Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3366/2023 10.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh və Üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı (üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti) “pul, tələbin mənzilə yönəldilməsi, istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, mənzildən çıxarma və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən "xxxx" MTK ilə X12 arasında bağlanmış ********* saylı, 30 avqust 2016-cı il tarixli payçı müqaviləsinin, mülkiyyət hüququna dair DƏDRX-nin dövlət reyestri tərəfindən verilmiş xx.xx.2018-ci tarixli çıxarışın ləğv edilməsi, Cavabdeh ailə üzvləri X10 və X13 ilə birlikdə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” massivi, bina 5, 12C saylı mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq iddiaçı "xxxx" MTK-ya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MTK ilə X12 arasında xx.xx.2016cı il tarixdə ********* saylı payçı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdeh X8 Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” massivi, bina 5, mənzil 12C, sahəsi 69.9 kv.m olan, 2 otaqlı mənzil satılmışdır. "xxxx" MTK-nın təminatı və zaminliyi əsasında "xxxx" ASC ilə X12 arasında xx.xx.2016-cı il tarixdə bağlanmış təminatlı kredit müqaviləsinə əsasən bank X8 103748 (yüz üç min yeddi yüz qırx səkkiz) manat məbləğində kredit vermişdir. Mübahisə predmeti olan həmin mənzilə kredit ayrılsa da, cavabdehə satılan mənzil dövlət reyestrində qeydə alınmamış, həmin mənzilə dair X7 adına mülkiyyət hüququnu təsdiq edən çıxarış verilsə də, payçı mənzili ipoteka ilə yüklü etməmişdir və bununla da müqavilə öhdəliyini pozmuşdur. X4 14 mart 2018-ci il tarixdə ölmüşdür. Payçının həyat yoldaşı Cavabdeh vərəsəliyi qəbul etmiş, bir neçə ay müqavilə öhdəliyinə uyğun “Azərbaycan Beynəlxalq Bank”ına kredit ödəmişdir. "xxxx" MTK Cavabdeh dəfələrlə kreditin ödənilməsi barədə xəbərdarlıq etməsinə baxmayaraq, ödəmək qabiliyyətində olmadığını bildirmişdir. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin kredit müqaviləsinə əsasən tərtib edilmiş ödəniş cədvəli üzrə əsas və faiz borcu 19495 (on doqquz min dörd yüz doxsan beş) manat təşkil edir və bununla da o, müqavilə şərtlərini və AR Mülki Məcəlləsinin bir sıra maddələrini kobud şəkildə pozmuşdur. Kredit müqaviləsinin 7.3-cü bəndinə əsasən X12 aldığı kredit vəsaitini 186 ay ərzində bərabər hissələrlə kredit üzrə faizləri hər ayın 30-u tarixindən gec olmayaraq ödəməli idi. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin yuxarıda qeyd olunan kredit müqaviləsinə əsasən tərtib edilmiş ödəniş cədvəli üzrə borclarını ödəməmiş, bununla da müqavilə şərtlərini və Mülki Məcəllənin bir sıra maddələrini kobud şəkildə pozmuşdur. Cavabdeh kredit və zaminlik müqavilələri əsasında 103748 manat kredit götürmüşdür. "xxxx" MTK ilə "xxxx" ASC arasında birgə fəaliyyət haqqında saziş vardır və həmin öhdəliyə uyğun olaraq MTK-nın daşınmaz əmlakları və əmanəti bankın girovundadır. Bundan başqa, bankın cavabdehin aldığı mənzilə görə verdiyi kredit məbləği də həmin bankın depozit hesabında saxlanılmaqla girovdadır. "xxxx" ASC ilə "xxxx" MTK arasında bağlanmış müqaviləyə əsasən borcalan bank qarşısında öhdəliyini icra etmədiyinə görə qalıq borc məbləği MTKnın "xxxx" ASC-də yerləşdirilmiş əmanətinə yönəldilmişdir. Tərəflər arasında bağlanılmış payçı, təminatlı kredit və zaminlik müqavilələrinin şərtlərinə əsasən, əgər payçı təminatlı kredit müqaviləsi və payçı müqaviləsi əsasında əldə etdiyi mənzilə görə Bank və MTK qarşısında götürdüyü öhdəlikləri icra etməzsə, bu halda payçı müqaviləsi, eləcə də təminatlı kredit və zaminlik müqavilələri ləğv edilir, payçı MTK-dan aldığı mənzili geri qaytarır, MTK isə payçının bankdan aldığı kredit məbləğinin qaytarılmayan hissəsini onun əvəzində banka, payçının müqavilə əsasında MTK-ya ödədiyi ilkin ödənişi və ödəniş cədvəli üzrə banka ödədiyi kreditin əsas məbləğini (bank xərcləri, faiz, borc və digər xərclər çıxıldıqdan sonra) müqavilənin 8.1-ci bəndinin şərtlərinə əsasən borcluya qaytarır. Cavabdeh payçı müqaviləsinin 4.2.7, 8.1, eləcə də kredit müqaviləsinin 7.3, 13.2, 13.9 maddələrinin şərtlərini kobud şəkildə pozmuşdur. Kredit və payçı müqavilələrinin müvafiq bəndlərinə əsasən borcalan öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədikdə bank öhdəliklərin icrasını təminat üsuluna yönəltmək hüququna malikdir. Kredit müqaviləsinin 13.9-cu bəndinə əsasən borcalan tərəfindən müqavilənin 7.3-cü bəndinə əsasən nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmadıqda Borc verən Borc alandan Kredit müqaviləsi üzrə təminat kimi çıxış edən "xxxx" MTK və X12 arasında imzalanmış müqavilənin predmeti olan Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” massivi, bina 5, mənzil 12C, sahəsi 69.9 kv.m olan, 2 otaqlı mənzilin boşaldılmasını tələb edir. Borcalan isə qeyri-şərtsiz olaraq həmin sahəni boşaldır. "xxxx" MTK zamin olaraq öz növbəsində payçı müqaviləsinin 4.2.7-ci bəndinə əsasən kreditin təminatı kimi çıxış edən X8 məxsus olan Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” massivi, bina 5 mənzil 12C, sahəsi 69,9 kv.m olan, 2 otaqlı mənzili öz sahibliyinə keçirərək “ABВ” qarşısında borcu bağlamaq hüququna malikdir. "xxxx" MTK Cavabdeh dəfələrlə kreditin ödənilməsi barədə xəbərdarlıq etməsinə baxmayaraq, cavabdeh krediti ödəməkdən imtina etmişdir. X11 tərəfindən cavabdehə dəfələrlə rəsmi bildiriş göndərilmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh könüllü olaraq mənzilin boşaldılaraq təhvil verilməsindən imtina etmişdir. Bununla da cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Cavabdeh Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” massivi, bina 5, mənzil 12C, sahəsi 69.9 kv.m olan, 2 otaqlı mənzildə yaşayır. Məhz bu səbəbdən də mənzil boşaldılmalıdır. Göründüyü kimi, tərəflər arasında bağlanmış xx.xx.2016-cı tarixli zaminlik müqaviləsinə əsasən payçı, bankdan aldığı kredit üzrə borc öhdəliklərini icra etmədikdə, həmin öhdəliklər zamin tərəfindən icra edilməlidir. Bu halda MTK maddi çətinliklərlə üzləşir və nəticədə ciddi zərərə uğrayır. Buna görə də tərəflər arasında bağlanılmış payçı müqaviləsinin ləğvi barədə məhkəmədə iddia qaldırmaq zərurəti yaranmışdır. İddia tələbinin dəyişdirilməsi.
3. İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" MTK-nın hesabından tutulmuş 81518.19 manat (səksən bir min beş yüz on səkkiz manat on doqquz qəpik) məbləğində borcun Cavabdeh iddiaçı "xxxx" MTK-nın xeyrinə tutulması, tutmanın Cavabdeh məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” massivindəki 5 saylı binanın, 12 “C” saylı mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılaraq əldə olunan vəsait hesabına borcun ödənilməsi, Cavabdeh Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” massivindəki 5 saylı binanın, 12 “C” saylı mənzilə dair istifadə hüquqlarına xitam verilməsi, yaşayış sahəsindən ən geci bir ay ərzində ailə üzvləri X13, X10 və əmlakları ilə birlikdə məcburi qaydada çıxarılması, mənzilin boşaldılaraq təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları.
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə etdi ki, Cavabdeh "xxxx" ASC-yə borcunu ödəməyə maddi imkanı olmadığını bildirdiyinə görə onlar Banka müraciət edərək, cavabdehin maddi vəziyyətini nəzərə alıb, müqavilə üzrə faizlərin silinməsini xahiş etmiş, Bank da bunu nəzərə alıb müqavilə üzrə ödənilməmiş faizləri tam silmiş, yalnız əsas borcu saxlamışdır. Bundan sonra yeni ödəniş qrafiki tərtib edilərək aylıq ödənişlər yarıbayarı azaldılıb 595 manata endirilmişdir. Cavabdeh bundan sonra bir neçə ay ödəniş etsə də, sonradan yenə maddi vəziyyətinin imkan vermədiyini əsas gətirərək krediti ödəməkdən imtina etmişdir. Daha sonra "xxxx" MTK tərəfindən cavabdehin mübahisəli mənzilə görə ödədiyi məbləğə uyğun olaraq ona bir otaqlı mənzil satılmasına dair yeni müqavilə bağlamaq və müqaviləyə əsasən qalan məbləğin hissə-hissə ödənilməsi təklif edilmiş, lakin cavabdeh mübahisəli mənzilin onun və uşaqlarının haqqı olduğunu və bu səbəbdən mənzilin ona bağışlanmalı olduğunu iddia edərək, bu təklifdən də imtina etmişdir. Beləliklə, cavabdehə üzərinə düşən öhdəlikləri yerinə yetirmək üçün tərəflərindən yaradılan hər cür şəraitə baxmayaraq o, yenə də müqavilə üzrə öhdəliklərini ödəməkdən yayınmışdır. Bu vəziyyətdə mübahisənin məhkəmədə həllindən başqa yolları qalmamışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı bir neçə il bundan əvvəl də eyni tələblə məhkəmədə iddia qaldırmış, lakin sonradan iddialarını müdafiə etmədikləri üçün müki iş baxılmamış saxlanılmışdır. Onun mərhum yoldaşı X12 uzun müddət dövlət orqanlarında çalışmışdır. Lakin yoldaşı mübahisəli mənzili almaq üçün götürdüyü krediti ödəməkdə çətinlik çəkmiş, bu çətinliyə ürəyi dözməmiş və fikirdən dünyasını dəyişmişdir. Yoldaşının vəfatından sonra həmin mənzildə o özü və yetkinlik yaşına çatmayan iki oğlu yaşayır. Yoldaşından sonra bank həqiqətən ona güzəşt edərək kredit borcu üzrə faizləri silmişdir. Lakin onun 81000 manat məbləğində əsas borcu qalmaqdadır. Hesab edir ki, onun əri payçı müqaviləsinin tərəfi olduğundan o öldüyünə görə müqaviləyə xitam verilməli idi. Belə ki, müqavilənin şərtində fars-major hallarda borclunun öhdəlik daşımayacağı qeyd olunur. Həmin şərtlərdən biri də digər təbiət hadisələrinin olmasını nəzərdə tutur ki, ərinin ölümü də təbiət hadisəsi kimi qəbul edilməlidir. O, müəllimə işləməklə, ayda 600 manat əmək haqqı alır. Buna görə də borcu ödəmək iqtidarında deyil. İddiaçı MTK-ya dəfələrlə müraciət etmişdir ki, onun borcunu silsinlər və ya heç olmasa qalan borcu üç hissəyə bölüb, həmin borcdan iki uşağına münasibətdə olan hissəni bağışlasınlar. Lakin onun bu müraciətlərinə baxan yoxdur. Hesab edir ki, iddia əsassızdır. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.
6. Məhkəmə iclasında üçüncü şəxs qismində işə cəlb edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 bildirdi ki, "xxxx" MTK ilə "xxxx" ASC arasında birgə fəaliyyət haqqında saziş var və həmin sazişə uyğun olaraq MTK-nın daşınmaz əmlakları və əmanətləri Bankın girovundadır. X3 ilə Bank arasında bağlanmış kredit müqaviləsinin 8.1-ci bəndinə əsasən borclu kredit öhdəliyinin təminatı kimi mübahisəli mənzili dövlət qeydiyyatına alındıqdan sonra girov qoymaq öhdəliyi götürmüş, lakin bu öhdəliyi yerinə yetirməmişdir. Borclunun Bank qarşısında öhdəliyi lazımınca yerinə yetirilmədiyindən "xxxx" ASC "xxxx" MTK ilə aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən Borcalanın Bank qarşısında icra edilməmiş öhdəliyini (qalıq borc məbləğini) MTK-nın "xxxx" ASC-də yerləşdirilmiş əmanətinə yönəltmişdir.
İş materialları.
7. "xxxx" MTK (MTK) və X12 (Payçı) arasında bağlanmış xx.xx.2016-cı il tarixli, ********* nömrəli payçı müqaviləyə əsasən MTK Payçı qismində çıxış edən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D massivi, 9 saylı binanın qarşısında tikilməkdə olan 5-ci bina, B bloku, 12-ci mərtəbə, 12 C №-li, 2 otaqlı mənzili tikib Payçının mülkiyyətinə verməyi öhdəsinə götürür. Payçı bu müqaviləyə əsasən Payçı qismində çıxış edən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D massivi, 9 saylı binanın qarşısında tikilməkdə olan 5-ci bina, B bloku, 12-ci mərtəbə, 12 C №-li, 2 otaqlı mənzili qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri MTK-ya ödənilməsini və həmçinin "xxxx" yaşayış kompleksində xidmət göstərəcək şirkətə kommunal ödəniş etməyi öhdəsinə götürür. Mənzilin hesablaşma sahəsi 69.9 m2 təşkil edir. Mənzilin 1 m2 – 1520 manat olmaqla, ümumi dəyəri 106248 manatdır. Müqavilənin ilkin ödənişi 2.35 faiz, yəni 2500 manat. Payçı Müqavilə qiymətinin qalan 103748 manata bərabər tutulan məbləğini, Payçı MTK və "xxxx" ASC arasında bağlanacaq olan üçtərəfli daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən aldığı kredit vəsaitinin hesabına tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Mənzilin sahəsinə yaşayış, yardımçı, balkon sahələri və sxemə uyğun daxili divaraltı sahə, şaxtalar və konstruksiya hissələri (beton) daxildir. Çöl hörgüaltı sahələr isə daxil deyil.
8. "xxxx" ASC (Borcverən) və X12 (Borcalan) arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 3-30-8-2016-AF-GY (daxili ipoteka krediti üçün) təminatlı kredit müqaviləsindən görünür ki, X5 ilə "xxxx" MTK arasında imzalanmış xx.xx.2016-cı il tarixli, ********* nömrəli müqavilənin predmeti olan mənzilin alınması üçün 103748 manat məbləğində kreditin verilməsini öhdəsinə götürür. Borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Borcverənə qaytarmağı öhdəsinə götürür. Borcalana kredit 186 ay müddətinə verilir. Kredit üzrə faizlər şərti olaraq aylıq 30 gün, illik 360 gün, götürülən faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 10 faizlə hesablanır.
9. "xxxx" ASC (Kreditor), X12 (Borclu) və "xxxx" MTK (Zamin) arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 3-xx-xx-2016-AF-GY nömrəli zaminlik müqaviləsindən görünür ki, Kreditorla Borclu arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 3-30-8-2016-AF-GY nömrəli kredit müqaviləsinə əsasən 103748 manat məbləğində 186 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Zamin Borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə Kreditor qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlakı, banklardakı vəsaitləri, qiymətli kağızları və s. hesabına ödənilməsini öhdəsinə götürür. Borclu qeyd edilən kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi tamamilə və ya hissə-hissə icra etmədikdə Zamin Kreditor qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun, icranın gecikdirilməsi ilə vurulmuş zərərin ödənilməsi üçün məsuliyyət daşıyır.
10. xx.xx.2016-cı il tarixli, 3-30-8-2016-AF-GY nömrəli kredit müqaviləsinə 1 nömrəli əlavə olan ödəniş cədvəlindən görünür ki, 103748 manat məbləğində kreditin xx.xx.2016 – xx.xx.2032-ci il tarixləri arasında hər ay 1099.5 manat (sonuncu ay 1064.31 manat) olmaqla ödənilməsi təsdiq edilmişdir.
11. “Suraxanı – 2” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 058/21 nömrəli arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D massivində 5-ci bina, B bloki, 12 C saylı mənzildə övladları X10 və X13 ilə birgə yaşayır.
12. Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil X7 xüsusi mülkiyyətindədir. Bu hüquq xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır.
13. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZ-İ 951889 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2018-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 573 nömrə ilə qeyd edilmişdir.
14. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X12 xx.xx.2016-cı ildə "xxxx" MTK-nın inşa etdiyi Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, D massivi, 9 A binası, 141 saylı mənzili almışdır. X12 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər X7 həyat yoldaşı Cavabdeh müqavilə öhdəliyi üzrə kredit ödənişlərini icra etmişdir. Lakin xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər kredit borcunun ödənişindən imtina etmişdir.
15. "xxxx" ASC tərəfindən "xxxx" MTK-ya ünvanlanmış xx.xx.2023-cü il tarixli, 1176 nömrəli məktubdan görünür ki, xx.xx.2016-cı il tarixli, 3-xx-xx-2016-AF-GY saylı kredit müqaviləsinə əsasən X8 verilmiş kredit üzrə öhdəliklərin təminatı olaraq "xxxx" ASC ilə "xxxx" MTK arasında bağlanmış zaminlik müqaviləsini/birgə fəaliyyət haqqında müqaviləni əsas tutaraq borc alanın bank qarşısında öhdəliyini icra etmədiyinə görə qalıq borc məbləği "xxxx" MTK-nın "xxxx" ASC-də yerləşdirilmiş əmanətinə xx.xx.2023-cü il tarixində yönləndirilmişdir.
16. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qiymətləndirmə hesabatından görünür ki, ünvan 3 ünvanında yerləşən mənzilin real bazar dəyəri 90000 manat məbləğində qiymətləndirilmişdir.
İşin faktiki halları.
17. İddiaçı "xxxx" MTK (MTK) və X12 (Payçı) arasında xx.xx.2016-cı il tarixli payçı müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən MTK Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D massivi, 9 saylı binanın qarşısında tikilməkdə olan 5-ci bina, B bloku, 12-ci mərtəbə, 12 C №-li, 2 otaqlı mənzili tikib Payçının mülkiyyətinə verməyi, Payçı isə bu mənzilin alınması üçün ödənişlər həyata keçirməyi öhdəsinə götürmüşdür. Müqavilədə mənzilin, binanın bünövrəsinin qoyulmasından sonra 12 ay ərzində tikiləcəyi, mənzilin qiymətinin 106248 manat məbləğində olduğu, 2500 manat məbləğində ilkin ödənişdən sonra qalan 103748 manat məbləğində borcun ödənilməli olduğu göstərilmişdir.
18. Müqavilə predmeti olan mənzilin alınması üçün "xxxx" ASC (Bank) və X12 (Borcalan) arasında xx.xx.2016-cı il tarixli kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən Bank Borcalana həmin mənzilin alınması üçün 103748 manat məbləğində kredit verməyi, Borcalan isə götürdüyü krediti müqavilədə göstərilən müddətdə və qaydada qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilədə kreditin 186 ay müddətinə, illik 10 %-lə verildiyi qeyd edilmişdir.
19. X7 "xxxx" ASC ilə bağladığı xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı olaraq "xxxx" MTK (Zamin), "xxxx" ASC (Kreditor) və X12 (Borclu) arasında xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən Zamin, Borclunun xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsinə görə Kreditor qarşısında məsuliyyət daşımağı və bu borcun malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlakı, banklardakı vəsaitləri, qiymətli kağızları və s. hesabına ödənilməsini təmin etməyi öhdəsinə götürmüşdür.
20. "xxxx" MTK ünvan 1 ünvanında yerləşən mənzili tikib X8 təhvil vermişdir. Sonuncunun mənzil üzərində mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.
21. X12 xx.xx.2018-ci il tarixdə ölmüşdür. Onun ölümündən sonra həmin mənzildə mərhumun ailə üzvləri – arvadı Cavabdeh və yetkinlik yaşına çatmayan uşaqları yaşamışdır.
Tətbiq edilən hüquq.
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 460. Öhdəliklərin icrasının təmin edilməsi üsulları. 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Maddə 475. Öhdəliyi icra etmiş zaminin hüquqları. 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. 475.3. Bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Maddə 752. Podrat müqaviləsi. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Maddə 1133. Vərəsəlik anlayışı. 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1146. Mirasın açıldığı vaxt. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151. Miras əmlak. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159. Qanun üzrə vərəsələr. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1243. Mirasın qəbul edilməsi. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1255. Mirasa mülkiyyətin əmələ gəlməsi. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti. 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
23. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli qərarı.
Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
25. İddia tələbindən görünür ki, tələb 4 hissədən ibarətdir: 1) cavabdehdən 81518.19 manat məbləğində pul tutulması; 2) tutmanın mübahisə predmeti olan mənzilə yönəldilməsi, mənzilin ilkin satışı qiyməti müəyyən edilərək açıq hərracdan satılması və əldə olunan vəsait hesabına borcun ödənilməsi; 3) cavabdehin mənzildən istifadə hüququna xitam verilməsi; 4) cavabdehin uşaqları və əşyaları ilə birlikdə ən geci bir ay ərzində mənzildən çıxarılması, mənzilin boşaldılaraq təhvil verilməsi.
26. Bu tələblərə münasibət bildirməzdən əvvəl məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn münasibətlər olmuşdur. Belə ki, cavabdehin mərhum əri və iddiaçı MTK arasında bağlanmış payçı müqaviləsindən görünür ki, müqavilə üzrə podratçı ("xxxx" MTK) müqavilə üzrə sifarişçiyə (X12) tikilmiş mənzil satmamış, yeni mənzil tikib mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Eyni zamanda müqavilədə mənzilin binanın bünövrəsi qoyulduqdan sonra 12 ay müddətinə MTK tərəfindən tikilib Payçıya təhvil veriləcəyi qeyd edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, sözügedən müqavilə alqı-satqı yox, məhz podrat müqaviləsi olmuşdur.
27. İlk növbədə iddia tələbinin birinci hissəsinə münasibət bildirən məhkəmə qeyd edir ki, iddiaçı MTK Cavabdeh 81518.19 manat məbləğində pul tələb etmiş və bu tələbinin əsası kimi cavabdehin mərhum əri Rəşad Qəzvini ilə MTK arasında bağlanmış xx.xx.2016-cı il tarixli payçı müqaviləyə, eləcə də Rəşad Qəzvini ilə "xxxx" ASC arasında bağlanmış eyni tarixli kredit müqaviləsinə istinad etmişdir. Belə ki, bu müqavilələrə əsasən Rəşad Qəzvini iddiaçı MTK tərəfindən tikiləcək mənzil almış, mənzil üçün 103748 manat məbləğində pul "xxxx" ASC-nin Rəşad Qəzviniyə verdiyi kredit hesabına ödənilmiş, sonuncu, müvafiq krediti müqavilədə müəyyən edilmiş qaydada və şərtlərlə Banka qaytarmağı öhdəsinə götürmüşdür. Öz növbəsində iddiaçı MTK isə X14rşısında üzərinə götürdüyü öhdəliklərin tam icrasına zamin durmuşdur.
28. X16 xx.xx.2018-ci il tarixdə ölümündən sonra onun Bank qarşısında öhdəlikləri lazımınca yerinə yetirilməmişdir. Halbuki onun ölümündən sonra mübahisəli mənzildə mərhumun arvadı olan Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə yaşamağa davam etmiş, bununla mərhumdan miras qalmış əmlaka (mənzilə) faktiki sahiblik etmiş, miras əmlakı idarə etmişdir.
29. Nəzərə alınmalıdır ki, mülki qanunvericiliyə əsasən mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı).
30. Bu baxımdan məhkəmə hesab edir ki, Cavabdeh ərinin ölümündən sonra ondan miras qalmış mənzili faktiki qəbul etdiyindən mərhum ərinin vərəsəsi olmuşdur. Vərəsə isə alınmış aktivdə payına mütənasib surətdə miras qoyanın kreditorlarının mənafelərini tam ödəməyə borcludur.
31. Belə ki, miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər (“Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli qərarı).
32. Məhkəmə Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilmiş qərarına istinadla onu da qeyd edir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir.
33. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı MTK mərhum Rəşad Qəzvini ilə aralarında bağlanmış xx.xx.2016-cı il tarixli payçı müqaviləsi üzrə ödənilməmiş borcu Cavabdeh tələb etməkdə haqlı olmuşdur. Belə ki, bu borcun ödənilməsi mərhumun müqavilə öhdəliyi olduğundan mərhumdan miras qalmış mənzili faktiki olaraq qəbul edərək mərhumun vərəsəsi olan cavabdeh, mərhumun elə həmin mənzilə görə iddiaçı MTK qarşısındakı borcunu ödəməyə borcludur.
34. Məhkəmə, cavabdehin məhz iddiaçı MTK qarşısında öhdəlik daşıdığı nəticəsinə ona görə gəlir ki, mərhum Rəşad Qəzvini "xxxx" ASC qarşısında kredit müqaviləsi üzrə borcun ödənilməsi ilə bağlı öhdəlik götürsə də, iş materiallarından görünür ki, iddiaçı MTK Rəşad Qəzvini və Bank arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına zamin durduğundan mərhum borclunun Bank qarşısında icra edilməmiş öhdəliyi iddiaçı MTK-nın həmin Bankdakı əmanəti hesabına icra edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları zaminin kreditorun tələbini ödədiyi həcmdə keçdiyindən mərhum borclunun Bank qarşısında olan və iddiaçı MTK tərəfindən ödənilmiş borcu mərhumun mirası qəbul etmiş vərəsəsi olan cavabdeh tərəfindən məhz iddiaçı MTK-ya ödənilməlidir. Odur ki, iddia tələbinin birinci hissəsi əsaslı olduğundan təmin edilməlidir.
35. İddia tələbinin ikinci hissəsi tutmanın mübahisə predmeti olan mənzilə yönəldilməsi, mənzilin ilkin satışı qiyməti müəyyən edilərək açıq hərracdan satılması və əldə olunan vəsait hesabına borcun ödənilməsi ilə bağlıdır. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır.
36. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilmiş qərarında qeyd edildiyi kimi, kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir.
37. Məhkəmə hesab edir ki, öhdəliyin miras qalmış əmlak hesabına icrasının hazırkı iş üçün yeganə üsulu mübahisəli mənzilin hərracdan satılaraq satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsidir. Borcun məhz həmin əmlakın hərracdan satışa çıxarılması hesabına ödənilməsi həm də ona görə vacibdir ki, cavabdehin həmin borcu tam ödəyəcək maddi vəsaiti yoxdur. Bu baxımdan iddiaçı MTK-nın mübahisəli mənzillə bağlı kreditor kimi hüquqlarının real təmin edilməsi üçün müvafiq borc mənzilin hərracdan satılması hesabına ödənilməlidir.
38. Mənzilin hansı ilkin satış qiyməti ilə hərracdan satışa çıxarılmasına münasibətdə məhkəmə qeyd edir ki, cavabdehin mərhum əri və iddiaçı MTK arasında bağlanmış müqavilədə tikiləcək mənzilin ümumi dəyəri 106248 manat məbləğində qiymətləndirilsə də, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qiymətləndirmə hesabatından görünür ki, ünvan 3 ünvanında yerləşən mənzilin real bazar dəyəri 90000 manat məbləğində qiymətləndirilmişdir. Öz növbəsində tərəflərin mənzilin müəyyən edilmiş bazar qiyməti ilə bağlı etirazları olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, mübahisəli mənzil elə qiymətləndirici mütəxəssis tərəfindən müəyyən edilmiş bazar qiymətinə uyğun ilkin satış qiyməti ilə satışa çıxarılmalıdır.
39. İddia tələbinin cavabdehin mənzildən istifadə hüququna xitam verilməsinə dair üçüncü hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə təmin edilə bilməz. Belə ki, Cavabdeh bu mənzil üzərində istifadə hüququnu mənzilin birgə mülkiyyətçisi (birgə nikah dövründə əldə edilmiş əmlakın ümumiliyi prezumpsiyasına əsasən), ərinin ölümündən sonra isə mərhum mülkiyyətçinin mirası qəbul etmiş vərəsəsi kimi əldə etmişdir. Bu baxımdan mənzil üzərində mülkiyyət hüququnu itirməsi ilə (mənzilin açıq hərracdan satışa çıxarılaraq satılması yolu ilə) cavabdeh mənzil üzərindəki bütün hüquqlarını, eləcə də istifadə hüququnu itirmiş olacaqdır. Odur ki, məhkəmə yuxarıda gəldiyi nəticədən sonra cavabdehin istifadə hüququ ilə bağlı mübahisə qalmadığını hesab edərək iddianın bu hissədə təmin edilməməsi nəticəsinə gəlir.
40. İddia tələbinin sonuncu hissəsi cavabdehin uşaqları və əşyaları ilə birlikdə ən geci bir ay ərzində mənzildən çıxarılması, mənzilin boşaldılaraq təhvil verilməsi ilə bağlıdır. Bu tələbə münasibətdə məhkəmə qeyd edir ki, cavabdehin mərhum əri X12 və iddiaçı MTK arasında bağlanmış xx.xx.2016-cı il tarixli payçı müqavilənin 8.11-ci bəndində qeyd edilir ki: “Payçı tərəfindən "xxxx" ASC ilə imzalanmış kredit müqaviləsi üzrə təqdim olunmuş ödəniş cədvəlinə əsasən kredit üzrə ödənişlər, əsas və ya faiz borcu ayrıayrılıqda iki ay müddətində aparılmadıqda və ya lazımınca aparılmadıqda Payçı qeyd olunan müqavilənin predmeti olan mənzili boşaltmalıdır”.
41. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqaviləyə əsasən “payçı” tərəfindən müqavilə öhdəlikləri lazımınca icra edilmədiyi halda mənzilin boşaldılması müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mərhumun vərəsəsi olan cavabdeh də mərhum ərindən qalan borcun ödənilmədiyi hal üçün eyni vəzifəni daşımalıdır.
42. Bu hissədə məhkəmə qeyd edir ki, iddiaçı MTK iddia tələbində mənzilin dərhal yox, satıldıqdan bir ay sonra boşaldılmasını tələb etdiyindən məhkəmə iddia tələbindən kənara çıxmır və cavabdehin uşaqları və əşyaları ilə birlikdə mənzilin hərracda satışından sonra bir ay müddətində mənzili boşaltması nəticəsinə gəlir.
43. Lakin bu zaman nəzərə alınmalıdır ki, hərracın nəticələri üzrə alıcının kim olacağı əvvəlcədən məlum olmadığından mənzilin cavabdeh tərəfindən boşaldılmasından sonra məhz iddiaçı MTK-ya təhvil verilməsi müəyyən edilə bilməz. Belə ki, mənzil boşaldıqdan sonra hərracın nəticələri üzrə alıcıya təhvil veriləcəkdir və bunun məhkəmə qətnaməsində ayrıca qeyd edilməsinə zərurət yoxdur.
Məhkəmə xərcləri.
44. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununda qiymətləndirilməyən iddialar üçün müəyyən edilmiş dövlət rüsumu məbləğinə uyğun olmuşdur. Sonradan iddiaçı tərəfindən iddia tələbi dəyişdirilmiş, iddiaçı cavabdehdən 81518.19 manat məbləğində pul tələb etmiş, lakin bu zaman əlavə dövlət rüsumu ödəməmişdir.
45. Məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya, ödənilməmiş 234.55 manat məbləğində dövlət rüsumu isə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
46. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 81518.19 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MTK-ya ödənilməli, tutma ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməli, mənzilin ilkin satış qiyməti 90000 manat məbləğində müəyyən edilməklə həmin qiymətlə açıq hərracdan satılmalı və satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə yönəldilməli, mənzil satıldıqdan bir ay sonra Cavabdeh uşaqları və əşyaları ilə birlikdə mənzildən çıxarılmalı, iddia qalan hissədə təmin edilməməli, Cavabdeh ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tututaraq iddiaçıya, ödənilməmiş 234.55 manat məbləğində dövlət rüsumu tututaraq dövlət büdcəsinə ödənilməlidir.
47. Şərh оlunаnlаrа əsаsən və MPM-in 216-220, 335-338, 227, 357 və 360-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 81518.19 manat (səksən bir min beş yüz on səkkiz manat on doqquz qəpik) məbləğində pul tutularaq iddiaçı "xxxx" MTK-ya ödənilsin. Tutma ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilsin. Mənzilin ilkin satış qiyməti 90000 (doxsan min) manat məbləğində müəyyən edilməklə həmin qiymətlə açıq hərracdan satılsın və satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə yönəldilsin. Mənzil satıldıqdan 1 (bir) ay sonra Cavabdeh uşaqları və əşyaları ilə birlikdə mənzildən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu tututaraq iddiaçı Xəzər İnşaat XXİ Əsr” MTK-ya ödənilsin. Cavabdeh ödənilməmiş 234.55 manat (iki yüz otuz dörd manat əlli beş qəpik) məbləğində dövlət rüsumu tututaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva