşa edilmiş, tikilidə yalnız bir otaq mövcud olmuşdur, hazırda Cavabdeh və onun iddiaçıdan olan qızı orada yaşayır. İddiaçı və Cavabdeh uzun müddət faktiki ailə münasibətlərində olmuş, bu münasibətdən onların bir qızı doğulmuşdur. İddiaçı həmin tikilini özünün inşa etdirdiyini, Cavabdeh sadəcə müvəqqəti olaraq orada yaşamağa icazə verdiyini, Gülmirənin isə hazırda ona evdə yaşamağa icazə vermədiyini bildirərək evə köçürülməsini tələb etmişdir. Cavabdeh isə evi özünün tikdiyini, iddiaçının ev üzərində heç bir hüququnun olmadığını bildirmişdir. Məhkəmə tərəfindən mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsinə və tikiliyə yerində baxış keçirilmiş, eyni zamanda hər iki tərəfin şahidləri dinlənilmişdir. İlk növbədə, məhkəmə şahid ifadələrinə münasibət bildirərək qeyd edir ki, məhkəmə iclasında şahid qismində dindirilmiş dörd şahiddən üçü İddiaçı tanışı, biri isə arvadının qardaşı (qaynı) olmaqla qohumu olmuşdur. Lakin həmin şahidlərin heç biri müvafiq evin İddiaçı tərəfindən tikildiyini ifadə etməmişdir. Baxmayaraq ki, iddiaçı evin özü tərəfindən tikildiyini bildirərək,həmin faktı təsdiq etmək üçün şahidlərin məhkəməyə dəvət olunub dindirilməsini xahiş etmişdir. Əksinə, torpağın sahibi olduğunu iddia edən iddiaçının qaynı X5 evin onun evinin daşları ilə tikildiyini, lakin kimin tikdiyini bilmədiyini qeyd etmiş, iddiaçı bacısının əri olsa da iddiaçının həmin evi tikmiş olması ilə bağlı heç bir fikir bildirməmişdir. İddiaçının 25 ildir tanışı olduğunu bildirən bir digər şahid X6 evin kim tərəfindən tikilmiş olmasına şahidlik etməsə də bildirmişdir ki, evdə Gülmirənin yaşadığını bilmiş, evin yerləşdiyi həyətin bir hissəsini satmaq üçün vasitəçi qismində müştəri gətirən zaman Gülmirə həyətin digər hissəsi və üzərindəki tikilinin ona aid olduğunu bildirmiş, şahid də ona evin satılması üçün 5000 manat və 1 sot əlavə torpaq təklif etsə də Gülmirə qəbul etməmişdir. Göründüyü kimi bu şahid də evin konkret olaraq kim tərəfindən tikilməsi ilə bağlı heç bir fikir bildirməsə də Gülmirənin evdə yaşamasına və özünü evin sahibi kimi təqdim etməsinə şahid olmuşdur. Bu şahidin ifadəsini qiymətləndirən zaman xüsusi nəzərə alınmalıdır ki, X6 da digər şahidlər kimi cavabdehin deyil, iddiaçının tanışıdır, buna baxmayaraq evin iddiaçı tərəfindən tikilməsi ilə bağlı heç bir fikir bildirməmişdir. Məhkəmə iclasında iddiaçının tanışı kimi dindirilmiş şahidlərdən X7 evin dam örtüyünün iddiaçı tərəfindən alınması, özü tərəfindən vurulmasından və həmin vaxt evdə heç kimin olmamasından bəhs etmiş, cavabdeh isə dam üçün pulu bankdan götürdüyü kredit hesabına özünün verdiyini bildirmişdir. Bunun qarşılığında İddiaçı bildirmişdir ki, həmin pulu cavabdehin deyil, onun adına götürmüşlər. Cavabdeh isə bildirmişdir ki, iddiaçının adına götürülsə də krediti hər ay o ödəyir. Bundan sonra cavabdeh İddiaçı krediti cavabdehin ödədiyini qəbul etmiş, lakin kreditin ev üçün götürülmədiyini bildirmişdir. Sonda isə evi söküb bütün materialları götürməsini cavabdehə təklif etmişdir. Göründüyü kimi iddiaçı tərəfindən dindirilmiş şahid X7 evin dam örtüyünün iddiaçı tərəfindən alınmasından bəhs etsə də həmin pulun iddiaçı, yaxud cavabdeh tərəfindən ödənilmiş olması məlum deyil. Xüsusən nəzərə alınmalıdır ki, Cavabdeh dam örtüyünün alınması üçün bankdan iddiaçının adına kredit götürdüyünü, hər ay pulunu ödədiyini bildirir. İddiaçı isə krediti ev üçün götürmədiklərini bildirsə də öz adına olan həmin krediti hər ay cavabdehin ödədiyini qəbul edir. Eyni zamanda bildirir ki, iddiaçı cavabdehin evi söküb tikinti materiallarını aparmasına etiraz etmir. Belə olan halda məhkəmə hesab edir ki, şahid X4 ifadəsi evin bütövlükdə İddiaçı tərəfindən tikilmiş olması ilə bağlı nəticəyə gəlməyə əsas vermir. Belə ki, o, yalnız dam örtüyünün tikintisinə şahid olduğunu bildirmişdir ki, dam örtüyünün pulunun mənbəyi isə mübahisəlidir. Əksinə, məhkəmə iclasında dindirilmiş və Cavabdeh vaxtilə briqadiri olduğunu bildirən bir digər cavabdeh X3 isə həmin evin tikintisində fəhlə işlədiyindən, Gülmirənin onu və bir neçə başqa fəhləni tikintiyə çağırmasından, ev üçün 18 paket sement alınmasından, iki dolu yük maşını daş gətirilməsindən, bütün bunların pulunun Gülmirə tərəfindən verilməsindən bəhs etmişdir. Məhkəmə şahidin bu ifadəsinə qiymət verərkən qeyd edir ki, X3 həm evin tikintisində fəhlə kimi birbaşa iştirak etmişdir, həm də o, evə daşı gətirib tökən yük maşının sürücüsünün adına qədər məhkəməyə dəqiq məlumat vermişdir. Həm də Cavabdeh şahidi qismində dindirilməsinə baxmayaraq, pulu onlara birbaşa Gülmirənin verdiyini deməmiş, Gülmirənin pulu Muradxana verdiyini, Muradxanın da onlara verdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, təkcə bu hal şahid ifadəsinin sırf Cavabdeh dediklərini təsdiqləmək məqsədi daşımadığını, həqiqətə uyğun olduğunu deməyə əsas verir. Göründüyü kimi iş üzrə dörd şahid dindirilmiş, bunlardan üçü iddiaçı, biri isə cavabdeh tərəfdən çıxış edərək ifadə vermişdir. Lakin iddiaçı tərəfdən dindirilmiş şahidlərin heç biri evi iddiaçının tikdiyini deməmişdir. Əksinə, onların ifadələrindən məlum olmuşdur ki, Cavabdeh uzun müddətdir ki həmin evdə yaşamaqla evi özünün tikdiyini bildirir. Məhkəmə təkrar qeyd edir ki, bu şahidlərin əksəriyyəti iddiaçı tərəfdən şahid olmalarına baxmayaraq, onların heç biri evi iddiaçının tikdiyini bildirməmişdir. Bundan fərqli olaraq, məhkəmə iclasında cavabdehin tanışı olan şahid kimi dindirilmiş digər şəxs isə evin tikintisində birbaşa fəhlə işlədiyini, ev üçün daş, sement kimi tikinti materiallarının pulunu Gülmirənin verdiyinə birbaşa şahid olduğunu bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hər iki tərəfin şahid ifadələri əsasında evin İddiaçı tərəfindən tikilməmiş olmasına dair əsaslı fikir formalaşır.Hər bir halda məhkəmə şahid ifadələrinin iş üzrə digər sübutlarla qarşılıqlı əlaqədə təhlil edilməsini zəruri hesab edir. Belə olan halda məhkəmə iddiaçı tərəfindən evin özü tərəfindən tikildiyini sübut etmək üçün məhkəməyə təqdim edilmiş sübutlara münasibət bildirir. İlk növbədə, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Hövsan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışla bağlı qeyd edir ki, bu arayışın iş üçün hər hansı əhəmiyyəti yoxdur. Belə ki, ilk növbədə arayış formal tələblərə cavab vermir. Arayış bundan bir il əvvəl, özü də “xxxxxxxx” ASC-yə təqdim edilmək üçün verilmişdir. Lakin hər bir halda arayışın mətninə də münasibət bildirən məhkəmə qeyd edir ki, arayışda iki hal göstərilmişdir. Bunlardan ilki İddiaçı mübahisəli evdə qeydiyyatsız yaşaması, ikincisi isə evin iddiaçıya məxsus olmasıdır. İlk halla bağlı qeyd edilməlidir ki, İddiaçı və Cavabdeh arasında on ilə yaxın faktiki nikah münasibətlərinin olması və hətta bu münasibətdən bir övladlarının olması işin mübahisələndirilməyən halıdır və cavabdeh özü də mübahisələndirmir ki, iddiaçı bu evə gedib-gəlmiş və təbii ki, arada evdə qalmışdır. Nəzərə alınsa ki bu arayış bir il bundan əvvəl verilmişdir və son vaxtlara qədər tərəflər faktiki nikah münasibətlərində olmuşdur, iddiaçının cavabdehlə ayrılana qədər həmin evlə əlaqəsi onsuz da inkar edilə bilməz. Lakin nəzərə alınmalıdır ki, iddiaçı hazırda evlidir və yaşayış yeri üzrə başqa ünvanda qeydiyyatda olmaqala orada yaşayır. Bu halda məhkəmə hesab edir ki, bir il bundan əvvəl verilmiş həmin arayış əsasında iddiaçının mütəmadi olaraq mübahisəli evdə yaşaması ilə bağlı nəticəyə gəlmək mümkün deyil. Arayışın evin iddiaçıya məxsus olması ilə bağlı hissəsi isə ümumiyyətlə əsassızdır. Belə ki, evin dövlət qeydiyyatına alınmamış olması işin mübahisələndirilməyən halıdır. Aydındır ki, dövlət qeydiyyatına alınmamış, hansısa əmlakın kiminsə mülkiyyətində olmasına münasibət bildirilə bilməz. Bildirilsə də bu orqan belə bir səlahiyyəti olmayan müvafiq icra hakimiyyəti orqanının yerli nümayəndəliyi ola bilməz. İddiaçı tərəfindən təqdim edilmiş digər sübut isə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətidir ki, orada da iddia ərizəsində qeyd edilənlərə bənzər məzmunda olan İddiaçı izahatı əks olunmuş, araşdırma çərçivəsində Cavabdeh izahatı alınmamış, hazırkı iş üzrə əhəmiyyət kəsb edəcək hər hansı hal müəyyən edilmiəmişdir. Bundan başqa, iddiaçı məhkəməyə evin kommunal ödənişlərinin özü tərəfindən ödənildiyi təsdiq etmək üçün bəzi sənədlər təqdim etmişdir ki, həmin sənələrdən birinin bu evə ümumiyyətlə aidiyyəti yoxdur. Belə ki, müvafiq sənəd ünvan 3 ünvanında yerləşən və xx.xx.2012-ci il tarixdə sayğacı quraşdırılmış evlə bağlı verilmişdir ki, bu tarixdə mübahisəli ev hələ tikilməmişdi. İddiaçını isə nə məqsədlə bu sənədi məhkəməyə təqdim etdiyi məlum deyil. Digər sənədlərdə isə işıq sayğacı üçün sifarişçinin İddiaçı olduğu göstərilsə də bu özü təklikdə iddiaçının həmin evi tikdiyini sübut etmir. Belə ki, tərəflər arasında uzun müddət faktiki nikah münasibətləri olmuşdur və iddiaçının münasibətdə olduğu və uşağının anası olan qadının evinin kommunal xərclərini ödəməsi adi haldır. Yəni evin bütün kommunal xərclərini iddiaçı ödəsə belə bu o demək deyil ki, mütləq şəkildə bu evi iddiaçı tikmişdir və buna görə kommunal xərcləri ödəyir. Artıq iddiaçının evin kommunal xərcləri ödəməsinin məntiqli səbəbi yuxarıda qeyd edilmişdir. Məhkəmə hesab edir ki, bu qeyd edilən səbəb evin və torpağın vergisinin iddiaçı tərəfindən ödənilməsi üçün də keçərlidir. Belə ki, nə evə görə vergi ödəməsi, nə də evin kommunal xərclərini ödəməsi təklikdə iddiaçının bu evi tikdiyini sübut etmir. Ən yaxşı halda bu hallar iddiaçı və cavabdehin münasibətdə olmalarını təsdiq edə bilər ki, işin bu halı onsuz da mübahisələndirilmir. Yekunda, bu sübutlar iş üzrə digər sübutlarla qarşılıqlı şəkildə əlaqələndirilərək qiymətləndirilir və müəyyən edilir ki, heç birinin iş üçün əhəmiyyəti yoxdur. Digər tərəfdən məhkəmə hesab edir ki, hazırkı iddianın məqsədi öz yaşayış yerindən məhrum olmuş İddiaçı mübahisəli evə köçürülərək yaşayış sahəsi ilə təmin edilməsi deyil. Belə ki, iddiaçı açıq şəkildə qeyd edir ki, o, həmin evə köçüb sonradan cavabdehi buradan çıxartmaq, evi sənədləşdirərək satmaq niyyətindədir. O, hətta cavabdehə başqa yerdə ev tikməyi də təklif etmişdir. Göründüyü kimi iddiaçının niyyəti özünü yaşayış sahəsi ilə təmin etmək yox, cavabdeh və övladını bu evdən çıxararaq evi satmaqdır. Məhkəmə hesab edir ki, evin vəziyyətinin yaşamaq üçün əlverişli olmaması da iddiaçının əslində burada yaşamaq niyyətinın olmadığını sübut edir. Belə ki, məhkəmə tərəfindən yerində məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı köçürülmək istədiyi bu ev yarımtikilidir.Tikilinin sadəcə bir otağının döşəmə və tavanı vurulmuş, qalan hissəsi yarım vəziyyətdədir.Evdə sanitar qovşağı və hamam yoxdur. Aydındır ki, bu cür ev ümumiyyətlə yaşayış sahəsi olmamaqla yaşayış üçün yararsızdır. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 12.2-ci maddəsində göstərilir ki, yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. 13.1-ci maddəsinə əsasən yaşayış sahələrinə aşağıdakılar aiddir: 13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi; 13.1.2. mənzil, mənzilin hissəsi; 13.1.3. otaq; 13.2-ci maddəsinə əsasən otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. 13.4-cü maddəsinə əsasən yaşayış evinin və ya mənzilin bilavasitə yaşamaq üçün nəzərdə tutulmuş ayrıca hissəsi otaq hesab edilir. Hazırkı tikili isə bu tələblərin heç birinə cavab vermir, burada nəinki sanitar və texniki normaların gözlənilməsi, ümumiyyətlə sanitar qovşağı və hamam yoxdur, tikilnin yalnız dam örtüyü və bir otağı var. Aydındır ki, belə bir evdə ancaq məcburiyyətdən, başqa bir alternativ olmadığı halda yaşamaq olar. İddiaçı bu evə köçürülmək istəyi isə bu evdə yaşaması üçün deyil, özünün dediyi kimi evi satması üçün ona lazımdır. Bu niyyət isə Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinın İ bəndi ilə müəyyən edilən və təminat altına alınan “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” müddəasının əhatə dairəsindən kənara çıxır. Belə ki, bu norma yaşayış sahəsindən qanunsuz məhrumetməni qadağan etməklə obyektiv hüququn mühafizə funksiyasını həyata keçirir, mənzildə və digər bu kimi yerlərdə yaşayan hər bir şəxsi özbaşınalıqdan qoruyur. İddiaçı niyyəti isə onun özünün dediyi kimi sadəcə olaraq cavabdehi özünün bildirdiyi kimi tikilidən çıxararaq tikilini satmaqdan ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikasının MPM-in: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının köçürülmək istədiyi özbaşına tikili qanunla müəyyən edilmiş yaşayış sahəsi tələblərinə uyğun gəlmədiyindən, iddiaçı niyyətinin evə köçüb orada yaşamaq deyil, evdən cavabdehi çıxararaq evi satmaq olduğunu açıq şəkildə ifadə etdiyindən və nəhayət iddiaçının bu tikilini öz vəsaiti hesabına tikdirməsi iş materialları və xüsusən şahid ifadələri ilə sübut edilmədiyindən, beləliklə iddianın əsassızlığı müəyyən edildiyindən iddia təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikasının MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən ödəniləmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddiаçı İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dаir iddia təmin edilməsin. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar