Məhkəmə qərarları › İş №2(010)-3321/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3321/2022

24.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3321/2022 24.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X4 iclas katibliyi, İddiaçı və Cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 2740 manat məbləğində pulun və ödənilmiş 48 manat məbləğində dövlət rüsumunun, cəmi 2788 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “Cavabdeh ilə sosial şəbəkədə tanış olmuşam və danışıq əsnasında o, mənə bildirib ki, xaricdən maşın gətirib satır. Mən də maşın almaq məqsədi ilə xx.xx.2021-ci il tarixdə tanışımız X6 ilə birlikdə Cavabdeh işlədiyi “Olimpik Star” əyləncə mərkəzinin yaxınlığında yerləşən “X3” ofisinə getdim. Aramızda olan söhbət zamanı mən Sənana dedim ki, “Toyota Prius” markalı avtomobil almaq istəyirəm. Bunun üçün o, məndən əvvəlcədən ilkin ödəniş olaraq 2740 manat beh istədi. Həmin vaxt mənim üzərimdə 2000 manat pul var idi. Mən bildirdim ki, gedim qalan pulu da gətirim sonra müqavilə bağlayarıq. Cavabdeh mənə bildirdi ki: “Eybi yoxdur. 2000 manat pulu notariat ofisində müqavilə ilə mənə ver, qalan pulu da kartıma göndərərsən”. Mən onunla razılaşaraq, Bakı şəhəri 23 saylı notariat ofisində kredit müqaviləsi bağladım və 2000 manat pulu Sənana verdim. Həmin gün Cavabdeh mənə zəng edərək, məsələnin tez həll olunması üçün pulun qalan hissəsini də ona göndərməyimi istədi və bunun üçün mənə kart hesabını göndərdi. Yerdə qalan 740 manat pulu səhv göndərəcəyimdən ehtiyat edərək “MilliÖn” aparatı vasitəsi ilə Sənanın kartına pul köçürtmək üçün dayım oğlu X1 xahiş etdim ki, mənimlə gəlsin. Biz birlikdə Lökbatan qəsəbəsində yerləşən “Orxan” marketə getdik. Həmin marketdə yerləşən “MilliÖn” aparatı vasitəsi ilə Cavabdeh mənə göndərdiyi bank hesabına 740 manat ödəniş etdim. Sənan mənimlə kredit müqaviləsini bağlayarkən aldığı 2000 manat pulu xx.xx.2022-ci il tarixə kimi qaytarmağı öhdəsinə götürmüş və bildirmişdir ki, həmin vaxta kimi maşını gətirib təhvil verəcəklər. Lakin həmin müddət tamam olsa da mənə söz verdiyi avtomobili gətirməmiş, dəfələrlə mən pulumu istəsəm də mənə bildirmişdir ki, pulu öz işlədiyi müdirinə vermiş, o da pulu götürüb qaçmışdır. Hazırkı vaxta kimi mənim pulumu qaytarmamışdır. Mən avtomobilimi almaq üçün Cavabdeh dəfələrlə zəng etmişəm. xx.xx.2022-ci il tarixdə Nahid adlı şəxs mənə zəng edərək bildirdi ki, avtomobilim gəlmişdir və sənədləşmə işlərinin görülməsi üçün sənədləri göndərməliyəm. Mən də “Whatsapp” vasitəsi ilə ***-***-**-** mobil nömrəmdən onun istifadəsində olan ***-***-**-** nömrəsinə məlumatları və sənədlərin şəkillərini göndərdim. xx.xx.2022-ci ildə Nahid mənə daha bir mesaj göndərdi və həmin mesajda avtomobilin servisdə olduğunu, son sənədləşmə işlərinin aparıldığını və bu həftə tamamlanacağını bildirdi. Sonra mənimlə yenə də əlaqə saxlayaraq avtomobilin sənədləşdirmə işləri üçün əlavə 125 manat pul tələb olunduğunu bildirdi. Mən bildirdim ki, imkanım yoxdur, maşın gəlsin ödənişi edərəm. Müxtəlif bəhanələr gətirərək avtomobilimi gətirməkdən və aldıqları pulu mənə qaytarmaqdan imtina edirlər. Mən aldadıldığımı başa düşmüşəm və bunun üçün məhkəməyə müraciət edirəm. Dəfələrlə pulumu istəsəm də hər dəfə müxtəlif bəhanələrlə pulu verməkdən imtina etmişdir. Buna görə mən polisə də müraciət etmişəm. Polisdən mənə göndərilmiş rəsmi cavabda iş mülki xarakaterli olduğu üçün məhkəməyə müraciət etməli olduğum bildirilmişdir. Cavabdeh ilə danışıqlarımıza şahid qismində X6, pulun “MilliÖn” aparatı vasitəsi ilə göndərilməsində isə X5 iştirak etmişdir”.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh xaricdən maşın gətirib satan şəxs kimi tanımışdır. O, xaricdən “Toyota Prius” markalı avtomobil almaq istədiyindən Sənan adlı şəxslə əlaqə saxlamış, Sənan maşını gətirmək üçün ondan əvvəlcə 2000 manat ilkin ödəniş istəmişdir. Bundan sonra o, bankdan 2000 manat kredit götürərək Sənanın işlədiyi “Olimpik Star”ın yaxınlığında yerləşən ofisə getmiş, pulu Sənana vermiş, bununla bağlı aralarında notariat ofisində müqavilə bağlanmışdır. Elə həmin gün Sənan ona demişdir ki, maşının gətirilməsi üçün əlavə 800 manat məbləğində yol xərci də ödəməlidir. O da həmin gün Sənanın ona göndərdiyi karta 740 manat pul köçürmüşdür. Həmin kart Sənanla birlikdə işləyən Nahid adlı şəxsə məxsus olsa da Nahid və Sənan birlikdə işlədiklərindən, onunla əlaqə saxlayan yalnız Sənan olduğundan və həmin kartı da ona Sənan atdığından pulu Sənandan tələb edir. Ümumilikdə, Sənana 2000 manat notariat ofisində, 740 manat isə karta göndərməklə, cəmi 2740 manat məbləğində pul vermişdir. Hazırda həmin pulu ondan tələb edir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Vəkil iddianı qəbul etməyərək bildirdi ki, bu işlə bağlı Mərdan adlı şəxs barəsində cinayət işi açılmış, həmin şəxs həbs olunmuşdur. Hazırda işlə bağlı Səbail rayon Polis İdarəsində istintaq aparılır və güman ki, hazırkı iş üzrə iddiaçı da həmin işdə zərərçəkmiş şəxs kimi tanınacaq. Yekunda isə iddiaçının verdiyi pul özünə qaytarılacaq. Ona görə ki, Mərdan adlı şəxs xaricdən maşın gətirib satmaq adı ilə zərərçəkmiş şəxslərdən alınmış bütün pulların onda olduğunu artıq etiraf etmiş və hamısını sahiblərinə qaytaracağını bildirmişdir. Hesab edir ki, həmin iş üzrə yekun qərar qəbul edilənədək bu iş üzrə icraat dayandırılmalıdır. Hazırkı vəziyyətdə isə Cavabdeh qarşı yönəlmiş iddia təmin edilməməlidir. Ona görə ki, Cavabdeh bu iddia üzrə cavabdeh deyil. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.

İş materialları.

5. Bakı şəhəri 23 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin notariat qaydasında təsdiq edilmiş görünür ki, İddiaçı Cavabdeh 2000 manat məbləğində pulu notariusun bankda açılan depozit hesabı vasitəsi ilə borc verir. Cavabdeh krediti xx.xx.2022-ci il tarixinədək İddiaçı qaytarmağı öhdəsinə götürür.

6. Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, ***-**** nömrəli məktubdan görünür ki, İddiaçı müraciətində qeyd olunan məsələnin mülki xarakterli olduğu bildirilmiş, bununla əlaqədar məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.

7. Bir ədəd CD-dən görünür ki, CD-də iki şəxsin qarşılıqlı bir-birinə göndərdiyi altı səsli mesaj yerləşdirilmişdir.

Şahid ifadələri.

8. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X5 bildirmişdir ki, İddiaçı onun bibisi oğludur, cavabdehi isə tanımır. Eldar Lökbatan qəsəbəsində yerləşən “Orxan” marketdə “MilliÖn” ödəmə aparatı vasitəsi ilə kiminsə hesabına 740 manat məbləğində pul köçürmüşdür. Lakin ödənişin kimə edildiyini dəqiq bilmir. Eldar ona taksi fəaliyyəti ilə məşğul olmaq üçün xaricdən avtomobil almaq istədiyini və bu səbəbdən ödəniş etdiyini bildirmişdir. Lakin iddiaçı tərəfindən məhz bu iş üzrə cavabdehə konkret olaraq hansısa məbləğdə pul ödənildiyinin şahidi olmamış, yalnız onun yanında kiməsə pul köçürülməsinə şahid olmuşdur.

İşin faktiki halları.

9. Borc verən İddiaçı və Borc alan Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə notariat qaydasında təsdiq edilmiş kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən Borc verən Borc alana 2000 manat məbləğində pul borc verməyi, Borc alan isə xx.xx.2022-ci il tarixədək pulu Borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.

10. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumilikdə 2740 manat məbləğində pul tutulmasını xahiş etmişdir. O, həm iddia ərizəsində, həm də məhkəmə iclasında verdiyi izahatda iddiasını belə əsaslandırmışdır ki, cavabdeh həmin pulları ondan onun tapşırığı ilə xaricdən avtomobil gətirib ona satmaq üçün ilkin ödəniş adı ilə almış, lakin sonradan onu aldatmış, nə avtomobil gətirmiş, nə də pulunu qaytarmışdır. O da bu səbəbdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) tərəflər arasındakı münasibətlərin mahiyyəti (iddiaçının xaricdən avtomobil gətirtmək üçün cavabdehə pul vermiş olması) ilə bağlı iddiaçının qeyd etdiklərini mübahisələndirməsə də cavabdehin həmin pulları başqa şəxsə verdiyini, həmin şəxsin barəsində isə artıq cinayət işi açıldığını bildirmiş, dolayısı ilə bu iş üzrə cavabdehin hazırkı iddiaya cavab verməli şəxs olmadığını iddia etmişdir.

Tətbiq edilən hüquq.

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 324. Əqd anlayışı və onun növləri. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 340. Uydurma və yalan əqdlərin etibarsızlığı. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 404. Müqavilənin təfsiri. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 777. Tapşırıq müqaviləsi. 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Maddə 778. Tapşırığın məzmunu. 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Maddə 782. Tapşırığın icrası nəticələrini vermək vəzifəsi. 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur.

12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarı.

Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76. Sübutlar. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

14. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi.

Məhkəmənin mövqeyi.

15. İşin faktiki hallarından göründüyü kimi tərəflər arasında notariat qaydasında təsdiq edilmiş xx.xx.2021-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən iddiaçı cavabdehə 2000 manat məbləğində pul borc verməyi, cavabdeh isə götürdüyü pulu xx.xx.2022-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür.

16. Lakin məhkəmə bu müqaviləyə baxmayaraq hesab edir ki, tərəflər arasında borc münasibətləri olmamışdır. Belə ki, həm iddia ərizəsinin əsaslandırıcı hissəsindən, həm də iddiaçının məhkəmə iclasında verdiyi izahatdan belə görünür ki, o, cavabdehə 2000 manat məbləğində pulu borc kimi yox, xarici ölkədən avtomobil gətirtmək üçün üçün ilkin ödəniş kimi vermişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) də öz növbəsində iddiaçının cavabdehə borc verdiyini iddia etməmiş, iddiaçının cavabdehə xaricdən avtomobil gətirtmək üçün pul verdiyini qəbul etmiş, lakin bu pulun əslində üçüncü bir şəxsə verildiyini, cavabdehin sadəcə vasitəçi olduğunu iddia etmişdir.

17. Göründüyü kimi cavabdehin iddiaçı qarşısında öhdəliyi olub-olmaması ilə bağlı tərəflər eyni mövqedə olmasalar da aralarında borc münasibətləri olmaması ilə bağlı ortaq mövqe nümayiş etdirmişlər. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi başqa əqdi pərdələmək məqsədi ilə bağlanmış yalan əqd olmuşdur.

18. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarları).

19. Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər.

20. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: 20.1. - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; 20.2. - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; 20.3. - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur.

21. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə tərəflər arasında bağlanmış kredit müqaviləsi yalan əqdlərin yuxarıda sadalanmış bütün tərkib əlamətlərinə malikdir. Bunun davamı olaraq, tərəflər arasındakı münasibətlərin təbiəti baxımından pərdələyən əqd kredit müqaviləsi, pərdələnən əqd tapşırıq müqaviləsi hesab edilməlidir.

22. Belə ki, iddiaçı cavabdehə xarici ölkədən avtomobil gətirmək tapşırığı vermiş, bunun üçün cavabdehə 2000 manat məbləğində ilkin ödəniş etmiş, bu ödəniş tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə pərdələnmişdir. Lakin tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs – cavabdeh tapşırığı lazımınca icra etmədiyindən iddiaçı ödədiyi pulu cavabdehdən tələb edir.

23. Məhkəmə hesab edir ki, iddiaçı həmin pulu cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Belə ki, cavabdeh tərəflər arasında bağlanmış həqiqi müqavilə - tapşırıq müqaviləsi üzrə öhdəliyini lazımınca yerinə yetirməmiş, xaricdən gətirməyi öhdəsinə götürdüyü və qarşılığında iddiaçıdan ilkin ödəniş aldığı avtomobili gətirib iddiaçıya verməmişdir. Belə olan halda iddiaçı həmin tapşırıq müqaviləsi üzrə ödədiyi sübut olunan 2000 manat məbləğində pulu cavabdehdən tələb etməkdə haqlı olmuşdur.

24. Məhkəmə həmin 2000 manatın cavabdehə verildiyini ona görə sübut edilmiş hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi yalan əqd olmaqla özlüyündə əhəmiyyətsiz əqd olsa da həmin müqavilədə “borc” kimi göstərilmiş 2000 manat məbləğində pul notariusun bankda açılan depozit hesabı vasitəsi ilə cavabdehə verilmişdir.

25. Bu hissədə məhkəmə pulun əslində cavabdehə yox, üçüncü bir şəxsə verilmiş olması ilə bağlı cavabdehin nümayəndəsi (vəkilinin) iddiasına münasibət bildirməyi zəruri hesab edir. Belə ki, cavabdehin vəkili iddia etmişdir ki, xaricdən avtomobil gətirib satmaq adı ilə iddiaçının da daxil olduğu bir qrup zərərçəkmiş şəxsdən pul alan Mərdan adlı üçüncü bir şəxs olmuşdur və hazırkı iş üzrə Cavabdeh da İddiaçı aldığı pulu həmin şəxsə vermişdir. Cavabdehin vəkilinin mövqeyinə görə Mərdan adlı şəxs barəsində artıq cinayət işi açılmış olduğundan həmin iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı qəbul edilənədək bu iş üzrə icraat dayandırılmalı, dayandırılmadığı təqdirdə iddiaçının verdiyi pulu götürən cavabdeh yox, Mərdan adlı şəxs olduğundan cavabdehə qarşı qaldırılmış hazırkı iddia təmin edilməməlidir.

26. Məhkəmə isə bu mövqe ilə razılaşmır. İlk növbədə ona görə ki, iddiaçı tərəfindən verilən pulun əslində cavabdehə yox, Mərdan adlı başqa bir şəxsə verilməsinə dair məhkəməyə heç bir sübut təqdim edilməmiş, iddiaçının özünün də belə bir ifadəsi olmamış, əksinə yalnız bu iş üzrə Cavabdeh tanıyıb ona da pul verdiyini iddia etmişdir. Bundan başqa, məhkəməyə Mərdan adlı şəxsin istintaqda belə bir ifadə vermiş olması, onun təqsirləndirilən şəxs kimi cəlb edildiyi işdə bu iş üzrə İddiaçı zərərçəkmiş şəxs kimi tanınmış olması ilə bağlı heç bir sübut təqdim edilməmişdir. Bu vəziyyətdə məhkəmə həmin cinayət işinə baxılması ilə əlaqədar hazırkı iş üzrə icraatın dayandırılmasına lüzum görməmiş, eləcə də bu iş üzrə cavabdehin əslində başqa bir şəxs olması nəticəsinə gəlməmişdir.

27. Hər bir halda məhkəmə xatırladır ki, cavabdehin vəkilinin iddia etdiyi kimi iddiaçıya dəymiş zərərə görə əslində üçüncü bir şəxsin təqsirli olması gələcəkdə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilərsə, hazırkı iş üzrə cavabdeh bu qətnamə əsasında iddiaçıya ödədiyi pulu geriyə tələb (reqres) hüququ əsasında tələb edə bilər.

28. Məhkəmə iddia tələbinin qalan – 740 manat məbləğində pulla bağlı hissəsini əsassız hesab edir. İlk növbədə ona görə ki, iddiaçı tərəfindən tələbini bu hissədə təsdiq edəcək mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı məhkəməyə hansısa kart hesabına “MilliÖn” elektron ödəmə sistemi vasitəsilə 740 manat məbləğində pul köçürüldüyünü göstərən qəbzin surətini təqdim etmişdir ki, bu qəbz adi kserosurət şəklində olduğundan mötəbər sübut sayıla bilməz. Digər tərəfdən, qəbzin surətindən 740 manat məbləğində pulun hansı şəxsin hesabına köçürüldüyünü müəyyən etmək mümkün deyil. Belə ki, qəbzdə yalnız pulun köçürüldüyü kartın nömrəsi və hesab nömrəsi ilə bağlı məlumatlar qeyd edilmişdir. Hansı ki, iddiaçı həmin kart və hesab məlumatlarının cavabdehə yox, Nahid adlı başqa bir şəxsə məxsus olduğunu bildirmişdir. Belə olan halda məhkəmə bu qəbzin surəti ilə hazırkı iş üzrə əhəmiyyət kəsb edən hər hansı halın təsdiq edilmədiyi nəticəsinə gəlir.

29. İddiaçı tərəfindən həmin 740 manat məbləğində pulla bağlı məhkəməyə təqdim edilmiş digər sübut məhkəmə iclasında şahid qismində ifadə vermiş X2 ifadəsidir. Lakin həmin şahid ifadəsində iddiaçı tərəfindən cavabdehə 740 manat məbləğində pul verilməsinə, yaxud iddiaçı tərəfindən məhz cavabdehin hesabına pul köçürülməsinə şahid olduğunu təsdiq etməmişdir. Həmin şahid yalnız iddiaçının xaricdən avtomobil almaq üçün kiminsə hesabına pul köçürməsi, bu köçürmənin hansı ərazidəki “MilliÖn” aparatı vasitəsilə həyata keçirilməsi kimi hallara şahid olduğunu, köçürülən məbləğin kimin hesabına köçürülməsindən isə məlumatsız olduğunu bildirmişdir. Bu vəziyyətdə məhkəmə həmin şahid ifadəsi əsasında iddiaçının cavabdehə 740 manat məbləğində pul verməsi nəticəsinə gələ bilməz.

30. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş digər sübut isə müxtəlif səs yazılarının olduğu bir ədəd CD-dir. Məhkəmə ilk növbədə bu sübutun qəbul edilənliyi məsələsinə müasibət bildirərək qeyd edir ki, həmin CD-də olan səs yazılarında danışıq tərəflərinin hər hansı birinin şəxsi və ailə həyatı sirrinə dair məlumatlar əks edilməsə də danışığın hansı şəxslər arasında baş tutduğu müəyyən edilmədiyindən məhkəmə həmin səs yazılarını iş üzrə sübut kimi qiymətləndirmir. Ona görə ki, danışıqların ümumi məzmunu hansısa avtomobilin gətirilib-gətirilməməsi ilə bağlı olsa da danışıq tərəfləri birbirinə ancaq “qardaş”, “qardaşım” şəklində müraciət etdiyindən tərəflərin kim olduğunu müəyyən etmək mümkün olmamışdır. Öz növbəsində cavabdeh bu səs yazılarının özünə məxsusluğunu qəbul etmədiyindən məhkəmə səs yazılarında danışıqları əks olunan tərəflərin hazırkı iş üzrə tərəflər olduğu nəticəsinə gələ bilmir. Bu vəziyyətdə isə həmin səs yazılarının sübut kimi qəbul edilməsi istisna edilir.

31. Məhkəmə bu cür nəticəyə gələrkən nəzərə alır ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarı).

32. Hər bir halda məhkəmə qeyd edir ki, bu səs yazıları iş üzrə sübut kimi qəbul edilsəydi belə, danışıqların məzmunundan tərəflər arasında hər hansı pul münasibətinin olması müəyyən edilmir. Belə ki, danışıqların ümumi məzmunu hansısa avtomobilin gətirilib-gətirilməməsi ilə bağlıdır və hansısa pul münasibətlərindən bəhs edilmir. Bu vəziyyətdə məhkəmə həmin sübut əsasında iş üzrə əhəmiyyət kəbs edən hər hansı halın müəyyən edilməsinin heç bir halda (sübut qəbuledilən olsa belə) mümkün olmadığı nəticə gəlir.

33. Göründüyü kimi iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutların heç biri cavabdehə 740 manat məbləğində pul verildiyini təsdiq etmir. Belə olan halda məhkəmə iddianın bu hissədə sübut edilmədiyi nəticəsinə gəlir və hesab edir ki, iddia 740 manat məbləğində pul tələbi ilə bağlı hissədə təmin edilməməlidir.

Məhkəmə xərcləri.

34. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddiaçı tərəfindən 48 manat məbləğində dövlət rüsumu ödənilmişdir ki, ödənilmiş bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə (2740 manat) mütənasib olmuşdur.

35. Odur ki, iddia qismən təmin edildiyindən iddianın təmin edilmiş hissəsinə (2000 manat) mütənasib olan ödənilmiş 40 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

36. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2000 (iki min) manat məbləğində pul və 40 (qırx) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

37. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏT E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh 2000 (iki min) manat məbləğində pul və 40 (qırx) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar