Məhkəmə qərarları › İş №2(010)-3552/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3552/2024

12.09.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3552/2024 12.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X3 iclas katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə köçürülmə, fərdi yaşayış evinin boşaldılması və istifadəyə maneələrin qadağan edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə köçürülmə, fərdi yaşayış evinin boşaldılması və istifadəyə maneələrin qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanda yerləşən 5 nömrəli fərdi yaşayış evinə köçürülməsi, fərdi yaşayış evinin Cavabdeh hesabına boşaldılması və Suraxanı rayonu Əmircan qəsəbəsi Zahid Əliyev küçəsi döngə 3 ünvanda yerləşən 5 nömrəli fərdi yaşayış evindən istifadəyə maneə yaradılmasının cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən 5 nömrəli fərdi yaşayış evi xüsusi paylı mülkiyyət hüququ ilə ona və X2 məxsusdur. xx.xx.2020-ci il tarixədək mərhum X5 baxmış və bütün qayğılarını o çəkmişdir. Bunun nəticəsidir ki, heç kimsəsi olmadığından mərhum X7 özünə məxsus olan və Suraxanı rayonu Əmircan qəsəbəsi Zahid Əliyev küçəsi döngə 3 ünvanda yerləşən 5 nömrəli evi ona vəsiyyət etmişdir. Vəsiyyətnamə 4 saylı ünvan 2ət” mərkəzində notariat ofisinin notariusu X6 tərəfindən tərtib və təsdiq edilmişdir. Vərəsəlik əsasında fərdi yaşayış evinin X5 aid olan hissəsi onun adına rəsmiləşdirilmişdir. Fərdi yaşayış evinin mülkiyyətçisi olmasına baxmayaraq, ünvan 1 ünvanda yerləşən 5 nömrəli evə cavabdeh və mərhum X4 qohumu olan Cavabdeh tərəfindən buraxılmır. O, özünə məxsus olan əmlakda yaşaya bilmir. Başqa yaşayış yeri olmadığı üçün məcbur olaraq hələlik qohumlarının və tanışlarının evində yaşayır. Dəfələrlə cavabdehdən özbaşınalığa son qoyulmasını tələb və xahiş etsə də, özbaşınalıq bu gün də davam edir. Bu azmış kimi cavabdeh ona bildirir ki, evə yaxın durarsa onu öldürəcəkdir. Cavabdeh onun razılığı olmadan ona məxsus olan mənzilə kirayəçilər yerləşdirərək ona məxsus olan mənzildən gəlir yeri kimi istifadə edir. O isə evi ola-ola polis və məhkəmə yollarında qalmışdır. Hesab edir ki, ədalət mühakiməsini həyata keçirən məhkəmə tərəflər arasında yaranmış hüquqi mübahisəyə aydınlıq gətirməli, onun öz əmlakından istifadə etməsinə cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması məqsədilə mənzilə köçürülməsi barədə qətnamə qəbul etməlidir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, fərdi yaşayış evinin mübahisələndirilən hissədə qızına məxsus olmasını təsdiq edən çıxarış və həmin çıxarışın verilməsinə əsas olan vəsiyyətnamə də hazırda onlardadır. Həmin vəsiyyətnamə üzrə 2 otaq qızının adına rəsmiləşdirilmişdir. Qeyd olunan fərdi yaşayış evinin qızına aid hissəsində olan əşyalar cavabdeh tərəfindən boşaldılmalıdır. Həmin fərdi yaşayış evinin açarları belə sındırılmışdır ki, həmin açarlar da cavabdeh tərəfindən yenidən bərpa edilərək onlara təhvil verilməlidir. Cavabdeh onları soyuq silahla hədələyərək evə buraxmır. Hesab edir ki, cavabdeh tərəfindən həmin fərdi yaşayış evindən qızının istifadəsinə yaradılmış maneələr aradan qaldırılmalı və qızı özünə məxsus olan 2 otağa köçürülməlidir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, hazırda mübahisəli fərdi yaşayış evinin X5 məxsus olan hissəsinin iddiaçının adına necə rəsmiləşdirilməsi ona məlum deyildir, lakin o, həmin hüququn rəsmiləşdirilməsi üçün əsas olan vəsiyyətnaməni məhkəmə qaydasında mübahisələndirməmişdir. Həmin evi o, xalası qızı ilə yarı-yarıya almışdır. Sonradan xalası qızı onunla yola getməməyə başlamış və ondan şikayət etmişdir. İddiaçının özünə məxsus hissəyə köçürülməsinə etiraz etmir, lakin su və kanalizasiya xətlərini öz hesabına çəkdirmişdir. İddiaçının həmin xətlərə qoşulmasına isə icazə verməyəcəkdir. İddiaçı özü öz hesabına həmin xətləri çəkdirməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş FM seriyalı, 014395 nömrəli qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, ünvan 3 ünvanda yerləşən 2 otaqlı, ümumi sahəsi 60.90 m2 olan fərdi yaşayış evi üzərində mülkiyyət hüququ 1 otaq yaşayış sahəsi – 18 m2, köməkçi sahə - 8.8 m2 payda X4 adına, 1 otaq yaşayış sahəsi – 21 m2, köməkçi sahə - 13 m2 payda X1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 06 saylı reyestr kitabının 882-ci səhifəsində 30/112 qeydiyyat nömrəsi ilə xx.xx.2002-ci il tarixdə qeydiyyat aparılmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, ünvan 4 ünvanda yerləşən, ümumi sahəsi 60.90 m2 olan fərdi yaşayış evinin 1 otağı üzərində xüsusi mülkiyyət hüququ (yaşayış sahəsi – 18 m2, köməkçi sahə - 8.8 m2) xx.xx.2023-cü il tarixdə, ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4738/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ərizəçi İddiaçı ölüm faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilərək xx.xx.1940-cı il tarixdə Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olmuş X4 14 aprel 2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən olunmuşdur. Qeyd olunan qətnamə qanuni qüvvəsini almışdır. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Yerində müayinə Məhkəmə (Hakim Rzayeva Fəridə İslam qızı, hakim köməkçisi X8) tərəfindən 28 avqust 2024-cü il tarixdə ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə yerli baxış keçirilmişdir. Evin qapısı cavabdeh tərəfindən açılmışdır. Həyətə daxil olan zaman qarşıda taxta qapı və həmin taxta qapıdan evə daxil olarkən sağ tərəfdə dəmir qapı müəyyən olunmuşdur. Dəmir qapıdan içəri daxil olan zaman içəridə bir otaq, yəni iş materiallarında olan sənəddə qeyd olunan 8.8 m2 sahəsi olan köməkçi sahə və qarşıda bir taxta qapı aşkar olunmuşdur. Taxta qapıdan içəriyə daxil olan zaman bir otaq, yəni sənəddə qeyd olunan 18 m2 sahəsi olan yaşayış sahəsi müəyyən olunmuşdur. Otağın sağ tərəfində bir pəncərə və bir qapı var. Həmin otağın içərisində bir ədəd böyük yataq, bir ədəd kiçik yataq, iki ədəd taxta stul müəyyən olunur. Cavabdeh həmin əşyaların ona məxsus olduğunu bildirmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokol Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, proses iştirakçılarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işin faktiki hallarından göründüyü kimi, iddiaçı paylı mülkiyyətdə olan ünvan 1 ünvanda yerləşən 5 nömrəli fərdi yaşayış evinin 1 otağının (yaşayış sahəsi 18.0 m2, köməkçi sahəsi 8.8 m2) mülkiyyətçisidir. İddiaçının hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdehin həmin fərdi yaşayış evinə münasibətdə hər hansı hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Bu cür qeydəalmaya əsas ola biləcək hər hansı rəsmi sənəd də cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Cavabdeh hər hansı hüquqa malik olmadığı halda, paylı mülkiyyət hüququ üzrə hüquq sahibi olan iddiaçının qanunla qorunan və Konstitusiya tərəfindən təminat verilən hüquqlarını pozaraq, evə köçməsinə, oradan istifadə etməsinə, payına düşən əmlaka sərbəst şəkildə sahiblik etməsinə imkan vermir və iddiaçının həmin ünvanda yaşamasına davamlı şəkildə maneələr (əngəllər) yaradır. Həmçinin, yerli baxış keçirilən zaman iddiaçıya məxsus otağın açarlarının məhz cavabdehdə olması, qapının cavabdeh tərəfindən açılması məhkəməni iddiaçının özünə məxsus otağa daxil olması və ondan istifadə etməsinə cavabdehin maneə yaratması qənatinə gətirir. Bu səbəbdən, iddia tələbi fərdi yaşayış evinə köçürülmə və iddiaçının həmin evdə yaşamasına maneə yaradılmasının cavabdehə qadağan edilməsinə dair hissədə tam şəkildə əsaslı olmaqla təmin edilməlidir. Məhkəmə iddia tələbinin fərdi yaşayış evinin cavadeh tərəfindən boşaldılması hissəsinə münasibətdə vurğulayır ki, iddiaçının fərdi yaşayış evinin yalnız paylı mülkiyyət hüququ üzrə özünə məxsus olan hissəsinə münasibətdə cavabdehə məxsus əşyaların çıxarılmasına dair iddia tələbləri ilə çıxış etməyə subyektiv hüququ vardır. Yerli baxış zamanı iddiaçıya məxsus hissədə cavabdehə məxsus əşyaların olması müəyyən edilmiş, cavabdeh də həmin əşyalalrın ona məxsus olmasını təsdiq etmişdir. Ona görə də, iddia bu hissədə qismən, mübahisəli ünvanda yerləşən 1 otaqda (yaşayış sahəsi 18.0 m2, köməkçi sahəsi 8.8 m2) olan, cavabdehə məxsus əşyaların cavabdeh tərəfindən boşaldılması hissəsində əsaslı olmaqla təmin edilməlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, digər otaqları yerində baxış zamanı müayinə etmək mümkün olmamışdır. Çünki, fərdi yaşayış evi hüquq sahiblərinin razılığı, yaxud məhkəmənin müvafiq qərarı olmadan özbaşına şəkildə naturada bölünmüşdür və digər otaqlara iddiaçıya məxsus otaqdan girişlər bağlanmışdır. Həmin otaqlarda hər hansı əşyalar mövcud olduğu təqdirdə belə, bu, iddiaçının hüquqlarını pozmur, qanuni mənafeyinə xələl gətirmir. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. İddia qismən təmin edildiyindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ünvan 1 ünvanda yerləşən 5 nömrəli fərdi yaşayış evinə köçürülməli, fərdi yaşayış evinin İddiaçı məxsus hissəsi (1 otaq yaşayış sahəsi – 18.0 m2, köməkçi sahə - 8.8 m2) Cavabdeh tərəfindən boşaldılmalı, ünvan 1 ünvanda yerləşən 5 nömrəli fərdi yaşayış evindən İddiaçı istifadəsinə maneələrin yaradılması Cavabdeh qadağan edilməli, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ünvan 1 ünvanda yerləşən 5 nömrəli fərdi yaşayış evinə köçürülsün. Fərdi yaşayış evinin İddiaçı məxsus hissəsi (1 otaq y/s – 18.0 m2, k/s 8.8 m2) Cavabdeh tərəfindən boşaldılsın. ünvan 1 ünvanda yerləşən 5 nömrəli fərdi yaşayış evindən İddiaçı istifadəsinə maneələrin yaradılması Cavabdeh qadağan edilsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar