Məhkəmə qərarları › İş №2(010)-3378/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3378/2021

16.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3378/2021 16.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə aralarında 29.11.2019-cu il tarixdə 5 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat Şöbəsində 4872 saylı akt qeydi ilə bağlanmış nikahın etibarsız sayılması və akt qeydləri kitabındakı 4872 saylı nikah qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia ərizəsinə əlavə verərək Cavabdeh ilə aralarında 29.11.2019-cu il tarixdə 5 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat Şöbəsində 4872 saylı akt qeydi ilə bağlanmış nikahın etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, Cavabdeh ilə qonşudurlar və həm də bir məktəbdə oxumuşlar. Cavabdeh ondan xahiş etmişdir ki, ev növbəsinə durmaq üçün nikaha daxil olması lazımdır və bu işdə ona köməklik göstərməsini xahiş etmişdir. O cavabdehlə razılaşmış və Cavabdeh ilə 29.11.2019-cu il tarixdə nikaha daxil olmuşdur. Cavabdehlə aralarında nikah bağlanmasına baxmayaraq, onlar birgə yaşamamış və ər-arvad münasibətlərində olmamışlar. Nikahları ailə qurmaq niyyəti ilə bağlanmamışdır. Nikahın bağlanmasında məqsəd gənc ailələrə verilən “güzəştli mənzil”lərdən faydalanmaq olmuşdur. Bu məqsədlərinə də çata bilmədiklərinə görə nikahın saxlanması üçün heç bir səbəb qalmamışdır. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdeh 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini qəbul etdiyini bildirmişdir. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. İş üzrə şahid X1 ifadə verərək bildirmişdir ki, İradə onun qızıdır. Cavabdeh onların qonşusudur və polis tərəfindən həbs olunan zaman İradəni polis idarəsinə çağırmışlar. O zaman məlumatı olmuşdur ki, onun qızı İradə ilə Xalid nikaha daxil olmuşdur. Onun qızını aldatmışlar. İşdə olan 5 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 29.11.2019-cu il tarixdə, 4872 saylı qeydlə nikah qeydə alınmışdır. Nikah bağlandıqdan sonra soyadları ərin Ağayev, arvadın Şestakova kimi qeyd edilmişdir. İşdə olan 4 saylı Bakı ASAN xidmət mərkəzi tərəfindən 06.05.2021-ci il tarixdə verilmiş ******* №li arayışdan görünür ki, İddiaçı xx.xx.1998-ci il tarixdə Bakı şəhərində doğulmuşdur və 28.08.2015-ci il tarixdən etibarən ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə Müəssisəsinə Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbinə dair mülki işə münasibət bildirməsi üçün bildiriş göndərilmiş, cavabdeh Suraxanı rayon məhkəməsinə ünvanladığı ərizədə ona qarşı qaldırılan iddia ilə tanış olduğunu və qəbul etdiyini bildirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən bu Məcəllənin 10-12-ci maddələrində və 13.3-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, nikah məhkəmə qaydasında etibarsız sayılır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh gənc ailə kimi “Güzəştli mənzil” sistemi vasitəsilə güzəştli şərtlərlə mənzil əldə etmək hüququnun yaranması üçün nikaha daxil olmuş, nikaha daxil olma bu məqsədə nail olunmasına hesablanmış, tərəflər arasında ailə hüququnun predmeti olan heç bir münasibət yaranmamış, onlar arasındakı nikah ailə qurmaq məqsədli yox, başqa bir məqsədə çatmaq üçün vasitə kimi çıxış etmişdir. İddiaçı tərəfindən təqdim olunan sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflərin nikaha daxil olması formal olmuş, nişan və toy mərasimləri təşkil olunmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, hər iki tərəf ailə qurmaq niyyəti olmadan nikaha daxil olduqlarından tərəflər arasında bağlanmış nikah etibarsız hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 29.11.2019-cu il tarixdə 5 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat Şöbəsində bağlanmış və 4872 nömrə ilə qeyd edilmiş nikah etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar