Məhkəmə qərarları › İş №2(010)-3466/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3466/2020

09.10.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3466/2020 09.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh və onun nümayəndəsi (vəkili) X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “yaşayış evinə (sahəsinə) köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək azyaşlı uşaqları xx.xx.2005-ci il təvəllüdlü İbrahimli Samiyə Rövşən qızı, xx.xx.2007-ci il təvəllüdlü İbrahimli Aysel Rövşən qızı və xx.xx.2013-cü il təvəllüdlü İbrahimli Zümrüd Rövşən qızı ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsi ev 25 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, Cavabdeh ilə xx xxxxxx 2003-cü il tarixdə nikah bağlayaraq ailə qurmuşlar. Nikahları Bakı şəhəri Xətai Rayon VVADQ Şöbəsi tərəfindən nikahın bağlanılması haqqında akt qeydləri kitabında 1086 nömrə ilə qeyd edilmişdir. Birgə nikahdan xx.xx.2005-ci il təvəllüdlü İbrahimli Samiyə Rövşən qızı, xx.xx.2007-ci il təvəllüdlü İbrahimli Aysel Rövşən qızı və xx.xx.2013-cü il təvəllüdlü İbrahimli Zümrüd Rövşən qızı adlı üç övladları doğulmuşdur. 2004-cü ilin aprel ayından Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsi ev 25 ünvanda yerləşən fərdi yaşayış evinə köçərək 2020-ci ilin iyul ayının 25-dək həmin ünvanda yaşamışlar. Qeyd olunan yaşayış evində o, cavabdeh, cavabdehin atası mərhum X2, cavabdehin qardaşı mərhum X4 ilə birlikdə uzun müddət birgə təsərrüfat aparmaqla ailə üzvü kimi yaşamışlar. X2 və X4 2011-ci ildə rəhmətə getmişlər. 2020-ci ilin iyul ayının 25-də cavabdeh onu döyüb təhqir edərək azyaşlı uşaqları ilə biriikdə evdən çıxıb getməyə məcbur etmiş, həmin vaxtdan evə yaxınlaşmağa imkan verməyərək qapıların açarını da dəyişmişdir. O, məcbur qalıb müvəqqəti başqa ünvanda azyaşlı uşaqları ilə birlikdə yaşayırlar. Onun hər üç övladı həmin ünvanda anadan olmuş, oradan Hövsan qəsəbə 280 saylı tam orta məktəbinə gedirlər, həmin ünvan üzrə 16 saylı uşaq poliklinikasında tibbi qeydiyyatdadırlar. Ona və uşaqlara məxsus geyim əşyaları hal-hazırda həmin evdə qalmışdır. Odur ki, azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülməkləri barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onun hazırda yaşamağa başqa yeri olmadığından iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddiaçının izahatına uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddianı qəbul etmir. Belə ki, iddiaçı ilə xx xxxxxx 2003-cü il tarixdə nikah bağlayaraq ailə qurmuşlar. Ailə qurduqdan sonra onlar Bakı şəhəri Xətai rayonu, Cavanşir küçəsində yerləşən 32 saylı evdə 2004-cü il tarixədək həmin ünvanda birlikdə yaşamışlar. Daha sonra oranı satmışlar və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsi ev 25 ünvanda yerləşən fərdi yaşayış evini almışlar. Həmin evin sənədləri yoxdur. İddiaçının evdən çıxıb getməsinin səbəbi onun xəyanət etməsi olub. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi (vəkili) X5 məhkəmə iclasında cavabdehin izahatına uyğun izahat verərək bildirmişdir ki, hazırda onlar münaqişəli ailə kimi polis idarəsində qeydiyyatdadırlar və bu səbəbdən iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iş üzrə proses iştirakçılarının izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai rayon VVADQ Şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və Cavabdeh xx.xx.2003-cü il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə “İbrahimov”, arvada “İbrahimova” soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Abşeron RPİ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İbrahimli Samiyə Rövşən qızı xx.xx.2005-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş Abşeron RPİ tərəfindən şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İbrahimli Aysel Rövşən qızı xx.xx.2007-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş Abşeron RPİ tərəfindən şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İbrahimli Zümrüd Rövşən qızı xx.xx.2013-cü il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş Asan-Sumaqayıt tərəfindən verilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı ünvan 2 A ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh ünvan 3 mənzil 29 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Hövsan qəsəbəsi X11 üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı üç övladı xx.xx.2005-ci il təvəllüdlü İbrahimli Samiyə Rövşən qızı, xx.xx.2007-ci il təvəllüdlü İbrahimli Aysel Rövşən qızı və xx.xx.2013-cü il təvəllüdlü İbrahimli Zümrüd Rövşən qızı ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsində nömrəsiz evdə qeydiyyatsız yaşayırlar. Beləliklə, təqdim olunmuş sübutlar və verilmiş izahatlar əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə xx.xx.2003-cü ildə rəsmi olaraq nikaha daxil olmuş və ünvan 3 mənzil 29 ünvanına gəlin köçmüş və sonradan həmin mənzil satılaraq əvəzinə Suraxanı rayonu, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsi ev 25 ünvanda yerləşən fərdi yaşayış evi alınmışdır. Həmin fərdi yaşayış evində tərəflər 2004-cü ildən yaşayırlar. Tərəflərin birgə nikahdan üç övladları xx.xx.2005-ci il təvəllüdlü İbrahimli Samiyə Rövşən qızı, xx.xx.2007-ci il təvəllüdlü İbrahimli Aysel Rövşən qızı və xx.xx.2013-cü il təvəllüdlü İbrahimli Zümrüd Rövşən qızı anadan olmuşdur. Mübahisəli fərdi yaşayış evi qanunsuz tikilidir. Cavabdeh tərəfindən mübahisəli evin qanunla müəyyən olunmuş qaydada əldə edilməsi, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və ya evin tikintisi üçün lazımi icazələrin alınması barədə sübutlar təqdim edilmədiyini, tərəflərin mübahisəli ev üzərində dövlət tərəfindən tanınan hüquqlara malik olmadıqlarını nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı 2004-cü ildən həmin fərdi yaşayış evində yaşadığından və cavabdehlə birgə təsərrüfat apardığından cavabdehin yaşadığı mübahisəli evə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.3-cü maddəsinə əsasən, əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Həmin Məcəllənin152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasıın tərəfdar çıxdığı «İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya»nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətində maneəsiz istifadə hüququna malikdir. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 14 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. İşin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi, mübahisəli ev Mülki Məcəllənin 180.1-ci maddəsinin tələblərinə görə özbaşına tikinti hesab edilir. Məhkəmə hesab edir ki, hazırkı qətnamə ilə bağlı olaraq iddiaçının Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsi ev 25 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi təmin olunsa da, həmin qətnamə iddiaçının mübahisəli mənzilə istifadə hüquqlarının yaranmasına və müvafiq dövlət orqanı tərəfindən onun mənzilə qeydiyyata alınmasına əsas ola bilməz. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı azyaşlı övladları xx.xx.2005-ci il təvəllüdlü İbrahimli Samiyə Rövşən qızı, xx.xx.2007-ci il təvəllüdlü İbrahimli Aysel Rövşən qızı və xx.xx.2013-cü il təvəllüdlü İbrahimli Zümrüd Rövşən qızı ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsi ev 25 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Vurğulanmalıdır ki, adətən, mənzildə, evdə və s. müvafiq yerlərdə yaşamaq hüququ kimi göstərilən yaşayış sahəsindən istifadə etmək hüququ mənzil hüququnun bir elementi qismində çıxış edir. Azərbaycan Respublikasının Konstitusiyasında (maddə 60) və ölkəmizin qoşulduğu bir sıra beynəlxalq hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) təsbit edilmiş müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunan məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı azyaşlı övladları xx.xx.2005-ci il təvəllüdlü İbrahimli Samiyə Rövşən qızı, xx.xx.2007-ci il təvəllüdlü İbrahimli Aysel Rövşən qızı və xx.xx.2013-cü il təvəllüdlü İbrahimli Zümrüd Rövşən qızı ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsində yerləşən (25 saylı) fərdi yaşayış evinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar