Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3336/2025 16.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında 12.06 2022-ci il tarixdə Bakı 3 saylı "ASAN Xidmət" mərkəzi Qeydiyyat şöbəsində qeydə alınmış nikahın etibarsız sayılması və mediasiya sessiyası üçün ödənilmiş 61 (altmış bir) manat xərcin və məhkəməyə ödənilmiş 50 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. O, Cavabdeh ilə 12 iyun 2022-ci il tarixdə Bakı 3 saylı "ASAN Xidmət" mərkəzi Qeydiyyat şöbəsində nikah qeydə alınmışdır. Lakin hələ evlənməmiş, ailə həyatı qurmamış və ailə münasibətlərinə girməmiş anladı ki, səhv etmişdir və yanılmışdır. Belə ki, xarakter etibarı ilə çox fərqli insanlardır. Buna görə də, Cavabdeh ilə ailə qurmaq mümkün deyildir. Qeydə alınmış nikah isə formal xarakter daşımaqla heç bir hüquqi əsası olmamışdır, birgə yaşamamışlar, birgə əmlakları və təsərrüfatları olmamışdır. Hazırda da bir – birilərinə heç bir tələbləri yoxdur. Bildirir ki, rəsmi nikah bağladıqdan sonra, Cavabdeh ilə heç vaxt bir evdə yaşamamışdırlar. Tərəflərin izahatları
3. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir.
4. Məhkəmə iclasında İddiaçı ərizə ilə müraciət edərək işə qiyabi icraat qaydasında baxılıb qiyabi qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Eyni zamanda məhkəmə iclasında izahatı zamanı iddia tələbinin qiyabi formada təmin edilməsini xahiş etmişdir.
5. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır.
Şahid ifadələri.
6. Məhkəmə iclasında şahid qismində dindirilən X1 bildirdi ki, İddiaçı xalasıdır. İddiaçıya nikahdan sonra cavabdehin yaxşı insan olmadığını bildirmişdir. Nikahdan sonra iddiaçı öz evində, cavabdeh isə Gəncədə yaşamışdır. Onlar birlikdə yaşamamışdırlar.
7. Məhkəmə iclasında şahid qismində dindirilən X2 bildirdi ki, İddiaçı anasıdır. Cavabdeh onlara elçi gələndə birinci həyat yoldaşından ayrılmamışdı. Qızı heç vaxt onunla birlikdə yaşamayıb, öz yanında qalırdı.
İş materialları
8. AZ-İİ seriyalı, 519554 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2022-ci ildə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2033 nömrə ilə qeyd edilmişdir.
9. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-706/2022 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh ilə X3 arasında xx.xx.2006-cı il tarixdə bağlanmış nikahın pozulması qət edilmişdir.
10. AZ-İ seriyalı, 423220 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X3 arasında olan nikah Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2022-ci il tarixdə ləğv edilmişdir.
İşin faktiki halları
11. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə nikahın bağlanması işin mübahisəsiz halıdır. Hazırki tələbdə iddiaçı nikahın etibarsız hesab edilməsini tələb edir və tələbini onunla əsaslandırır ki, cavabdehi tanımamışdır, tamamilə fərqli xasiyyətli insanlar olmuşdurlar və nikaha daxil olsalar da, bir gün belə birlikdə yaşamamışdırlar. Tələbin əsası kimi şahid ifadələrinə istinad edir. Cavabdeh tərəfindən iddia tələbinə dair etiraz yaxud mülahizə daxil olmamışdır. İşin araşdırılması zamanı müəyyən edilir ki, tərəflər heç vaxtı bir yerdə yaşamamışlar.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 17. Ailə, uşaqlar və dövlət İ. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Maddə 34. Nikah hüququ İİ. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz.
13. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
Maddə 2. Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə tənzimlənən münasibətlər 2.3. Nikah kişi ilə qadının ailə qurmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Odur ki, heç kəs iradəsinə zidd olaraq nikahda qalmağa məcbur edilə bilməz. Maddə 25. Nikahın etibarsız sayılması 25.1. Bu məcəllənin 10—12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. 25.2. Nikah məhkəmə qaydasında etibarsız sayılır. 25.4. Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Maddə 26. Nikahın etibarsız sayılmasını tələb etmək hüququ olan şəxslər 26.1. Aşağıdakı şəxslər nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər: 26.1.3. nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa — nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad); Maddə 28. Nikahın etibarsız sayılmasının nəticələri 28.1. Bu Məcəllənin 28.5-ci, 28.6-cı və 28.7-ci maddələri ilə müəyyən olunmuş hallar istisna olmaqla etibarsız hesab edilmiş nikah ər-arvadın qarşılıqlı hüquq və vəzifələrini yaratmır.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 238. Qiyabi icraatın əsasları 238.1 İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. 238.4 İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Maddə 241. Qiyabi icraat qaydası 241.1 Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Maddə 244. Qiyabi qətnamədən şikayət verilməsi Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır.
Məhkəmənin mövqeyi
15. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qiyabi şəkildə təmin edilməlidir.
16. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbində iddiaçı ona istinad edir ki, cavabdehlə nikaha daxil olsa da, ümumiyyətlə birgə yaşamamışdırlar və cavabdehin onunla həqiqi nikah münasibətlərinə girmək fikiri də olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən şəxslər də öz ifadələrində iddiaçı ilə cavabdehin nikaha daxil olmasına baxmayaraq, heç zaman ər-arvad kimi birgə yaşamadıqlarını bildirmişdirlər. Məhkəmə şahid ifadələrinə tənqidi yanaşılması üçün əsas görmür. Məhkəmə qeyd edir ki, ailə qanunvericiliyində nikahın etibarsız hesab edilməsi üçün konkret olaraq şərtlər müəyyən edilmişdir. Həmin şərtlər sırasında - tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyətinin olmamasının da bağlanan nikahın (saxta nikah) etibarsız hesab edilməsi üçün əsas olduğu göstərilmişdir. Məhkəmə qeyd edir ki, hazırki işin araşdırılan hallarından və şahid ifadələrindən aydın olur ki, tərəflər baxmayaraq ki, rəsmi qaydada nikaha daxil olmuşlar, lakin, bununla belə, heç bir zaman ailə kimi yaşamamış və birgə təsərrüfat idarə etməmişdirlər. Buna qarşılıq olaraq, cavabdeh də iddia tələbinə hər hansı etiraz və ya mülahizə irəli sürməmişdir. Məhkəmə qeyd olunan halları nəzərə almaqla hesab edir ki, göstərilən xüsusatlar nikahın etibarsız hesab edilməsi üçün əsasdır.
Məhkəmə xərcləri
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. Məhkəmə hesab edir ki, iddia tələbi qiyabi formada təmin edildiyindən iş üzrə ödənilmiş 50 manat dövlət rüsumu və 61 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
19. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qiyabi formada təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 3 saylı Bakı ASAN Xidmət mərkəzi Qeydiyyat şöbəsində bağlanmış 2033 saylı nikah etibarsız hesab edilməli və iş üzrə ödənilmiş 50 manat dövlət rüsumu və 61 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.
20. Məhkəmə, son olaraq, iş üzrə tərəflərə nikah pozulduqdan sonra onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən 3 illik iddia müddəti çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyini izah edir.
21. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi : İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 3 saylı Bakı ASAN Xidmət mərkəzi Qeydiyyat şöbəsində bağlanmış 2033 saylı nikah etibarsız hesab edilsin. İş üzrə ödənilmiş 50 manat dövlət rüsumu və 61 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh X4 qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.