Məhkəmə qərarları › İş №2(010)-343/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-343/2025

06.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-343/2025 06.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədirliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın tanınması barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi 1970-ci ildən 1972-ci ilədək 1 saylı Evtikmə Kombinatında, 1975-ci ildən 1977-ci ilədək 1 saylı Evtikmə Kombinatında, 1980-ci ildən 1998-cı ilədək X1 Birliyində fəhlə işləməsi faktının müəyyən edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Ərizəçi xx.xx.1953-cü ildə Sabirabad rayonun Həşimxanlı kəndində doğulmuşdur. 1970-ci ildən əmək fəaliyyətinə başlamış və 1 saylı Evtikmə Kombinatında işləmişdir. 1970-ci ildən 1972-ci ilədək 1 saylı Evtikmə Kombinatında, 1975-ci ildən 1977-ci ilədək 1 saylı Evtikmə Kombinatında, 1980-ci ildən 1998-cı ilədək X1 Birliyində fəhlə işləmişdir. Lakin, sonradan əmək kitabçası itmişdir. Sonradan yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə AR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin, AR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı xx.xx.2024-cü il tarixli 03-17-1/2-M-194481/2024 nömrəli imtina ilə aşağıdakılar bildirilmişdir: “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 2 saylı Bakı DOST Mərkəzindən daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyatı üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında ” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin xx.xx.2017-ci il tarixinədək qüvvədə olmuş tələblərinə əsasən müvafiq yaş həddinə çatmış şəxslərin azı 12 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2011-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək pensiya yaş həddi kişilər üçün 63 yaş müəyyən edilmişdir. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırlmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qədər qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci madəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla ) 2006-cı ilin yanvarın 1dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyiniz hərbi biletin surətinə əsasən, xx.xx.1972-ci il tarixindən xx.xx.1974-cü il tarixinədək hərbi xidmətdə olduğunuz müddət nəzərə alınmaqla cəmi sığorta stajınız 2 il 11 gün təşkil edir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumata əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təyinatına imkan verən pensiya kapitalı qeydə alınmayıb. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, ümumi sığorta stajınız qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üşün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (12 ildən) az olduğuna görə) sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə müvafiq qaydada araşdırldıqdan sonra sığorta stajınız qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququnuza yenidən baxıla bilər” İmtina məktubunda yekun olaraq bildirilmişdir ki, qəbul edilmiş qərarla razılaşmadıqda qərardan inzibati və ( və ya) məhkəmə qaydasında şikayət vermək hüququ var. Bildirilir ki, göstərilən hallar nəzərə alınmaqla onun 1970-ci ildən 1972-ci ilədək 1 saylı Evtikmə Kombinatında, 1975-ci ildən 1977-ci ilədək 1 saylı Evtikmə Kombinatında, 1980-ci ildən 1998-cı ilədək X1 Birliyində fəhlə işləmə faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Maraqlı şəxsin nümayəndəsinin etirazı. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə məhkəməyə etiraz məktubu ünvanlayaraq, 2(010)-4968/2024 nömrəli mülki iş üzrə Ərizəçi "hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması" tələbinə dair ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirmişdir ki, o, sosial müavinat alır. Lakin, əmək pensiyası almaq istəyir. Ərizənin təmin olunmasını xahiş edir. Qeyd edir ki, 1980- 1998-ci illərdə işləmiş, 1970-1972-ci illərdə işləmiş, sonra hərbi xidmətə getmişdir. 1974-cü ildə hərbi xidmətdən qayıtdıqdan sonra 1975-ci ildə həmin iş yerinə qayıtmışdır. 1977-1980-ci illərdə işləməmişdir. Əmək kitabçası verilmişdi. Kadrlar şöbəsində əmək kitabçasını görmüşdür, əmək kitabçası orada qaldı. Hərbi xidmətə gedəndə verilib-verilmədiyini bilmir. Maraqlı şəxs AR ƏƏSM Nazirliyinin tabeliyində DSMF-nin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi filialının etibarnamə üzrə nümayəndəsi Nümayəndə ərizənin rədd edilməsini xahiş edərək bildirmişdir ki, ərizədə qeyd edilən müddətləri təsdiq edən sübut yoxdur. Qeyd edir ki, ərizə təqdim edəndə əmək kitabçasını götürmədiyini demişdi. Mövcud olub-olmaması barədə məlumatı yoxdur. Hərbi xidmətdə olduğu dövr müəyyən olunur. Şahidlərin ifadələri. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, ərizəçi ilə bərabər işləmişdirlər. O, 1967-ci ildən Evtikmə kombinatında işləmişdir. 1970-ci ildən Tareli tanıyır. Tarel fəhlə kimi işləyirdi. Onların sexlərində işləyib. Bir yerdə 1967-1972-ci illərdə işləmişdirlər. Qeyd edir ki, özü 1 il hərbi qulluq keçmiş, evtikmə kombinatına qayıtmışdır. Tarel 1975-1977-ci illərdə fəhlə işləyib. 1970-1986-cı illərdə də fəhlə işləyirdi. Eyni təşkilatın fərqli sexlərində işləyirdi. Qeyd edir ki, özü həmin kombinatda rəis olmuş, xx.xx.1998-ci ildə kombinatdan çıxmışdır. 16 il bir yerdə işləmişdirlər. Tarel 1970-1972-ci və 1975-1977-ci illərdə işləyirdi. X2 yaranmışdı. Onun nəzdində 4 kombinat var idi. Gedəndə orada işlədiyini görürdü. Qeyd edir ki, onunla bilavasitə işləmirdi, amma o, tikinti idarəsində işlədiyini bilirdi. Sonradan kombinat bağlandı və Bakı Baş Tikinti İdarəsinin nəzdinə verildi, daha sonra isə satıldı. Qeyd edir ki, hansı cəmiyyətə satıldığını bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, ərizəçi ilə bərabər işləmişdirlər. Tarellə bərabər 1 nömrəli Evtikmə kombinatında işləmişdirlər. Tümenə panel yükləyirdilər, Tümen meydançası deyilən yer var idi, orada işləyirdilər. Qeyd edir ki, özü 1977ci ildə hərbi qulluqdan qayıtmışdır. 2005-ci ilə qədər də orada işləmişdir. 1973-cü ildə 7 nömrəli Sutikmədə işləmişdir. Bildirir ki, ora həmin kombinat deyil. 1978-ci ildə 1 nömrəli Evtikmə kombinatına işə düzəlmişdir. Bildirir ki, özü 2005-ci ilə qədər işləmişdir. Tarel 1-ci Qarabağ Müharibəsi dövründə onunla işləyirdi. Həmin yer bağlanana qədər işlədilər. 2005-ci ildə şahidə əmək kitabçasını təhvil verdilər. 1998-ci ildə orada işləyirdilər. İş materialları. AR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli 03-17-1/2-M- 194481/2024 nömrəli imtina məktubdan görünür ki, hərbi biletin surətinə əsasən, xx.xx.1972-ci il tarixindən xx.xx.1974-cü il tarixinədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla cəmi sığorta stajı 2 il 11 gün təşkil edir. Onun ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (12 ildən) az olduğuna görə) yaşa görə əmək pensiyasının təyin edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi, əlavə sənədlər təqdim ediləcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajının qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələcəyi təqdirdə pensiya təminatı hüququna yenidən baxıla biləcəyi bildirilmiş, müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnun olduğu izah edilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, BBTİ 2 saylı Tikinti İdarəsinin və X1 birliyinin 1980-1998-ci illərə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Dövlət Arxivinin Bakı filialında sənədlər kağız əsaslıdır və qovluqların sayı çoxluq təşkil edir. Bu səbəbdən hansı idarədə işləmək barədə ərizə-anketdə dəqiq məlumat qeyd edilmədiyindən xahişin müsbət həll edilməsi imkan xaricindədir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən Suraxanı rayon məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 14 fevral tarixli, 47 nömrəli Qərarı ilə təsdiq edilmiş "Milli arxiv fondunun sənədlərindən istifadə Qaydası"nın 3.1-ci maddəsinə əsasən sorğuda qeyd edilən şəxsə aid olan müvafiq hadisə, fakt haqqında axtarış məlumatları (burada: şəxsin əmək fəaliyyətində olduğu qurumun adı, qurumun tabe olduğu təşkilat və s.) qeyd edilmədiyindən, həmçinin əmək kitabçasının surəti təqdim olunmadığından sorğunu icra etmək imkan xaricindədir. İş materiallarına əlavə olunmuş Şahid1 xx.xx.1967-ci il tarixli əmək kitabçasından görünür ki, o, Bakı şəhər Baş Tikinti İdarəsinın 1 saylı Evtikmə Kombinatında xx.xx.1970-ci ildən xx.xx.1972-ci ilədək - montajer, çertyojçu, usta vəzifələrində çalışmış, xx.xx.1972-ci il tarixində hərbi qulluğa çağırılmışdır. xx.xx.1973-cü ildən hərbi xidmətdən qayıdaraq, tikinti ustası, xx.xx.1978-ci ildən montajer olaraq çalışmışdır. xx.xx.1983-cü il tarixində müəssisənin adı “Bakı şəhər Baş Tikinti İdarəsinin 1 saylı Evtikmə Kombinatı”-ndan “Bakı şəhər Baş Tikinti İdarəsinin iripanelli evtikmə tikinti-montaj İstehsalat Birliyinin 1 saylı Evtikmə Kombinatı / X1 Birliyi” olaraq dəyişdirilmişdir. xx.xx.1986-cı ildən həmin müəssisədə mühəndis, xx.xx.1989-cu ildən baş mühəndis, xx.xx.1996-cı ildən rəis vəzifələrində, xx.xx.1996-cı ildən baş mühəndis kimi çalışmışdır. Müəssisənin adı dəyişilərək, “X1 Birliyi” olmuşdur. xx.xx.1996-cı ildən həmin müəssisədə baş mühəndis müavini, xx.xx.1997-ci ildən xx.xx.1998-ci ilə kimi baş direktorun müavini vəzifələrində çalışmışdır. İş materiallarına əlavə olunmuş Şahid2 ИТ-İ № ******* nömrəli əmək kitabçasından görünür ki, o, Bakı şəhər Baş Tikinti İdarəsinin 1 saylı Evtikmə kombinatında xx.xx.1978-ci ildən fəhlə, xx.xx.1978-ci ildən motorist, xx.xx.1982-ci ildən fəhlə, xx.xx.1982-ci ildən montajer kimi çalışmışdır. xx.xx.1983-cü ildə müəssisənin adı “Bakı şəhər Baş Tikinti İdarəsinın 1 saylı Evtikmə Kombinatı”-ndan “Bakı şəhər Baş Tikinti İdarəsinin iripanelli evtikmə tikinti-montaj İstehsalat Birliyinin 1 saylı Evtikmə Kombinatı” adına dəyişdirilmişdir. Həmin müəssisədə xx.xx.1982-ci ildən xx.xx.1985-ci ilədək montajer, xx.xx.1985-ci ildən dülgər vəzifələrində çalışmış, xx.xx.1987-ci ildən xx.xx.2004-cü ilə kimi fəhlə, usta və digər vəzifələrdə çalışmışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 367. Müddət anlayışı 367.1. Müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. 367.2. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. 367.3. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Maddə 368. Müddətin başlandığını bildirən vaxt Vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı təqvim tarixindən və ya müddətin başlanması üçün müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlanır. Maddə 369. Müddətin qurtardığını bildirən vaxt 369.1. İllərlə hesablanan müddət müddətin sonuncu ilinin müvafiq ayında və günündə qurtarır. Yarım illə müəyyənləşdirilmiş müddətə aylarla hesablanan müddətlər üçün qaydalar tətbiq edilir. Həm də yarım il altı ay bərabər sayılır, yarım il isə ilin əvvəlindən hesablanmağa başlanır.... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 306. Xüsusi icraat işlərinə baxılması qaydası 306.1. Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. 306.2. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır.... 306.4. Xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: ... 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 310. Ərizənin məzmunu və ərizəyə baxılması 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.... Maddə 311. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Əmək Pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı.

13. Məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilib-edilməməsi sübutlarla təsdiq olunmalıdır. 13.1. Nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. 13.2. Əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. 13.3. Əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. 13.4. Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən olunmuş hallar ondan ibarətdir ki, Ərizəçi məhkəməyə onun 1970-ci ildən 1972-ci ilədək 1 saylı Evtikmə Kombinatında, 1975-ci ildən 1977-ci ilədək 1 saylı Evtikmə Kombinatında, 1980-ci ildən 1998-cı ilədək X1 Birliyində fəhlə işləməsi faktının müəyyən edilməsi ilə bağlı müraciət etmişdir. Ərizədə həmin faktın müəyyən edilməsinin ona nə məqsəd üçün lazım olduğunu onunla əsaslandırmışdır ki, əmək kitabçası itirildiyindən, yaşa görə əmək pensiyası almağı mümkün olmamışdır. O, pensiya almaq üçün AR ƏƏSM Nazirliyinin tabeliyində DSMF-nin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi filialina müraciət etmiş, lakin cavab olaraq ona bildirilmişdir ki, hərbi biletin surətinə əsasən, xx.xx.1972-ci il tarixindən xx.xx.1974-cü il tarixinədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla cəmi sığorta stajı 2 il 11 gün təşkil edir və ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmir. Məhkəmə ilk növbədə qeyd edir ki, şahid ifadələrindən göründüyü kimi, Ərizəçi şahidlər – Şahid1 və Şahid2 ilə eyni dövrlərdə Bakı şəhər Baş Tikinti İdarəsinın 1 saylı Evtikmə Kombinatında (sonrakı adlar: Bakı şəhər Baş Tikinti İdarəsinin iripanelli evtikmə tikinti-montaj İstehsalat Birliyinin 1 saylı Evtikmə Kombinatı/ X1 Birliyi) işləmişdir. Şahidlərin ifadələri iş materiallarında olan şahidlərin 1970-ci ildən 1972-ci ilədək; 1975-ci ildən 1977-ci ilədək və 1980-ci ildən 1998-cı ilədək olan dövrləri əhatə edən əmək kitabçalarının surətləri ilə təsdiqlənir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, AR ƏƏSM Nazirliyinin tabeliyində DSMF-nin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi filialı tərəfindən yaşa görə əmək pensiyası alınması ilə bağlı ərizəçiyə imtina məktubunun göndərilməsi ərizəçini hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək hüququndan məhrum etmir. Belə ki, əmək kitabçasının itirilməsi ərizəçinin təqsiri nəticəsində deyil, onun işlədiyi qurum tərəfindən ərizəçiyə təhvil verilməməsi səbəbindən baş vermişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubunda BBTİ 2 saylı Tikinti İdarəsinin və X1 birliyinin 1980-1998-ci illərə dair arxiv sənədlərinin Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi bildirilmişdir. Bununla da, həmin sənədlərin Milli Arxiv İdarəsində olmadığı məlum olur. Məhkəmə eyni zamanda qeyd edir ki, maraqlı şəxs AR ƏƏSM Nazirliyinin tabeliyində DSMF-nin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi filialı tərəfindən ünvanlanmış ərizəçinin "hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması" tələbinə dair ərizəsinin təmin olunmaması barədə etirazı əsaslı deyildir. Belə ki, maraqlı şəxs həmin etirazda Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixl 638 №-li Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməyə əsaslansa da, nəzərə alınmalıdır ki, həmin qərar ləğv olunmuşdur. Həmçinin, yuxarıda sadalanan qanunvericiliyin tələblərinə əsasən, xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, ərizə baxılmamış saxlanılır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edilir. Lakin, etirazın mətnində hüquq haqqında mübahisə olmadığından, maraqlı şəxsin etirazı əsassız hesab edilir. Belə olan halda, Ərizəçi 1970-ci ildən 1972-ci ilədək Bakı şəhər Baş Tikinti İdarəsinın 1 saylı Evtikmə Kombinatında, 1975-ci ildən 1977-ci ilədək Bakı şəhər Baş Tikinti İdarəsinın 1 saylı Evtikmə Kombinatında, 1980-ci ildən 1998-cı ilədək Bakı şəhər Baş Tikinti İdarəsinin iripanelli evtikmə tikinti-montaj İstehsalat Birliyinin 1 saylı Evtikmə Kombinatı / X1 Birliyində fəhlə işləməsi faktı iş materialları və şahid ifadələri ilə tam sübut edilir. Məhkəmə qeyd edir ki, ərizəçi məhkəməyə müraciət edərkən ərizəsində işlədiyi müddətləri göstərmək üçün yalnız illəri qeyd etsə də, həmin müddətlərin göstərilməsi üçün dəqiq tarix – ilin müvafiq ayları və günlərinin göstərilməsinin zəruri olduğu nəzərə alınmalıdır. Ərizədə müddət illərlə qeyd edildiyindən, qeyri-müəyyənliyin aradan qaldırılması üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 369.1-ci maddəsinə əsaslanaraq, müddətin bitməsi həmin ilin müvafiq ayında və günündə olmaqla hesablanılmalıdır. Belə olan halda, ərizəçinin sözügedən müəssisədə işləməsi öz izahatı və şahid ifadələri ilə təsdiq olunduğundan, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəçi həmin müəssisədə xx.xx.1970-ci il tarixindən xx.xx.1972-ci il tarixinədək çalışmış, daha sonra hərbi xidmətə getmiş, qayıtdıqdandan sonra – 1975-ci ildən yenidən işə başlamışdır. Sonuncuyla bağlı dəqiq tarix qeyd edilmədikdən məhkəmə hesab edir ki, həmin dövr xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək olmaqla qəbul edilməlidir. Eyni qaydada ərizəçinin xx.xx.1980-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək həmin müəssisədə çalışdığı qəbul edilir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1970-ci il tarixindən xx.xx.1972-ci il tarixinədək Bakı şəhər Baş Tikinti İdarəsinin 1 saylı Evtikmə Kombinatında, xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək Bakı şəhər Baş Tikinti İdarəsinin 1 saylı Evtikmə Kombinatında, xx.xx.1980-ci ildən xx.xx.1998-ci il tarixinədək Bakı şəhər Baş Tikinti İdarəsinin iripanelli evtikmə tikinti-montaj İstehsalat Birliyinin 1 saylı Evtikmə Kombinatı / X1 Birliyində fəhlə işləməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 311, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1970-ci il tarixindən xx.xx.1972-ci il tarixinədək Bakı şəhər Baş Tikinti İdarəsinin 1 saylı Evtikmə Kombinatında, xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək Bakı şəhər Baş Tikinti İdarəsinin 1 saylı Evtikmə Kombinatında, xx.xx.1980-ci ildən xx.xx.1998-ci il tarixinədək Bakı şəhər Baş Tikinti İdarəsinin iripanelli evtikmə tikinti-montaj İstehsalat Birliyinin 1 saylı Evtikmə Kombinatı / X1 Birliyində fəhlə işləməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar