Məhkəmə qərarları › İş №2(010)-3364/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3364/2022

26.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3364/2022 26.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müqavilə üzrə öhdəliklərin icrasının təmin olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh beh müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri icra etmədiyinə görə 1000 (min) manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi. İddia tələbinin dəlilləri İddiaçı ilə Cavabdeh arasında əldə olunmuş razılığa əsasən o, özünə məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 2345-ci məhəllədə yerləşən ümumi sahəsi 54 kv.m olan 117 nömrəli mənzili ona 96000 manata satmasını öz öhdəsinə götürmüşdür. Buna görə də onun tərəfindən cavabdehə 500 manat məbləğində beh verilmişdir. Aralarında baş vermiş bu hüquq münasibətləri beh müqaviləsi ilə rəsmiləşdirilmişdir. O, cavabdehdən dəfələrlə sözügedən mənzilin ona satılmasını tələb etsə də cavabdeh müxtəlif bahanələrlə alqı-satqı müqaviləsinin bağlamaqdan boyun qaçırmışdır. Beh müqaviləsi bağlandıqdan müəyyən müddət sonra cavabdeh həmin mənzili iddiaçıya satmayacağını konkret demişdir. O, dəfələrlə cavabdehdən beh məbləğinin geri qaytarılmasını tələb etsə də, cavabdeh onun zənglərinə cavab verməmişdir. O, cavabdehin yaşayış yerini müəyyən edə bilmədiyi üçün cavabdehlə görüşüb məsələni müzakirə edə bilməmişdir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Onunla cavabdeh arasında bağlanmış beh müqaviləsinin 2-ci bəndinə görə cavabdeh ona müqavilədə göstərilən mənzili xx.xx.2022-ci il tarixinədək satmağını öz öhdəsinə götürmüşdür. Müqavilənin son icra tarixindən 3 aya yaxın müddət keçməsinə baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Onunla cavabdeh arasında beh müqaviləsi bağlanmış, o, həmin müqavilə əsasında cavabdehə 500 manat məbləğində vəsait vermişdir. Cavabdeh isə müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Qanunvericiliyin yuxarıda qeyd olunmuş normalarının tələblərinə və aralarında bağlanmış müqavilənin 4-cü bəndinə görə cavabdeh beh qismində aldığı pul vəsaitinin iki mislini, yəni 1000 manat pulu ona geri qaytarmalıdır. Ona görə də hesab edir ki, bu vəsait cavabdehdən məhkəmə qətnaməsi əsasında tutulmalıdır. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən iddiaçının nümayəndəsi, anası X2 iddia tələbinə uyğun izahat verərək tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdehdən kömək istəməklərinin səbəbi ilk əvvəl bankdan krediti götürməkdə çətinliklə qarşılaşmaqları olmuşdur. Sonradan, yəni 5 mart tarixində özlərinə ipoteka krediti vasitəsilə başqa ev almışlar. Cavabdeh özü evi onlara satmaq istəmədiyindən cavabdehin evini ala bilməmişdir. Məhkəmə iclasında dindirilən Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, makler müqavilə bağladı, lakin müqaviləni notariusda təsdiq etməmişlər. Evin mənzilini ipoteka ilə almaq istəyirdi. Sənədləri həll edəndən sonra dedi ki, alınmır. Bu barədə "whatsapp" yazışması da vardır. Yazışmalar aydın şəkildə görmək olur ki, Orxan bankdan kredit götürməkdə çətinlik çəkir və ona görə də ondan kömək istəyir. Müqavilədə 500 manat yazsalar da ona 300 manat vermişlər. O da həmin məbləği sənədləşmə işlərinə sərf etmişdir. Onlar əvvəl dedilər ki, bankdan kreditə razılıq verilmir deyə evi ala bilmirlər, sonradan o xəbər tutdu ki, beh müqaviləsində razılaşdırılmış müddət ərzində, yəni 15 mart 2022-ci il tarixinədək iddiaçı özünə ev almışdır. Orxan özü onun evini almaqla bağlı razılığa gəlsə də, gedib başqa ev almış, indi də ondan behin iki mislini istəyir. İddiaçı vədinə əməl etmədiyindən, onunla razılaşmağına baxmayaraq özünə başqa ev aldığından, o da yenidən başqa müştəri axtarmağa məcbur oldu, böyük əziyyətlərdən sonra aprel ayında evini sata bildi. Cavabdeh izahatında göstərdi ki, iddiaçının iddia tələbi əsassızdır, çünki iddiaçı müqavilə şərtlərini özü pozmuşdur, ona görə də iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş: İddiaçı və Cavabdeh arasında bağlanmış beh müqaviləsindən görünür ki, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 2345-ci məhəllədə yerləşən ümumi sahəsi 54 kv.m olan 117 nömrəli mənzilin ona 96000 manata Beh verənə satmağa, Beh verən isə həmin əmlakı almağı öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən tərəflər arasında alqı-satqı müqaviləsi xx.xx.2022-ci il tarixdən gec olmayaraq rəsmiləşdirilməlidir. İddiaçı Cavabdeh 500 (beh yüz) manat məbləğində beh vermiş, Cavabdeh həmin məbləği qəbul etmişdir. 051 883 83 34 abonentin "Whatsapp" yazışmasından müəyyən olunur ki: - Salam Konul xanim Orxandı narahat eden sizi sehmet olmasa santexnikin nomresini vererdiz bize biz degigileşdirerdik o meseleni» - salam ne dedi size makler tanisiviz nese ede bildi bankda? - salam Konul xanım Orxandi narahat edən siz dunen danıwdiz nese dediler? - salam Konul xanım Orxandi men bankdayam indi yaninda adam var girecem indi oğlanin yanina. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 491.1. Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. 491.2. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. 492.2. Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə baxışında müəyyən olunmuşdur ki, Cavabdeh özünə məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 2345-ci məhəllədə yerləşən 117 nömrəli mənzili satmaq istəmişdir. İddiaçı həmin mənzili Cavabdeh 96000 manat məbləğində alması barədə razılığa gəlmişdir və aralarında beh müqaviləsi bağlanmış və tərəflər arasında evin alqı-satqısının xx.xx.2022-ci il tarixdən gec olmayaraq rəsmiləşdirilməsi qərara alınmışdır. İddiaçı tərəfindən Cavabdeh 500 (beş yüz) manat məbləğində beh verilmişdir. İddiaçı tərəf iddiasını onunla əsaslandırır ki, cavabdeh ona beh müqaviləsində razılaşdırıldığı kimi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 2345-ci məhəllədə yerləşən 117 nömrəli mənzili satmaqdan imtina etdiyindən iddiaçı tərəfindən verilmiş 500 manat məbləğində behin iki misli, yəni 1000 manat məbləğində vəsait cavabdehdən alınaraq ona verilməlidir. Cavabdeh isə iddiaya etiraz olaraq bildirir ki, İddiaçı beh müqaviləsi bağlandıqdan sonra bankdan krediti götürməsində problemlər yaşamış, hətta kömək üçün ona da müraciət etmiş, sonra isə ona məlum olmuşdur ki, beh müqaviləsində razılaşdırılmış müddət keçməmiş İddiaçı ipoteka krediti vasitəsilə başqa mənzil almışdır. Məhkəmə vurğulayır ki, iddiaçının nümayəndəsi cavabdehin ona ev satmaqdan imtina etdiyini əsas gətirsə də, bu hal iş materialları ilə öz təsdiqini tapmır. Əksinə məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, iddiaçı əvvəlcə ipoteka kreditləşməsində çətinliklə qarşılaşdığını cavabdehə bildirmiş, daha sonra isə, yəni 05 mart tarixində - beh müqaviləsi üzrə alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün nəzərdə tutulan müddət bitməmiş ipoteka krediti vasitəsilə başqa bir mənzil almışdır. Qeyd edilənləri nəzərə alaraq və qanunvericiliyin sadalanan normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış beh müqaviləsinin icra edilməməsi üçün iddiaçı məsuliyyət daşıdığından iddia rədd edilməli, beh digər tərəfdə qalmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin sadalanan normasını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona aid edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “müqavilə üzrə öhdəliklərin icrasının təmin olunması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar