Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3538/2023 30.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X7 iclas katibliyi, Ərizəçi və vəkili Vəkil iştirakları ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “daimi yaşama və heç bir dövlətin vətəndaşlığına mənsub olmama faktının müəyyən edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi.
1. Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “daimi yaşama və heç bir dövlətin vətəndaşlığına mənsub olmama faktının müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən onun Azərbaycan Respublikasının ərazisində 1998-ci il tarixdən hazırkı dövrədək daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Ərizənin əsaslandırıldığı hallar.
2. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, xx.xx.1968-ci il tarixdə Gürcüstanın Dmanisi rayonunun Hamamlı kəndində anadan olmuşdur. Onun doğumu Dmanisi rayonu, Hamamlı kəndi soveti tərəfindən xx.xx.1968-ci il tarixdə 20 nömrəli aktla qeydə alınmış və buna müvafiq olaraq İİİ-RE seriyalı, 674805 nömrəli doğum haqqında şəhadətnamə tərtib edilmişdir. X2 xx.xx.1933-cü il tarixdə Dmanisi rayonu, Hamamlı kəndində anadan olmuş, xx.xx.2017-ci il tarixdə doğulduğu yerdə vəfat etmişdir. X8 1923-cü ildə Gürcüstanın Dmanisi rayonu, Hamamlı kəndində anadan olmuş, 2010-cu ilin noyabr ayında doğulduğu yerdə vəfat etmişdir. O, 1975-ci ildə Dmanisi rayonu, Hamamlı kənd orta məktəbinə daxil olmuş və 1983-cü il tarixdə həmin məktəbin 8-ci sinfini bitirmişdir. xx.xx.1985-ci il tarixdə Dmanisi rayon İcraiyyə Komitəsinin Daxili İşlər Şöbəsi tərəfindən XİV-Tİ(TU) seriyalı, 746357 nömrəli, SSRİ nümunəli pasportla təmin edilmişdir. 1986-cı ilin əvvəllərində X20 vilayətinin Balaşov rayonuna getmiş, orada təxminən bir il yaşadıqdan sonra Rostov vilayətinin Aksay şəhərinə getmiş, xx.xx.1987-ci il tarixdə “Aksay şüşə zavodu”nda qablaşdırıcı vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.1987-ci il tarixdə həmin zavodun yataqxanasında yaşayış yeri üzrə müvəqqəti qeydiyyata alınmış, xx.xx.1987-ci il tarixdə isə həmin ünvana yaşayış yeri üzrə daimi qeydiyyata alınmışdır. xx.xx.1990-cı ildə həmin ünvandan qeydiyyatdan çıxmışdır. Zavodda işlədiyi müddətdə həm də Rostov vilayətinin Aksay şəhərində aşpaz peşəsi üzrə oxumağa başlamış, həmin peşə üzrə bir illik təhsil almış, xx.xx.1988-ci il tarixdə isə “Aksay şüşə zavodu”ndan öz istəyi ilə işdən azad olunmuşdur. xx.xx.1988 - xx.xx.1990-cı illərdə Rostov vilayətinin Aksay rayonunda fəaliyyət göstərən “İctimai iaşə kombinatında” aşpaz köməkçisi kimi işləmişdir. 1991-ci ilin ortalarına qədər Rusiya Federasiyasında yaşadığı zaman SSRİ nümunəli pasportunu, doğum haqqında şəhadətnaməsini, əmək kitabçasını, və səkkizillik orta təhsil haqqında şəhadətnaməsini naməlum şəraitdə itirmişdir. 1991-ci ilin ortalarında X10 kitabçası ilə (həmin vaxt pasportunu itirdiyi üçün) Gürcüstana geri dönmüş, 1998-ci ilə qədər Hamamlı kəndində yaşamışdır. 1998-ci ilin avqust ayında X10 kitabçası ilə əmisi X13 qulluq etmək üçün və daimi yaşamaq məqsədilə Azərbaycana gəlmişdir. Həmin vaxtdan etibarən daimi Azərbaycan Respublikasında yaşayır və heç vaxt Azərbaycan Respublikasının ərazisini tərk etməmişdir. Azərbaycana gələndə iki il əmisi evində - Bakı şəhəri, Xəzər rayon Buzovna qəsəbəsində yaşamış, daha sonra ünvan 1 ünvanında yaşayan xalasıgilə köçmüşdür. Həmin vaxtdan etibarən həmin evdə yaşayır. Azərbaycana gələndən təxminən 2010-cu ilə kimi müxtəlif kafelərdə aşpaz kimi fəaliyyət göstərmişdir, hazırda isə xırda ticarətlə məşğul olur. Doğum haqqında şəhadətnaməsini itirdiyi üçün 2008-ci ildə anası Gürcüstanda müvafiq səlahiyyətli orqana müraciət edərək, ona məxsus doğum haqqında şəhadətnaməni təkrar alıb Azərbaycana göndərimiş, təxminən 6-7 il əvvəl isə Rusiya Federasiyasında yaşayan qohumları orada itirdiyi sənədləri (SSRİ nümunəli pasport, doğum haqqında ilkin şəhadətnamə, əmək kitabçası və səkkizillik orta təhsil haqqında şəhadətnamə) tapıb ona göndərmişdir. X3 xx.xx.1958-ci il tarixdə Gürcüstanın Dmanisi rayonunun Hamamlı kəndində anadan olmuş, hazırda Rusiya Federasiyası vətəndaşıdır və Rusiya Federasiyasının Saratov vilayətinin Saratov şəhərində yaşayır. X1 xx.xx.1960-cı ildə Gürcüstanın Dmanisi rayonunun Hamamlı kəndində anadan olmuş, hazırda Gürcüstan Respublikasının vətəndaşıdır və Azərbaycan Respublikasının İsmayıllı rayonunun Qalagah kəndində yaşayır. X4 xx.xx.1963-cü il tarixdə Gürcüstanın Dmanisi rayonunun Hamamlı kəndində anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı olmuş və xx.xx.1998-ci il tarixdə Rusiya Federasiyasında vəfat etmişdir. X5 xx.xx.1965-ci il tarixdə Gürcüstanın Dmanisi rayonunun Hamamlı kəndində anadan olmuş, hazırda Gürcüstan Respublikasnın vətəndaşıdır və Gürcüstanın Dmanisi rayonunun Hamamlı kəndində yaşayır. X6 1971-ci ildə Gürcüstanın Dmanisi rayonunun Hamamlı kəndində anadan olmuş, hazırda Gürcüstan Respublikasının vətəndaşı olmuş, 2007-ci ildə Gürcüstanın Dmanisi rayonunun Hamamlı kəndində vəfat etmişdir. O, 1998-ci ilin avqust ayından Azərbaycan Respublikasının ərazisində daimi yaşasa da, qeydiyyatsız yaşadığı üçün Azərbaycan Respublikasının vətəndaşlığını əldə edə bilməmişdir və Gürcüstan Respublikasının vətəndaşı hesab olunmur.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında Ərizəçi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi.
4. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş maraqlı şəxsin nümayəndəsi X31 bildirmişdir ki, ərizəçinin doğulduğu Gürcüstan Respublikası və bir müddət yaşadığı Rusiya Federasiyasının vətəndaşlığına mənsub olmadığı müəyyən edildiyi təqdirdə ərizənin təmin edilməsinə etirazları xxxxxxx.
5. Məhkəmənin baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş maraqlı şəxsin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, hazırlıq iclasındakı mövqeyini təkrarlamış, əvvəlki məhkəmə iclasında iştirakı nəzərə alınmaqla, işə iştirakı olmadan baxılmasını xahiş etmişdir.
İş materialları.
6. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş xx.xx.2023cü il tarixli məktubdan görünür ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli qanununa əsasən Ərizəçi Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmiş və barəsində xx.xx.2020-ci il tarixli, ******* nömrəli arayış tərtib edilmişdir.
7. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Qaçqın Statusunun Müəyyənləşdirilməsi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı nümayəndəliyinin himayəsində olan, vətəndaşlığı olmayan şəxs, xx.xx.1968-ci il təvəllüdlü Ərizəçi Dövlət Miqrasiya Xidməti tərəfindən 03 may 2023-cü il tarixdən 30 aprel 2024-cü il tarixədək ünvan 2 ünvanında olduğu yer üzrə qeydiyyata alınmışdır.
8. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində (İAMAS) şəxslərin dövlət sərhədindən hərəkətləri barədə məlumatlar 2001-ci il tarixdən etibarən yerləşdirildiyindən xx.xx.1968-ci il təvəllüdlü Ərizəçi 1998-2001-ci il illər ərzində dövlət sərhədindən hərəkəti barədə məlumatların təqdim edilməsi texniki imkan xaricindədir. Bununla yanaşı, xx.xx.1968-ci il təvəllüdlü Ərizəçi xx.xx.2002-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır.
9. Dmanisi VRA xidməti tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş tərcüməsindən görünür ki, Ərizəçi xx.xx.1968-ci il tarixdə Gürcüstan Respublikası, Dmanisi rayonu, Hamamlı kəndində doğuılmuş, ata adı Yolçu İsmayılov, ana adı Mürəstə İsmayılovadır.
10. Gürcüstan Ədliyyə Nazirliyi Dövlət Xidmətlərinin İnkişafı Agentliyi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun notariat qaydasında təsdiq edilmiş tərcüməsindən görünür ki, xx.xx.1968-ci il təvəllüdlü Ərizəçi Gürcüstan vətəndaşı hesab edilmir.
11. Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 2454 nömrəli arayışın notariat qaydasında təsdiq edilmiş tərcüməsindən görünür ki, xx.xx.1968-ci il təvəllüdlü Ərizəçi Rusiya Federasiyasının vətəndaşlığını əldə etməyib və Rusiya Federasiyasının vətəndaşlıq haqqında qanunvericiliyinə uyğun olaraq Rusiya Federasiyasının vətəndaşı deyil.
Şahid ifadələri.
12. Məhkəmə iclasında şahid qismində ifadə verən X9 bildirdi ki, Ərizəçi 1998-ci il tarixdən tanıyır. Belə ki, o, ərizəçinin əmisini tanımış, ərizəçi də Gürcüstandan xəstə əmisinə baxmaq üçün gəlmiş və həmin vaxtdan burada yaşamışdır.
13. Məhkəmə iclasında şahid qismində ifadə verən X19 bildirdi ki, Ərizəçi qonşu kimi 1998-ci il tarixdən tanımış, onunla söhbət edən zaman ərizəçi ona sənədlərini itirdiyini, Azərbaycana əmisinə baxmaq üçün gəldiyini və o vaxtdan da burada yaşamağa başladığını demişdir.
14. Məhkəmə iclasında şahid qismində ifadə verən X29 bildirdi ki, Ərizəçi 1998-ci ildən qonşu kimi tanımışdır. Belə ki, o, (şahid) hazırda yaşadığı ünvanda yerləşən mənzilə 1998-ci ilin axırlarında gəlin kimi köçüb yaşamağa başlamışdır. Elə həmin vaxtlardan da Ərizəçi həmin məhlədə qonşuluqda yaşadığının şahidi olmuşdur.
İşin faktiki halları.
15. Ərizəçi xx.xx.1968-ci il ildə Gürcüstan SSR, Dmanisi rayonu, Hamamlı kəndində doğulmuş, hər iki valideyni milliyyətcə azərbaycanlı olmuşdur.
16. Ərizəçi adına olan xx.xx.1985-ci il tarixli SSRİ vətəndaşının pasportundan görünən ştamplar əsasında onun bir neçə dəfə Rusiyaya giriş etdiyi müəyyən edilmişdir.
17. Ərizəçi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı nümayəndəliyinin himayəsində olan, vətəndaşlığı olmayan şəxs kimi Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınmışdır.
18. Gürcüstan Ədliyyə Nazirliyi Dövlət Xidmətlərinin İnkişafı Agentliyi və Rusiya Federasıyasının Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən verilmiş məlumatlarda Ərizəçi hər iki dövlətin də vətəndaşı olmadığı qeyd edilmişdir.
Tətbiq edilən hüquq.
19. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 14. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.10-1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının. Maddə 310. Ərizənin məzmunu və ərizəyə baxılması. 310.2. Bu Məcəllənin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı məcburidir. Maddə 311. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
21. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı.
12. Məhkəmələr Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktını müəyyən edərkən mütləq mövcud qanunvericiliyin tələblərini rəhbər tutmalıdırlar. Sözügedən Qanunun 14-cü maddənin 4-cü hissəsində göstərilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda, keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir.
Məhkəmənin mövqeyi.
22. İşin hallarından göründüyü kimi, Ərizəçi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.10-1-ci maddəsində müəyyən edilmiş “şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Hansı ki, bu faktlar “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq müəyyən edilir.
23. Həmin maddədə qeyd edilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir (§ 19).
24. Göründüyü kimi, həmin maddədə sözügedən faktların məhkəmə tərəfindən müəyyən edilməsi üçün üç əsas şərt müəyyən edilmişdir: 1) keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşaması; 2) heç bir dövlətin vətəndaşlığına mənsub olmaması; 3) şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmaması.
25. Birinci şərtlə bağlı məhkəmə qeyd edir ki, Ərizəçi məxsus SSRİ vətəndaşının pasportunda onun 1990-cı ildə Rusiyaya girişindən sonra heç bir ştamp vurulmamışdır. Bu isə ərizəçinin Rusiya Federasiyasından çıxmazdan əvvəl pasportunu itirməsi və doğulduğu Gürcüstan Respublikasına pasportsuz giriş etməsi ilə bağlı qeyd etdiklərini təsdiqləyir. Həmçinin ərizəçi faktiki olaraq Azərbaycan Respublikasında yaşasa da, onun Azərbaycan Respublikasına girişi də qeydiyyata alınmamışdır. Məhkəmə iclasında dinlənilən şahidlər ərizəçinin 1998-ci ildən hazırkı dövrədək Azərbaycan Respublikasında yaşadığını təsdiqləmişlər. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi 1998-ci tarixdən ildən hal-hazıra qədər Azərbaycan Respublikasında daimi yaşaması nəticəsinə gəlmək mümkündür.
26. Heç bir dövlətin vətəndaşlığına mənsub olmamaq şərtinə gəldikdə məhkəmə qeyd edir ki, valideynlərinin hər ikisi milliyyətcə azərbaycanlı olan Ərizəçi vətəndaşı ola biləcəyi potensial üç dövlət var: 1. doğulduğu yer olması baxımından Gürcüstan Respublikası; 2. bir müddət yaşadığı yer olması baxımından Rusiya Federasiyası; 3. 1998-ci tarixdən ildən etibarən daimi yaşaması və milli mənsubiyyət baxımından Azərbaycan Respublikası. Məhkəmə, ərizəçinin dördüncü bir dövlətin vətəndaşı olması ehtimalını ona görə istisna edir ki, iş materiallarından onun Azərbaycan Respublikasına gəlməsindən sonra heç vaxt Azərbaycan Respublikasının dövlət sərhədini tərk etmədiyi görünür. Bu vəziyyətdə onun başqa bir dövlətin vətəndaşı ola bilməsi ehtimalı real deyil.
27. Məhkəmə həm də o halı nəzərə alır ki, qanunda şəxsin “heç bir dövlətin” vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsi qeyd edilsə də, bu zaman heç də dünyanın bütün müstəqil dövlətləri nəzərdə tutulmur. Bunun əksi yanaşma, bu cür ərizələrə baxılması üçün dünyadakı bütün müstəqil dövlətlərin (hansı ki, sayları 190-dan çoxdur) səlahiyyətli orqanlarından həmin şəxsin müvafiq dövlətin vətəndaşı olub-olmaması barədə məlumatın əldə edilməsinin zəruri olması deməkdir ki, bu, nə məhkəmə, nə də şəxs üçün praktiki olaraq mümkün deyil.
28. Məhkəmə hesab edir ki, qanunun həqiqi mənası baxımından “heç bir dövlət” dedikdə söhbət şəxsin valideynlərinin, eləcə də özünün milli mənsubiyyəti, həmin dövlətin ərazisində hansısa müddətə daimi yaşaması, yaxud ölkə ərazisində hansısa əmlakı olması, bir sözlə, şəxsi həmin dövlətlə əlaqələndirməyə imkan verəcək hər hansı “bağ”ı olan dövlətdən gedir.
29. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 310.2-ci maddəsində qeyd edilir ki, bu Məcəllənin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizəyə digər sənədlərlə yanaşı, şəxsin məhz doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir.
30. Bu baxımdan məhkəmə hazırkı iş üzrə Ərizəçi yalnız Rusiya Federasiyası, Gürcüstan və Azərbaycan Respublikaları ilə yuxarıda qeyd edilən mənada bir “bağ”ı olduğunu nəzərə alaraq hesab edir ki, ərizəçi yalnız bu üç dövlətdən birinin (yaxud bir neçəsinin) vətəndaşı ola bilərdi. Lakin iş materialları ilə müəyyən edilir ki, o, bu dövlətlərdən heç birinin vətəndaşı deyil. Məhkəmənin artıq yuxarıda əsaslandırılmış mövqeyinə görə isə ərizəçinin potensial vətəndaşı ola biləcəyi bu üç dövlətdən heç birinin vətəndaşlığına mənsub olmamasının müəyyən edilməsi onun Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.10-1-ci maddəsində nəzərdə tutulmuş heç bir dövlətin vətəndaşlığına mənsub olmamasının müəyyən edilməsi üçün kifayətdir.
31. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsində müəyyən edilmiş sonuncu şərt – şəxsin şəxsiyyətini təsdiq edən etibarlı sənədlərin olmamasına münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, Ərizəçi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı nümayəndəliyinin himayəsində olan, vətəndaşlığı olmayan şəxs kimi qeydiyyata alınmışdır. Onun digər bir dövlətin vətəndaşı olmadığı da artıq yuxarıda müəyyən edildiyindən şəxsiyyətini təsdiq edən heç bir etibarlı sənədinin olmaması gözləniləndir. Elə ərizəçinin hazırkı ərizə ilə məhkəməyə müraciət etməsinin səbəbi də budur. Belə ki, o, bu ərizənin təmin olunmasına nail olmaqla Azərbaycan Respublikasının vətəndaşı kimi şəxsiyyət vəsiqəsi əldə etmək niyyətindədir.
32. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsində göstərilmiş bütün tələblərə cavab verir. Belə olan halda ərizənin təmin edilməməsi üçün heç bir əsas xxxxxxx. O da nəzərə alınmalıdır ki, ərizəçinin Rusiya Federasiyası və Gürcüstan Respublikasının vətəndaşı olmamasının müəyyən edildiyi hazırkı halda ərizənin təmin edilməsinə iş üzrə maraqlı şəxs olan müvafiq icra hakimiyyəti orqanı da heç bir etiraz etməmişdir. Odur ki, Ərizəçi Azərbaycan Respublikasında 1998-ci tarixdən ildən hal-hazıra qədər daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilməlidir.
33. Son olaraq, məhkəmə onu da qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən təsdiqlənib ki, müəyyən hallarda vətəndaşlıq hüququ şəxsi həyat anlayışının tətbiq dairəsinə düşür (Cenoveze Maltaya qarşı). Müəyyən vətəndaşlığı əldə etmək hüququ özü-özlüyündə Konvensiya ilə təmin edilməsə də, Məhkəmə müəyyən edib ki, vətəndaşlıq verməkdən əsassız olaraq imtina etmə müəyyən hallarda fərdin şəxsi həyatına təsir göstərməklə 8-ci maddənin tətbiqi məsələsini meydana çıxara bilər (Karasyov Finlandiyaya qarşı (qərardad)).
Məhkəmənin gəldiyi nəticə.
34. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi Azərbaycan Respublikasında 1998-ci tarixdən ildən hal-hazıra qədər daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilməlidir.
35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ:
Ərizə təmin edilsin. Ərizəçi Azərbaycan Respublikasında 1998-ci tarixdən ildən hal-hazıra qədər daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva