Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3452/2022 21.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi X3, nümayəndəsi (vəkili) Vəkil, cavabdeh “X7 Kompani S.A.” şirkətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “X7 Kompani S.A.” şirkətinə qarşı mənzil tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X7 Kompani S.A.” şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X7 Kompani S.A.” şirkəti tərəfindən onun evlə təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, (İddiaçı) 1957-ci il tarixdən 2008-ci il tarixədək «Suraxanıneft” NQÇİ-nin (indiki X7 S.A) 1 saylı sexində operator vəzifəsində çalışmışdır. Evi yararsız vəziyyətdə olduğu üçün 2005-ci il tarixdən mənzil növbəsinə durmuşdur. Hazırda o, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Sözügedən ev 1931-ci ildə tikilmiş və hazırda tam yararsız vəziyyətdədir. Bu məsələ ilə bağlı “X7 S.A” şirkəti bildirmişdir ki, neft şirkəti onlarla müqavilə bağlayarkən ev təminatı ilə bağlı müqavilədə heç nə nəzərdə tutulmamışdır. Belə ki, həmin müqavilədə ev ilə təmin olunma haqqında məlumat qeyd olunmuşdur. Ev təminatı ilə bağlı cavabdeh qurum olan “X7 S.A” şirkətinə bu illər ərzində müraciət etsə də, cavabdeh qurumdan ona bu günə qədər yalnız imtina cavabı verilmişdir. Bu səbəbdən də, mövcud tələblə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X4 məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, iddiaçı onun atasıdır. O uzun müddət ərzində Suraxanı Neft-Qaz Çıxarma İdarəsində işləmiş və onu mənzil növbəsinə götürmüşlər. Lakin X6-Qaz Çıxarma İdarəsi ləğv olunmuş və bundan sonra onu mənzillə təmin etməmişlər. Bundan sonra o dəfələrlə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (Socar) müraciət etmiş, lakin ona cavab vermişlər ki, “X7 Kompani S.A.” şirkəti “Socar”ın struktur bölməsi olmadığından onun müraciətinin müsbət həll olunması mümkün olmamışdır. Qeyd olunanlara əsasən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, iddiaçı uzun müddət ərzində X9 Çıxarma İdarəsində işləmiş və mənzil növbəsinə götürülmüşdür. X6-Qaz Çıxarma İdarəsi ləğv edilmiş və iddiaçının mənzillə təmin olunması mümkün olmamışdır. O, dəfələrlə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (Socar) müraciət etmiş, lakin ona cavab vermişlər ki, “X7 Kompani S.A.” şirkəti Socarı-ın struktur bölməsi olmadığından onun müraciətinin müsbət həll olunması mümkün olmamışdır. Bundan əlavə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən ona verilmiş xx.xx.2014-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, ARDNŞ yalnız mənzil uçotunda dayanmış işçilərini növbəlilik əsasında yaşayış sahəsi ilə təmin etmək hüququna malikdir. "xxxx" NQÇİ-nin bazasında “X7 Kompani S.A.” Əməliyyat Şirkəti yaradılmış və həmin şirkət ARDNŞ-nin struktur bölməsi deyildir. "xxxx" NQÇİ-nin rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsinin birgə iclasının xx.xx.2005-ci il protokolundan çıxarışından müəyyən olunur ki, İddiaçı 2 nəfər ailə tərkibi ilə bağlı olaraq mənzil növbəsinə götürülmüş və güzəştli siyahıya daxil edilmişdir. Bundan əlavə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2009-cu il tarixli məktubundan müəyyən edilmişdir ki, ARDNŞ-nin müəssisə və təşkilatlarında çalışan, mənzil növbəsində duran işçilərin mənzil problemini həll etmək məqsədilə "xxxx" MTK təsis edilmişdir. "xxxx" MTK-ya üzvqəbul edilməsi barədə təsdiq üçün hazırlanmış qaydalarda əvvəlki "xxxx" NQÇİ-də işləmiş, hazırda onun bazasında yaranmış “X7 Kompani S.A.” Əməliyyat Şirkətində işləyən və mənzil uçotunda olmuş işçilərə, eləcə də mənzil uçotu saxlanılmaqla işdən çıxmış şəxslərə də "xxxx" MTK-ya üzv qəbul olunmaqla ARDNŞ-nin işçiləri ilə eyni hüquq verilməsi nəzərdə tutulmuşdur. Lakin buna baxmayaraq İddiaçı mənzillə təmin olunmamışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh “X7 Kompani S.A.” şirkətinin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, İddiaçı cavabdeh təşkilat tərəfindən evlə təmin olunması barədə iddia tələbi əsassızdır. Belə ki, “X7 Kompani S.A.” şirkəti 2005-ci ildə müstəqil yaranmış şirkətdir və onun Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (Socar) ilə müqaviləsi mövcuddur. Hazırkı şirkət əvvəlki "xxxx" NQÇİ-nin ərazilərini, texnikaları qəbul etsə də, onun hüquqi varisi deyildir. “X7 Kompani S.A.” şirkəti torpaq sahəsini icarəyə götürərək neft istehsalı ilə məşğul olur. “X7 Kompani S.A.” şirkəti İddiaçı mənzillə təmin etmək barədə üzərinə heç bir öhdəlik götürməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının, onun nümayəndələrinin və cavabdehin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “SOCAR” DNŞ tərəfindən İddiaçı xx.xx.2020-ci il tarixdə ünvanlanmış məktubun surətindən müəyyən olunur ki, SOCAR-ın müəssisə və təşkilatlarında çalışan və mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan işçilər növbəlik əsasında mənzillə təmin edilir, lakin iddiaçının əvvəllər işlədiyi "xxxx" Əməliyyat Şirkəti SOCAR-ın struktur bölməsi olmadığı üçün müraciətinin SOCAR tərəfindən müsbət həll edilməsi mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş “X7 Kompani S.A.” şirkətinin İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, “X7 Kompani S.A.” Şirkəti “Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış 16 avqust 2005-ci il tarixli Sazişə əsasən fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2005-ci il tarixli 875 saylı Sərəncamına əsasən ARDNŞna Suraxanı blokunun mülkiyyətçisi və əməliyyatçısı kimi həmin Sazişin hazırlanması və Azərbaycan Respublikası adından imzalanması, həmçinin tərəf müqabil qismində onun qüvvədə olduğu müddət ərzində Azərbaycan Respublikasının mənafelərini təmsil etmək səlahiyyəti verilmişdir. xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanuna əsasən qeyd olunan Saziş qanun statusu əldə etmişdir. Göstərilən bu sənədlərdə şirkətin öz işçilərini mənzillə təmin etmək öhdəliyi qeyd olunmamışdır. İş materiallarına əlavə edilmiş “X7 Kompani S.A.” şirkətinin İddiaçı ünvanladığı məktubun surətindən görünür ki, “X7 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində hazırda mənzil tikintisinin aparılmadığı, lakin yaxın gələcəkdə bu məsələnin həlli nəzərdə tutulduğu və bu məqsədlə müzakirələr aparıldığını, mənzil tikintisi həll edilən kimi müvafiq qaydada növbədə olan bütün işçilərin növbə ilə mənzillə təmin olunacaqları bildirilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" NQÇİ-nin rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsinin birgə iclasının xx.xx.2005-ci il tarixli 12 saylı protokolundan çıxarışın surətindən görünür ki, İddiaçı iki nəfər ailə tərkibi ilə (özü və həyat yoldaşı) mənzil növbəsinə götürülməsi və 15 ildən artıq bir müəssədə çalışdığı üçün güzəştli siyahıya daxil edilməsi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" NQÇİ-nin MMK-nın xx.xx.2005-ci il tarixli aktının surətindən görünür ki, İddiaçı iki nəfər ailə tərkibi ilə (özü və həyat yoldaşı) mənzilinin qəzalı olduğu üçün mənzil növbəsinə götürülməsi və güzəştli siyahıya daxil edilməsi (15 ildən artıq işləyir) nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli Sərəncamının surətindən müəyyən edilir ki, İddiaçı məxsus olan Bülbülə qəsəbəsi, 3-cü Mədən küçəsi, 32 saylı evin yaşayışa yararsız olması barədə Bakı şəhər İcra Hakimiyyəti başçısı yanında mənzil fondunun qəza vəziyyətində olmasını təyin edən komissiyanın rəyi təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş Suraxanı İcra Hakimiyyətinin müəssisələrarası Komissiyasının xx.xx.2004-cü il tarixli aktının surətindən görünür ki, Bülbülə qəsəbəsi, 3cü Mədən küçəsi, 32 saylı ünvanda yerləşən mənzil sanitar-texniki və inşaat formalarına uygun olmadığı üçün yaşayış üçün yararsız hesab edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2009-cu il tarixli məktubunun surətindən müəyyən edilmişdir ki, ARDNŞ-nin müəssisə və təşkilatlarında çalışan, mənzil növbəsində duran işçilərin mənzil problemini həll etmək məqsədilə "xxxx" MTK təsis edilmişdir. "xxxx" MTK-ya üzvqəbul edilməsi barədə təsdiq üçün hazırlanmış qaydalarda əvvəlki "xxxx" NQÇİ-də işləmiş, hazırda onun bazasında yaranmış “X7 Kompani S.A.” Əməliyyat Şirkətində işləyən və mənzil uçotunda olmuş işçilərə, eləcə də mənzil uçotu saxlanılmaqla işdən çıxmış şəxslərə də "xxxx" MTK-ya üzv qəbul olunmaqla ARDNŞ-nin işçiləri ilə eyni hüquq verilməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş Suraxanı RPİ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən, müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İddia tələbinə münasibətdə məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmçinin məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır. "Mahmudov Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti, incumbit probalion (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda "Qavazov" Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "Əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Təqdim olunmuş sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı 1957-ci il tarixdən 2008-ci il tarixədək «Suraxanıneft” NQÇİ-nin 1 saylı sexində operator vəzifəsində çalışmış və yaşadığı ev yararsız vəziyyətdə olduğu üçün 2005-ci il tarixdən mənzil növbəsinə durmuşdur. Tərəflərin verdiyi izahatdan və təqdim olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, “X7 Kompani S.A.” Şirkəti “Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış 16 avqust 2005-ci il tarixli Sazişə əsasən fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2005-ci il tarixli 875 saylı Sərəncamına əsasən ARDNŞna Suraxanı blokunun mülkiyyətçisi və əməliyyatçısı kimi həmin Sazişin hazırlanması və Azərbaycan Respublikası adından imzalanması, həmçinin tərəf müqabil qismində onun qüvvədə olduğu müddət ərzində Azərbaycan Respublikasının mənafelərini təmsil etmək səlahiyyəti verilmişdir. “X7 Kompani S.A.” şirkəti 2005-ci ildə müstəqil yaranmış şirkətdir və əvvəlki "xxxx" NQÇİ-nin varisi deyildir. Bundan əlavə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2009-cu il tarixli məktubunun surətindən müəyyən edilmişdir ki, ARDNŞ-in müəssisə və təşkilatlarında çalışan, mənzil növbəsində duran işçilərin mənzil problemini həll etmək məqsədilə "xxxx" MTK təsis edilmişdir. "xxxx" MTK-ya üzv qəbul edilməsi barədə təsdiq üçün hazırlanmış qaydalarda əvvəlki "xxxx" NQÇİ-də işləmiş, hazırda onun bazasında yaranmış “X7 Kompani S.A.” Əməliyyat Şirkətində işləyən və mənzil uçotunda olmuş işçilərə, eləcə də mənzil uçotu saxlanılmaqla işdən çıxmış şəxslərə də "xxxx" MTKya üzv qəbul olunmaqla ARDNŞ-in işçiləri ilə eyni hüquq verilməsi nəzərdə tutulmuşdur. İddiaçı “X7 Kompani S.A.” şirkəti tərəfindən mənzillə təmin olunması üçün uçota alınması barədə hər hansı sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 56.1.-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sahələri bu Məcəllənin 56.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, növbəlik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “X7 Kompani S.A.” şirkəti tərəfindən mənzillə təmin olunması üçün uçota alınması barədə sübut mövcud olmadığından, həmçinin X7 Kompani S.A.” şirkəti əvvəlki "xxxx" NQÇİ-nin hüquqi varisi olmadığından iddiaçının mənzillə təmin olunması tələbinə dair iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi təmin edilmədiyindən ödənilmiş rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “X7 Kompani S.A.” şirkətinə qarşı iddiaçının mənzillə təmin olunması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-3452/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3452/2022
21.09.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver