Məhkəmə qərarları › İş №2(010)-3395/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3395/2022

18.10.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3395/2022 18.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 (3-cü şəxs Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi) qarşı "mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 (3-cü şəxs Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi) qarşı "mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdam rayonundan məcburi köçkün Cavabdeh1 ailə üzvləri olan həyat yoldaşı Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və qeyrilərinin ünvan 1 ünvanından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1un ailə üzvləri olan Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə birlikdə ünvan 1 ünvanından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri ünvan 1 ünvanında yerləşən 1( bir) otaqdan ibarət olan mənzil 1991-ci ildən babası X2 məxsus olmuş və ona Azərbayan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Tİ və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən seriya MN, 053432 nömrəli reyestr kitabı 94, 30N 22621 saylı qeydiyyata alınmaqla bu barədə xx.xx.1991-ci il tarixli Qeydiyyat Vəsiqəsi verilmişdir. X7 17 yanvar 2001-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra vərəsəlik qaydasında həmin mənzili adına rəsmiləşdirərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi **********2 qeydiyyata alınmaqla xx.xx.2022-ci il tarixli Çıxarış verilmişdir. X6 həyat yoldaşı vəfat etdiyindən həmin mənzildə tək yaşamışdır. O, uzun müddət xəstə olduğundan xəstəxanada yerləşdirilmiş, həmin vaxt mənzil Ağdam rayonundan olan məcburi köçkün Cavabdeh1 və onun ailə üzvüləri tərəfindən qanunsuz olaraq zəbt olunmuş həmin mənzildə məskunlaşmışlar. Cavabdehlər qanunsuz olaraq xüsusi mülkiyyətdə olan mənzili zəbt etdiklərindən babası həmin mənzilə köçüb yaşaya bilməmiş, qohumlarının evində yaşamaqla dünyasını dəyişmişdir. Ağdam rayonu erməni hərbi birləşəməlri tərəfindən 23 iyul 1993-cü ildə işğal olunsa da, faktiki olaraq 1998-ci ildə həmin mənzili qanunsuz olaraq zəbt etmişdirlər. Cavabdehlər Ağdam rayonundan olan məcburi köçkünlərdir. Babası məhrumiyyətlərə məruz qalmış, cavabdehlərin qanunsuz müdaxiləsi nəticəsində mülkiyyətçi kimi öz əmlakı üzərində olan faktiki sahiblik, istifadə və sərəncam vermək hüquqlarından məhrum olmuşdur. Azərbaycan Respublikası Qaçqınlarının və X3 Üzrə Dövlət Komitəsinin 02/839 saylı xx.xx.2022 saylı arayışından da görünür ki, ünvan 1 ünvanında Ağdam rayonundan məcburi köçkün Cavabdeh1 ailə üzvləri olan həyat yoldaşı X4, Cavabdeh3 və Cavabdeh4 1998-ci ildən müvəqqəti qeydiyyatdadırlar. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanunun 5-ci maddəsində, habelə “Məcburi köçkünlərin məskunlaşdırılması Qaydası’nın 4-cü maddəsinin müddəaları tələb edir ki, məcburi köçkünlər özlərinə müstəqil surətdə yaşayış yeri taparkən digər şəxslərin mənzil hüquqlarını pozarlarsa, dövlət hakimiyyəti orqanları onları başqa yaşayış yerlərinə köçürməlidirlər”. Göründüyü kimi istinad edilən qanun normasında da məcburi köçkünlərin müstəqil surətdə məskunlaşmasına yalnız o halda yol verilir ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Cavabdehlərin qanunsuz müdaxiləsi nəticəsində mən əmlakım üzərində olan faktki sahiblik, istifadə və sərəncam vermək hüquqlarından iddiaçı məhrum olmuşdur. Artıq uzun illərdir ki, cavabdehlərin təqsiri üzündən məcburiyyət qarşısında kirayə mənzildə qalır. Belə ki, cavabdehlər könüllü olaraq mənzildən çıxmaq niyyətində deyillər. Tərəflərin izahatları İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, izahatında iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 izahatında göstərdi ki, o, iddianı qəbul etmir. 1994-cü ildən mübahisəli evdə kirayə yaşamışlar. Mirzə kişi və arvadı tək yaşayırdı və o, baxırdı onlara, sonradan onlar Binə qəsəbəsinə köçdülər. Onlar 1994-cü ildən yaşasalar da, 1998-ci ildə onları həmin mənzilə qeydiyyata aldılar. Mirzə kişinin qızı sonradan peyda olub. Cavabdeh4 izahatında göstərdi ki, o, iddia ərizəsini qəbul etmir. O, Cavabdeh1 oğludur. Onlar məcburi köçkün kimi 1998-ci ildən qeydiyyata alınmış, 1994-cü ildə Bakı şəhərinə gəlmiş və həmin evdə kirayə yaşamışlar. Onların həmin mənzildən çıxmaq fikri yoxdur. İş üzrə digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsində olan məlumata əsasən məktubda qeyd edilən - Bakı şəhəri, ünvan 3 ünvanında Ağdam rayonundan məcburi köçkün Cavabdeh1 və aşağıda adları çəkilən ailə üzvləri: Cavabdeh2 - həyat yoldaşı, Cavabdeh3 – qızı, Cavabdeh4 – oğlu 1998-ci ildən müvəqqəti qeydiyyatdadırlar. MH seriyalı 053432 saylı xx.xx.1991-ci il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Y.Günəşli qəsəbəsi, “A-B” yaşayış sahəsi, ev 50”A”, mənzil 22 X1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Daşınmaz əmlakın dövlət qeydiyyatından çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, ev 50a, mənzil 22 xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2022-ci il tarixdə ********** saylı qeydiyyatdan keçmişdir. İşin faktiki halları Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir və iddiaçının bu mənzil üzərində olan mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ilə birlikdə Ağdam rayonundan məcburi köçkündürlər və həmin mənzildə yaşayırlar. Hazırda mənzilin mülkiyyətçisi olan İddiaçı cavabdehlərin bu mənzildən çıxarılmasını tələb edir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 5. Məcburi köçkünlərin yaşayış sahəsi ilə təminatı. Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 200 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi” Qaydası:

4. Müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüququnu pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokol: Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli, 5 nömrəli Qərarı:

2. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 51. İşdə bir neçə iddiaçının və cavabdehin iştirakı. 51.3. Başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi Məhkəmə, ilk növbədə qeyd edir ki, məcburi köçkünlər və mənzil mülkiyyətçiləri arasında olan bu tipli mübahisələr üzrə Avropa Məhkəməsinin konkret məhkəmə təcrübəsi və həmin təcrübə əsasında formalaşmış hüquqi mövqe mövcuddur. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı” işi üzrə xx.xx.2007-ci il tarixli, “Cəfərov Azərbaycana qarşı” işi üzrə xx.xx.2010-cu il tarixli, “Gülməmmədova Azərbaycana qarşı” işi üzrə xx.xx.2010-cu il tarixli və digər buna bənzər işlər üzrə qərarlarında formalaşdırılmış hüquqi mövqe ondan ibarətdir ki, mənzil mülkiyyətçisinin razılığı olmadan məcburi köçkünlərin ona məxsus mənzildə yaşamağa davam etməsi, mənzil mülkiyyətçisinin “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi ilə tanınan və qorunan mülkiyyət hüququnun pozulması deməkdir. Yuxarıda da qeyd edildiyi kimi, həmin maddəyə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Həmin qərarlarda məcburi köçkünlük amili ilə bağlı Azərbaycan Respublikasının daxili qanunvericiliyinə istinad edilərək (hansı ki, hazırkı qətnamənin də tətbiq edilən hüquq hissəsində istinad olunmuşdur) qeyd edilir ki, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu, digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Ən əsası nəzərə alınmalıdır ki, xüsusi mülkiyyət hüququ və onun toxunulmazlığı Azərbaycan Respublikasının Konstitusiyası ilə tanınır və qorunur. Mülkiyyətçinin razılığı olmadan başqalarının ona məxsus mənzildən istifadə etməsi mülkiyyət hüququnun pozulması deməkdir. O da qeyd edilməlidir ki, mülkiyyət hüququnu pozmuş şəxslərin məcburi köçkün statusu daşıması mülkiyyət hüququ pozuntusunu qanuniləşdirmir və ona haqq qazandırmır. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, ev 50a, 22 saylı mənzildən çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, X4, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, ev 50a, 22 saylı mənzildən çıxarılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar