Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3317/2023 25.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi.
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Suraxanı rayonu, Oktay Şabanov küçəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. xx.xx.1999-cu il tarixdə Cavabdeh ilə rəsmi ailə münasibətlərinə girməklə ailə qurmuşdur. Birgə nikah dövründə olduğu müddətdə etibarnamə əsasında, torpaq sahəsi almış və üzərində üç mərtəbədən ibarət fərdi yaşayış evi tikdirmiş və həmin mənzildə uzun müddətdir yaşayır. Torpaq sahəsi üzərində tikilən yaşayış evinin hüquqi ünvanı Suraxanı Rayonu Hövsan qəsəbəsi, O.Şabanov küçəsidir. Hövsan Bələdiyyəsində torpaq vergi ödəyicisi kimi qeydiyyatdadır. İddia ərizəsinə əlavə olunan Suraxanı Rayonu İcra Hakimiyyəti Hövsan qəsəbəsi İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışından göründüyü kimi, İddiaçı, Cavabdeh, və övladları X3, qızları X4 və nəvələri X8 həmin mənzildə yaşayırlar. Belə ki, 3 mərtəbəli kürsülü yaşayış evinin tikintisinə ümumilikdə 150.000 (yüz əlli min manatdan ) çox xərc çəkmişdir. Cavabdeh onun həyat yoldaşıdır. Ailədaxili narazılıq səbəbi olaraq onu mənzilə buraxmır və qapının açarlarını da dəyişmişdir. Onun başqa yaşayış yeri yoxdur. O, sığınacaq olaraq hər gün bir qohumunun mənzilində qalmaq məcburiyyətində qalmışdır. Mənzilə yaxınlaşa bilmir və şərlənəcəyindən qorxur. Ən əsası mənzilin açarı onda olmadığı üçün mənzilə girə bilmir. Ona məxsus olan əşyalar, geyim ləvazimatları da həmin mənzildədir. Buna baxmayaraq, ev əşyası ola-ola hazırda səfil vəziyyətində bir gün küçədə və bir gün qohumlarının evində qalmasına dözə bilmir və məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında İddiaçı iddia tələbində qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, köçürülməsini tələb etdiyi ev sənədsiz evdir, onu nikahları dövründə tikmişlər.
4. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, cavabdehlə əvvəl ailə münasibətləri gərgin olsa da, lakin hazırda aralarında barışıq əldə edilmişdir və bu səbəbdən iddiaçının evə köçməsinə etirazı yoxdur. İddianı qəbul etdiyini bildirdi və bununla bağlı məhkəməyə ərizə təqdim etdi.
İş materialları.
5. Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X5 xx.xx.1999-cu il tarixdə nikaha daxil olmuşlar. Nikaha daxil olduqdan sonra arvada Quliyeva soyadı verilmişdir.
6. Suraxanı Rayon İcra Hakimiyyəti Hövsan qəsəbəsi İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 1032 nömrəli arayışından görünür ki, İddiaçı, Cavabdeh, X3, X4, X6 və X1 rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən nömrəsiz evdə yaşayırlar.
7. Cavabdeh xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, hazırki iş üzrə İddiaçı evə köçürülməsinə etirazının olmadığını bildirərək iddianı qəbul edir.
İşin faktiki halları.
8. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh xx.xx.1999-cu il tarixdə rəsmi nikah münaisbətlərinə daxil olaraq ailə qurmuşdurlar. Ailə qurduqdan sonra Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən nömrəsiz evdə yaşamışdırlar. Hazırkı iddia tələbində iddiaçı cavabdehin onu həmin birgə yaşadıqları fərdi yaşayış evinə buraxmadığını bildirir və əlavə olaraq qeyd edir ki, qalmağa başqa yeri yoxdur. Cavabdeh isə öz növbəsində məhkəməyə ərizə təqdim edərək iddia tələbini qəbul etdiyini və iddiaçının həmin fərdi yaşayış evinə köçürülməsinə etirazının olmadığını bildirmişdir.
Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 27. Fiziki şəxsin yaşayış yeri 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 27.3. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
10. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010cu il tarixli, «V.Q.Teryoxinin şikayəti ilə əlaqədar qərarı» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşayaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur.
11. Avropa İnsan Hüquqları Məhkəməsinin «Gillounun işi»nə dair qərarı Həmin qərarda göstərmişdir ki, həmin işdə ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə «mənzil» qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardır. (Bax: Valentina Akimova Azərbaycana qarşı 1985/03 saylı ərizənin qəbul edilənliyinə dair Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı, 3-cü bənd, 3 və 4-cü abzaslar).
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi 52.2 Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddə 191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi 191.1 İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.3 Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 220. Qətnamənin məzmunu 220.4. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
Məhkəmənin mövqeyi
13. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir.
14. Məhkəmə qeyd edir ki, iddiaçı hazırki tələblə birgə nikahda olduğu cavabehlə yaşadığı mənzilə köçürülməsini tələb edir. Cavabdeh isə məhkəməyə yazılı şəkildə ərizə təqdim edərək, iddia tələbini qəbul etdiyini və iddiaçının onun yaşadığı fərdi yaşayış evinə köçürülməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddia tələbini etiraf edilməsi qanunidir və bu əsasla hazırki iddia tələbi təmin edilə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Yuxarıda qeyd edilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, İddiaçı mübahisəli fərdi yaşayış evinə köçmək və orada yaşamaq hüququ vardır. Belə ki, mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Məhkəmə hesab edir ki, nə qədər ki, Cavabdeh mübahisəli evdə yaşaması qadağan edilməyib, onunla eyni hüquqi vəziyyətdə olan iddiaçının da həmin evə köçürülməsi ədalətli hesab edilməlidir.
Məhkəmə xərcləri
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
16. İddia tələbi təmin edildiyindən, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu və 50 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
17. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçı Qulı̇ yev Müşvı̇ q Hı̇ dayət oğlu Bakı şəhəri, Suraxanı rayonu, Oktay Şabanov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə köçürülməli və iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu və 50 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
18. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi : İddia təmin edilsin. İddiaçı Qulı̇ yev Müşvı̇ q Hı̇ dayət oğlu Bakı şəhəri, Suraxanı rayonu, Oktay Şabanov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə köçürülsün. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu və 50 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.