Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3464/2020 13.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Əsədzadə Aytəkin Aqil oğlunun katibliyi, İlkin iddiaçı – qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, Cavabdeh – qarşılıqlı iddiaçı X3, onun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı mənzilə köçürülmə tələbinə dair ilkin, X1 İddiaçı qarşı mənzildən çıxarılma və mənzilin təhvil verilməsi barədə qarşılıqlı iddia tələbinə dair iddia ərizələrinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İlkin İddiaçı cavabdeh X2 qarşı mənzilə köçürülmə tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət edərək iki azyaşlı uşaqları xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X10 lə birlikdə Zığ qəsəbəsi, Dədə Qorqud y/massivində inşa etdikləri mənzilə köçürülmələrini xahiş etmişdir. İlkin iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxx 2007-ci ildə X12 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və bu barədə Bakı şəhər Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən AZ-1 № 887529 saylı “Nikah haqqında” şəhadətnamə verilmişdir. Onların birgə nikahından xx.xx.2008-ci il il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X10 olmaqla iki övladları dünyaya gəlmişdir. İki övladı bir ildən çoxdur ki, onun himayəsindədir və hazırkı bazar iqtisadiyyatı dövründə hamıya məlumdur ki, iki uşağı yeməklə və geyimlə təmin etmək həddindən artıq çətindir. O, oğlunu və qızını saxlaya bilmir, maddi cəhətdən çətinlik çəkir anasının himayəsində yaşayır. Onlar birgə yaşadıqları dövrdə əmisinin köməyi ilə o və həyət yoldaşı 2014-cü ildə Suraxanı - Hovsan yolunun sağ tərəfində Dədə Qorqud yaşayış massivində üç otaqlı ev tikmişlər. O, həmin evdə yaşamış və ona məxsus cehiz əşyaları da həmin mənzildədir. Lakin, qaynanası Cavabdeh onu öz zəhməti ilə tikdiyi həmin mənzilə buraxmır. Cavabdeh Türkiyə vətəndaşı ilə ailə quraraq Türkiyədə yaşayır. Mənzilin açarını ona vermir, həyat yoldaşı isə Ukraynada atasının yanında yaşayır. Onun isə yaşamağa heç bir yeri yoxdur. Qarşılıqlı iddiaçı X3 İddiaçı qarşı yaşayış sahəsindən çıxarılma barədə qarşılıqlı iddia verərək İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hövsan yolu, y/s, 85-ci küçə, 13 saylı ünvanda yerləşən yaşayış sahəsindən özünə məxsus əşyalarla birlikdə çıxarılması və həmin mənzilin boşaldılaraq təhvil verilməsini xahiş etmişdir. Qarşılıqlı iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1981-ci il tarixdə Şahin Kərimovla ailə həyatı qurmuş, ondan 3 övladı, böyük oğlu Valeh, kiçik oğlu Taleh və qızı Ülviyyə olmuşdur. 1996-cı il tarixdən həyat yoldaşı Rusiya Federasiyasına getmiş və onlar formal olaraq ayrılmışlar. Bu müddət ərzində o özü tək olaraq kirayə evlər tutaraq övladlarını böyütmüşdür. O, uşaqlarına həm ata, həm də ki, ana olmuş, uşaqların ataları uşaqların saxlanılması üçün heç bir köməklik göstərməmişdir. O, əvvəllər kimlərinsə evlərini təmizləməklə ailəni dolandırmış, lakin, sonradan isə 2009-cu il tarixdə “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-də müxtəlif işlərə başlamışdır və 2018-ci il tarixə qədər orada işləmişdir. X5 2007-ci il tarixdə hərbi xidmətdən qayıtdıqdan sonra, Aygünün təziqi nəticəsində qoşulub qaçmışdır. O bu zaman Günəşlidə kirayədə yaşamış, Aygün və Valeh onun kirayədə qaldığı evdə yaşamağa başlamışlar. Aygün kirayə yaşadıqları evə heç bir cehiz gətirməmişdir. Bir müddət yaşadıqdan sonra, Aygün evdə söz-söhbət yaradaraq, anasının yanına gedərək onunla yaşamağa başlamışlar. Oğlu Veleh də Aygünlə birlikdə anasının yanında yaşamağa davam etmişdir. Bir müddət anasının yanında yaşadıqdan sonra, orada da söz-söhbət olduğu üçün Qaraçuxur qəsəbəsində kirayə ev tutaraq həmin mənzildə kirayə yaşamışlar. Həmin kirayə evdə də, Aygün ev sahibi ilə dolanmayaraq, mübahisə yaranmış, sonra təkrar olaraq anasının yanında yaşamağa başlamışlar. Sonra onun qohumu Aygüngilə təklif etmişdir ki, Mərdəkan qəsəbəsində hansısa imkanlı şəxsin evində bağbançı kimi yaşaya bilərlər. Valeh və Aygün gedib orada yaşamışlar. Bu müddət ərzində o, oğlu Taleh və qızı Ülviyyə ilə birlikdə Günəşlidə iki otaqlı evdə kirayədə yaşamışlar. Aygün Mərdəkanda da dolanmayaraq, söz-söhbət yaratmış və oradan çıxıb yenə anasıgilə getmişdir. Dəfələrlə kirayələrdə yaşamışlar, bir müddət yaşadıqdan sonra isə yenə anasının yanma getmişdir. Belə demək olar ki, Aygün anasına bağlı olduğu üçün çox qıraq yerdə yaşamayıb, dərhal anasıgilə qayıtmışdır. O, 2004-cü il tarixdə “VAZ-2108” markalı avtomobil almışdır. Sonra 2006-cı il tarixdə həmin maşını sataraq Zığ qəsəbəsi Hövsan yolundan 3 sot torpaq sahəsi almışdır. 2009-cu ildən 2018-ci ilə kimi “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-də müxtəlif işlərdə işləmişdir. Sonra “xxxxxxxxxxxx” ASC-dən və “xxxxxxx” KB ASC-dən kredit götürərək, həmin torpaq sahəsində ev tikdirməyə başlamışdır. Həmin vaxtı Valeh fəhləlik edərək öz ailəsini dolandırmış, evin tikintisinə heç bir köməklik etməmişdir. Bundan sonra o, işləmək üçün Türkiyə Respublikasına köçmüş, hər ay da Valehə və Aygünə uşaqlarını dolandırmaq üçün pul göndərmişdir. Bir müddət sonra Valeh də Türkiyəyə gələrək, işləməyə başlamış, daha sonra Aygünü və uşaqları da, Türkiyəyə gətirmişdir. Aygün 8 ay yaşadıqdan sonra, evdə mübahisə yaradaraq anasının yanına Bakı şəhərinə qayıtmışdır. O yenə də, nəvələrinə pul və geyim əşyaları göndərmişdir. Bu müddət ərzində Aygün anası gildə yaşamışdır, lakin Aygün Valehin ondan ayrılmasını bildiyi üçün, xx.xx.2020-ci il tarixdə ona məxsus mülkiyyətində olan mənzilin qanunsuz olaraq qapısının açarını qıraraq anası ilə birlikdə orada yaşamağa başlamışdır. Evin qapısının açarını da dəyişmişdir. Qeyd edilənlərə əsasən qarşılıqlı iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən ilkin İddiaçı ilkin iddia ərizəsini müdafiə edərək təmin edilməsini, azyaşlı uşaqları ilə birgə mübahisəli mənzilə köçürülməsini, qarşılıqlı iddia ərizəsinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddiaçı X3 ilkin iddia ərizəsinə etirazını bildirərək İddiaçı ona məxsus mənzilə heç bir aidiyyatının olmadığını, mənzilin tikintisinə hər hansı vəsait xərcləmədiyini bildirərək ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddiaçının vəkili Vəkil ilkin iddia ərizəsinə etiraz edərək İddiaçı mübahisəli mənzilə köçürülməsinə hər hansı bir əsasın olmadığını bildirdi və qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə ilkin iddiaçını, həmçinin qarşılıqlı iddiaçını, nümayəndəsi və vəkilinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: - Sənədlərdən və tərəflərin izahatlarından müəyən edilir ki, X12 ilə X8 xx xxxxxxx 2007-ci ildə nikaha daxil olmuşlar, arvada Kərimova soyadı verilmiş, onların birgə nikahlarından hazırda iki azyaşlı uşaqları var. - Seriya RX, ******* № li, xx.xx.2017-ci il tarixli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hövsan yolu yaşayış sahəsi, 85-ci küçə, ev 13 mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından məlum olur ki, ilkin iddiaçı cavabdehin oğlu ilə nikaha daxil olmuş və nikah münasibətlərinə istinad edərək mübahisə predmeti olan, mülkiyət hüququ ilə cavabdehə məxsus evin tikintisində iştirak etdiyini, həmin evin birgə vəsait hesabına tikildiyini, ona görə də, həmin evdə yaşamaq hüququnun olduğunu iddia edir. Qarşılıqlı iddiaçı əks mövqe bildirərək iddiaçının həmin evə aidiyyatının olmadığını, evin mülkiyyət hüququ ilə ona məxsus olduğunu bildirir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, mübahisəli ev mülkiyyət hüququ ilə cavabdehə məxsusdur. İddiaçı mübahisəli evə köçürülmə tələbi irəli sürmüşdür. Bu tələbin əsaslı hesab edilməsi üçün iddiaçının əmlak hüquqlarının mövcud olması tələb olunur. İlkin iddiaçı evin tikintisində onun da iştirak etdiyini, həmin evin birgə vəsait hesabına tikildiyini bildirsə də, bunu təsdiq edəcək hər hansı bir sübut təqdim etməmişdir. Mübahisəyə tətbiq edilməli maddi hüquq normaları ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respblikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan müasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Hazırkı mübahisə ilə bağlı hüquq münasibətləri 2007-ci ildə yarandığına görə məhkəmə, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarına əsasən mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsini tələbləri baxımından qiymət verir. Mülki Məcəllənin 228.1.-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2.-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5.-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Göründüyü kimi, Mülki Məcəllənin 228-ci maddəsinin müddəalarında mülkiyyətçinin ailə üzvlərinin yəni ərinin, arvadının, valideynlərinin, uşaqlarının mülkiyyətçiyə məxus yaşayış sahəsindən istifadə etmək üçün onun razılığının alınması tələb olunmadığı halda,digər ailə üzvlərinin (mülkiyyətçinin ailə üzvünün əri və ya arvadı) yaşayış sahəsinə istifadə hüququ yalnız mülkiyyətçi ilə hüquq verilən şəxs arasında notarial razılığın olması yolu ilə yaranır. Hazırkı işin halları ondan ibarətdir ki, mübahisəli ev mülkiyyət hüququ ilə X4 məxsusdur. İddiaçı isə mübahisəli mənzilə istifadə hüququnu əmələ gətirən notarial qaydada təsdiq edilmiş razılıq yoxdur. Bu baxımdan iddiaçının cavabdehə məxsus evdən çıxarılma və evin təhvil verilməsi barədə qarşılıqlı iddia ilə bağlı məhkəmə qeyd edir ki, Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2011-ci il tarixli Qərarı). Bu hüquqi mövqelərə əsaslanaraq, qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimlənmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqların əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarından) Beləliklə, məhkəmə hesab edir ki, ilkin iddia əsassız olduğundan təmin edilməməli, qarşılıqlı iddia əsaslı olduğuna görə təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, mülki iş üzrə ödənilmiş dövlət rüsumu ilkkin iddia üzrə cavabdehə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 217-220, 227, 233, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh X2 qarşı uşaqları xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X10 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Dədə Qorqud yaşayış massivində yerləşən mənzilə köçürülmə tələbinə dair ilkin iddiası təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hövsan yolu, y/s, 85-ci küçə, 13 saylı ünvanda yerləşən yaşayış sahəsindən özünə məxsus əşyalarla birlikdə çıxarılsın. Həmin mənzil boşaldılaraq qarşılıqlı iddia üzrə iddiaçı X2 təhvil verilsin. İlkin iddia və qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumları ilkin iddia və qarşılıqlı iddia üzrə iddiaçıların özlərinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-3464/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3464/2020
13.10.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver